Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-883/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı “pul tələbi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh X2 qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli qətnaməsindən Hakan Şengül və Cavabdeh apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Hakan Şengül (podratçı) ilə Cavabdeh (sifarişçinin) arasında podrat müqaviləsindən əmələ gələn öhdəlik münasibəti olub. Podrat müqaviləsi 31.08.2018-ci il tarixdə bağlanıb (cild 1, iş v. 58). Müqaviləyə görə podratçı öhdəsinə götürüb ki, sifarişçiyə aid olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini öz materialları hesabına otelə çevirilməsi üçün zəruri olan təmir-tikinti işlərini 1,5 ay (bir ay yarım) müddətində yerinə yetirəcək. Sifarişçi isə öhdəsinə götürüb ki, bunun müqabilində podratçiya 130.000 manat ödəyəcək. Tələb və onun həlli: İşdə iki iddia var: ilk və qarşılıqlı iddia. Hakan Şengülün (podratçının) ilk iddia ərizəsində tələb olunub ki, Cavabdeh 90.057,65 manat tutulsun. Cavabdeh (sifarişçinin) qarşılıqlı iddia ərizəsində tələb olunub ki, Hakan Şengüldən əlavə ödənilmiş 70.000 manat, əldən çıxmış fayda kimi 40.000 manat tutulsun. Podratçı ilk iddia ərizəsində bildirirb ki, sifarişçi ona söz verdiyi kimi 130.000 manat deyil, 67.000 manat pul və sifarişçinin öz hesablamasına görə dəyəri 50.000 manat olan iki ədəd avtomobil verib. Sonradan müəyyən edib ki, avtomobillərdən birinin dəyəri 17.600 manat, digərinin dəyəri 20.000 manat təşkil edir. Sifarişçi ona ümumilikdə 101.200 manat pul verib. Sifarişçinin tam ödəniş etməməsi səbəbindən smetada nəzərdə tutulmuş avadanlıqların alınması mümkün olmayıb. Ekspert rəyi ilə müəyyən edilib ki, evin otelə çevirilməsi üçün təmir-tikinti işlərinə sərf edilən vəsaitin məbləği 191.257,65 manat təşkil edir. Lakin sifarişçi bu puldan cəmi 101.200 manat ödəyib. Odur ki, qalan vəsait – 90.057,65 manat sifarişçi tərəfindən ona ödənilməldir. Sifarişçi qarşılıqlı iddia ərizəsində bildirib ki, podratçıya ilkin olaraq 30.000 manat verib, daha sonra müxtəlif tarixlərdə hissə-hissə pul verib, verdiyi pulların cəmi 71.000 manat təşkil edir, bundan başqa, 50.000 manat dəyrində iki ədəd avtomobil verib. Lakin 5 ay keçməsinə baxmayaraq podratçı öhdəliyini yerinə yetirməyib, işin icrasını yubadıb, cəmi 50.208 manat dəyərində təmir-tikinti işləri yerinə yetirib. Podratçıya bu barədə iradını bildirdikdə o, aldığı pulları xərclədiyini, avtomobilləri arvadının adına keçirdiyini, oteldəki işləri yekunlaşdırmaq üçün pulunun olmadığını deyib. Ona görə də hesab edir ki, əlavə ödənilmiş məbləğ, yəni təmir-tikinti işlərinin dəyərindən artıq olan 70.000 manat podratçıdan alınaraq ona qaytarılmalıdır. Bundan başqa, təmir-tikinti işlərinin vaxtında tamamlanmaması səbəbindən oteldən əldə edəcəyi gəlirdən məhrum olmuş, ona görə də sifarişçi əldən çıxmış fayda kimi ona 40.000 manat ödəməlidir. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilməsin, qarşılıqlı iddia qismən təmin edilsin, 15.702 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi kimi 500 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat Hakan Şengüldən tutularaq Cavabdeh verilsin, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Hər iki tərəf apellyasiya şikayəti verib. Hakan Şengülün apellyasiya şikayətində tələb olunub ki, qənamə ləğv edilsin, ilk iddia təmin olunsun. Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, qətnamə qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin, qarşılıqlı iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən, Cavabdeh vəkili Vəkil1 təmsil etdiyi şəxsin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Hakan Şengülün vəkili və nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclasında iştirak edərkən təmsil etdiyi şəxsin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir. Vəkil sonuncu məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə məlumat göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Lakin səhhətinin məhkəməyə gəlməsinə mane olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Hakan Şengül məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə məlumat göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Lakin səhhətinin məhkəməyə gəlməsinə mane olduğunu təsdiq edən sübut təqdim etməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Qətnamənin yoxlanılması: Qətnamə ilə iki iddia – ilk və qarşılıqlı iddia həll edilib. Qətnamənin ilk iddiaya aid hissəsinin yoxlanılması qarşılıqlı iddiaya aid hissəsinin yoxlanılmasının nəticəsindən asılıdır. Ona görə də əvvəlcə qarşılıqlı iddiaya aid hissə yoxlanılmalıdır. Qarşılıqlı iddia: Qarşılıqlı iddiada iki tələb var. Birinci tələb: Qarşılıqlı iddiadakı 1-ci tələb təmir-tikinti işlərinin dəyərindən artıq olan 70.000 manat pulun qaytarılması barədədir. Birinci instansiya məhkəməsi həmin tələbi qismən - 15.702 manat həddində təmin etməklə düzgün nəticəyə gəlib. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 25.06.2021-ci il tarixli, 10/2988 nömrəli rəyinə görə fərdi yaşayış sahəsinin butik otel təyinatına çevirmək üçün 22.02.2019-cu il tarixədək görülmüş söküntü, yenidənqurma və tikinti-təmir işlərinin dəyəri (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribən 105.298 manat təşkil edir. Sifarişçi podratçıya cəmi 121.000 manat pul ödəyib. Belə ki, sifarişçi 71.000 manat pul və dəyəri 50.000 manat olan iki ədəd avtomobil verdiyini bildirir, bunun cəmi isə 121.000 manat təşkil edir. Podratçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində icraat zamanı çıxışında bildirib ki, görülmüş işlərin qarşılığında sifarişçi podratçıya 71.000 manat pul və 50.000 manat dəyərində olan iki avtomobil verib, lakin avtomobillərin qiyməti 50.000 manat civarında olmayıb (cild 2, iş v. 106). Göründüyü kimi, podratçının nümayəndəsi də eyni məbləği təsdiq edir. Avtomobillərin dəyərinin 50.000 manat deyil, daha az olması öz təsdiqini tapmır. Belə ki, hər iki tərəfin məhkəməyə verdiyi məlumata görə avtomobillər 50.000 manat pula ekvivalent kimi verilib. Podratçı avtomobillərin dəyərinin 50.000 manatdan az olduğunu sübut etməlidir, çünki dəyər barədə etirazı avtomobilləri sifarişçidən 50.000 manata ekvivalent kimi qəbul etdikdən sonra bildirib. Lakin bu barədə sübut yoxdur. Digər tərəfdən, avtomobillərin dəyərinin 50.000 manatdan az olduğu sübut edildiyi təqdirdə, bu, podratçının etirazının əsaslı olduğunu təsdiq etməyəcək. Çünki ekvivalentlik bazar dəyəri ilə deyil, tərəflərin razılığı ilə müəyyən olunub. Müqavilə azadlığı tərəflərə imkan verir ki, hesablaşma zamanı bir tərəfin digər tərəfə verdiyi əmalakın hansı məbləğdə pula ekvivalent olduğunu qarşılıqlı razılıq əsasında müəyyən etsinlər. Tərəflər qarşılıqlı razılıq əsasında avtomobillərin 50.000 manat pula ekvivalent olduğunu müəyyən ediblər. Yerinə yetirilmiş təmir-tikinti işlərinin dəyəri (105.298 manat) ilə ödənilən pulun (121.000 manatın) arasındakı fərq 15.702 manat təşkil edir. Ona görə də məhkəmə Mülki Məcəllənin 759.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, podratçı 15.702 manat pulu sifarişçiyə qaytarmalıdır. Bu maddəyə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, bu maddədə “yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər” qeyd olunub. Yerinə yetirilmiş işin haqqı 105.298 manatdır. Qalan 15.702 manat yerinə yetirilməmiş işin haqqıdır. Podratçının həmin pula tələb hüququ yaranmayıb, bu isə o nəticəni verir ki, o, 15.702 manat pulu özündə saxlaya bilməz, geri qaytarmalıdır. İkinci tələb: Qarşılıqlı iddiadakı 2-ci tələb əldən çıxmış fayda kimi 40.000 manatın ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi bu tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Mülki Məcəllənin 21.2-ci maddəsində əldən çıxmış fayda “hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir” kimi göstərilib. Sifarişçi otelçilik fəaliyyətindən əldə edə biləcəyi, lakin podratçının təqsiri üzündən (yəni işləri vaxtında və tam həcmdə yekunlaşdırmaması səbəbindən) əldən çıxmış gəliri müəyyənləşdirməyə imkan verən sübut təqdim etməyib. Belə tələblər üzrə tutulmalı olan pul məbləği ehtimalar əsasında müəyyənləşdirilə bilməz. İlk iddia barədə: İlk iddiadakı tələb təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin ödənilməmiş hissəsinin - 90.057,65 manatın ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi bu tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, qarşılıqlı iddiada irəli sürülmüş tələbin qismən təmin edilməsi üçün istinad edilən əsaslar ilk iddianın rədd edilməsi üçün əsasdır. Mlüki Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər. Hakan Şengülün (podratçının) Cavabdeh (sifarişçidən) tələb etdiyi pul yerinə yetirilmiş işin haqqından artıqdır, əksinə, podratçı yerinə yetirilməmiş işə görə sifarişçidən aldığı 15.702 manat pulu geri qaytarmalıdır. Məhkəmə xərclərinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki-Prosessual Məcəllənin 119 və 121-ci maddələrinin göstərişlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Hakan Şengülün apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-883/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-883/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver