Məhkəmə qərarları › İş №2(103)-8873/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8873/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8873/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(004)-1112/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 500 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 22 may 2017-ci il tarixdə tanışı Cavabdeh onun xahişi ilə 3 ay müddətinə 500 manat məbləğində borc pul vermişdir. Bununla bağlı sonuncu ona yazılı iltizam vermişdir, lakin müddət bitdikdən sonra borcu qaytarmamışdır. Mart ayında bununla bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etsə də, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2(004)- 1112/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdehə borc verdiyi zaman, verdiyi 2000 manat borcu bir ay müddətində qaytaracağına dair yazılı iltizam almış, cavabdeh 20.06.2017-ci il tarixədək qaytaracağını söz versə də, öhdəliyini yerinə yetirməmiş, 20.07.2017-ci ildə əlavə bir ay müddətinə borcu qaytaracağını göstərmiş, lakin yenə də qaytarmamışdır. 2019-cu ilin sonlarına qədər ümumi borc məbləğindən hissə-hissə borcdan ödəniş etsə də, 500 manatı geri qaytarmamışdır. 2018-ci ilin dekabr ayı və 2019-cu ilin əvvəllərindən cavabdehlə arasında mütəmadi telefon danışıqları olmuş və hər dəfə cavabdeh son 500 manatı qaytaracağını söz vermişdir. 2020-ci ilin fevral ayında cavabdehin yaşadığı evə getmiş, həmin vaxt qarşı tərəfi xəbərdar etməklə videoçəkiliş aparmışdır. Həm cavabdeh, həm də özü DİN-in 102 qaynar xəttinə zəng vurmuşlar. Cavabdeh Yasamal RPİ-də yazılı izahatında ona 450 manat borcu olduğunu etiraf etmişdir. Hazırki mübahisə üzrə iddia müddətinin başlanğıcı 10 dekabr 2019-cu il tarixdən, yəni öhdəliyin müəyyən hissəsinin icra edildiyi son tarixdən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 22.05.2017-ci il tarixli Cavabdeh tərəfindən imzalanmış qəbzə əsasən o, İddiaçı 3 ay müddətinə qaytarmaq şərti ilə 500 manat məbləğində borc almışdır. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, həmin qəbzi 2017-ci ildə yazmışdır, üstündən 4 ildən çox vaxt keçmişdir. İddiaçının pul tələbinə dair ərizəsinə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin keçdiyini nəzərə alaraq, cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. (373.1-373.1) Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm Mülki Məcəllənin 377.2 və 377.3cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.». Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.» «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.» Hazırki işin müəyyən edilmiş hallarından görünür ki cavabdeh 22.08.2017-ci il tarixdədək pulu qaytaracağına dair öhdəlik götürdüyündən iddiaçı tərəfindən cavabdehə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı 22.08.2017-ci il tarixdən başlamış və həmin vaxtdan üç il ərzində cavabdehə qarşı iddia irəli sürməmişdir. İddiaçı məhkəməyə iddia tələbi ilə 3 ildən sonra, 04.12.2020-ci il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır. İş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən təqdim etdiyi ərizəsindən görünür ki, həmin ərizə ilə o, iddiaçının qanunla müəyyən olunmuş iddia müddətini ötürdüyünü nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, o, cavabdehə 2000 manat borc verdiyini, bu barədə yazılı iltizam olduğunu, hazırda tələb edilən borcun həmin ümumi borcdan qalan məbləğ olduğunu qeyd etsə də, bu barədə hər hansı qəbz, iltizam və s. təqdim edə bilməmişdir, iş materiallarından isə bu hallar müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1112/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar