Məhkəmə qərarları › İş №2(103)-8825/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8825/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8825/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(005)-2249/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 73612.19 manat, hesablanmış cərimə borcuna görə 30446.8 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(005)- 2249/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 73612.19 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 73642,19 manatın İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddia aidiyyət üzrə onun yaşadığı yer üzrə baxılmalı olsa da, bu barədə ərizəsi nəzərə alınmamışdır. Digər tərəfdən o, ********** saylı VÖEN əsasında fəaliyyət göstərdiyi üçün iş aidiyyət üzrə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə iclasları barədə lazimı qaydada məlumatlandırılmamışdır. Müqavilədə olan imza ona məxsus deyildir. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, hazırki işə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi məsələnin həllin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(005)-2249/2021 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. İş materiallarında olan 15.12.2016-cı il tarixli, ********* saylı 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilədən görünür ki, Cavabdeh 200 ha sahədə pambıq əkərək hər hektardan 20 sentrdən az olmamaqla istehsal etdiyi xam-pambığı iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdehin apelyasiya şikayətindən müəyyən edilir ki, o, vergi ödəyicisi kimi uçotda olmaqla fərdi sahibkardır. Həmçinin AZEMİS Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, cavabdeh fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli aktiv VÖEN əsasında fəaliyyət göstərir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh fərdi sahibkar statusu əldə edən fiziki şəxs olmaqla, iddiaçı ilə aralarında yaranan hüquq münasibətləri xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan hazırkı mülki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Şirvan Kommersiya Məhkəməsində baxılması ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, hazırki iddia 10.12.2019-cu il tarixdə verilmişdir, həmin vaxt isə cavabdeh Bakı şəhəri Nərimanov rayonunda qeydiyyatda olmuşdur, qeydiyyatını iddia verildikdən sonra dəyişdirərək, Salyan rayonunda qeydiyyata alınmışdır. Belə olan halda Salyan rayonunda qeydiyyatda olmasına əsaslanaraq işə Şirvan Kommersiya Məhkəməsində baxılması barədə qeyd edilənlər əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 387.2.1, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(005)- 2249/2021 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar