Məhkəmə qərarları › İş №2(103)-8807/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8807/2021

05.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8807/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-42/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş 11.09.1990-cı il tarixli 11 nömrəli orderə əsasən mərhum yoldaşı X1 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 15 saylı bağ sahəsinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılarkən İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş 11.09.1990-cı il tarixli 11 nömrəli Orderə əsasən mərhum yoldaşı X1 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 15 saylı ümumi sahəsi 12 sot olan bağ sahəsi ayrılmışdır. Bağ sahəsinə gedib gəlmiş, orada abadlaşdırma işləri aparmış torpaq sahəsini taxta və məftillə hasara almışlar. Həyat yoldaşı Avtandil Qəhrəmanov 30 iyun 2015-ci il tarixdə vəfat etdikdən sonra bağ sahəsinə demək olar ki, gedən olmamışdır və 2018-ci ilin noyabr ayında Türkan qəsəbəsində yerləşən 12 sot torpaq sahəsində olarkən həmin torpaq sahəsinin naməlum şəxslər tərfındən zəbt olunaraq, hasara alındığı və orada parnik əkildiyi məlum olmuşdur. Maraqlandıqda bilmişlər ki, həmin torpaq sahəsi cavabdeh X12 tərəfindən zəbt olunmuşdur. Faktla bağlı polisə şikayət olunmuş və Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı Xəzər Yolçuyevin 06.09.2019-cu il tarixli qərarına əsasən, müraciəti əsasında HK-1-1561 sayda qeydiyyata alınmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi cavabdeh Şahvələd Babayev tərəfindən zəbt edilərək istifadə edilir. Öncə cavabdeh torpaq sahəsinin dədə baba torpağı olduğunu bildirsə də, aparılmış təhqiqat araşdırması zamanı Şahvələd Babayev izahat verərək, Türkan qəsəbəsində məhrum anası X5 adına Türkan qəsəbəsində ümumi sahəsi 25 sot olan 6 saylı bağ torpaq sahəsinin ayrıldığını, həmin torpaq sahəsinə dair 18.12.1986-cı il tarixli müqavilə bağlandığını bildirmişdir. HK-1-1561 sayda qeydiyyata alınmış materiala əlavə olunmuş foto şəkilllərdən də görünür ki, ona məxsus torpağın yeri dəqiq məlumdur. Həmçinin DƏDRX-nin məktubuna əsasən ona məxsus torpaq sahəsinin kənar şəxsə məxsus torpaq sahəsinə qatıldığı bildirilmişdir. Əlavə olunmuş Azərbaycan Respublikası DƏDRXnin 1 saylı Ərazi İdarəsinin 11.12.2018-ci il tarixli **********31 saylı məktubuna əsasən elektron baza məlumatlarına əsasən ona məxsus Türkan qəsəbəsi 15 saylı, ümumi sahəsi 12 sot olan bağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanmış ərazinin hüdudlarında yerləşdiyi təsdiq edilmişdir. Dəfələrlə cavabdehə onun torpaq sahəsini qaytarması barədə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Milli Arxiv İdarəsinin 30 may 2017-ci il tarixli 1320 saylı Arxivdən çıxarışa əsasən Bakı şəhər X11 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarı ilə təsdiq olunmuş siyahıda 11-ci yerdə mərhum yoldaşının soyadının X2 olduğu halda əvəzinə səhvən X3 qeyd edilməklə torpaq sahəsinin ayrıldığı təsdiq olunmuşdur. Həmin səhv məhkəmə qətnaməsinə əsasən aradan qaldırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-42/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən çıxarılaraq, torpaq sahəsinin İddiaçı təhvil verilməsi, Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 42/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, mübahisəli ərazi-Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 25 sot torpaq sahəsi 18 dekabr 1986-cı il tarixli müqaviləyə əsasən anası X6 uzunmüddətli icarəsinə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi anasının, sonra isə onun istifadəsində olmuş, bağ sahəsi hasarlanmış və təyinatı üzrə istifadə edilir. İddiaçı iddia etdiyi torpaq sahəsi anasına verilmiş torpaq sahəsinin hüdudlarında deyildir. Belə ki, iddiaçının Milli Arxiv idarəsinə müraciətinə verilmiş cavabda bildirilmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nın indiki Bakı şəhər İH arxiv fondu üzrə 13.06.1990-cı il tarixli, 4/143|saylı qərarı Arxivdə mövcuddur, lakin həmin qərarda X2 barədə heç bir məlumat aşkar olunmamışdır. İşə baxan məhkəmə yalnız 11.09.1990-cı il traixli 11 nömrəli orderin mövcudluğuna istinad edərək iddia tələbini təmin etmişdir. Lakın, sözügedən order mövcud olsa da, arxivdə bu barədə məlumat yoxdur. Eyni zamanda iddiaçı da iddia etdiyi torpaq sahəsinə dair yerləşmə sxemini məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə tərəfindən qeyd edilən xüsusatların heç biri aydınlaşdırılmamış, sübutların məhkəməyə təqdim edilməsi tələb edilməmişdir. Beləliklə, sübutların mötəbərliyi və kifayətlıliyi ilə bağlı prosessual-hüquq normalarının tələblərini pozmuşdur. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə ümumiyyətlə subyekt hüququ çatmır. Hər hansı bir əmlakın şəxsə mənsubluğunu təsdiq edən müvafiq sənədlər olmalıdır, iddiaçı isə iddia tələbində qeyd etdiyi torpaq sahəsinin ona məxsus olduğuna dair məhkəməyə dəlillər təqdim etməmişdir. Məhkəmə mülkiyyət hüququ olmadan iddiaçının subyektiv hüququnu tanımış, iddiaçıya məxsus olmayan torpaq sahəsindən onun çıxarılması barədə qətnamə qəbul etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının onun çıxarılmağını iddia etdiyi torpaq sahəsinə dair mülkiyyətini təsdiq edən sənədi olmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-42/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə üyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-42/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh özünə məxsus olan torpaq sahəsindən tamamilə ayrı ərazidə yerləşən, İddiaçı mərhum həyat yoldaşı X1 ayrılan torpaq sahə sini zəbt etməklə iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır, sərbəst istifadə imkanından məhrum edir, həmçinin mübahisə predmeti olan sahəsindən istifadəsi iddiaçının hüquqlarını pozduğundan, cavabdeh bağ sahəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157, 158, Torpaq Məcəlləsinin 66, 68 və 93-cü maddələri ilə əsaslandırmışdırş. Məhkəmə kollegiyası İddiaçı izahatnı dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə almaqla mülki iş materiallarının tədqiqindən aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri keçmiş Lenin (Sabunçu) rayon X4 Qeydiyyat şöbəsi tərəfindən 24 iyul 1979-cu il tarixdə verilmiş ЖГ-İ № 494699 saylı Nikahın bağlanması haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 ilə X10 arasında nikah bağlanmış və bu barədə keçmiş Lenin (Sabunçu) rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1979-cu ilin iyul ayının 24 günündə 545 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hüsyenova soyadı verilmişdir.(İ.v. 11) İş materiallarında olan, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 03 iyul 2015-ci il tarixdə verilmiş AZ-İ № 734311 saylı Ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 30 iyun 2015-ci ildə ölmüşdür və bu barədə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin iyul ayının 03 günündə 655 № ilə qeyd edilmişdir.(İ.v. 12) İş materiallarında olan, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş 11.09.1990-cı il tarixli 11 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 Türkan qəsəbəsi, Bağlar sahəsində 182 nömrəli BTK nəzdində 0.12 ha sahəsi olan 15 saylı bağ ayrılıb.(İ.v. 22) İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.12.2018-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən, sözügedən bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlanmış ərazinin hüdudları daxilində yerləşir.(İ.v. 14) İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9474/2017 saylı, 16 oktyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunmuş “X3”nun “X2” olması faktı müəyyən edilmişdir.(İ.v. 16) İş materiallarında olan, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06.09.2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı ona məxsus bağ evinin naməlum şəxs tərəfindən zəbt olunması barədə şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir.(İ.v. 25 - 26) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/72 nömrəli, 19 mart 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş 11.09.1990-cı il tarixli 11 nömrəli orderə əsasən X1 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 15 saylı bağın və bir hissəsi 16 saylı bağın ərazisidir. Həmçinin elektron kadastr baza məlumatlarına, bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən “18.12.1986-cı il tarixli 11488 saylı müqavilə əsasında X8 ayrılmış Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən ümumi sahəsi 25 sot olan 6 saylı bağın sözügedən 2291,0 kv.m. sahəyə heç bir aidiyyəti yoxdur.(İ.v. 85 - 87) Məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh mübahisə predmeti olan torpaq sahəsinə hüququnun olmaması və həmin torpaq sahəsindən istifadəsinin İddiaçı maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehin bağ sahəsindən çıxarılması nəticəsinə gəlməkdə haqlı оlmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquq şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən: 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində mübahisəli ərazi-Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 25 sot torpaq sahəsinin 18 dekabr 1986-cı il tarixli müqaviləyə əsasən anası X6 uzunmüddətli icarəsinə verildiyini, həmin vaxtdan etibarən torpaq sahəsi anasının, sonra isə onun istifadəsində olduğunu, İddiaçı iddia etdiyi torpaq sahəsinin anasına verilmiş torpaq sahəsinin hüdudlarında olmadığını göstərsə də qeyd etdiyi halları təsdiq edən hər hansı bir sübutu apelyasiya şikayətinə əlavə etməmiş, apelyasiya məhkəməsində iştirak edərək bunları əsaslandıran hər hansı bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim еtməmişdir. Həmçinin Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-42/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar