Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8891/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-1569/2021) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda 0,85 sot torpaq sahəsini X4 4000 manata almışdır. Həmin torpaq sahəsində ustalar X8, X3, X16, X13 bir mərtəbəli 3 otaqdan ibarət ev tikdirmişdir. Evin tikintisi zamanı çəkilmiş və tikinti başa çatdıqdan sonra çəkilmiş foto şəkilləri, ustaların şəxsiyyət vəsiqələrinin surətlərini əlavə etmişdir. Evi satmaq istəmişdir. X18 özünə məxsus evin üst mərtəbəsini tikmək üçün tanışı X6 2020-ci ilin əvvəlində 6700 manat pul vermişdir. Ruslan da lazım olan tikinti materialını alıb yığmışdır. Qonşular şikayət etdiklərinə görə evi tikib çatdıra bilməmişdir. ünvan 2 ünvandakı evi satmaq istədiyini Tahir bilmişdir. Tahir Cavabdeh pulunu qaytarmamaq üçün Sədaqəti onun tikdiyi evə gətirib həyətin və evin dəmirdən olan giriş qapılarını dəmir lomla qırıb Sədaqəti və əmlakı evə yerləşdirmişdir. Səbail rayonu 149 saylı MKİS-nin rəisi X9, MKİS-nin mühəndisi X14 verdikləri saxta arayışa əsasən Sədaqət öz adına qaz, işıq, su sayğacları qoydurmuş, evin ünvanı ünvan 3 tələb etdikdə Sədaqət 15.01.2021-ci il tarixdə saat 09.49-da DİN-nin “102” XZM-nə zəng edərək ünvan 4 ünvanında yerləşən mənzildə onun tərəfindən döyülməsi barədə yalan məlumat vermişdir. Sonra Cavabdeh Səbail RPİnin 8-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 15.01.2021-ci il tarixdə saat 09 radələrində Səbail rayonu, 1-ci Buxta küçəsi, ev 15S ünvanında olan zaman evi ona satması ilə əlaqədar aralarında münaqişə olmuş, münaqişə vaxtı onu itələdiyi zaman yıxılaraq pilləkənlərə dəymişdir. Münaqişəyə səbəb guya evi ona 17000 manata ucuz satması və ondan əlavə pul istəməsi olmuşdur. Material 09.02.2021-ci il tarixdə 8-ci PBnin təhqiqatçısı polis baş leytenantı X22 tərəfindən aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və 11.02.2021-ci il tarixdə araşdırmanın aparılması müstəntiq X10 həvalə edilmişdir. Sonuncunun 21.02.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma ilə əlaqədar Səbail rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Ramil Almazov "xxxx" ASC-nin sədrinə 08.01.2021-ci il tarixdə, 31-Ş-U saylı məktub yazaraq Bakı şəhəri, Buxta küçəsi, ev 15 S ünvanında qanunsuz sənəd əsasında ASAN kommunal tərəfindən kod açılaraq quraşdırılmış sayğacın təcili olaraq sökülməsi və açılmış kodun ləğv olunmasını xahiş etmişdir. Bundan başqa, Səbail rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Ramin Almazov "xxxx" MMC-nin direktoruna, “Azəriqaz” İstehsalat Birliyinə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə 19.01.2021-ci il tarixdə 31-Ş-U nömrəli məktub yazaraq X5 Səbail rayon prokurorluğuna ərizə ilə müraciət etdiyini, ərizədə 15.11.2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən evi alqı-satqı müqaviləsi əsasında aldığını, lakin 2020-ci ilin dekabr ayının sonlarında qeyd olunan ünvanda yerləşən evin Cavabdeh tərəfindən zəbt edildiyi qeyd olunmuşdur. Prokurorluğda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanına Cavabdeh ünvan 6 həmin evdə yaşaması barədə 149 saylı MKİS-dən əsassız arayış alaraq 1 saylı ASAN xidmətə təqdim etmişdir. Aparılan araşdırma ilə əlaqədar zərurət yarandığından Cavabdeh ünvan 7 ünvana kommunal sayğacların qoyulmasının dayandırılmasını xahiş etmişdir. O, cavabdehdən pul almamışdır. Cavabdeh evinə qanunsuz daxil olmuş, hüquqlarını pozmuşdur. O, öz vəsaiti hesabına tikdiyi evdən istifadə hüququna malikdir. Cavabdeh evini zəbt edərək onu bu hüquqdan məhrum etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq ünvan 8 ünvanda tikdiyi evdən Cavabdeh digər ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Tahir adlı maklerə müraciət edərək ona ev lazım olmasını bildirmiş, həmin maklerlə İddiaçı tikdiyi və ona məxsus olan evə baxış keçirmiş, bəyənmiş, qiyməti baha olsa da, Arifə təcili pul lazım olduğu üçün evi 17000 manata razılaşmış, həmin evdə Arifin, Tahirin və Arifin dostu Ruslanın iştirakı ilə pulu Arifə vermişdir. Sonra işıq və qazı öz adına rəsmiləşdirmiş, evi alanadək evin işığı və qaz xətti çəkilməmişdir. Evi aldıqdan sonra orada xərc çəkərək əlavə işlər də gördürmüşdür. Hazırda evi 28 minə başqa şəxsə satmışdır. O həmin evdə yaşamır. Arif evi ona ucuz satdığını dedikdə, o bildirmişdir ki, ya pulu qaytarsınlar, ya da ona başqa yerdə ev tikib versinlər. Arif nə pulu qaytarmış, nə də ona başqa yerdə ev tikmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki, o İddiaçılə şərikli ev tikib satırlar. 2020-ci ilin avqust ayında makler Tahir 6700 manat ona pul verərək ikinci mərtəbənin tikintisinin həyata keçirməyi xahiş etmiş və bildirmişdir ki, 1-ci mərtəbənin çıxarışı var, qonşular razıdır, problem olmayacaq. Çıxarışı olan birinci mərtəbənin üst ikinci mərtəbəsində tikinti işləri aparmağa başlayarkən ətraf qonşular narazılıq etmiş və tikintinin davam etməsinə mane olmuşlar. Tikinti işlərində Arifin gətirdiyi fəhlələr də iştirak etmişdir. Tahir həmin yerdə tikintinin aparıla bilməyəcəyini görüb həmin tikintinin Sədaqət xanım üçün etdiyini bildirmiş və başqa bir ərazidə tikinti işlərinin aparılmasını təklif etmişdir. Həmin ərazi problemli ərazi olmuş, Sədaqət xanım hətta orada olan digər şəxslərlə konflikt yaşamış, həmin ərazidə də tikinti işlərinin aparılması mümkün olmamış, tikilmiş hörgülər sökülmüşdür. Bütün bu işlərə material və fəhlələrə müəyyən qədər pul xərclənmişdir. O Tahirə demişdir ki, xərcləri çıxmaq şərti ilə pulun yerdə qalan hissəsini geri qaytarsın. Lakin sonra ona məlum olmuşdur ki, Sədaqət Tahirlə birlikdə lomdan istifadə edərək Arifin tikdiyi evin qapısını sındırıb içəri daxil olmuş və qıfılı dəyişmişlər. Uzun müddət Arif evin boşaldılmasını tələb etsə də, qadın evi boşaldıb ona təhvil verməmişdir. O əvvəllər Sədaqəti tanımamış, sonradan bilmişdir ki, Tahirin tikilməsi üçün sifariş etdiyi ev Sədaqət xanım üçün olmuşdur. Sədaqət tərəfindən Arifə hər hansı bir pulun verilməsinin şahidi olmamışdır. Tahir ona yalnız 6700 manat pul vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X18 öz ifadəsində göstərmişdir ki, o, Arifi və Sədaqəti tanıyır. Arif Ruslanla birlikdə Səbail rayonu ərazisində yerləşən buruqların arasında boş sahələrdə kiçik ölçülü evlər tikib satışı ilə məşğul olurlar. Sədaqət xanım ona müraciət edərək 17000 manat pulu olduğunu və bu pula ona ev alınmasına yardımçı olmasını xahiş etmişdir. Arifgilin tikdiyi bir neçə evə baxış keçirmiş və 1-ci Buxta ev 15C-də tikdikləri evi Sədaqət bəyənmiş, ev 25-30 min manat qiymətində olsa da, Arifə təcili pul lazım olduğu üçün onu 17000 manata satmağa razılaşmışdır. Pul onun və Ruslanın yanında Sədaqət tərəfindən Arifə verilmişdir. Lakin pulun verilməsi, evin Sədaqətə satılması ilə bağlı hər hansı yazılı razılaşma və iltizam tərtib edilməmişdir. O, makler kimi müəyyən alqı-satqılarda belə bir sənədləşmənin aparılmasını edir. Ev özbaşına tikili olmuş, sənədi olmamışdır. Sonra Arif evi Sədaqətə ucuz satdığını deyib əlavə pul istəmiş, o isə demişdir ki, Sədaqətə başqa yerdə ev tikib versələr Sədaqət evi boşaldar. Başqa yerdə evi isə tikib verə bilmədilər. O, evin tikilməsi ilə bağlı Ruslana hər hansı pul verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh iddiaya cavab verən şəxs olmamışdır. Belə ki, o, hal-hazırda həmin evdə yaşamır. Evi başqa şəxsə - İlkanə Yusifovaya satmışdır. Kommunal xidmətlə bağlı ödənişlər də İ.Yusifovanın adından həyata keçirilir. X2 3-cü şəxs qismində cəlb etməli olduğu halda, bunu etməmiş, eyni zamanda “Azəriqaz” İB-nə ödənişlərin məhz İ.Yusifova tərəfindən aparılmasını heç bir əsas gətirmədən nəzərə almamışdır. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi qismən – cavabdehin ailə üzvlərinin evdən çıxarılması hissəsində ləğv olunmalı, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi ünvan 8 ünvanda tikdiyi evdən Cavabdeh digər ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin evin boşaldılaraq ona təhvil verilməsi barədədir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, o, Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi dalan 3, ev 17-nin yerləşdiyi torpaq sahəsini alqı-satqı yolu ilə Şahralı Nəbiyev adlı şəxsdən 4000 manata almış, orada ev tikmiş, lakin sonradan cavabdeh evi zəbt etmiş və saxta sənədlər əsasında evin ünvanını “Buxta küçəsi, 15S” kimi qeyd etdirmişdir. İddiaçı daha sonra bildirmişdir ki, o, evi 15.11.2020-ci il tarixdə dostu X7 satmış, lakin ev cavabdeh tərəfindən zəbt olunduğundan alqı-satqı baş tutmamış və o, Ruslan Mustafayevin pulunu qaytarmışdır. Hazırda ev onun özünə məxsusdur və cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmasını tələb edir. Cavabdeh iddianı qəbul etməmiş və göstərmişdir ki, o, evi iddiaçıdan 17 000 manata satın almış, sonradan iddiaçı evi ucuz satdığını bildirərək ondan əlavə pul tələb etmiş və bu zəmində aralarında mübahisə yaranmışdır. Cavabdeh daha sonra bildirmişdir ki, o, iş üzrə cavabdeh ola bilməz, çünki evdə yaşamır. O, evi X1 və hazırda evdə sonuncu yaşayır. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və cavabdehin ailə üzvləri ilə birlikdə evdən çıxarılmasını və evin iddiaçıya təhvil verilməsini qət etmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 180.1, 180.2, 135-ci maddələrinə və s. normalara istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsi ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin həmin hissədə gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Belə ki, mübahisəli özbaşına tikilinin iddiaçıya məxsus olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh mübahisəli evin iddiaçıya məxsus olduğunu etiraf edir və bununla da iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad edir. Lakin cavabdeh mübahisəli evi iddiaçıdan 17 000 manat ödəməklə satın aldığını, sonradan evi İlkanə Yusifovaya satdığını bildirir və bununla bağlı yalnız şahid ifadəsinə istinad edir. Məhkəmə kollegiyası İlkanə Yusifovanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb etsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, istər iddiaçı ilə cavabdeh, istərsə də cavabdehlə üçüncü şəxs arasında mübahisəli evə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmamış, yaxud hər hansı sadə yazılı formada müqavilə tərtib olunmamışdır. Yəni, mübahisəli evin iddiaçı tərəfindən cavabdehə və cavabdeh tərəfindən üçüncü şəxsə satılmasını təsdiq edən mötəbər sübut yoxdur. İddiaçı da bu faktı etiraf etmir. Məhkəmə kollegiyası hesab edir ki, şahid ifadəsi ayrılıqda mübahisəli evin iddiaçı tərəfindən cavabdehə satılmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294-cü maddəsinin tələbinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh hazırda mübahisəli evdə yaşamadığını göstərsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh bunu göstərməklə məsuliyyətdən yayınmaq və iddianın rədd olunmasına nail olmaq məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı birinci instansiya məhkəməsinin cavabdehin ailə üzvlərinin mübahisəli evdən çıxarılması hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin hissədə qətnamə ləğv olunmalı və iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qəbul etdiyi yekun akt mücərrəd olmamalıdır. Qətnamənin nəticə hissəsi aydın və dəqiq olmalı, gələcəkdə icra mərhələsində hər hansı çətinlik yaratmamalıdır. Hazırkı vəziyyətdə mübahisələndirilən qətnamənin “ailə üzvlərinin çıxarılması” hissəsi mücərrəd və qeyri-müəyyən olmaqla mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Digər tərəfdən, məhkəmə cavabdehin ailə üzvlərinin mübahisəli evdən çıxarılmalı olmaları qənaətinə gəlsə də, həmin ailə üzvlərinin kimliyini, onların şəxsiyyətini, mübahisəli evdə hansı əsasla yaşamalarını müəyyən etməmiş, onları işdə işdə iştirak etməyə cəlb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi qismən – cavabdehin ailə üzvlərinin evdən çıxarılması hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə təmin olunmasın. Qətnamə qalan hissədə, yəni Cavabdeh ünvan 8 ünvanda yerləşən evdən çıxarılması və həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8891/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8891/2021
17.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver