Məhkəmə qərarları › İş №2(103)-8808/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8808/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8808/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" KM-nə və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “müqavilənin ləğv edilməsi və mənzilin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 22 a, 6 saylı mənzilə dair cavabdehlər arasında bağlanılmış 02.10.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-2935/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Moskva şəhərində fərdi əməklə məşğul olur və əldə etdiyi gəlirlər müqabilində Azərbaycan Respublikasına gələrkən bir neçə ev alaraq, sonradan onları təmir etdirərək satıb gəlirlər əldə edir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 22a, 6 saylı mənzili 02.06.2007-ci il tarixində cavabdeh "xxxx" Kiçik Müəssisəsinə 68320 ABŞ dolları ödəyərək mərhum qayınatası X5 adına almışdır. Gəlirlərini sübut etmək üçün həmin dövrlər ərzində Moskva şəhərində işləyib hansı miqdarda gəlirlərinin olması barədə məlumatları da iddia ərizəsinə əlavə edir. Belə ki, cavabdeh "xxxx" KM-dən bir neçə mənzil alaraq sonradan satmışdır. Mərhum qaynatası ilə münasibətləri normal və qaydasında olmuşdur. Belə ki, onun qızı X7 ilə bu günə qədər də ər-arvad münasibətindədir və əmlakları ilə bağlı hər hansı bir mübahisələri də yaşanmayıbdır. Bunları deməkdə məqsədi odur ki, mərhum qaynatası ilə aralarında etibarlı münasibət olmuşdur. Mübahisəli mənzil sonradan Maraqlı şəxs satılmışdır. Əvvəlcədən mənzilin satılmasına razılıq vermiş Cavabdeh2 "xxxx" KM-nin rəhbərliyi ilə birləşərək satılmış mənzilə görə pul almasına baxmayaraq, sonradan mənzilin sənədləşdirilməsindən boyun qaçırtmışdır. Bir neçə ay olar ki, cavabdeh "xxxx" KM-nin rəhbərliyi digər cavabdeh olan qaynanası Cavabdeh2 ilə birləşərək qanunsuz hərəkətləri ilə əlavə gəlirlər əldə etmək məqqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 22 a, mənzil 6-nı qanunsuz və özbaşına olaraq 02.10.2019-cu il tarixində Cavabdeh2 adına müqavilə ilə keçirdiyindən xəbər tutmuşdur. Hesab edir ki, cavabdeh "xxxx" KM-nin rəhbərliyi bu cür hərəkətləri ilə həm qanunsuzluq və özbaşınalıq etmiş, həm də onun pul ödəyib aldığı mənzilə sahiblənərək, dolayısı yolla digər cavabdehin köməkliyi ilə mənzili yenidən başqa şəxslərə sataraq gəlirlər əldə etmək fikrindədir. Cavabdeh2 nümayəndəsi birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etməmiş və göstərmişdir ki, Cavabdeh2 həyat yoldaşı Alim 2010-cu ildə rəhmətə gedibdir. Onların Salyan rayonunda təsərrüfatları olub, çox yaxşı gəlirləri olubdur. Mübahisəli mənzili Alim özü alıbdır. Evi aldığı ərəfədə Həqiqətlə nikahda olduğu üçün Həqiqətin də ora payı var idi. Xalid və həyat yoldaşı Könül isə Rusiya Federasiyasında yaşayırdılar. Xalidin də mübahisəli mənzillə üzbəüzdə yerləşən mənzili var idi. O, həmin mənzili kirayə vermişdi. Alim öləndən sonra Xalid öz mənzilini satmış, Həqiqəti Saray qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evinə yerləşdirmiş, mübahisəli mənzili isə kirayə vermişdir. Xalid mübahisəli evi Həqiqətin xəbəri olmadan saxta sənədlər əsasında satışa çıxarmış, Dadaşov Emil adlı şəxslə 2500 manat dəyərində beh müqaviləsi bağlamışdır. Emil Xalidə 35000 manat ödəmiş, yerdə qalan məbləği isə daha sonra ödəyəcəyini bildirmişdir. Lakin Emil yerdə qalan pulu Xalidə ödəməmişdir. Belə olan halda onların arasında mübahisə yaranmışdır. Daha sonra X8 yerləşən fərdi yaşayış evindən çıxarmış və Həqiqətə Emillə yaranan nübahisəni həll etməyi bildirmişdir. Həqiqət Arabaçı KM-nə yaxınlaşaraq mənzili öz adına rəsmiləşdirmişdir. Emil Həqiqətə qarşı pul tələbinə dair iddia qaldırmış, həmin işə baxılan ərəfədə də Həqiqət mənzilin boşaldılması barədə qarşılıqlı iddia ilə məhkəmə müraciət etmişdir. Həmin məhkəmə iclasında Xalid şahid qismində çıxış edərək mənzilin ona məxsus olduğunu və mənzili onun satdığını bildirmişdir. Məhkəmə işə baxarkən ilkin iddia tələbini rədd, qarşılıqlı iddia tələbini isə qismən təmin etmişdir. Həmin işdən Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir. Apelyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. Daha sonra işdən kassasiya şikayəti verilmişdir. Ali məhkəmə mənzilin boşaldılması hissəsində qətnaməni qüvvədə saxlamış, lakin pulun verilməsi hissəsində yenidən araşdırılması üçün işi Şirvan Apelyasiya məhkəməsinə qaytarmışdır. Həmin mübahisə üzrə yekun məhkəmə aktı çixarılmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları ətraflı araşdırılmamış, mübahisəli mənzilin iddiaçının vəsaiti hesabına əldə edilməsi nəzərə alınmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. İddiaçı ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, onun xəstəliyini təsdiq edən hər hansı sənəd (sübut) təqdim olunmadığından məhkəmə kollegiyası vəsatəti təmin etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisə predmeti Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi (hazırda Əsəd Əhmədov küçəsi) 22A saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan, 3 otaqlı, 6 saylı mənzildir. Həmin mənzil 02.06.2007-ci il tarixli mənzil tikinti müqaviləsinə əsasən “Arabaçı" kiçik müəssisəsi tərəfindən X2, mənzilin dəyəri Alim Hüseynov tərəfindən tam ödənilmişdir. Alim Hüseynov 27 mart 2010-cu il tarixdə vəfat etmiş, onun ölümündən sonra mənzilə dair "xxxx" kiçik müəssisəsi ilə onun onun arvadı Cavabdeh2 arasında 02.10.2019-cu il tarixli müqavilə bağlanmış, Cavabdeh2 tərəfindən pay haqqının tam ödənilməsi barədə 02.10.2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Hazırda İddiaçı mübahisəli mənzilin əslində onun tərəfindən 68320 ABŞ dolları ödənilməklə alınmasını, mənzilə dair müqavilənin formal olaraq, mərhum qaynatası X5 adına rəsmiləşdirilməsini göstərərək, mənzilə dair cavabdehlər arasında bağlanılmış 02.10.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi əqd üzrə müqavilə tərəfi olmadığını, əqdin etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş əsasların mövcud olmadığını, Cavabdeh2 ilə bağlanmış müqavilənin qanuni olduğunu və bu halın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunduğunu qeyd edərək iddianı əsassız saymış və rədd etmişdir. İşdən göründüyü kimi, mübahisəli mənzillə bağlı Cavabdeh2 və hazırkı işdə üçüncü şəxs kimi keçən Maraqlı şəxs arasında məhkəmə mübahisəsi olmuş, Maraqlı şəxs Cavabdeh2 qarşı pul tələbi, Cavabdeh2 isə Maraqlı şəxs qarşı mənzildən çıxarılma tələbinə dair iddia qaldırmışlar. Salyan Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 mənzildən çıxarılma tələbi təmin olunmuş və qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən həmin hissədə dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəyə minmişdir. Qətnamənin pul tələbinə dair hissəsi yeni apellyasiya baxışına qaytarılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 324.1, 421.1, 421.2, 337-ci və MPM-nin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrini tətbiq edərək bu qənaətə gəlmişdir ki, mübahisəli mənzilin hazırda qanuni əsaslarla Cavabdeh2 sahibliyində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. İddiaçı qeyd olunan məhkəmə proseslərindən məlumatlı olmasına baxmayaraq, prosesdə yalnız şahid qismində ifadə verməklə kifayətlənmiş, maraqlarına toxunan şəxs kimi həmin məhkəmə aktlarını mübahisələndirməmişdir. Həmçinin, iddiaçı mübahisəli mənzilin əslində onun vəsaiti hesabına alınmasına, mənzilə dair müqavilənin formal olaraq, mərhum qayınatası X5 adına rəsmiləşdirilməsi ilə bağlı mülahizələrinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinəəsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinəəsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti üzrə 13.02.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub olmamasını qəti sürətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafıə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafıq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq iddianı əsassız saymış və rədd etmişdir. İddiaçının apellyasiya şikayətininin əsas dəlilləri yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən işin hallarının ətraflı araşdırılmaması, mübahisəli mənzilin iddiaçının vəsaiti hesabına əldə edilməsinin nəzərə alınmaması və maddi və prosessual hüquq normalarının pozulması barədədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, obyektiv və hərtərəfli araşdırılmış, işin həqiqi halları müəyyən edilmiş və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilmişdir. İddiaçı hazırkı işdə mənzilə dair cavabdehlər arasında bağlanmış 02.10.2019-cu il tarixli müqavilənin ləğv edilməsini və mənzilin ona qaytarılmasını tələb etsə də, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilin Cavabdeh2 məxsus olduğu müəyyən edilmiş və məhz bu fakt müəyyən edildiyinə görə onun Maraqlı şəxs qarşı mənzildən çıxarılma tələbi təmin olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar