Məhkəmə qərarları › İş №2(103)-8841/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8841/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8841/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, ərizəçi İddiaçı “itirilmiş məhkəmə icraatının bərpası barədə” ərizəsinə dair iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2021-ci il tarixli qərardaddan ərizəçinin verdiyi şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “itirilmiş məhkəmə icraatının bərpası barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbi barədə” ilk iddiasına və Cavabdeh ona qarşı “mənzildən çıxarılma tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Xalq Məhkəməsi tərəfindən 28.04.1995-ci il tarixli qətnamənin qəbul edilməsinə əsas olmuş və sonradan itmiş 2-396/1995 №-li mülki iş üzrə icraatın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Xalq Məhkəməsi 2-396/1995 №-li mülki iş üzrə qəbul etdiyi 28.04.1995-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Zərgarpalan küçəsi, 113 saylı evin 17 saylı mənzilə dair 02.07.1990-cı il tarixdə bağlanmış “Alğı-satqısı müqaviləsinin ləğv edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini qət etmişdir. Həmin qətnamənin bir nüsxəsi İddiaçı təqdim edilmiş və hazırda da mövcuddur. İddiaçı həmin mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” çıxarış almaq üçün bu yaxınlarda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi zaman ona bildirilmişdir ki, mübahisəli mənzil “Alğı-satqı müqaviləsinə” əsasən Cavabdeh adına sənədləşdirilmişdir. Bununla da müəyyən edilmişdir ki, qətnamə hansısa səbəbdən icraya yönəldilməmişdir. Bununla bağlı olaraq İddiaçı Nərimanov Rayon Məhkəməsinə müraciət edərək yuxarıda qeyd edilən qətnamənin icra edilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsini xahiş etmiş, lakin Rayon Məhkəməsində İddiaçı bildirilmişdir ki, həmin mülki iş qətnaməndən daxil olmuş şikayət əsasında Bakı Şəhər Məhkəməsinə göndərilmiş və bugünədək geri qaytarılmamışdır. Bu səbəbdən İddiaçı Bakı Apellyasiya Məhkəməsinə müraciət etməyi məsləhət görülmüşlər. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə müraciət etdikdə isə ona bildirmişlər ki, Bakı Apellyasiya Məhkəməsinin arxivində yalnız Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin yaradıldığı 2000-ci ildən başlayaraq bu günə kimi baxılmış mülki işlər saxlanılır və ona Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Arxivinə müraciət etməyi tövsiyyə edilmişdir. Bundan sonra İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Arxivinə müraciət etmiş və oradan verilmiş cavab məktubundan məlum olur ki, həmin iş arxivdə yoxdur. Həmin məktubda həmçinin qeyd edilmişdir ki, Bakı Şəhəri 12 saylı dövlət notariat kontorunda 02.06.1990-cı il tarixdə 1D - 2008 reyestr nömrəsi ilə müqavilənin rəsmiləşdirilməsi barədə qeydiyyat aşkar edilmiş və həmin notariat reyestrində onun məhkəmə qərarı əsasında ləğv edildiyi barədə müvafiq qeydiyyat aparılmışdır. İddiaçı bildirir ki, hal-hazırda həmin mülki işin olmaması və iş üzrə qəbul edilmiş qətnamənin icraya yönəldilməməsi onun mülkiyyət hüququnu pozur. “İtirilmiş məhkəmə icraatının bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 31.05.2021-ci il tarixli qərardadı ilə ərizəni təmin etməmişdir. Ərizəçinin həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 02.08.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “itirilmiş məhkəmə icraatının bərpası barədə” ərizəyə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş Əlavənin 1-ci bəndinə görə, başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam edilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Həmin Əlavənin 2-ci bəndinə görə, itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 3-cü bəndinə görə, məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. Əlavənin 12-ci bəndinə görə, itirilmiş icraat üzrə məhkəmə aktının bərpası haqqında ərizəyə baxılması onun saxlanılması müddəti ilə məhdudlaşmır. Əlavənin 14-cü bəndinə görə, qətnamənin icrasına qədər icra icraatının itirilməsi zamanı icra vərəqəsinin surətini (dublikatı) vermək mümkün olduğu halda, məhkəmə əsaslandırılmış qərardadla itirilmiş icra icraatının bərpa edilməsi haqqında işin başlanmasını rədd edir. Əlavənin 15-ci bəndinə görə, itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. “İtirilmiş icraatın bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi ərizənin təmin edilməməsi barədə qərardadı onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Xalq Məhkəməsi 2-396/1995 №-li mülki iş üzrə qəbul etdiyi 28.04.1995-ci il tarixli qətnamə ilə İddiaçı ilk iddiasının təmin edilməsini, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Zərgarpalan küçəsi, 113 saylı evin 17 saylı mənzilə dair 02.07.1990-cı il tarixdə bağlanmış “Alğı-satqısı müqaviləsinin ləğv edilməsini, Cavabdeh qarşılıqlı iddiasının isə rədd edilməsini qət etsə də, həmin qətnamə Bakı Şəhər Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Apellyasiya baxışı zamanı iş materialları tədqiq Məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, Nərimanov Rayon Xalq Məhkəməsinin 28.04.1995-ci il tarixli qətnaməsinin yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsi barədə nə məhkəmə aktı, nə də ki, bu barədə məlumat işdə yoxdur. Rayon Məhkəməsinin hansı əsasla həmin qətnamənin Bakı Şəhər Məhkəməsi tərəfindən ləğv edilməsi barədə nəticəyə gəlməsi anlaşılan deyil. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi və barəsində şikayət verilmiş qərardadı işin hallarına uyğun əsaslandırılmamışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ləğv edilsin və Ərizəçi İddiaçı “itirilmiş məhkəmə icraatının bərpasına” dair ərizəyə yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar