Məhkəmə qərarları › İş №2(103)-8797/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8797/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8797/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı "yaşayış sahəsinə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2242/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “yaşayış sahəsinə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Şərq küçəsi 11 saylı fərdi yaşayış evinin ikinci mərtəbəsinə 02 may 2018-ci il tarixli Xəzər rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmış rəsmi nikahdan sonra el adəti ilə gəlin köçdüyü və birgə nikahdan 18 avqust 2019-cu il doğumlu X7 doğulduğu bu gün də cehiz əşyalarının orada olduğunu nəzərə alaraq onun və 18 avqust 2019-cu il balaca oğlu X12 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi,Şərq küçəsi 11 saylı fərdi yaşayış evin ikinci mərtəbəsinə köçürülməyini və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X1 oğlu, Cavabdeh1 ilə 02 may 2018-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində rəsmi nikahlarını qeydiyyata almaqla evlənmişlər. Birgə evliliklərindən 18 avqust 2019-cu ildə X12 adlı oğlanları doğulmuşdur. Cavabdehlər onun qızıl-zinət və cehiz əşyalarını satıb 02 may 2018-ci il tarixdə gəlin köçdüyü Bakı şəhəri Xəzər rayonu Şərq küçəsi 11 saylı fərdi yaşayış evini ikinci mərtəbəsini əsaslı təmir etdirmişlər. Əvvəllər bir-birinə qarşı mehribançılıq və hörmətlə yanaşmış və sevgi ilə yanaşmışlar. Sonradan cavabdehlər qaynanası X5 və həyat yoldaşı Cavabdeh1 aramsız olaraq ona işgəncə verdikləri üçün o, məcbur qalıb 02 may 2018-ci il nikahın ləğvi 18 avqust 2019-cu il təvəllüdlü X9 onun himayəsinə verilməsi və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün atası Cavabdeh1 onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2242/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində istinad itdiyi qanunlarda səhvlərə yol vermişdir. Mülki-prosessual Qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlara əsasən həyata keçirərək həqiqətə nail olmaq üçün işin hər tərəfli am və obyektiv tətbiqinə lazımi şərait yaradaraq iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq iş üzrə toplanmış obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquqi normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir kimi qeyd etmişdir. 2018-ci ilin əvvəlində anası Təzəgül İbrahimova və cavabdehlər mübahisəli evi təmir etmişlər, həyətyanı torpaq sahəsini hasarlamışlar və yeni darvaza qapısı açmışlar. Ancaq məhkəməyə sədrlik edən hakim saxta sübutlar əsasında öz qətnaməsini hazırlamışdır. Qətnamə ləğv olunmalıdır. Belə ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, mübahisəli ev əvvəllər Xəzər Rayon Mərdəkan qəsəbəsinin dövlət sosial müdafiə fondunun binası olmuşdur. Həyətin hasar divarlarını da qardaşı işləyib hazırlamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli mənzil özbaşına tikilidir. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(003)-1899/2020 saylı qətnaməsi ilə, Cavabdeh1 ilə İddiaçı arasında 02 may 2018-ci il tarixli Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış 67 nömrəli akt qeydi nikahın pozulması, birgə nikahdan doğulmuş 18 avqust 2019-cu il təvəllüdlü X7 anası İddiaçı yanında qalması, Cavabdeh1 İddiaçı xeyrinə 18 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 iyun 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh1 və X5 ünvan 2 ünvanında qeydiyyatdadırlar. X12 18 avqust 2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh1, anası İddiaçıdır. “Azərişıq" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi 11 saylı fərdi yaşayış evi üçün elektrik enerjisindən istifadəyə görə ödənişi Elşən Mirzəyev (Cavabdeh1 atası) ödəmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlməmişdir. Belə ki, mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün həmin mənzil dövlət qeydiyyatına alınmalı və mülkiyyət hüququ yarandıqdan sonra mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ əmələ gələ bilərdi. Hazırki halda bu hal müəyyən edilmədiyindən istifadə hüququndan söhbət gedə bilməz. Belə olan halda iddiaçının sözügedən mənzilə istifadə hüququnun tanınması barədə tələbi təmin edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, qanunvericilik, dövlət qeydiyyatına alınmış yaşayış sahələri ilə əlaqədar hüquq münasibətlərini və mülkiyyətdə olan yaşayış sahələrinə dair istifadə hüquqlarının yaranıb-yaranmamsını tənzimləyir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd ed etmişdir ki, iddiaçı mübahisəli mənzilə 2018-ci ildə gəlin köçmüş, 2020-ci ildə həmin mənzildən çıxmışdır. Mübahisəli mənzilə dair tərəflərin hərhansı hüquq müəyyənedici sənədləri yoxdur. Mübahisəli mənzil 1991-ci ildən iddiaçının keçmiş ərinin valideyinlərinin sahibliyində və istifadəsindədir. Hal-hazırda həmin mənzildə iddiaçının keçmiş əri və onun ailə üzvləri yaşayır. Yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, mülki dövriyyənin predmeti olmayan, yaşayış sahəsinə dair istifadə hüququnun müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni, mübahisə predmeti olan mənzil dövlət qeydiyyatına alınmadığından, özbaşına tikili olduğundan, iddiaçı tərəfindən mübahisəli evi təmir edilməsinə, həyətyanı torpaq sahəsinin hasarlanmasına və yeni darvaza qapısının açılmasına dair sübutlar təqdim olunmadığından iddiaçının həmin mənzilə istifadə hüququ tanına bilməz, həmin mənzilə köçürülməsinə dair iddiası da təmin edilə bilməz. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2242/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar