Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8805/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Ərizəçi və onun vəkili Əliyeva Könül Nəriman qızının iştirakı ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2584/2020 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Qaradağ rayon şöbəsini və Azərbaycan Respublikası Müdafiə Nazirliyini maraqlı şəxs qismində qeyd etməklə, iş stajı faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1992-ci il iyun 1-dən həmin ilin 02 dekabr ayına kimi Müdafiə Nazirliyi N (keçmiş 18136) saylı hərbi hissədə “Əsgərlərin sosial müdafiəsi komandir müavini” vəzifəsində işləməyi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 2584/2020 saylı qərardadı ilə Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Qaradağ rayon şöbəsini və Azərbaycan Respublikası Müdafiə Nazirliyini maraqlı şəxs qismində qeyd etməklə, iş stajı faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Ərizəçi şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)- 2584/2020 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçi şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ərizəçinin vəkili K.Əliyeva şikayəti müdafiə edərək bildirdi ki, ərizəçinin hüquqi fakt olaraq müəyyən edilməsini məhkəmədən istədiyi məsələ 1992-ci ilin iyul ayının 1-dən həmin ilin dekabr ayının 2-nədək AR Müdafiə Nazirliyinin N (keçmiş N saylı) hərbi hissəsində komandir müavini vəzifəsində işləmək faktıdır. Hazırda məluma olmayan səbəblərdən Müdafiə Nazirliyinin arxivində həmin dövrdən sonrakı dövr öz əksini tapsa da, məhz həmin dövr öz əksini tapmamışdır. Həmin dövdə N (keçmiş N saylı) hərbi hissədə polis işçisi kimi döyüşməyi barədə hərbi biletində qeyd var, bundan başqa, digər vəsiqələrində də (müharibə veteranı və s.) bu fakt yazılı qeyd edilmiş, lakin AR DİN-nin iş stajı müəyyən edilməsinə dair şəxsi vərəqəsində bu qeyd öz əksini tapmamışdır. Bununla bağlı hazırda Bakı İnzibati Məhkəməsində həmin mübahisələndirildiyi dövr də daxil olmaqla iş stajının üç qat hesablanmasına dair iddia ərizəsinə baxılır, lakin Bakı İnzibati Məhkəməsi 1992-ci ilin iyul ayının 1-dən həmin ilin dekabr ayının 2-dək AR Müdafiə Nazirliyinin N (keçmiş N saylı) hərbi hissəsində komandir müavini vəzifəsində ərizəçinin işləməsi ilə bağlı arxiv arayışında qeyd edilmədiyinə dair və hüquqi əhəmiyyətli faktları müəyyən edən məhkəmə olmadığı üçün bu hissədə rəsmi sənəd tələb edir. Ərizəçi məhz Ağdərə Polisi xətti ilə 1992-ci ilin iyul ayının 1-dən həmin ilin dekabr ayının 2-nədək AR Müdafiə Nazirliyinin N (keçmiş N saylı) hərbi hissəsində komandir müavini vəzifəsində işləmək üçün göndərildiyindən, Müdafiə Nazirliyinin arxivində bu dövr öz əksini tapmadığından və əmək stajına da AR DİN tərəfindən daxil edilmədiyindən və şəxsi vərəqəsində işlənmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanmda DSMF-nun Qaradağ rayon şöbəsi tərəfindən bu dövr üzrə əmək stajı olaraq pensiya hesablanmamışdır. Bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. (14-cü bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Kollegiya bildirir ki, yuxarıda qeyd edilən qərara istinad etməklə birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. Bununla belə, Kollegiya qeyd edir ki, ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi hüquqi fakt onun təqdim etdiyi rəsmi sənədlərdə açıq-aşkar müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olmaqla, qərardadın ləğvinə səbəb olmadığından təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2584/2020 saylı qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-8805/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8805/2020
02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver