Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8884/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və əldə olunmuş pulun bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(005)-621/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 6.6132 hektar torpaq sahəsinin açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 25 oktyabr 2007-ci il tarixdən rəsmi nikahda olmuşdur. Birgə nikahdan üç övladları var. Ailə münasibətləri gərginləşdiyinə görə aralarındakı nikah pozulmuş və bu barədə 17 iyun 2017-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almışdır. 2016-cı ildə birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(005)- 7216/2016 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş əmlak aralarında bölünmüşdür. Həmin qətnaməyə əsasən İsmayıllı rayonu, Eyyubbəyli kəndindəki torpaq sahələrinə sahiblik hüququnu təsdiqləyən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş beş Çıxarış almışdır. 09.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 4.6574 hektarda ½ pay, 23.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 3.7298 hektarda ½ pay, 09.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 3.2 hektarda ½ pay, 09.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə -0.1393 hektarda ½ pay, 09.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** Çıxarışa görə - 1.5 hektarda ½ pay, ümumilikdə 6.6132 hektar ona məxsusdur. Torpaq sahələrinin olduğu yer və xüsusiyyətləri həmin sahələrin naturada ayrılmasına imkan vermir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2, 220.3. və 220.4-cü maddələrinə əsasən qeyd edilən torpaq sahələrindəki payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi hüququna malikdir. Lakin cavabdeh İsmayıllı rayonu, Eyyubbəyli kəndindəki torpaq sahələrindəki payını ondan satın almamış, payın onun tərəfindən satın alınması üçün ödəmək istədiyi 9500 manatdan da imtina etmişdir. Ona görə də iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 6.6132 hektar torpaq sahəsinin açıq hərracdan satılması və satış pulunun aralarında paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(005)- 621/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İsmayıllı rayon, Eyyubbəyli kəndində yerləşən 4.6574 hektar, 3.7298 hektar, 3.2 hektar, 0.1393 hektar, 1.5 hektar torpaq sahələrinin açıq hərracdan satılması və əldə olunmuş gəlirin İddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib bərabər bölünməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi bu işlə bağlı hüququn tətbiq edilməsində səhv buraxmış, qanunu səhv təfsir etmiş və tətbiq edilməli olan normativ hüquqi aktı düzgün tətbiq etməmişdir. Belə ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Beləliklə, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan, AZ-İ 270566 saylı 17 iyun 2017-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2016cı il tarixli 2(005)-7216/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu 4 A ünvanında yerləşən 137 saylı mənzilə və Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu 4 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə X2 və Cavabdeh 1/2 hissədə payları müəyyən edilmiş və bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, “Fiat Doblo minik” markalı, **-OE-*** dövlət nömrə nişanlı, “Dodge Durango" minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E200” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə X2 və Cavabdeh 1/2 hissədə payları müəyyən edilmiş və bu barədə qeydiyyatın aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol polisi İdarəsinə həvalə edilmiş, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 4,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 3,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 3,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0,139 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ½ hissədə payları müəyyən edilmiş və bu barədə Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə həvalə edilmiş, Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 08.03.2013-cü il tarixli 013 saylı müqavilə üzrə ödənilmiş məbləğə 1/2 hissədə payları müəyyən edilmiş, Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, 3E saylı evin 8 saylı mənzili, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 345 saylı sahəyə X2 və Cavabdeh 1/2 hissədə payları müəyyən edilmiş və bu barədə mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, Subaru Forester minik markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə X2 və Cavabdeh ½ hissədə payları müəyyən edilmiş və bu barədə qeydiyyatın aparılması Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol polisi İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş: - Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 0,1393 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində 09.04.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 3,2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində 09.04.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində 09.04.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Seriya RX ******* №-li Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 4,6574 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində 09.04.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 3,7298 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh adına 23.04.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli “X4 Mərkəzi” MMC-nin hesabatlarından görünür ki, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 3.7298 ha torpaq sahəsinin 17 fevral 2020-ci il tarixə hazırkı bazar dəyəri 5221.72 manat, ½ payının dəyəri 2610,86 manat, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 3.2 ha torpaq sahəsinin 17 fevral 2020-ci il tarixə hazırkı bazar dəyəri 4480 manat, ½ payının dəyəri 2240 manat, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 1.5 ha torpaq sahəsinin 17 fevral 2020-ci il tarixə hazırkı bazar dəyəri 2100 manat, ½ payının dəyəri 1050 manat, İsmayıllı rayon, Eyyubbəyli kəndində yerləşən 0,1393 ha torpaq sahəsinin 17 fevral 2020ci il tarixə hazırkı bazar dəyəri 139,3 manat, ½ payının dəyəri 69,65 manat, İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən 4,6574 ha torpaq sahəsinin 17 fevral 2020-ci il tarixə hazırkı bazar dəyəri 6520,36 manat, ½ payının dəyəri 3260,18 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(005)-7216/2016 saylı qətnaməsi ilə İsmayıllı rayonu Eyyubbəyli kəndində yerləşən torpaq sahələri üzərində iddiaçının ½ pay hüququ müəyyən edilmiş, lakin naturada ayrılma tənasübsüz zərər vurmadan qeyri-mümkün olduğundan qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə bağlı çətinlik yaranmışdır. Bu səbəbdən də məhkəmə torpaq sahələrinin açıq hərraca çıxarılaraq satılmasını və əldə olunmuş gəlirin tərəflərin paylarına münasib bölünməsini məqsədəmüvafiq hesab edərək iddia tələbini təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarına əsasən yalnış nəticəyə gəlmiş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddianın qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydalarından bəhs edən 220-ci maddəsinə istinad etsə də, həmin maddənin tətbiq edilməsində səhv etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6. maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hazırki işin müəyyən edilmiş hallarından isə görünür ki, paylı mülkiyyətçi olan tərəflər arasında paylarının naturada bölünməsinin mümkünlüyü müəyyən edilmədən, bu mümkün olmadıqda isə payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən kompensasiya ödənilməsi məsələsinə baxılmadan iddiaçı birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmiş, bununla da qanunvericiliyin tələblərinə, yəni nəzərdə tutulmuş mərhələli şəkildə ardıcıllığa riayət etməmişdir. Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının Cavabdeh qarşı irəli sürdüyü əmlakın açıq hərracdan satılması və əldə olunmuş pulun bölünməsi tələbi əsassızdır və təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(005)- 621/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və əldə olunmuş pulun bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8884/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8884/2021
30.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver