Məhkəmə qərarları › İş №2(103)-8870/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8870/2020

08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8870/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «auditin keçirilməsinə şərait yaradılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)-2342/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «auditin keçirilməsinə şərait yaradılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı, iddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə verərək, işə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək, cavabdeh «xxxx» ASC-nin (VÖEN **********) ümumi yığıncağında əmlak bölgüsü barədə məsələnin müzakirəsi və hər hansı qərarın qəbul edilməsinin cavabdehə və üçünçü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)- 2342/2020 saylı qərardadı ilə (hakim Şahin Abdullayev) ərizə qismən təmin olunmuş, işə baxılıb qurtaranadək və çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək cavabdeh «xxxx» ASC-nin (VÖEN **********) ümumi yığıncağında əmlak bölgüsü barədə məsələnin müzakirəsi və hər hansı qərarın qəbul edilməsi ləğv prosesində olan «xxxx» ASC-yə qadağan edilmişdir. Cavabdeh qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə görə birinci instansiya məhkəməsinin qərardadı əsassızdır. Belə ki, qərardad yalnız iddiaçının həqiqətə uyğun olmayan ifadələrinə istinadən qəbul edilmiş, bununla da cavabdeh hüquqi şəxsin fəaliyyətinə maneəçilik yaranmışdır. İddiaçı müvafiq sənədlərin ona təqdim olunmamasını göstərmiş, halbuki iddiaçının nümayəndəsi dəfələlə şirkətdə olmuş və hər hansı sənədin təqdim olunmasında problem yaramamışdır. Həmçinin, iddianın təmin olunması barədə ərizədə göstərilən «xxxx» ASC-nin ümumi yığıncağının xx xxxxxx 2020-ci il tarixə təyin olunmuş iclası pandemiya ilə əlaqədar təxirə salınmış, bununla bağlı iddiaçıya məlumat verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən qərardadın ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti əsassız sayaraq, təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasınıçətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı). İşdən görünür ki, iddiaçı tələbi «auditin keçirilməsinə şərait yaradılması» ilə bağlı olmuş, lakin birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu tam və hərtərəfli araşdırmamışdır. Həmçinin, iddianın təmini tədbiri bilavasitə səhmdarlara qarşı yönəlsə də (ümumi yığıncaqda məhz səhmdarlar tərəfindən səsvermə yolu ilə hər hansı qərar qəbul edilir) iddia ərizəsində onlara qarşı tələb irəli sürülməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi ilkin olaraq iddia tələbinin mahiyyəti dəqiqləşdirməli (bu zaman mübahisənin kommersiya məhkəməsinə aidiyyəti də yoxlanılmalıdır) və iddianın təmini tədbirinin iddia tələbinə müvafiq olub-olmadığını yoxlamalıdır. Qeyd edilməldir ki, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər (Mülki Məcəllənin 107.1, 107-1.2, 107-2.1, 107-5.1 və 107-5.4-cü maddələri). Qanunvericiliyin qeyd edilən və analoji digər tələblərinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı olan onun səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətləri vardır ki, bununla da səhmdar cəmiyyətin fəaliyyəti tənzimlənir. Hər bir səhmdarın ümumi yığıncaqda müzakirəyə çıxarılan məsələlərə münasibət bildirmək, lehinə və ya əleyhinə səs vermək hüququ vardır. Bu səbəbdən də, ümumi yığıncağında hər hansı məsələnin müzakirəsinin və bu istiqamətdə hər hansı qərarın qəbul edilməsinin qadağan edilməsi barədə iddianın təmini tədbirinin tətbiqinə elə bir təxirəsalınmaz zərurət mövcud olmalıdır ki, bu hal bilavasitə iddia tələbi ilə birbaşa bağlı olsun və xüsusilə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlsin. İddiaçı iddia ərizəsində, həmçinin cavabdeh hüquqi şəxsə aid müvafiq sənədlərin ona təqdim olunmamasını, səhmdar kimi hüquqlarının pozulmasını göstərmişdir. Halbuki, elə iddia ərizəsinin özündən və ona əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, bu məsələyə artıq məhkəmə qaydasında baxılmış və müvafiq qərar qəbul edilmişdir. Belə olan halda isə, iddiaçı həmin məhkəmə qərarının icrası sahəsində müvafiq sənədlərin ona təqdim olunmasına nail ola bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «auditin keçirilməsinə şərait yaradılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)-2342/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)- 2342/2020 saylı qərardadı ləğv edilsin, mülki iş iddianın təmini tədbiri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar