Məhkəmə qərarları › İş №2(103)-885/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-885/2020

30.01.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-885/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X15 ibarət tərkibdə, Məhkəmə iclas katibi X19 oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X12, Cavabdehin nümayəndəsi, vəkil X16, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi x adına X6 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-4246/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi x adına X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Akademik x adına Elmi-Tədqiqat İnstitutu ilə onun arasında bağlanılmış 281 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxxx 2019-cu il tarixli 114 nömrəli əmrin ləğv edilərək, həmin İnstitutun Ürək qan-damar sistemi xəstəliklərinin reablitasiya şöbəsinə kiçik elmi işçi vəzifəsinə bərpa olunmağına və işləmədiyi müddət üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2003-cü ildən xx xxxx 2004-cü il tarixədək akademik x adına X4 həkim kimi internatura keçmiş, xx xxxxxx 2009cu il tarixdə həmin instituta bir ştat vahidi həkim kardioloq vəzifəsinə qəbul edilmiş, xx xxxxxxxx 2014-cü il tarixdən “Ürək qan damar xəstəliklərinin reablitasiyası şöbəsinə kiçik elmi işçi vəzifəsinə” keçirilmişdir. xx xxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İnstitut direktorunun xx xxxxx 2019-cu il tarixli 114 k nömrəli əmri ilə işdən çıxarılmışdır. İşdən çıxarılmağı ilə əlaqədar əmrdə əsas olaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə olan cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün qanuni qüvvəyə minməsi götürülmüşdür. Həmin hökmlə barəsində məhkəmə tərəfindən cinayət qanununda nəzərdə tutulan ən yüngül cəza - cərimə cəzası təyin edilmişdir. İddiaçı işlədiyi müəssisə ilə cinayət təqibi orqanını üz-üzə qoymamaq üçün hökmdən apellyasiya şikayəti etməmiş, onun tərəfindən həmin cərimə tam həcmdə ödənildiyindən üzərində cinayət hüquqi xarakterli heç bir məhdudlaşdırıcı təsir vasitəsi qalmamışdır. Sözügedən cinayət hadisəsi xx xxxxxxxx 2018-ci il tarixdə baş vermiş, xx xxxxxxxx 2018-ci il tarixdə barəsində ittiham hökmü çıxarılıb-çıxarılmayacağını gözləmədən həmin cinayətlə əlaqədar ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət“ verilmişdir. Müdiriyyət tərəfindən barəsində olan cərimə cəzası əsas gətirilərək könüllü şəkildə ərizə yazıb işdən çıxarılmağına razılıq verməyi tələb olunsa da, bu mövqe qətiyyətlə iddiaçı tərəfindən rədd edilmişdir. O, işlədiyi müddət ərzində bir dəfə də olsun müdiriyyət tərəfindən intizam məsuliyyətinə cəlb edilməmişdir. Barəsində olan məhkəmə hökmündə onun həkim olaraq işləyib-işləyə bilməməsi mübahisələndirilməmiş, səhiyyə sistemində vəzifə tuta biləcəyinə qadağa qoyulmamışdır. İşdən çıxarılmağı ilə əlaqədar xx xxxxx 2019-cu il tarixli əmrin mətnində əmək fəaliyyətinə xitam verilməsinin əsası kimi, xx xxxxxxxx 2018-ci il tarixli kollektivin iclas protokolu və həmkarlar təşkilatının xx xxxxxxxx 2018-ci il tarixli protokollarından çıxarışlar nəzərə alınmışdır. Hansı ki, o nə kollektivin iclasında, nə də həmkarlar təşkilatının müzakirəsində iştirak etməmiş, onun fikri, mövqeyi öyrənilmədən bu nəticəyə gəlinmiş və bununla da onun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə təsbit edilmiş əmək hüquqları kobud şəkildə pozulmuşdur. X7 ilə iddiaçı tərəfindən bağlanılmış 281 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxxx 2019-cu il tarixli 114 nömrəli əmrin son abzasında yenə də əmək kollektivinin xx xxxxxxxx 2018-ci il tarixli iclas protokolu və həmkarlar təşkilatının xx xxxxxxxx 2018-ci il tarixli protokolları nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “ç” bəndinə əsasən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyi qeyd edilmişdir. Bununla da bir hərəkətə görə qanunun eyni maddəsi ilə onun barəsində iki intizam tənbehi tətbiq edilmişdir: birinci dəfə xx xxxxxxxx 2018-ci il tarixdə “sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət” intizam tənbehi, ikinci dəfə isə tənbeh olaraq əmək müqaviləsinə xitam verilmişdir ki, bu da mövcud qanunvericiliyin tələbinə ziddir. Bundan başqa, işəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçası ona qaytarılarkən əmək kitabçasının tərtibi qaydaları pozularaq xx xxxxxxxx 2018-ci il tarixdə ona verilmiş “sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət” intizam tənbehi əsassız olaraq əmək kitabçasına daxil edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 4246/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi x adına X5 114-K nömrəli xx xxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Ürək qan damar xəstəliklərinin reabilitasiyası şöbəsinə kiçik elmi işçi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqı fərqinin iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi x adına X7 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-4246/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, iddiaçının barəsində qanuni qüvvəyə malik hökmün olması nəzərə alınmamışdır. İddiaçının barəsində olan hökm qanuni qüvvəsini aldıqdan sonra, ona izahat vermək, başqa tibb müəssisəsində işini davam etdirəmk üçü öz ərizəsi ilə işdən getməsi təklif olunmuş, lakin İddiaçı bundan imtina etmişdir. Bu səbəbdən işəgötürənin əmri ilə iddiaçıya aid son haqq-hesab, istifadə edilməmiş əmək məzuniyyətə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrlə birlikdə aprel ayında sonuncu iş günündə kartına köçürülmüş, sənədlər isə İddiaçı işə gəlmədiyinə görə xx xxx 2019-cu il tarixdə poçt vasitəsi ilə ona göndərilmişdir. Poçt qaiməsinə olan imzya əsasən İddiaçı Nurəddin qızı qaiməyə şəxsən imza etməklə, poçtu qəbul etmişdir. Bundan əlavə iddiaçı ilə bağlanmıq əmək muqaviləsinə xx xxxxx 2019-cu il tarixli əmri ilə xitam verilmiş, lakin iddiaçı yalnız xx xxxx 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Sonra iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. İddiaçı yenidən 2019-cu ilin sentyabr ayında iddia vermişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişdir. Lakin məhkəmə həmin məsələyə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi x adına X1 əsasında nümayəndəsi X18 apellyasiya şikayətinin dəlillərini tam müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsində saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tərəflərlə təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 2003-cü il tarixdən xx xxxx 2004-cü il tarixədək Akademik x adına X4 həkim kimi internatura keçmiş, xx xxxxx 2019-cu il tarixədək müxtəlif vəzifələrdə çalışmış və həmin tarixdə İnstitut direktorunun 114 K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik x adına X5 əməkdaşlarının iclasının protokolundan xx xxxxxxxx 2018-ci il tarixli Çıxarışının surətinə əsasən həmin İnstitutun “Tibbi və sosial reabilitasiya” şöbəsinin kiçik elmi işçisi İddiaçı qanuna zidd hərəkətləri kəskin tənqid edilərək, istintaq bitənə qədər kliniki fəaliyyətinin dayandırılması haqqında qərar verilərək, şəxsi işində və əmək kitabçasında qeyd olunmaqla ona şiddətli töhmət verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik x adına X5 Həmkarlar İttifaqı Komitəsi İdarə Heyəti iclasının protokolundan xx xxxxxxxx 2018-ci il tarixli çıxarışının təsdiq edilmiş surətinə əsasən Akademik x adına X5 “Tibbi və sosial reabilitasiya” şöbəsinin kiçik elmi işçisi İddiaçı qanuna zidd hərəkətləri kəskin tənqid edilərək, istintaq bitənə qədər kliniki fəaliyyətinin dayandırılması haqqında qərar verilərək, şəxsi işində və əmək kitabçasında qeyd olunmaqla ona şiddətli töhmət verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik x adına X5 İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında xx xxxxxxxx 2018-ci il tarixli 183-K nömrəli əmrinin surətinə əsasən Akademik x adına X5 əməkdaşlarının xx xxxxxxxx 2018-ci il tarixli kollektiv iclasının protokolunun çıxarışına görə Akademik x adına Elmi-X3-damar sistemi xəstələrinin reabilitasiya şöbəsinin kiçik elmi işçisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(005)-23/2019 nömrəli hökmünün surətinə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 32.4 və 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilməklə, 5500 manat miqdarında cərimə növündə cəzaya məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik x adına X5 xx xxxxx 2019-cu il tarixli 114-K nömrəli əmrinin surətinə əsasən Akademik x adına Elmi-X3-damar sistemi xəstələrinin reabilitasiya şöbəsinin kiçik elmi işçisi İddiaçı ilə bağlanılmış 281 nömrəli əmək müqaviləsinə xx xxxxx 2019-cu il tarixdən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarixli arayışının surətinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(005)-23/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 32.4 və 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilməklə, 5500 manat miqdarında cərimə növündə cəzaya məhkum edilmiş İddiaçı cərimə məbləğini tam şəkildə ödəyərək cəzasını çəkib qurtardığı üçün xx xxxx 2019-cu il tarixdən şöbənin qeydiyyatından çıxarılmışdır. Birinci instansiya məhkəməsi toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik x adına X5 xx xxxxx 2019-cu il tarixli 114-K nömrəli əmri verilərkən, müvafiq institutun Ürək qan-damar sistemi xəstələrinin reabilitasiya şöbəsinin kiçik elmi işçisi İddiaçı ilə bağlanılmış 281 nömrəli əmək müqaviləsinə xx xxxxx 2019-cu il tarixdən xitam verilməsi zamanı həmkarlar ittifaqının iclası keçirilməmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmasına riayyət edilməmişdir. Bu səbəbdən məhkəmə iddianı əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-ci maddəsində açıqlanmışlar. Həmin maddənin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsiişçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinini 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri(sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr qəbul edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında olan xx xxxxx 2019-cu il tarixli, 114-K saylı əmrin surətindən müəyyən olunur ki, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi – işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir. Lakin işəgötürən tərəfindən əmrdə göstərilən əsasın, yəni iddiaçının hansı əmək funksiyasını və ya əmək müqaviləsi müəyyən olunmuş öhdəliklərini yerinə yetirməməsi nədə ifadə olunması göstərilməmişdir. İşin mahiyyətinə əsasən iddiaçının işdən azad olmasının səbəbi onun iş yerinə cinayət əməli törətməsi və bununla bağlı hökmün qanuni qüvvəyə minməsi olmuşdur. Buna əsas olan hal isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri olmaqla, özündə üç halı ehtiva edir: 1. əmək funksiyasını yerinə yetirməməsi, 2. əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, 3. Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. İddiaçı ilə əmək müqaviləsinin ləğv olunmasının mümkün olan səbəb Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş üçüncü hal olduğu halda, cavabdeh təşkilat mübahisələndirilən əmrdə ümumi olaraq birinci və ikinci hallara istinad etmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmrin qəbulu zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmamasına dair birinci instansiya məhkəməsini mövqeyi düzgün olmuşdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik x adına X5 Həmkarlar İttifaqı Komitəsi İdarə Heyəti iclası xx xxxxxxxx 2018-ci il tarixdə keçirilmiş və həmin iclasda İnstitutunun “Tibbi və sosial reabilitasiya” şöbəsinin kiçik elmi işçisi İddiaçı istintaq bitənə qədər kliniki fəaliyyətinin dayandırılması və ona şiddətli töhmət verilməsi qərara alınmışdır. Həmin iclasda iddiaçının işdən azad olunması məsələsi müzakirə olunmamış, sonrakı dövrlərdə də bu məsələ ilə əlaqədar Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilməmişdir. Nəhayət iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair apellyasiya şikayətinin dəlili ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, birinci instansiya məhkəməsində araşdırma zamanı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin təqdim edilməməsi şahid ifadələri ilə müəyyən olunmuş və cavabdeh təşkilat bunun əksini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının əvvəllər də eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etməsini və iddiasını geri götürməsini əsas gətirməklə, iddiaçı tərəfindən müddətin buraxılmasını əsaslandırmağa çalışmışdır. Apellyatorun həmin dəlilinin araşdırılması məqsədi ilə İddiaçı Nurəddin qızının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verdiyi ilkin iddia ərizəsi üzrə toplanmış 2(005)- 3520/2019 saylı mülki işin materialları tələb olunaraq məhkəmə prosesində öyrənilmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsini xx xxxx 2019-cu il tarixdə məhkəməyə təqdim etmiş, xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclası işin məhkəmədən kənar həll edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını cavabdehin nümayəndəsinin xahişinə əsasən təxirə salınmış və xx xxxxxx 2019-cu il tarixdə iddiaçının iddia ərizəsini geri götürməsi əsası ilə iddia baxılmamış saxlanılmışdır. Lakin həmin işin materiallarında da iddiaçıya işdən azad olunma əmrinin təqdim olunmasını təsdiq edən sübut mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ilk ərizəsi xx xxxxxx 2019-cu il tarixdə baxılmamış saxlanıldığı halda, o, hazırki iddia ilə məhkəməyə xx xxxxxxxx 2019cu il tarixdə, yəni 14 gündən sonra müraciət etməklə, qanunvericiliklə əmək mübahisələrinin həlli üçün müəyyən olunmuş iddia müddətini ötürməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi x adına X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)- 4246/2019 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar