Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-883/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlun və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2896/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları İş üzrə Cavabdeh İddiaçı bacısı X7 həyat yoldaşıdır. Gülər mülkiyyətindəki evi Fəqanəyə bağışlamış və bundan sonra Fəqanə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, mənzil 81-dən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, mənzil 81-i keçmiş mülkiyyətçisi olan bacısı X6 xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən hədiyyə almışdır. Lakin, bacısının əri, iş üzrə Cavabdeh həmin mənzildə qeydiyyatda qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2896/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 3A nömrəli evin 81 nömrəli mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 152, 157, 203 və 228-ci maddələrinə istinad edərək onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 3A, mənzil 81 Cavabdeh ilə iddiaçının bacısı olan X12 ilə birgə nikah dövründə X7 adına satın alınsa da, o, həmin mənzilin bağışlanma müqaviləsi rəsmiləşdirildiyi zaman mənzilin sahibi kimi əmlakın özgəninkiləşdirilməsinə etiraz etməmişdir. Belə olan halda xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində mənzilin keçmiş mülkiyyətçilərinin mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının bacısı X12 ilə 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. ünvan 1 ünvanında yerləşən mənzil 2012-cu il tarixdə birgə nikah dövründə cavabdehin vəsaiti hesabına alınmışdır. Cavabdeh Göyçay şəhərində yerləşən ata mülkünü satdıqdan sonra 2018-ci il tarixdə həmin ünvana qeydiyyata düşmüşdür. Həyat yoldaşı X12 cavabdehə bildirdi ki, bacısı Fərqanə iş qurur və viza almaq istəyir, ona gorə onun köməyə ehtiyacı var və həm də cavabdehin iş yerində olan problemi ilə əlaqədar keçmiş həyat yoldaşı Gülərin tələbi əsasında xx.xx.2021- ci il tarixdə formal olaraq Bakı şəhəri Xətai ray, Zığ yolu küçəsi, ev 3a, mənzil 81-i iddiaçının adına keçirilməsinə razılıq vermişdir. Daha sonra cavabdehə məlum oldu ki, o həyat yoldaşı X12 və İddiaçı tərəfindən aldadılmışdır. Belə ki, cavabdeh bağışlanmaya razılıq verdikdən sonra həyat yoldaşı X12 Bakı şəhəri Xətai Rayon Məhkəməsində nikahın pozulması tələbi ilə iddia qaldırmış, daha sonra bacısı Cəbiyeva - Fəqanə Şərif qızı cavabdehin mənzilə istifadə hüququnun itirilməsinə dair iddia qaldırmışdır. Bakı şəhəri, Xətai ray, Zığ yolu küçəsi, ev 3 a, mənzil 81 birgə nikah dövründə cavabdehin vəsaiti hesabına alınmışdır, həmin əmlakda cavabdehin pay və istifadə hüququ vardır. Cavabdeh notariat qaydada ərizə verərkən aldadılmışdır. Cavabdeh 2012-2013-cü illərdə həmin mənzili təmir etmiş və 2018-ci ildə ata evini satdıqdan sonra həmin ev üçün mebel və digər avadanlıqlar almışdır. Həmin mənzildən başqa cavabdehin yaşayış yeri yoxdur. İddiaçının isə həmin binada 10-cu mərtəbədə özünə məxsus evi vardır və iddiaçı öz mənzilində yaşayır. Cavabdeh bilməmişdir ki, X8 və X12 onu aldadaraq bilə-bilə yalan məlumat verməklə və vicdanlılıq nümayiş etdirməyərək əsl həqiqəti deməməklə cavabdehdən razılıq ərizəsi almaqda məqsədli olmuşlar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-401/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2896/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mənzil cavabdehlə iddiaçının bacısının birgə nikah dövründə alındığından, cavabdehin yalnız öz payından notarial qaydada imtina etməsini onun istifadə hüququna da xitam verilməsi kimi qiymətləndirmədiyindən, eyni zamanda cavabdehin notariusda verdiyi ərizədə mübahisəli mənzildən qeydiyyatdan çıxmasını öhdəsinə götürmədiyindən iddia tələbi rədd edilməlidir. Cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi yalnız ona kompensasiya ödənilməsi yolu ilə mümkündür. Kassasiya instansiya məhkəməsində icraat Həmin qətnamədən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4867/2022 saylı 11 oktyabr 2022ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-401/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya insansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi, iddianı rədd edərkən, Mülki Məcəllənin 158.3-cü maddəsinə istinad etsə də, həmin maddənin hazırkı mübahisəyə tətbiqini əsaslandıra bilməyib. Belə ki, işin mübahisə olunmayan digər hallarına görə, iddiaçının bacısı X12 30 aprel 2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən sözügedən mənzili 50.000 manata X1 alıb. Cavabdeh isə həmin mənzilə 2018-ci ildə qeydiyyata düşüb. Qeyd edilən mənzilin alınması zamanı X12 və hazırkı iş üzrə cavabdeh birgə nikahda olublar. Notarial qaydada təsdiq edilmiş 04 fevral 2021-ci il tarixli bağışlama müqaviləsi ilə hədiyyə verən X12 mülkiyyətində olan sözügedən mənzili hədiyyə alan İddiaçı bağışlayıb. Göründüyü kimi, cavabdeh notarial qaydada təsdiq edilmiş 04 fevral 2021-ci il tarixli ərizəsi ilə mənzilin bağışlanmasına etiraz etmədiyini, həmçinin mənzilə dair hüquqi rejimi müəyyən edən nikah müqaviləsinin bağlanmadığını təsdiq edərək, birgə mülkiyyətlərində olan mənzilin iddiaçıya bağışlanmasına razılıq verib. Cavabdeh birgə mülkiyyətdə olan mənzilin iddiaçının mülkiyyətinə keçməsinə razılıq verməklə, həmin mənzilə olan istifadə, sahiblik və sərəncam hüququnu, heç bir cavab xidməti ilə şərtləndirmədən itirib. Apellyasiya instansiyası məhkəməsi həmçinin Mülki Məcəllənin 158.3, 228.2, 228.4-cü maddələrinə, habelə Konstitusiya Məhkəməsinin Plenumunun 31 mart 2006-cı il tarixli qərarına istinad etsə də, nəzərə almamışdır ki, həmin maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarındakı hüquqi mövqe hazırki mülki mübahisəyə tətbiq edilə bilməz. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin hüququn tətbiqində belə səhvə yol verməsi onunla bağlı olmuşdur ki, məhkəmə, mənzilin bağışlanmasının nəticəsi kimi meydana çıxan hüquqi faktları bir kənara qoyaraq, yalnız bağışlamadan sonrakı vəziyyətlə bağla hüquqi dəyərləndirmə aparıb. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, mənzil cavabdehlə onun keçmiş arvadı X7 birgə nikah dövründə əldə edildiyndən onların birgə mülkiyyəti olub və Ailə Məcəlləsinin 31.1-ci maddəsi belə mülkiyyət rejimini ər-arvadın əmlakının qanuni rejimi kimi təsbit etdiyindən, daşınmaz əmlakın dövlət reyestrində mənzilin kimin adına (ərin və yaxud arvadın) qeydə alınmasından asılı olmayaraq qanuni rejimə görə hər ikisi bərabər payla və bərabər hüquqla mülkiyyətçi hesab olunur. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh mənzilin bağışlanmasına (özgəninkiləşdirilməsinə) dair razılıq verməklə, yəni, özünün də mülkiyyətində olan əmlak üzərində sərəncam verməklə, mülkiyyətin tərkib hissələri olan bütün hüquqlarının (o cümlədən istifadə hüququnun) müqəddəratını həll edib. Göründüyü kimi, apellyasiya məhkəməsi, mənzilin bağışlanmasının doğurduğu hüquqi nəticələri nəzərə almadan mövcud vəziyyətə qiymət verməklə, bağışlama zamanı istinad etdiyi Mülki Məcəllənin 228-ci maddəsinə münasibətdə cavabdeh “mülkiyyətçinin ailə üzvü” statusunda deyil, “mülkiyyətçi” statusunda olmasının fərqinə varmayıb. Belə olan halda, apellyasiya məhkəməsinin hazırkı mübahisə üzrə olan mülki münasibətlərdə cavabdehi “mülkiyyətçinin ailə üzvü” subyektləri sırasına aid etməklə, onun yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilə bilməsi barədə gəldiyi nəticə maddi hüquq normasının düzgün tətbiq edilmədiyini təsdiq edir. Hazırki vəziyyətdə bağışlamanın doğurduğu hüquqi nəticələr nəzərə alınmaqla cavabdeh iddiaçının “ailə üzvü” və ya yaşayış sahəsindən istifadə hüququna malik olan şəxs hesab edilə bilməz. Belə ki, cavabdeh yaşayış sahəsinin (mənzilin) mülkiyyətçi statusunda olmaqla özgəninkiləşdirmiş, yeni mülkiyyətçi (hazırkı işdəki iddiaçı) tərəfindən isə ona istifadə hüququ verilməmişdir. Göründüyü kimi cavabdehin mübahisəli mənzildən istər Mülki Məcəllənin 228-ci maddəsinə, istərsə də mülkiyyətçinin dəyişməsindən sonra Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən hər hansı hüququ saxlanılmayıb, əmələ gəlməyib. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 apelyasiya şikayətinə etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun; 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 420-ci maddəyə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və təqdim edilmiş icra işlərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, AN-İ ******* nömrəli xx.xx.2012-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X10 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilini alıcı X7 mülkiyyətinə vermiş, alıcı isə mənzili 50.000 manat ödəməklə almışdır. Yəni, mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakı olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, hədiyyə verən X12, mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilini tam hissəsini hədiyyə alan İddiaçı bağışlamışdır. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilin bağışlanmasına dair xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial təsdiqi üzrə aparılmış notariat işinə əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, sonuncu ərizəsində birgə nikahları dövründə əldə edilmiş arvadı X9 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilini bağışlamasına etiraz etmir, həmçinin bəyan edir ki, mənzilə dair hüquqi rejimi müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışın notarial təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. AR DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 3A saylı evin 81 saylı mənzilində qeydiyyatdadır İddiaçı tələbində cavabdehin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 3A, mənzil 81-dən istifadə hüququna xitam verilməsini mənzilin keçmiş mülkiyyətçisi olan bacısı X6 xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən hədiyyə almışdır. Lakin, bacısının əri, iş üzrə Cavabdeh həmin mənzildə qeydiyyatda qalması ilə əsaslandırsa da, cavabdeh apellyasiya şikayətinin dəlili kimi həyat yoldaşı X12 və İddiaçı tərəfindən aldadılmasına istinad etmiş və bu dəlilini onunla əsaslandırmışdır ki, onlar onu aldadaraq bilə-bilə yalan məlumat verməklə və vicdanlılıq nümayiş etdirməyərək əsl həqiqəti deməməklə cavabdehdən razılıq ərizəsi almaqda məqsədli olmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 3A, mənzil 81 cavabdeh X5 ilə iddiaçının bacısı olan X12 ilə birgə nikah dövründə X7 adına satın alınsa da, o, həmin mənzilin bağışlanma müqaviləsi rəsmiləşdirildiyi zaman mənzilin sahibi kimi əmlakın özgəninkiləşdirilməsi etiraz etməmişdir. Cavabdeh apellyasiya şikayətinin maddi əsası kimi əqdlərin etibarsızlığının əsasları təsbit edilmiş Mülki Məcəllənin müvafiq maddələrinə istinad etsə müəyyən edilmişdir ki, o həmin xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsini mübahisələndirməmiş, başqa sözlə, cavabdeh müqavilənin etibarsız sayılmasına dair iddia qaldırmayaraq yalnız aldadılmasını bildirərək bağışlanan mənzildə istifadə hüquqlarının xitam verilməsinə dair qaldırılmış iddiaya etiraz edir. Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdeh notarial qaydada təsdiq edilmiş 04 fevral 2021-ci il tarixli ərizəsi ilə mənzilin bağışlanmasına etiraz etməməklə, mənzilə dair hüquqi rejimi müəyyən edən nikah müqaviləsinin bağlanmadığını təsdiq edərək, birgə mülkiyyətlərində olan mənzilin iddiaçıya bağışlanmasına razılıq vermişdir. Başqa sözlə, cavabdeh birgə mülkiyyətdə olan mənzilin iddiaçının mülkiyyətinə keçməsinə razılıq verməklə, həmin mənzilə olan istifadə, sahiblik və sərəncam hüququnu, heç bir cavab xidməti ilə şərtləndirmədən itirmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh mənzilin bağışlanmasına (özgəninkiləşdirilməsinə) dair razılıq verməklə, yəni, özünün də mülkiyyətində olan əmlak üzərində sərəncam verməklə, mülkiyyətin tərkib hissələri olan bütün hüquqlarının (o cümlədən istifadə hüququnun) müqəddəratını həll etmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olmadığı üçün qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2896/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə