Məhkəmə qərarları › İş №2(103)-8871/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8871/2020

11.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8871/2020 11.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1658/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağı barədə Cavabdeh ASC-nin 97/3 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-nin xxxx filialının müdiri vəzifəsinə bərpa olunması və müdir kimi vəzifələrinin icrasına buraxılmadığı xx.xx.2018-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin daxil olmaqla) hesablanmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi ilə yanaşı, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc və mənəvi ziyanın (on min manat məbləğində) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xxxx filialında müdir vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində heç zaman barəsində intizam tənbehi tətbiq edilməmişdir. Bankın rəhbərliyinin xx.xx.2018-ci il tarixdə 112 saylı əmri ilə bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə o və bankın bəzi əməkdaşları törədilmiş əməlin araşdırılması məqsədilə müvəqqəti işdən kənarlaşdırılmışdır. xx.xx.2018-ci il tarixli 112 saylı əmrin 3-cü bəndinə əsasən filialın kassasında olan pul vəsaitləri təhvil-təslim aktı ilə heç bir əskiklik olunmadan müdir müavininə təhvil verilmişdir. Bundan sonra, o, dəfələrlə işə başlamağı barədə bankın rəhbərliyinə müraciət etməyinə baxmayaraq, X8 sədri Mahmud Məmmədov ona şifahi qaydada əvvəlcə cinayət işi üzrə ibtidai istintaqın, daha sonra isə məhkəmənin bitməsini gözlədiklərini, məhkəmə bitdikdən sonra, yəni Emin Zeynalov barəsində olan cinayət işi üzrə onun təqsirinin müəyyən olunmayacağı təqdirdə onun işdən kənarlaşdırılmağı barədə əmrin ləğv olunacağını və işə başlayacağını bildirmişdir. X11 sədr müavini X6 barəsində olan cinayət işinin araşdırılması xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş və xx.xx.2020-ci il tarixdə hökm çıxarılmışdır. Həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən bankın kassalarında çatışmamazlıq aşkar edilməsi və yaxud onun əməlində hər hansı bir hüquq pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. Bundan sonra o, banka müraciət etdikdə, əvvəlcə ona şifahi olaraq bildirilmişdir ki, o, işdən çıxarılmışdır. O, banka ərizə ilə müraciət etdikdən sonra xx.xx.2020-ci il tarixdə ona işdən çıxarılmağı barədə xx.xx.2020-ci il tarixli, 97/3 nömrəli əmrdən çıxarış təqdim olunmuşdur. Ona təqdim olunan Cavabdeh ASC üzrə 97/3 nömrəli, xx.xx.2020-ci il tarixli əmrdə göstərilmişdir ki, “Bankın xxxx filialının müdiri İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü (izahatında göstərilən qanun pozuntularına görə işəgötürən tərəfindən), tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. X7 İdarə edilməsi və Maliyyə departamentlərinə tapşırılsın ki, əmrin icrası ilə bağlı bütün texniki məsələləri həyata keçirsinlər”. Bildirir ki, qeyd edilən əmr kökündən tamamilə səhv və qanunsuz olduğundan ləğv edilməlidir. Onun barəsində tərtib olunmuş işdən azad olunmağı barədə əmrdə konkret olaraq Əmək Məcəlləsinin 70ci maddəsinin hansı bəndinə istinad olunması göstərilməmiş və əsaslandırılmamışdır. Ümumiyyətlə onun əmək fəaliyyəti ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır və belə olan halda işəgötürən tərəfindən onun işdən azad olunmağı barədə əmr verilməsi tamamilə qanunsuzdur. Ümumiyyətlə bankda fəaliyyəti dövründə onun işdən azad olunmağı ilə nəticələnə biləcək hər hansı bir qanun pozuntusuna onun tərəfindən yol verilməmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin onun işdən azad olunmağı barədə xx.xx.2020-ci il tarixli əmr onun ərizə ilə müraciət etməyindən düz 1 ay 15 gün keçdikdən sonra ona verilmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələrin heç biri ödənilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1658/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı barəsində olan Cavabdeh ASC-nin 97/3 nömrəli, xx.xx.2020-ci il tarixli əmri ləğv edilməklə İddiaçı Cavabdeh ASC-nin xxxx filialının müdiri vəzifəsinə bərpa olunması, İddiaçı xx.xx.2020-ci il tarixdən işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, 30 manat dövlət rüsumunun 15 (on beş) manat hissəsinin Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Rəna Qafarova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1658/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1658/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xxxx filialında müdir vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində heç zaman barəsində intizam tənbehi tətbiq edilməmişdir. Bankın rəhbərliyinin xx.xx.2018-ci il tarixdə 112 saylı əmri ilə bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə, iddiaçı və bankın bəzi əməkdaşları törədilmiş əməlin araşdırılması məqsədilə müvəqqəti işdən kənarlaşdırılmışdır. xx.xx.2018-ci il tarixli 112 saylı əmrin 3-cü bəndinə əsasən filialın kassasında olan pul vəsaitləri təhvil-təslim aktı ilə heç bir əskiklik olunmadan müdir müavininə təhvil verilmişdir. Bundan sonra, iddiaçı dəfələrlə işə başlamağı barədə bankın rəhbərliyinə müraciət etməyinə baxmayaraq, X8 sədri Mahmud Məmmədov iddiaçıya şifahi qaydada əvvəlcə cinayət işi üzrə ibtidai istintaqın, daha sonra isə məhkəmənin bitməsini gözlədiklərini, məhkəmə bitdikdən sonra, yəni Emin Zeynalov barəsində olan cinayət işi üzrə onun təqsirinin müəyyən olunmayacağı təqdirdə iddiaçının işdən kənarlaşdırılmağı barədə əmrin ləğv olunacağını və işə başlayacağını bildirmişdir. X11 sədr müavini X6 barəsində olan cinayət işinin araşdırılması xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş və xx.xx.2020-ci il tarixdə hökm çıxarılmışdır. Həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən bankın kassalarında çatışmamazlıq aşkar edilməsi və yaxud iddiaçının əməlimdə hər hansı bir hüquq pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. Bundan sonra iddiaçı banka müraciət etdikdə, əvvəlcə şifahi olaraq bildirilmişdir ki, iddiaçı işdən çıxarılmışdır.İddiaçı banka ərizə ilə müraciət etdikdən sonra xx.xx.2020-ci il tarixdə ona işdən çıxarılması barədə xx.xx.2020-ci il tarixli, 97/3 nömrəli əmrdən çıxarış təqdim olunmuşdur. İddiaçıya təqdim olunan Cavabdeh ASC üzrə 97/3 nömrəli, xx.xx.2020-ci il tarixli əmrdə göstərilmişdir ki, “Bankın xxxx filialının müdiri iddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə (izahatında göstərilən qanun pozuntularına görə işəgötürən tərəfindən), tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. X7 İdarə edilməsi və Maliyyə departamentlərinə tapşırılsın ki, əmrin icrası ilə bağlı bütün texniki məsələləri həyata keçirsinlər”. Qeyd edilən əmr kökündən tamamilə səhv və qanunsuz olduğundan ləğv edilmişdir. İddiaçı barəsində tərtib olunmuş işdən azad olunmağı barədə əmrdə konkret olaraq Əmək Məcəlləsinin 70ci maddəsinin hansı bəndinə istinad olunması göstərilməmiş və əsaslandırılmamışdır. Ümumiyyətlə iddiaçının əmək fəaliyyəti ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır və belə olan halda işəgötürən tərəfindən iddiaçının işdən azad olunmağı barədə əmr verilməsi tamamilə qanunsuzdur. Ümumiyyətlə, bankda fəaliyyəti dövründə iddiaçının işdən azad olunmağı ilə nəticələnə biləcək hər hansı bir qanun pozuntusuna tərəfindən yol verilməmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin, iddiaçının işdən azad olunmağı barədə xx.xx.2020-ci il tarixli əmr iddiaçının ərizə ilə müraciət etməyindən düz 1 ay 15 gün keçdikdən sonra ona verilmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələrin heç biri ödənilməmişdir. Məhkəmə gedişatında xx.xx.2020-ci il tarixində yalnız xx.xx.2018 - xx.xx.2020-ci il dövrü üzrə məcburi işburaxma nəzərə alınmadan son haqq hesab ödənilmişdir. xx.xx.2020-ci il tarixində iddiaçı iddia tələbi həcminin artırılması barədə ərizə verərək, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə istinadən Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini əsas tutaraq, hər gecikdirilmiş gün üçün əmək haqqımın azı bir faizi məbləğində ödənc və mənəvi ziyanın 10.000 (on min) manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının işdən kənarlaşdırıldığı müddətdən indiyədək, müxtəlif dövrlərdə ümumilikdə dörd (bir bank və üç kredit təşkilatından) kredit müqaviləsi üzrə (cəmi 17000 manat) kredit öhdəliyi yaranmışdır. Məhkəmə tərəfindən iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı qətnamə qəbul edilərkən qeyd edilən maddi hüquq normalarının tələbi kobud şəkildə pozulmuşdur. Həmçinin birinci instansiya məhkəməsinin qətnamədə iddianın təmin edilməyən hissəsində əsaslandırması ilə bağlı göstərdiyi dəlillər kifayət qədər ziddiyyətli və əsassızdır. Məhkəmə tərəfindən iddianın təmin edilməyən hissəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bankın “xxxx” filialının müdiri vəzifəsindən xx.xx.2018-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılmasına dair həmin tarixli 112 nömrəli əmri mübahisələndirməmişdir. İddiaçı hesab edir ki, birinci instansiya məhkləməsinin iddia tələbi ilə bağlı bu cür qiymətləndirməsi maddi hüquq normalarının tələbi baxımından tam əsassızdır. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikasının Konstitusiyasının 71, Əmək Məcəlləsinin 300.1, 169, Mülki Prosessual Məcəllənin 88, 217, 385, 386, 387, 390-cı maddələrinə istinad etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Firudin qızı Cavabdeh “Cavabdeh" ASC-nin “xxxx" filialının müdiri vəzifəsində xidmət etdiyi müddət ərzində iddiaçının iddia ərizəsində özünün göstərdiyi kimi bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsəməsi ilə bağlı şübhələr mövcud olduğuna görə, həmçinin xx.xx.2018-ci il tarixdə yazdığı izahatında göstərmiş olduğu dəfələrlə qeyri-rəsmi olaraq pul vəsaitini kassadan çıxarılıb müxtəlif şəxslərə verməsi kimi hüquq pozuntularına yol verdiyi üçün onunla bağlanmış əmək müqaviləsi və xx xxxxxx 2017-ci il tarixli “Tam maddi məsuliyyət haqqında" Müqavilə üzrə vəzifələrinin icrasını kobud şəkildə pozduğundan Bank rəhbərliyinin xx.xx.2018-ci il tarixli 112 nömrəli Əmri ilə işdən kənarlaşdırılmışdır. Aparılmış istintaq X14 Sədrinin müavini vəzifəsində işləyən Emin Zeynalov haqqında istintaq aparılmış və o məhkum edilmişdir. “Cavabdeh" ASC-nin xx.xx.2020-ci il tarixli 97/3 nömrəli Əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a" yarımbəndinə əsasən işəgötürənin təşəbbüsü ilə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli izahatında göstərilən filialın kassasında olan nağd pulun əmək funksiyasının ziddinə olaraq qorunmasını təmin etmədiyi və onlara təhlükə yaradan hallar barədə işə götürənə dərhal xəbər verməmək kimi pozuntulara yol verilməsi səbəbilə xitam verilmişdir. AR Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. Qanunun bu tələbinə uyğun olaraq İddiaçı Firudin qızının əmək müqaviləsi üzrə üzərinə götürdüyü əmək funksiyalarını pozduğuna görə izahatı alınmış və bu pozuntulara görə işdən kənarlaşdırılmışdır. Həmçinin AR Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü bəndində işdən kənar edilən vaxt ərzində işçiyə əməkhaqqı ödənilmədiyi qeyd edilmişdir. İddiaçı Firudin qızı xx.xx.2018-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilən tarixədək işdən kənarlaşdırıldığından qeyd edilən kənarlaşdırılma müddətinə görə ona əməkhaqqı qanunun bu tələbinə görə ödənilməmişdir. Həmin maddənin 5-ci bəndi ilə işdən kənar edilməsini işəgötürənin və ya başqa şəxslərin ona qarşı qərəzli münasibətlərinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçinin pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İddiaçı isə xx.xx.2018-ci il tarixdən işdən kənarlaşdırılmasına və üzərindən uzun müddət keçməsinə baxmayaraq xx.xx.2018-ci il tarixli izahatında da qeyd etdiyi kimi qanun pozuntusuna yol verdiyi üçün əsaslı olaraq işdən kənarlaşdırılmasını öz hərəkətsizliyi ilə təsdiqləmiş və bu səbəbdən də məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı Firudin qızı isə Cavabdeh ASC-nin xx.xx.2018-ci il tarixli əmri ilə işdən kənarlaşdırılmağına baxmayaraq məsələ ilə əlaqədar məhkəməyə müraciət etməmiş və beləliklə qeyd edilən iddia müddətini ötürmüşdür, iddiaçı iddia rizəsində göstərir ki, işə başlamağı barədə bankın rəhbərliyinə müraciət etmişdir. Bu fikirlər həqiqəti əks etdirmir, iddiaçının yalnız özünün mülahizələri və ehtimallarıdır. Bankın rəhbərliyinə nə şifahi nə yazılı müraciət etməmişdir. Qeyd edilənlərə əsasən İddiaçının hazırda işdən kənarlaşdırılması ilə bağlı məsələni mübahisələndinnəsi və həmin müddətə görə ona əmək haqqı ödənilməsini tələb etməsi əsassızdır. Əmək Məcəlləsinin 199-cu maddəsinin “a" bəndi ilə işəgötürənlə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlanması halı işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşımasına səbəb olan hallardan biri kimi müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh ASC arasında da xx xxxxxx 2017-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmış və həmin müqavilənin 1-ci maddəsinə əsasən işəgötürən tərəfindən etibar edilmiş pul vəsaitlərinin, daşınar və daşınmaz əmlakın və digər sərvətlərin saxlanması, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə işçinin tam həcmdə maddi məsuliyyət daşıdığı qeyd edilmişdir. Qeyd edilən maddədə həmçinin işçinin aşağıda göstərilən vəzifələri yerinə yetirməyə borclu olduğu vurğulanmışdır. Qeyd edilənlərə baxmayaraq iddiaçı tərəfindən əmək müqaviləsi və xx xxxxxx 2017ci il tarixli “Tam maddi məsuliyyət haqqında” Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrası kobud şəkildə pozulmuşdur. İddiaçı Firudin qızı xx.xx.2018-ci il tarixli izahatında rəhbərlik etdiyi “xxxx” filialın kassasından həmin vaxt X14 Sədrinin müavini vəzifəsində işləyən Emin Zeynalova dəfələrlə qeyri-rəsmi olaraq pul vəsaiti verdiyini etiraf etmişdir. O, həmçinin bu əməliyyatları rəhbərliyin ümumi qərarı əsasında deyil, Emin Zeynalovun göstərişi ilə icra etdiyini və rəhbərliyin icazəsi olmadan bu cür əməliyyatların yerinə yetirilməsinin mümkün olmadığını bildiyini qeyd etmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi ilə xitam verilməsini qanunsuz olduğunu və bu səbəbdən də xx.xx.2020-ci il tarixli Əmrin ləğv edilməsini tələb etsə də, Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndində işəgötürən tərəfindən əmək müqaviləsinə həmin Məcəllənin 68-ci maddəsində nəzərdə tutulan əsaslarla da xitam verilə bilindiyi göstərilmişdir. İddiaçı Firudin qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən işəgötürənin təşəbbüsü ilə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli izahatında və yuxarıda qeyd qanun pozuntularına yol verilməsi səbəbilə xitam verilmişdir. Lakin məhkəmə qeyd olan xüsusiyyətlərə düzgün hüquqi qiymət verməmiş ,hüquq normalarını düzgün şərh etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş iddiaçıya inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilərdi. Başqa sözlə, cavabdehin əməllərində müqavilə üzrə vəzifələrinin icrasını kobud şəkildə pozması halları mövcud idisə barəsində Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara (və ya hala) istinad etməklə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehi verə bilərdi. Məhkəmə hesab etmişdir ki, 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulsa da və sözügedən Məcəllənin 76-cı maddəsində həmçinin 68-ci maddəsində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilməsi təsbit edilsə də, sonuncu norma müstəqil tətbiq edilə bilməzdi. Çünki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi dedikdə Məcəllənin 70-ci maddəsində konkret olaraq işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri göstərilməlidir. Məhkəmə qanunvericiliyin tələbini, o cümlədən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi təşəbbüsü Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndində nəzərdə tutulsa da, bu ləğvin əsaslarının həmin Məcəllənin 70-ci maddəsində konkret olaraq sadalanmasını nəzərə alaraq, cavabdeh işəgötürən tərəfindən yalnız Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsaslanaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə verilmiş əmri qanunsuz və əsassız hesab etmişdir. Məhkəmə bu qanunun normasına düzgün yanaşmayaraq iddianın işə bərpa hissəsini əsassız təmin etmişdir. Əmək müqaviləsinə xitam verilməsi anlayışı əmək müqaviləsinin ləğv edilməsi anlayışına nispətən daha genişdir. İddiaçı Firuddin qızı haqqında işdən çıxarılması barədə əmr verilərkən qeyd edildiyi kimi ərizəsi əsas götürülmüşdür. Ərizənin yazılması, ərizədə göstərilən faktların iddiaçı tərəfindən mübahisələndirilmədən təstiq edilməsi göstərir ki, iddiaçı ona həvalə edilmiş əmək funksiyasını, əmək müqaviləsi üzrə və xx xxxxxx 2017-ci il tarixli “tam maddi məsuliyyət haqında" müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu hallarda məhkəmə qətnaməsində qeyd edildiyi kimi əmək məcəlləsinin 70-ci maddəsini əhatə edir. Bu nöqtəyi nəzərdən ərizədə yazılanlar əsas gətirilməklə qeyd edilmiş və işə götürənin təşəbbüsü ilə işdən azad edilmişdir. İşəgötürən hesab etmişdir ki, əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a“ yarımbəndi hüquq normasını müstəqil tətbiq edilməklə heç bir qanun pozulmasına yol verilməmişdir. Bu normanı müstəqil tətbiq etmək qanunvericiliklə qadağan edilməmişdir. Lakin məhkəmə Konstitusiya Məhkəməsinin səlahiyyətində olan hüquq normalarına şərh verməklə iddiaçının işdən çıxma haqqında əmri əsassız olaraq ləğv edilmişdir. Belə olan halda Bankın müdürü vəzifəsinə bərpa edilməsini qanunsuz sayılmalıdır. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbi müdir kimi vəzifələrinin icrasına buraxılmadığı, eləcə də hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc ödənilməsi, əmək məzuniyyətinə görə pul əvəzin ödənilməsi, mənəvi zərərin tutulması barədə hissələri əsassız olduğu üçün təmin edilə bilməz. Bu hissələrdə məhkəmənin gəldiyi nəticə hüquq normalarını uyğundur. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişidir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Bayramzadə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin xxxx filialına müdir vəzifəsinə təyin edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən işçiyə hər ay 1000 (min) manat məbləğində əmək haqqı ödənilir. Cavabdeh ASC-nin xx xxxxxxxx 2016-cı il tarixli 83 nömrəli əmrindən görünür ki, Cavabdeh ASC X1 xx.xx.2016-cı il tarixli 3 saylı protokoluna və Azərbaycan Respublikasının Maliyyə X2 xx xxxxxxxx 2016-cı il 23/9 nömrəli icazəsinə əsasən Cavabdeh ASC-nin “xxxx” filialı fəaliyyətə başlaması ilə əlaqədar və X8 xx.xx.2016-cı il tarixli qərarına əsasən “xxxx “filialın ştat cədvəli təsdiq edilmiş və xx.xx.2016-cı il tarixindən qüvvəyə minmişdir. İddiaçı xx.xx.2016-cı il tarixindən iki ay sınaq müddəti ilə CavabdehASC-nin “xxxx” filialın müdiri vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli əmək müqaviləsinə dəyişikliyin edilməsi haqqında əlavədən görünür ki, “Əmək müqaviləsi”nin 8.2-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: 4.1. Bankın Müştərilərə xidmət departamentinin Korporativ müştərilərə xidmət şöbəsinin rəisi İddiaçı xx.xx.2017-ci il tarixindən “xxxx" filiala müdir müavini vəzifəsinə keçirilmiş, əmək haqqı 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsinə dəyişikliyin edilməsi haqqında əlavədən görünür ki, “Əmək müqaviləsi”nin 8.2-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: 4.1. Bankın “xxxx” filialın müdir müavini İddiaçı xx.xx.2017-ci tarixindən, həmin filialın müdir vəzifəsinin icraçısı keçirilmiş və əmək haqqı 1000 (bir min) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli tam məsuliyyət haqqında müqavilədən görünür ki, işçi tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş pul vəsaitlərinin, daşınar və daşınmaz əmlakın və digər sərvətlərin saxlanması, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Bununla əlaqədar vəzifəsinə uyğun olaraq işçi aşağıdakı vəzifələri yerinə yetirməlidir: filialın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə İşəgötürənə dərhal xəbər verir və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür; kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat proseduralarını müvafiq qaydalara uyğun olaraq həyata keçirir; formalaşdırılan pul bağlamalarında kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və s.) yol vermir; ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir; pul vəsaitlərinin, digər əmlakların və qiymətlilərin mühafizəsi, daşınması, saxlanması və sair əməliyyatların aparılması, habelə bunlarla bağlı digər xidməti məlumatları səlahiyyətli vəzifəli şəxslər dairəsindən kənara yaymır; iş yerində kompüterlərə və digər məlumat daşıyıcılarına məlumatların daxil edilməsi, emal edilməsi, verilməsi zamanı İşəgötürənə zərər vura bilən əməliyyatların aparılmasına yol vermir; ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan vəzifələri yerinə yetirir; filialda əmanətlərin qəbulunda və əmanət müqavilələrinin tərtibatında bankın əmanətlərin qəbul edilməsi və uçotu qaydalarına, həmçinin qüvvədə olan qanunvericiliyin tələblərindən kənara çıxmır; işçiyə məlum olan və işəgötürənə zərər verə bilən hər hansı bir fəaliyyətlə məşğul olmur. Cavabdeh ASC-nin 112 nömrəli xx xxxx 2018-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə, törədilmiş əməlin araşdırılması məqsədi ilə Bankın “xxxx” filialının müdiri İddiaçı xx.xx.2018-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Cavabdeh ASC-nin 97/3 nömrəli xx xxxx 2020-ci il tarixli əmrinin çıxarışından görünür ki, Bankın xx xxxx 2020-ci il tarixli 97/3 nömrəli əmrinə əsasən “xxxx” filialın müdiri İddiaçı xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsi xitam verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı xx.xx.2018-ci il tarixli izahat ərizəsi göstərilmişdir. İddiaçı tərəfindən yazılmış və Cavabdeh ASC-nin Müşahidə şurasının sədrinə ünvanlanmış xx xxxx 2018-ci il tarixli izahatından görünür ki, Cavabdeh ASC-nin İdarə Heyətinin sədr müavini E.Zeynalov xx xxx 2018-ci il tarixindən etibarən bir neçə dəfə filialın kassasından müxtəlif valyutalar üzrə mübadilə məqsədilə pulu Vüsal adlı bir şəxsə verilməsini demişdir. xx.xx.2018-ci il tarixində Vüsala 10.000 (on min) manat və 120.000 ABŞ dolları məbləğində pulu qeyri rəsmi verilmiş məbləğlər axşam kassaya qaytarılmışdır. xx.xx.2018-ci il tarixdə 110.000 (yüz on min) avro məbləğində pulu eyni adam götürmüşdür. xx.xx.2018-ci il tarixdə həmin məbləğ səhər saat 09:30-da geri qaytarılmışdır. Amma gün ərzində 350.000 (üç yüz əlli min) dollar və 105.000 (yüz beş min) manat yenidən qeyri rəsmi götürülmüş, xx.xx.2018-ci il tarixdə 150.000 (yüz əlli min) manat və 280.000 (iki yüz səksən min) ABŞ dolları qaytarılmış, xx.xx.2018-ci il tarixində də yenidən gün ərzində bir neçə dəfə həm manat, həm də dollarla götürülmüş və geri qaytarılmışdır. xx.xx.2018-ci il tarixində kassada 110.000 (yüz on min) manatdan başqa digər qalıqlar tam bağlanmışdır. xx.xx.2018-ci il tarixdə kassada olan müxtəlif valyutalar 1100.000 ABŞ dolları və 100.000 manat 23.330 ingilis funtu 4000 AED yenidən Vüsal adlı şəxsə verilmişdir ki, bazarertəsi səhər saat 09:30 da qaytarılacaqdır. Lakin bazarertəsi gün ərzində az bir məbləğlər qaytarılmış, mübadilə olunmuşdur. Günün sonuna az qalmış E.Zeynalov qalan vəsaitin gətiriləcəyini bildirmiş, lakin iş saatı bitdiyinə görə xx.xx.2018-ci il tarixdə 1.196,040 ABŞ dolları, 7370 manat, 110.000 evro, 23330 funt sterlinq və 4000 AED məbləğ əskikliyi ilə kassanı bağlamışlar. Lakin yenə də bildirmişdir ki, qeyrirəsmi valyuta mübadilələri üçün götürülən vəsaitlərdən rəhbərliyin məlumatının olduğunu zənn etmiş, çünki bu cür əməliyyatlar icazəsiz mümkün deyildir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(101)-171/2020 saylı hökmündən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 46-cı maddəsi tətbiq edilməklə 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs İddiaçı mülki iddiası X4 244.318 AZN (iki yüz qırx dörd min üç yüz on səkkiz) manat 74 (yetmiş dörd) qəpik tutularaq İddiaçı ödənilməsi hissəsində qismən təmin edilmiş, mülki iddia qalan hissədə rədd edilmişdir. Qeyd edilən hökmdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş İddiaçı Firudin qızı ifadəsində göstərmişdir ki, 2014-cü ilədək “xxxx” ASC-də «VİP» filialının müdiri vəzifəsində işləmiş, həmin ildə işdən çıxdıqdan sonra iki il işsiz qalmış və 2016-cı ildə ona “xxxx” ASC-nin xxxx filialına müdir təyin edilmiş, 2017-ci ilin əvvəllərində eşitmişdir ki, Emin Zeynalov bankın xəzinədarlıq departamentinə təyin edilmişdir. Emin Zeynalov qısa müddətdə işində irəliləyib X14 sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Emin Zeynalovu təcrübəli rəhbər, həm də dindar şəxs kimi tanımış, işdə də, o, hamının rəğbətini və etibarını qazanmışdır. 2017-ci ilin noyabr ayının əvvəllərində onkoloji xəstəlikdən əziyyət çəkən anasının müalicə xərclərini, eləcə də həmin müalicə ilə bağlı yaranmış borclarını ödəmək üçün məcbur olub öz yaşadığı ünvan 1 ünvanındakı 38 nömrəli mənzili 320.000 manata satmışdır ki, borcları ödəsin və ailəsi üçün ölçü və qiymət baxımından münasib bir mənzil alsın. Alqı-satqını noyabr ayında etmiş və borclarını qaytarıb qalan 143.700 ABŞ dolları pulu ev almaq üçün saxlamışdır. Anasının xəstəliyi, eləcə də maddi problemləri barədə bankda çox adamın xəbəri olmuş, hətta bank rəhbərliyinin də bundan məlumatı olmuşdur. Belə ki, idarə heyəti sədrinin müavini olan Emin Zeynalov onun ev axtardığını bilib ona bu işdə köməklik etmək istədiyini bildirmiş, ona münasib qiymətə yaxşı bir mənzil təşkil edə biləcəyini deyərək, bu işindən əlavə tikinti sahəsində də çalışdığını, Ağ şəhərdə yüksək keyfiyyətli binalar inşa etdiyini demişdir. Emin Zeynalov bildirmişdir ki, Ağ şəhərdə olan tikintiləri gec tamamlanacağı halda atası Zakir Zeynalovun Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 35 ünvanında inşa etdirdiyi hazır vəziyyətdə olan binadan 3 otaqlı mənzil verəcəkdir. Onun bu təkliflərini çox yaxşı qarşılamış, lakin Mətbuat prospektindəki mənzili almağın ona sərf etməyəcəyini demişdir. Emin Zeynalov ev üçün ayırdığı pulları ona verməsini, bunun qarşılığında ya özlərinin inşa etdirdikləri binadan, ya da dosttanışlarının inşa etdirdikləri binaların birindən bir 3 otaqlı mənzil alıb ona verəcəyini vəd etmişdir. O, da əlində qalan 143.700 ABŞ dolları pulu mənzil alınması üçün xx xxxxxx 2017-ci il tarixdə Emin Zeynalova işlədiyi “xxxx” ASC-nin xxxx filialının inzibati binasında vermişdir. O, bir müddət kirayədə qalmaq məcburiyyətində olmuş, mütəmadi olaraq Emin Zeynalovla mənzil barədə danışmış, o, da hər dəfə müxtəlif bəhanələr gətirib binaların tam hazır olmadığını demişdir. 2018-ci ilin mart ayının əvvəllərində həyat yoldaşı Emin Zeynalovun bir iş görə bilməyəcəyi halda pullarını qaytarmasını, özlərinin yeni bir ev almalarını desə də, Eminin onları aldatmayacağını, sözünün üstündə durub verdiyi vədə əməl edəcəyini demişdir. 2018-ci ilin iyun ayının əvvəllərində bank işçiləri və digər tanışlarından eşitmişdir ki, Emin Zeynalov Bakı şəhərini tərk edib, tapılmır. Narahat olmağa başlamış, əlaqə saxlamaq istəsə də, onun mobil telefonu sönülü olduğundan danışa bilməmişdir. İyun ayının axırlarında məlum olmuşdur ki, Emini külli miqdarda pul ələ keçirdiyi üçün həbs etmişlər. Bundan sonra onun ailəsi ilə əlaqə saxlayıb pullarını tələb etsə də, heç bir faydası olmamış, onun ailə üzvləri də ondan şikayət etməməsi üçün möhlət almış, lakin bunun da faydası olmamışdır. Sonda məcbur olub Emin Zeynalov tutulandan bir müddət sonra şikayət etmişdir. Hazırda mülki iddiasının təmin olunmasını və 244.318,74 manat maddi ziyan, 80.000 manat əldə çıxmış fayda və 20.000 manat mənəvi ziyana görə pulun təqsirləndirilən şəxs Emin Zeynalovdan tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı kart hesabına 1414,04 manat pul köçürülmüşdür. Cavabdeh ASC-nin 97/3 nömrəli xx xxxx 2020-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Bankın xx xxxx 2020-ci il tarixli 97/3 nömrəli əmrinə əsasən “xxxx” filialın müdiri İddiaçı xx.xx.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar olaraq axırıncı haqq-hesab edilməsi və 2016-2017-ci iş ili üzrə istifadə etmədiyi 30 (otuz) gün müddətində, 2017-2018-ci iş ili üzrə istifadə etmədiyi 20 (iyirmi) gün müddətində əmək məzuniyyətlərinə görə kompensasiya hesablanması və ödənilməsi Maliyyə departamentinə tapşırılmışdır. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi reyestrə daxil edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin halları, apellyasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, İddiaçı xx.xx.2017-ci tarixindən Cavabdeh ASC-nin “xxxx” filialının müdiri vəzifəsinə təyin edilmiş, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli tam məsuliyyət haqqında müqavilə imzalanmış, Bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə, törədilmiş əməlin araşdırılması məqsədi ilə Bankın “xxxx” filialının müdiri İddiaçı xx.xx.2018-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. İddiaçı Bankın “xxxx” filialının müdiri vəzifəsindən xx.xx.2018-ci il tarixindən müvəqqəti olaraq işdən kənarlaşdırılması X11 sədr müavini X6 barəsində olan cinayət işi ilə bağlı olmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh X11 sədr müavini X6 (təqsirli bilinərək məhkum edilməsinə dair) barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü xx xxxx 2020-ci il tarixdə verilmiş, iddiaçı isə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Kollegiya iddia tələbinin Cavabdeh ASC-nin 97/3 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh (işəgötürən) əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) istinad etməklə xitam vermişdir ki, bu da əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə hansı əsasla xitam verildiyini müəyyən etməyə imkan vermir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları təsbit olunmasına baxmayaraq, cavabdeh (işəgötürən) onlardan heç birinə istinad etməmişdir. Həmin normaya əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən işəgötürənin təşəbbüsü ilə xitam verilməsinə dair əmrin verilməsinin əsası kimi “İddiaçı xx.xx.2018-ci il tarixli izahat ərizəsi”ni qeyd etsə də, bu halı ƏM-nin qeyd edilən 70-ci maddəsinin müvafiq bəndinə istinad edərək əsaslandırmamaqla, qanunvericiliyin tələbini pozmuşdur. Halbuki, ƏM-nin 71.3-cü maddəsinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Belə ki, iddia tələbinin xx.xx.2018-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin daxil olmaqla) hesablanmaqla ödənilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi məcburi iş buraxma üçün əmək haqqının, xx.xx.2020-ci il tarixindən işə bərpa edilən günədək ödənilməsini qət etmişdir. Birinci instansiya məhkəməsi əmək haqqının xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədən ödənilməsi hissəsində iddia tələbinin rədd edilməsi ilə bağlı mövqeyini onunla əsalandırmışdır ki, iddiaçı işdən kənarlaşdırılması ilə bağlı cavabdehin 112 nömrəli xx xxxx 2018-ci il tarixli əmrini mübahisələndirməmişdir və həmin tarixdən xx.xx.2020-ci il tarixinədək əmək haqqının ödənilməsi tələbinə hüquqi qiymət verilməsi məqsədəmüvafiq deyildir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq hesab edir ki, ƏM-nin 62.3-cü maddəsində işçinin işdən müvəqqəti olaraq kənarlaşdırılması halları nəzərdə tutulmuşdur. Həmin hallara işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçinin icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirməməsi, iş vaxtı ərzində işçinin bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətməsi, insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçinin vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etməsi halları daxildir. Lakin, cavabdeh (işəgötürən) 112 saylı, xx.xx.2018-ci il tarixli əmrdə əsas kimi bankın kassalarında müəyyən məbləğlərdə pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr mövcud olduğuna görə törədilmiş əməlin araşdırılması halını göstərmişdir. Əmək Məcəlləsinin qeyd edilən 62-ci maddəsinin məzmunundan da aydın olur ki, işçinin işdən kənar edilməsi 2 illik bir kənarlaşdırmanı nəzərdə tutmur və işçinin yalnız sadalanan hallarla bağlı işdən müvəqqəti olaraq kənarlaşdırılmasını özündə ehtiva edir. Belə olan halda, kollegiya qeyd edir ki, işəgötürən işçini işdən azad etməməklə, vahid portaldan bankın işçisi kimi əmək müqaviləsinə xitam verməməklə, yalnız işdən kənarlaşdırmaqla, nəticədə uzun müddət əmək haqqını ödəməməklə həm işçinin yeni iş əldə etmə imkanlarını məhdudlaşdırmış, həm də əmək haqqı verməməklə ona xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək haqqı məbləğində və 2 illik məzuniyyət pulu həddində maddi ziyan vurmuşdur. Bundan əlavə kollegiya qeyd edilməsini zəruri hesab edir ki, işin halları və iddiaçının kollegiya iclasında verdiyi izahat əsasında müəyyən edilmişdir ki, iddiaçı hazırki dövrədək başqa yerdə işə düzələ bilməmişdir və bu halı iddiaçı onunla izah etmişdir ki, bank rəhbərliyi əmək kitabçasını ona verməməklə yanaşı, X8 sədri Mahmud Məmmədov ona X11 sədr müavini Emin Zeynalov barəsində cinayət işi üzrə ibtidai istintaqın və məhkəmənin bitməsindən sonra işinə davam edəcəyini və ödənilməmiş əmək haqqlarının ödəniləcəyini bildirmişdir. Daha sonra kollegiya qeyd edir ki, həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının işdən kənarlaşdırıldığı xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixədək məcburi iş buraxma dövrü üzrə işçiyə vurduğu əmək haqqı məbləğində ziyan məbləğinə görə maddi məsuliyyət daşıyır və bu məbləğdə işçiyə maddi ziyan qismində təzminat ödəməlidir. Eyni zamanda, xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək işçiyə son aylıq əmək haqqı həcmində əmək haqqı məbləği ödənilməlidir. Əmək Məcəlləsinin 135.2-ci maddəsinə görə, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 144.3-cü maddəsinə görə, əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Həmin Məcələnin 144.4-cü maddəsinə görə, müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Qeyd edilən normaların tələblərini rəhbər tutaraq iddia tələbinin məzuniyyət haqqının ödənilməsi ilə bağlı hissəsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının işdən kənarlaşdırıldığı xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 18 ay 18 gün üçün istifadə edilməmiş məzuniyyətlərə görə məzuniyyət haqqı cavabdeh (işəgötürən) tərəfindən ödənilməlidir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan məzuniyyət haqqının 1414.04 manat olmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilməsi iş materiallarında olan hesabdan çıxarışla (i.v. 48) müəyyən edildiyindən iddiaçıya məzuniyyət haqqının ödənilməsi işdən kənarlaşdırıldığı xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, yəni 18 ay 18 gün üçün ödənilməlidir. İddiaçıya xx.xx.2020-ci il tarixinədək məzuniyyət haqqının ödənilməsini təsdiq edən hər hansı sübut iş materiallarında aşkar edilməmişdir. İddia tələbinin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc verilməsi ilə bağlı hissəsinə gəlincə, ƏM-nin 172.5-ci maddəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı işdən kənarlaşdırılması ilə bağlı cavabdehin 112 nömrəli xx xxxx 2018-ci il tarixli əmrini mübahisələndirməmişdir və həmin tarixdən xx.xx.2020-ci il tarixinədək əmək haqqının ödənilməsi tələbinə hüquqi qiymət verilməsi məqsədəmüvafiq deyildir. Kollegiya işin hallarına və qeyd edilən hüquq normasının tələbinə müvafiq olaraq, iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, həmin nəticənin hüquqi əsaslandırılması ilə razılaşmayaraq hesab edir ki, iddiaçının işdən kənarlaşdırıldığı xx.xx.2018-ci il tarixindən əmək mübahisəsi yaranan tarixədək, yəni xx.xx.2020-ci il tarixinədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc verilməli deyil. Belə ki, işçi iddia ərizəsində həmin dövr üzrə əmək haqqı verilməməsini mübahisələndirdiyinə görə AR ƏM-nin 172.5-ci maddəsinə əsasən 1 faiz ödənc məbləği cavabdeh tərəfindən verilməməlidir. Kollegiya iddia tələbinin 10.000 manat məbləğində mənəvi zərərin tələb etməsi hissəsinə münasibətdə hesab edir ki, iddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X12 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. Odur ki, iddia tələbinin cavadehdən 10.000 manat mənəvi ziyanın tutulması hissəsinə münasibətdə kollegiya hesab edir ki, həmin hissəsdə də birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə heç bir tutarlı və mötəbər olan rəsmi sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia qismən təmin edilməli, iddiaçının işdən kənarlaşdırıldığı xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixədək məcburi iş buraxma dövrü üzrə əmək haqqı məbləğində işçiyə vurulan ziyan məbləğinə görə bu məbləğdə işçiyə maddi ziyan qismində təzminat ödəməli, xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək istifadə olunmamış məzuniyyətə görə kompensasiya və xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək işçiyə son aylıq əmək haqqı həcmində əmək haqqı məbləği ödənilməli, iddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1658/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixədək işçiyə vurduğu ziyana görə İddiaçı məcburi iş buraxma dövrü üzrə əmək haqqı məbləğində maddi ziyan qismində təzminat, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək istifadə olunmamış məzuniyyətə görə kompensasiya və xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma üçün son aylıq əmək haqqı həcmində aylıq əmək haqqı cavabdeh Cavabdeh ASC tərəfindən İddiaçı ödənilsin. İddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar