Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8895/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyinə qarşı müavinətin tam ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(009)-1700/2021 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyinə qarşı müavinətin tam ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ARDNŞ-nin struktur təşkilatı olan “Azneft” İstehsalat Birliyinin 16.02.2021-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. “ARDNŞ”-də işçilərin əməyin ödənilməsini təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X3 Həmkarları İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) 22.04.2009-cu il tarixli 57/06-19ə nömrəli birgə Əmr Qərarında göstərilmişdir ki, “Bu Əmr-Qərar verildiyi tarixdən, habelə 22.05.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr Qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı daxil olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir. Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanunsuz olaraq, həmin məbləğdən gəlir vergisi tutmuşdur. O, dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasının qanunvericilkdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müxtəlif bəhanələr gətirməklə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. Ona müəssisə tərəfindən ödənilən orta əmək haqqının beş misli miqdarında birdəfəlik maliyyə vəsaiti işdənçıxma müavinətidir. İşdən çıxma ilə bağlı X4 tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı qanuni deyildir. Dövlət Neft Şirkətinin sabit əməkdaşları çoxsaylı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə artıq onlardan qanunsuz tutulmuş məbləğlər geri qaytarılmış, Dövlət Neft Şirkətinin bəzi idarələri isə məhkəmə araşdırmanı gözləmədən könüllü olaraq müavinətdən tutulmuş məbləği işçilərə geri qaytarmışlar. Qanunvericiliyin tələblərinə əsasən ona ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır, tutulmuş məbləğ geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh təşkilat ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin ödədiyi müavinətdən gəlir vergisi kimi tutulmuş 2394,08 manat məbləğin ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2021 -ci il tarixli 2(009)-1700/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, «Azneft» İstehsalat Birliyindən İddiaçı xeyrinə ödənilmiş müavinətdən gəlir vergisi kimi çıxılmış və iddiaçıya müavinətin ödənilməyən hissəsi təşkil edən 2394,08 (iki min üç yüz doxsan dörd manat səkkiz qəpik) manat məbləğində pulun tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 1700/2021 nömrəli 0607.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, hesab edirlər ki, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməklə yanaşı iş üçün əhəmiyyətli olan faktiki halları tam şəkildə aydınlaşdırmadan qanunsuz qərar qəbul etmişdir. Belə ki, iş materiallarına əsasən İddiaçı 06.02.2009-cu ildən etibarən “Azneft" İB-də işləməyə başlamış və 26.02 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə müvafiq olaraq, yəni tərəflərdən biri olan işçinin təşəbbüsünə əsasən bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda ARDNŞ-nin və Azərbaycan Neft və X3 Həmkarları İttifaqı Respublika Komitəsinin (bundan sonra-ANQSİHİRK) 22.04.2009-cu il tarixli 57/06-19Ə №-li əmr-qərarına əsasən iddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmiş və həmin müavinətdən 2 394.08 manat gəlir vergisi tutulmuşdur. Qeyd olunan müavinətdən gəlir vergisinin tutulmasını qanunsuz hesab edən iddiaçı müavinətin ödənilməyən hissəsinin cavabdehdən tutulmasını tələb etməkdədir. O, öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad etmişdir. İddiaçının mövqeyi ilə razılaşan Səbail Rayon Məhkəməsi qeyd etmişdir ki, ARDNŞ-nin və ANQSİHİRK-nın 22.04 2009-cu il tarixli 57/06-19Ə N-li əmr-qərarı işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi, eləcə də həmin əmrqərarda qeyd olunan əsaslarla əmək müqavilələrinə xitam verilmiş şəxslərin maddi vəziyyətini yaxşılaşdırmaq və s. məqsədlər üçün qəbul edilmişdir Bu baxımdan məhkəmə hesab etmişdir ki. iddiaçıya ödənilmiş müavinətdən gəlir vergisinin tutulması təsvir olunan yanaşmaya ziddir. Bildirirlər ki, məhkəmə qeyd olunan qənaətə gələrkən maddi hüquq normalarının tələblərinin əhəmiyyətli şəkildə pozmuş və mühüm olan bütün faktiki halları tam və obyektiv araşdırmamışdır. Başqa sözlə, məhkəmə işin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, huququn tətbiq edilməsində səhvə yol verərək, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir Həmçinin birinci instansiya məhkəməsi heç bır hüquqi əsas göstərmədən yalnız ARDNŞ-nin və ANQSİHİRKnın 22 aprel 2009-cu il tarixli, 57/06-19Ə №-lı əmr-qərarına istinad edərək düzgün olmayan nəticəyə gəlmişdir. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a bəndinə əsasən baş vermişdir. Göründüyü kimi vergi qanunvericiliyinə görə yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən təminatlar gəlir vergisindən azaddır Başqa sözlə, işçinin digər əsaslarla işdən azad edilməsi zamanı ona ödənilən hər hansı məbləğin gəlir vergisindən azad edilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi yalnız Əmək Məcəlləsinə müvafiq ödənilən təminatları gəlir vergisindən azad edir Bu təminatlar həmin Məcəllənin 77.3-cü maddəsi ilə müəyyən edilmişdir Qeyd olunan maddəyə görə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta emək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş. Belə kı, əmək münasibətlərinə həmin Məcəlləsinin 70-cı maddəsinin “b" bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndi əsasında xitam verilmişdir Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamuvafıq olmuşdur. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə bildiririk kı, həmin maddədə məbləğlərin tutulmasına yol verilməyən ışdənçıxma müavinəti dedikdə mehz həmin Məcəllənin 77-ci maddəsində qeyd olunan təminatlar nəzərdə tutulur. Digər tərəfdən Vergi Məcəlləsinin 2 4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ile bağlı müddəalar yalnız həmin Məcəllə ılə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ huquqı aktlarda o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2 4 9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ılə bağlı müddəalar nəzərdə tutula bilməz. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyatorun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini qəbul etdi və təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, İddiaçı 06.02.2009-cu ildən başlayraq “Azneft” İB-də işləməyə başlamış və 26.02.2021-cu il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda iddiaçıya ARDNŞ-nin və ANQSİHİRK-nn 22.04.2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmiş və həmin müavinət hesablandıqdan sonra həmin məbləğdən 2394,08 manat vergi tutulmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilərin təminatı kimi işdənçıxarma müavinətinin verilməsini müəyyən edilmişdir. Bu hal həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. O da nəzərə alınmalıdır ki, əmək qanunvericiliyində əmək müqaviləsinə xitam verilərkən işçilər üçün nəzərdə tutulmuş təminatlar minumum xarakter daşıyır və ayrı-ayrı aktlarda işin xarakteri, əmək şəraiti və s. hallar nəzərə alınmaqla işçilərin vəziyyətini yaxşılaşdıran daha əlverişli təminatlar nəzərdə tutula bilər. Mübahisə predmeti olan ödənişlərin verilməsinin əsası qismində çıxış edən ARDNŞ-nin və ANQSİHİRK-nin 22 aprel 2009cu il tarixli əmr-qərarı məhz belə xarakterli aktdır. Belə ki, həmin əmr-qərarın məzmunundan göründüyü kimi, qeyd edilən əmr-qərar ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi, eləcə də əmr-qərarda qeyd olunan əsaslarla əmək müqavilələrinə xitam verilmiş şəxslərin maddi vəziyyətinin yaxşılaşdırmaq və s. məqsədlər üçün qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edib ki, iddiaçıya ödənilmiş həmin müavinətdən vergi tutulması istinad edilən yanaşmaya zidd hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiyanın mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh təşkilatla hazırki iş üzrə iddiaçı arasında olan əmək müqaviləsinə xitam verilmiş və Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iddiaçıya əmək pensiyası yaşına çatması ilə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçıya işdənçıxma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul məbləğin verilməsi qərara alınmış və həmin məbləğ hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ ona ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətin tam məbləğdə ödənilməsini tələb edir. İşdən görünür ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, iddiaçının təqaüdə çıxması ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti əmrləri və Azərbaycan Neft və X3 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmrqərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr- qərarın verildiyi gündən sonra işçilərin təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onlarla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İşçiyə olan əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləlisinə onun pensiya yaşına çatmağı əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr və qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Lakin istinad etdikləri əmr qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Bundan başqa, cavabdeh işçiyə işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır. Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Həmin maddəyə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən əmək haqqı bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən fiziki şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorun dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2021 -ci il tarixli 2(009)-1700/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8895/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8895/2021
02.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver