Məhkəmə qərarları › İş №2(103)-8848/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8848/2021

01.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8848/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı2, cavabdehin vəkili və nümayəndəsi Vüqar Tumasovun iştirakı ilə, iddiaçılar İddiaçı2 Mütalib oğlu, İddiaçı1, X1 və İddiaçı4 Cavabdeh qarşı “evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 Mütalib oğlu, İddiaçı1, X1 və İddiaçı4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli küçəsində yerləşən 1 “b” nömrəli evdən çıxarılsın. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vüqar Tumasov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh və İddiaçı1 12.07.2001-ci ildə nikaha daxil olublar. Bu nikahdan onların iki övladı var: 01.05.2002-ci il təvəllüdlü Nahid Ağayev və 13.02.2005-ci il təvəllüdlü Əziz Ağayev. Nikah məhkəmənin 14.08.2020-ci il tarixli qətnaməsi ilə pozulub. Bu qətnamə ilə həmçinin qət olunub ki, yetkinlik yaşına çatmayan Əziz Ağayev valideynlərinin arasındakı nikahın pozulmasından sonra atasının yanında qalsın. Həmin ev özbaşına tikintidir. Cavabdeh evi zəbt etməyib, ev onun yaşayış yeridir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Odur ki, cavabdehin evdən çıxarılması üçün qanuni əsas olmalıdır. Lakin iddiaçılar evə dair hüquq müəyyənedici sənəd təqdim etməyiblər. İddiaçılar iddia edirlər ki, cavabdeh ailə münasibələrinə xələl gətirən hərəkətlərə yol verdiyinə görə ailə dağılıb, ona görə də cavabdeh evdən çıxmalıdır. Lakin bu hal cavabdehin yaşadığı evdən çıxarılmasına əsas olan bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar