Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-882/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovadan katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Camal Məsimlinin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Yasamal rayonu, F.İbrahimbəyov küçəsində yerləşən 11 №-li evlə bağlıdır (bundan sonra – ev). Ev hazırda xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Bundan əvvəl ev dövlət mənzil fonduna aid olub, Yasamal RİHB-nın xx.xx.2001-ci il tarixli, 175 nömrəli sərəncamına əsasən həmin tarixdə evə dair iddaçının adına order verilib. xx.xx.2002-ci ildə ev iddiaçının adına özəlləşdirilib və bu barədə qeydiyyat vəsiqəsi verilib. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh iddiaçının oğlu Azər Quliyev ilə xx.xx.2001-ci ildə nikah bağlayıb. Nikahdan 2 uşaq – xx.xx.2002-ci il təvəllüdlü Murad Quliyev və xx.xx.2004-cü il təvəllüdlü Hacı Quliyev doğulub. Uşaqlar yetkinlik yaşına çatıb. Nikah məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulub. Cavabdeh nikaha daxil olduğu vaxtdan (xx.xx.2001-ci ildən) evdə iddiaçının ailə üzvü kimi yaşayıb və evdə yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh bildirir ki, evə 2002-ci ilin ortalarında (yəni özəlləşdirmədən sonra) qeydiyyata düşüb. Cavabdeh evin özəlləşdirilməsində iştirak etməyib, yəni evin iddiaçının adına özəlləşdirilməsinə razılıq verməyib, çünki özəlləşdirmə zamanı evdə qeydiyatda olmayıb. Lakin hər iki tərəf təsdiq edir ki, cavabdeh evdə özəlləşdirmədən əvvəl – ev dövlət mənzil fonduna aid olduğu vaxtdan yaşamağa başlayıb. Cavabdeh hazıra evdə yaşayır. Mübahisə iddiaçının oğlu nikahın pozulması üçün məhkəməyə müraciət etdikdən sonra yaranıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, cavabdeh evdən çıxarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabdeh əşyaları ilə birlikdə evdən çıxarılsın. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Camal Məsimli apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdehin evdən istifadə hüququ var. Bu hüquq ev dövlət mənzil fonduna aid olarkən yaranıb. Belə ki, ev dövlət mənzil fonduna aid olduğu zaman (xx.xx.2001-ci ildə) cavabdeh iddiaçının oğlu ilə nikaha daxil olub, həmin vaxtdan etibarən iddiaçının razılığına əsasən evdə iddiaçının (icarədarın) ailə üzvü kimi yaşayıb, bununla da həmin zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən cavabdehin evdən istifadə hüququ yaranıb. Hüququn yaranmasından sonra 2 hal baş verib: 1) ev özəlləşdirilib; 2) ailə münasibətlərinə xitam verilib. Lakin bu halların heç biri istifadə hüququnun xitamına səbəb olmayıb. Çünki hüququn yarandığı zaman qüvvədə olmuş qanunvericilik bu halları hüquqa xitam verilməsinin əsası kimi nəzərdə tutmayıb. Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh evdə 22 ildir fasiləsiz yaşayır. Onun istifadə hüququna kompensasiya ödənildikdə, yaxud özü daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdükdə, yaxud da həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda xitam verilə bilər. Hazırda belə hallar mövcud deyil. Ona görə də əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmış istifadə hüququ mövcuddur. Hüquq mövcud olduğuna görə evdən çıxarılma barədə tələb əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma barədə” iddiası rədd olunsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat İddiaçı alınaraq Cavabdeh verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-882/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-882/2023
06.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver