Məhkəmə qərarları › İş №2(103)-8836/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8836/2021

27.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8836/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(010)-2223/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması, mülkiyyət hüququnun bərpası və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Xiyəddin qızının ona məxsus olan Bakı şəhəri, Suraxanı rayon, Zığ qəsəbəsi, Rövşən Görüşov küçəsi ev 189-da yerləşən mənzilindən çıxarılmasına, mülkiyyət hüququnun bərpası və bu günə kimi kirayə haqqı kimi ödənilməli olan 5000 (beş min) manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı tərəfindən 2012-ci il tarixində ünvan 1 ünvanında 0,3 sot torpaqda bir mərtəbəli, 3 otaqlı fərdi yaşayış mənzili tərəfindən tikilmiş, kommunal xidmət orqanları ilə tərəfindən bağlanmış müqavilələr əsasında qaz, su, elektik enerjisinin (**********90006) verilişi təmin olunmuşdur. “Azəriqaz” İB-yə verilmiş 05.01.2021-ci il tarixli 04 saylı sorğuya alınmış 15.01.2021-ci il tarixli SOCAR**********30560046X00297 saylı cavab məktubu və ona əlavə edilmiş sənədlərlə də Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Görüşov küçəsi abonent kodu **********00000 olan qaz sayğacı onun adınadır. Həmin ilin avqust tarixində tanışı Cavabdeh2 vasitəsi ilə yuxarıda adı qeyd edilən fərdi yaşayış mənzili cavabdehlərə 250 manat müqabilində kirayə qalması üçün verilmişdir. 2012-ci ildən 2018-ci il tarixinə kimi kirayə haqqını Bəhruz adlı şəxsin vasitəsi ilə mütəmadi olaraq almışdır. 2019-cu ilin avqust tarixindən kirayə haqlarının verilişində ləngimələr olsa da, Bəhruz bunun hazırkı vəziyyətlə əlaqələndirməyə çalışmışdır. Sonradan mütəmadi olaraq özü xarici ölkələrə gedib-gəldiyindən Bəhruz kirayə haqqını dediyi şəxslər vasitəsi ilə ona çatdırmışdır. Hazırda isə kirayədə mənzilin olmasına zərurət olmasına baxmayaraq, ona məxsus mənzili cavabdeh və onun ailə üzvləri boşaltmırlar. Belə olan halda onun başqa çarəsi qalmır. Həm yaxşılıq edib mənzili ucuz qiymətə kirayə verməklə, həmçinin bugünə kimi kirayə haqqı almadan mənzilində yaşayırlar, boşaldılması tələbini etdikdə isə müxtəlif bəhanələr gətirməklə boyun qaçırırlar. Hazırki günə kimi 250 manatdan 20 aydır kirayə haqqı ödənilmir. Bu da sadə riyazi hesablama ilə 5000 (beş min) manat edir. Göründüyü kimi, həm maddi, həm də mənəvi zərərlə üzləşir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(010)-2223/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(010)-2223/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnaməsi maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisəli evin bütün kommunal xidmət müqavilələri müqafiq dövlət qurumları tərəfindən İddiaçı adına qeydə alınmışdır. İddiaçı tərəfindən külli miqdarda xərc çəkilərək tikilmiş evdə cavabdeh qanunsuz şəkildə, heç bir hüquqi əsası olmayan sənəd olmadan yaşayır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahat verərək, qeyd etdi ki, o, Cavabdeh1 ilə əvvəllər qonşu olmuşdur. O, İddiaçı Gülnar xanımla tanış etmiş, yəni vasitəçilik etmişdir. Gülnar xanım özünə məxsus evini 2012-ci ildə satmışdır. Bakı şəhəri, Suraxanı rayon, Zığ qəsəbəsi, Rövşən Görüşov küçəsi ev 189-da yerləşən mənzili İddiaçı tikib, ev ona məxsusdur. X7 ilə ayda 200 manat məbləğində kirayə haqqı ödəməklə Azərin həmin evində kirayədə yaşamağa başlamışdır. O, Azərlə Gülnar arasında ancaq vasitəçilik etmişdir. Sonralar Azər ona zəng etmişdir ki, Gülnar kirayə haqlarını ödəmir. O, isə demişdir ki, Gülnar xanımla ümumiyyətlə əlaqəsi yoxdur. Onun bu məsələdə cavabdeh kimi cəlb edilməsini doğru hesab etmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından AR DİN-nin MAPS şöbəsinin 18.03.2021-ci il tarixli arayışına əsasən Cavabdeh1 xx.xx.1973-cü ildə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Balandin-42-də qeydiyyatdadır. İş materiallarından “Azəriqaz” İB-nin 15.01.2021-ci il tarixli məktubuna əsasən Suraxanı rayonu Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən fərdi evə (abonent kodu:**********00000, abonentin adı: İddiaçı) vid Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə 08 may 2020-ci il tarixli, 12-523 saylı müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının cavabdehi tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Məhkəmə qənaətini onunla formalaşdırır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən istifadə qaydasının müəyyən olunmasını tələb etmək hüququna malik deyildir. Kollegiya məhkəmənin iddianı tam olaraq təmin etməməklə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayon, Zığ qəsəbəsi, Rövşən Görüşov küçəsi ev 189-da yerləşən ev özbaşına tikili olsa da, iddiaçı tərəfindən inşa olunmuş, həmin evin kommunal xidməti ilə bağlı iddiaçı ilə müqavilə bağlanmışdır. Bakı şəhəri Zığ Bələdiyyəsinin 12.10.2021-ci il tarixli, 119 saylı məktubuna əsasən ünvan 2 ünvanlı mənzilin kim tərəfindən tikilməsi haqqında eləcə də, həmin mənzilə aid hüquq müəyyənedici sənəd olmadığından rəsmi vermək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən ev özbaşına tikili olmaqla, İddiaçı tərəfindən inşa edilmiş, kommunal xidmət onun adına olmaqla, Cavabdeh2 vasitəçiliyi ilə digər cavabdeh X1 verilmişdir. Cavabdeh X3 tərəfindən bir müddət sonra kirayə haqları ödənilmədiyindən, iddiaçı həmin evdən cavabdehlərin çıxarılmalarını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. MM-nin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Göründüyü kimi, özbaşına tikili olan mübahisəli ev iddiaçı tərəfindən tikilməklə, onun sahibliyindən olduğundan, X1 verildiyindən, sonuncunun həmin mənzildən çıxarılması hissəsində iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Kollegiya iddianın Cavabdeh2 həmin evdən çıxarılması hissəsində hesab edir ki, sonuncu həmin evdə yaşamadığından, əsassız olmaqla, təmin edilməməlidir. Kollegiya iddia tələbinin mülkiyyət hüququnun bərpası və bu günə kimi kirayə haqqı kimi ödənilməli olan 5000 (beş min) manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi hissəsində iddianı əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Belə ki, MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, tikili özbaşına olduğundan, iddiaçının kirayə vermək hüququ yaranmadığından, kirayə hüquq münasibətlərindən irəli gələrək, iddiaçının kirayə pulu tələb etmək hüququ yaranmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(010)- 2223/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar