Məhkəmə qərarları › İş №2(103)-8814/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8814/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8814/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həşimova X2 Akif Həsən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 100 000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdehla 1990-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuş, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 3 otaqlı mənzilə gəlin köçmüş, 1996-cı ilə qədər cavabdehlə birlikdə həmin mənzildə yaşamış, 1996-cı ildə cavabdeh sözügedən mənzili satmış və əldə olunan vəsait hesabına 22.04.1997-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini satın almış, 1997-ci ildən etibarən həmin fərdi yaşayış evə köçərək ailə üzvü kimi orada yaşamış, birgə təsərrüfat aparmış, istifadə hüququnu əldə etmiş, 1998-ci ildə evə qeydiyyata alınmışdır. Birgə nikahdan uşaqları doğulmamış, nikahları 05.10.2006-cı il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra da o, həmin evdə yaşamağa davam etmiş və əşyaları da orada olmuş, fərdi yaşayış evi sökülənə kimi orada cavabdehlə birlikdə yaşamış, aralarında olan razılaşmaya əsasən cavabdeh bildirmişdir ki, ev söküləndən sonra ona mənzil alıb verəcəkdir. Evin satılmasından bir gün əvvəl Cavabdeh 17.04.2017ci il tarixdə Biləcəri qəsəbəsində “Ağ Saray”ın yanında kirayə ev tutmuş və onu əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evindən çıxararaq kirayə mənzilə köçürmüş, evin iki ayının pulunu 180 manatdan olmaqla əvvəlcədən ev sahibinə ödəmişdir. Cavabdeh sonradan kirayə pulunu verməmiş, özü iki ayın pulunu versə də beşinci ayın pulunu ödəyə bilmədiyinə görə ev sahibi onu kirayə qaldığı mənzildən çıxartmışdır. Bu səbəblə müvəqqəti olaraq bacısının yanına - Bakı şəhəri, Nəsimi rayonu, Cəfərov qardaşları küçəsindəki 49 nömrəli evə köçmüş və hazırda orada yaşayır. Cavabdeh onu kirayə mənzilə çıxarandan sonra yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini 18.04.2017-ci il tarixdə 214 809 manata satmış, evin satışından əldə etdiyi vəsait hesabına 25.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini, həmçinin “Mercedes Benz Vito111” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri öz adına almışdır. Evin satıldığını öyrəndikdən sonra cavabdehə müraciət edərək vədinə əməl etməsini və ona ev almasını xahiş etmiş, lakin Cavabdeh müxtəlif bəhanələrlə ona ev almaqdan yayınmışdır. Araşdırma zamanı Cavabdeh məhkəməyə müraciət edərək onun istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasına nail olduğunu öyrənmiş, qətnaməni əldə edərək ondan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli qətnaməsi ilə şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli qətnaməsi ləğv olunaraq Cavabdeh iddiası rədd edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evi söküldüyünə görə o, hazırda faktiki olaraq evsiz qalmışdır. Məhkəmədən sonra isə cavabdeh ona ev almamaq və pul verməmək üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini 2019-cu ildə qızı X3 bağışlamışdır. Hesab edir ki, evin sökülməsi ilə əlaqədar öz yaşayış yerindən məhrum olmuş və bununla ona maddi zərər dəymişdir. Bu səbəblə də cavabdehdən 100 000 manat onun xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən 117 nömrəli fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı həmin evə olan istifadə hüququndan məhrum olunduğuna görə, ona dəymiş maddi ziyanın əvəzi olaraq 20 000 manatın və 30 manat dövlət rüsumunun, yəni cəmi 20 030 (iyirmi min otuz) manatın Cavabdeh tutularaq ona ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən 117 nömrəli fərdi yaşayış evinə sadəcə istifadə hüququnun deyil, həm də pay hüququnun olduğunu, eləcə də 20 000 manat vəsaitlə onun özünü yaşayış sahəsi ilə təmin etməsinin mümkün olmadığını nəzərə almadığını irəli sürmüşdür. Apellyasiya şikayəti məhkəmənin 13 avqust 2021-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək apellyasiya baxışına təyin edilmiş, bununla belə, 14 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh qətnamədən apellyasiya şikayəti verdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-107/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar