Məhkəmə qərarları › İş №2(103)-8890/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8890/2021

04.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8890/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(009)-1808/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin 20.05.2021-ci il tarixli əmri ləğv edilərək, onun Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin “baş mütəxəssisi“ vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi arasında 19.02.2020-ci il tarixdə xxxxxxx000202 nömrəli əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında 630 manat maaş ilə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsində “baş mütəxəssis” vəzifəsində çalışmışdır. 19.02.2020-ci il tarixli xxxxxxx000202 nömrəli əmək müqaviləsinə 20.05.2021-ci il tarixdə qanuna zidd olaraq xitam verilmişdir. Əmrin surətini və əmək kitabçasını dəfələrlə tələb etsə də, hələ də ona təhvil verilməmişdir. Cavabdeh onu xəstələndiyi üçün işdə olmadığı vaxt işdən çıxarmışdır. 17.05.2021-ci il tarixdən o, xəstələndiyi üçün iş yerinə gedə bilməmişdir. Həmin gün bədənindəki ağrılar və yüksək hərarət səbəbi ilə özünü halsız hiss etmişdir, Covid-19 olmağından şübhələnmişdir. Bu durumu 17.05.2021-ci ildə açılmış və 22.05.2021-ci il tarixdə bağlanmış bülleten də təsdiq etmişdir, 17.05.2021-ci il tarixdə xəstə olduğunu və işə gələ bilmədiyini, gələndə bülleten gətirəcəyini telefonla iş yerinə bildirmişdir. O, bu günə qədər əmək funksiyasını yüksək peşəkarlıq ilə yerinə yetirmişdir, bir dəfə də olsun xəbərdarlıq olmamışdır, əksinə dəfələrlə həvəsləndirici təriflər, təşəkkürnamələr almışdır. Evlidir, 3 azyaşlı övladı var. Başqa heç bir qazanc yeri yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2(009)-1808/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmənin əmək qabiliyyətinin olmaması barədə işəgötürənə lazimı məlumat vermədiyi üçün cavabdehin əmrini qanuni hesab etməsi qəbul edilməzdir. O, telefonla cavabdehin kadrlar şöbəsinin müdiri Svetlana xanıma məlumat vermişdir. E-sosial saytından əldə etdiyi arayışda əmək müqaviləsinə 20.05.2021-ci il tarixdə xitam verildiyi göstərilsə də, cavabdehin məhkəməyə təqdim etdiyi sənəddə əmək müqaviləsinə 25.05.2021-ci il tarixdə xitam verildiyi qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf ərizə təqdim edərək, əsl olmayan cavabdeh “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi”nin əsl cavabdeh “Azərbaycan Milli Elmlər Akademiyası” ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizənin birinci instansiya məhkəməsində verilməli olduğunu qeyd etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı cavabdeh ilə 18.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdehin tabeliyində olan İnzibati binaların istismarı və təsərrüfat idarəsinin Nəqliyyat-təsərrüfat şöbəsinə baş energetik vəzifəsinə işə qəbul edilmişdir. 18.05.2020-ci il tarixdə müvafiq əmrlə AMEA İşlər idarəsinin baş mütəxəssisi vəzifəsində keçirilmiş və bu vəzifə üzrə onunla bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. 20.05.2021-ci ildə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. İddiaçı tələbində 20.05.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olması qənaətinə gələrək iddianı rədd etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı tərəf ərizə təqdim edərək, əsl olmayan cavabdeh “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi”nin əsl cavabdeh “Azərbaycan Milli Elmlər Akademiyası” ilə əvəz edilməsini xahiş etmişdir. 18.05.2020-ci il tarixli 144-97/2020 nömrəli əmək müqaviləsindən görünür ki, müqavilə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti ilə İddiaçı arasında bağlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 20.05.2021-ci il tarixli sərəncamına əsasən AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin baş mütəxəssisi İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə 20.05.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (müddətin bitməsi) xitam verilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi deyil, Azərbaycan Milli Elmlər Akademiyası olmalıdır. Lakin apelyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün olmadığından, iddiaçı hazırki tələblə Azərbaycan Milli Elmlər Akademiyasına qarşı yeni iddia qaldırmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır, 384.0.2-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1808/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar