Məhkəmə qərarları › İş №2(103)-8816/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8816/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8816/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(002)-2466/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı fərdi evə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, 3 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(002)-2466/2021 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qərardadından verilmiş şikayət məhkəmənin 09 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, cavabdehlər Cavabdeh1 və Muxtarova Aygün Ənvər qızı evin köhnə sakinləri olmuş, alğı-satqı müqaviləsi bağlandıqdan sonra onlar iddiaçıya məxsus evdə qeydiyyatda olsalar da, mübahisəli evdə yaşamamışlar və hal-hazırda iddiaçıya məxsus evlə heç bir əlaqələri olmamışdır. Alğı-satqı müqaviləsi bağlanarkən həmin müqavilədə cavabdehlər evdən qeydiyyatdan çıxmalarına dair öhdəlik götürmüş, lakin sonradan üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bu halda cavabdehlər gələcəkdə mübahisəli evə istifadə hüququnun olması ilə bağlı tələb irəli sürə bilər. Bu isə iddiaçını gələcəkdə həm inzibati, həm də rayon məhkəməsinə müraciət etməyə məcbur qoyacaqdır. İddiaçı cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılmalarına deyil, istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, cavabdehlərin iddiaçıya məxsus olan evə istifadə hüquqlarının olub-olmaması məhkəmə qaydasında müəyyənləşdirilməli idi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Kollegiya iddiaçını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddiaçının iddia tələbi məhz iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalmış mənzilin köhnə sakinləri olan cavabdehləri həmin mənzilə dair qeydiyyatdan çıxartmaqla əlaqədar olaraq mənzilə dair istifadə hüququna xitam verilməsi tələbi ilə bağlıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdehlər faktiki olaraq həmin mənzildə yaşamırlar, məhz həmin mənzilə dair tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsi əsasında cavabdehlər həmin mənzili iddiaçıya təhvil verərək, həmin mənzildən 07.07.2021-ci il tarixədək pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri məhz formal olaraq qeydiyyatda qalmış, faktiki həmin mənzildə yaşamayan və həmin mənzilə dair əmlak hüquqları olmayan şəxslərin mənzilə dair istifadə hüququna xitam verilməsi ilə bağlı olan hüquq münasibətləridir. Bu halda, məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edilən müvafiq Qərarın tələbinə əsasən həmin hüquq münasibətlərinə məhz mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Kollegiya qeyd edir ki, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Kollegiya hesab edir ki, hazırki halda cavabdehlərin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması çəkişmə prinsipinə əməl olunmaqla araşdırılmalıdır. Çünki, məhkəmənin qeyd etdiyi cavabdehlərin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən qeydiyyatdan çıxarılmaları üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş hallar müəyyən olunmur. Bu hal isə iddiaçının Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən imtina alacağı halda, inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmasına və prosessual qənaət prinsipinin pozulmasına səbəb olacaqdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv olunmalı, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(002)- 2466/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar