Məhkəmə qərarları › İş №2(103)-8828/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8828/2021

13.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8828/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2251/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2251/2021 saylı, 31 may 2021ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun vəsaiti hesabına inşa olunan və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 22 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikah dövründə öz vəsaiti hesabına hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında fərdi yaşayış evini tikmişdir və həyat yoldaşı ilə həmin evdə yaşamışdır. Lakin, onunla aralarında münasibətin kəskinləşməsi nəticəsində mənzilin mərkəzi kilidini dəyişərək ona həmin evə daxil olmağa icazə verməmişdir. Onların 7 yaşlı iki övladı vardır. Hazırda cavabdeh övladları ilə həmin evdə yaşayır və o, buna heç bir etiraz etmir. Lakin, ona məxsus olan evə həyat yoldaşının onu buraxmaması həm onun öz yaşayış yerindən istifadəyə dair hüquqlarını pozur, həm də övladlarını görməməklə onlara olan münasibətinin get gedə soyuqlaşmasına səbəb olur. Fərdi yaşayış evinin ona məxsus olmasına kifayət qədər dəlillər var. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələb üzrə yuxarıda göstərilən hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2251/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli ev iş üzrə tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına tikilmişdir. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakdır. Fərdi yaşayış evi tikilən vaxtdan həmin evdə yalnız o və onun əkiz övladları yaşamışlar. İddiaçı isə bu evde heç vaxt yaşamamışdır. Onun daimi yaşayış yeri – ünvan 2 ünvandır. Başqa sözlə, cavabdeh İddiaçı heç vaxt yaşamadığı bir mənzildə yaşayış yerindən məhrum edilməsi də mümkün deyil. İddiaçının özü tərəfindən məhkəməyə təqdim etdiyi arayışdan da göründüyü kimi, iddiaçı mübahisəli ünvana 21.01.2021-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Tərəflərin izahatı: İddiaçı və Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan apelyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının mübahisəli fərdi yaşayış evinə köçmək və orada yaşamaq hüququnun olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş Memarlıqplanlaşdırma bölməsi sənədlərindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin lahiyəsinin sifarişçisi İddiaçı olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, mübahisəli yaşayış evi qanunsuz tikili olmaqla, tərəflərin birgə nikahı dövründə tikimişdir. Hazırda cavabdeh yetkinlik yaşına çatmayan övladları ilə birlikdə həmin evdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırkı işdə müəyyən edilir ki, dövlət qeydiyyatına alınmayan mübahisəli yaşayış evi iddiaçı tərəfindən sifariş verilərək tikilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası iş materialları üzrə toplanmış sübutlar üzrə dəyərləndirmə apararaq müəyyən edir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinə köçmək və orada yaşamaq hüququ vardır. Çünki, həmin ev birgə nikah dövründə tikildiyindən iddiaçının həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ vardır və belə olan halda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Buna görə də, apellyasiya şikayəti təmin edilməməli, Suraxanı Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2251/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar