Məhkəmə qərarları › İş №2(103)-8907/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8907/2021

29.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8907/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 21.04.2021-ci il tarixli, K-364 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun yenidən həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqının hesablanaraq ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş №2(002)-3017/21) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü il tarixdən hal-hazıradək təhsil sahəsində ayrı-ayrı vəzifələrdə çalışmış, 19 mart 2019-cu ildən başlayaraq Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 21.04.2021-ci il tarixli, K-364 saylı əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi 21 aprel 2021-ci il tarixdən ləğv edilmişdir. Hesab edir ki, tutduğu vəzifədən azad edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Təhsil Naziri onu tutduğu vəzifədən azad edərkən həmin əmrin əsası kimi Bakı şəhəri üzrə Təhsil idarəsinin məktubuna, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 08.01.202l-ci il tarixli, 53 nömrəli protokolundan çıxarışa, müvafiq arayış və izahatlara əsaslanmışdır. Lakin həmin sənədlər heç bir halda onun tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla azad edilməyi üçün əsas ola bilməzdi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasım və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı ziyan dəymiş olsun. Hazırkı halda göstərilən halların heç biri mövcud olmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Təhsil Naziri onu işdən azad edərkən qanunsuz və əsassız əmr vermişdir. Odur ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 21.04.2021 -ci il tarixli, K364 saylı əmri ləğv edilməli, o, işə bərpa edilməli və məcburi qaydada iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməlidir. Cavabdehin nümayəndəsi R.Hüseynov birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etməmiş və rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirimiş X4 ifadəsində göstərmişdir ki, iddiaçı onların direktoru olmuşdur, iddiaçı direktor vəzifəsini icra etdiyi üçün onu məktəbdən tanıyır. O, həmin məktəbdə tarix müəllimi işləyir. Sahilə müəllimə məktəbə direktor təyin edildikdən sonra məktəbdə təhsil ilə bağlı bir neçə islahatlar aparmışdır. Onun sayəsində məktəb daha yaxşı dərs tədris etməyə başlamışdır. O, uzun müddətdir ki, məktəbdə müəllim kimi işləyir. Bu müddət ərzində hər zaman müəllimlər arasında fond pulunun yığılması qaydası mövcud olmuşdur. Belə ki, bu qayda Sahilə müəllimə direktor təyin edilməmişdən öncə də olmuşdur. Müəllimlər öz təşəbbüsü ilə fond pulunu yığırdı. Həmin pul məktəb üçün vəsaitlərin alınmasına və az təminatlı ailələrə yardım edilməsinə xərclənmışdir. Onlar tərəfindən edilən yardımlar ya pul şəklində, ya da ərzaq şəklində edilirdi. Hər ay yardımların məbləği fərqli olurdu. Belə ki, yığılan puldan asılı olaraq hər ay ya 50 manat, ya da 100 manat yardım edirdilər. Yığılan vəsait hesabına şagirdlərdən birinin bilmədən sındırdığı kompyuteri almışlar. Həmin şagird vəfat etmişdi və kompyuter onların tərəfindən yığılan vəsait hesabına alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirimiş X1 ifadəsində göstərmişdir ki, iddiaçı onların köhnə direktoru olmuşdur. Billdirmək istəyir ki, onlar fond pulunu uzun müddətdir ki, yığırlar. Sahilə müəllimə onların məktəbinə direktor təyin edilməmişdən öncə də müəllimlər arasında fond pulu yığılırdı. Yığılan fond pulu məktəb vəsaitlərinin alınmasına və maddi vəziyyəti yaxşı olmayan şagirdlərə yardım edilməsinə xərclənmişdir. Fond pulunun yığılması barədə video çəkiliş aparan müəllimə heç vaxt fond pulu verməmişdir. O, həmin video çəkilişi şantaj məqsədi ilə çəkmişdir. Müəllimlər öz arasında müəyyən məbləğdə yardım etmək məqsədi ilə fond pulu yığırdılar. Fond pulunun yığılması Sahilə müəllimənin göstərişi əsasında olmamışdır, onlar öz təşəbbüsü ilə fond pulunu yığmışlar. Prokurorluqda izahat verdiyi zaman izahatı yazan əməkdaş ona bildirdi ki, fond pulunun yığılmasını Sahilə müəllimənin tapşırdığı şəklində izahat versin. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı ilə oğlunun təhsil aldığı məktəbdə direktor vəzifəsində işlədiyi zaman tanış olmuşdur. Onun oğlu təhsil aldığı zaman bir direktor kimi Sahilə müəllimədən və məktəbdə işləyən müəllimələrdən çox razı olmuşdur. Belə ki, həyat yoldaşı əməliyyat oldu və bir müddət işləyə bilmədi. Sahilə müəllimə və müəllimlər öz aralarında pul yığaraq həmin dövrdə ona yardım etdilər. Onlar az təminatlı ailə olduqları üçün müəllimlər onlara yardım etməsə idi, uşaqları ac qalacaqdı. Onların sayəsində həmin çətin dövrdə evlərində yemək bişirə bilmişdir. Onlara yardımlar pul, bazarlıq və ya dərman şəklində edilirdi. Hər bir ailə ilə maraqlanırdı və kimin ehtiyacı olurdusa, ona həmin fond pulundan yığılmış vəsait hesabına yardım edirdilər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 219 nömrəli tam orta məktəbində fond pulunun yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsasında yoxlama aparılmış və yayılan məlumatlar öz təsdiqini tapmışdır.Belə ki, həmin məktəbin müəllimi İlahə Məcidovanın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baç İdarəsinə ünvanlanmış 21 iyul 2020-ci il tarixli müraciətinə əsasən yerində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, məktəbin direktoru İddiaçı hər ay müəllimlərdən qanunsuz olaraq 15 (on beş) manat pul yığılmasını təşkil etmişdir, İlahə Məcidovanın izahatından məlum olur ki, 2019-cu ilin oktyabr ayından başlayaraq məktəbin həmkarlar təşkilatının sədri İradə Həsənova və metodbirləşmə sədrlərinin vasitəsilə məktəbin müəllimlərindən fond pulu adı ilə hər ay 5 (beş) manat pul yığılmışdır. X7 izahatında bildirmişdir ki, növbəti aylarda fond pulu vermədiyinə görə, direktor tərəfindən ona əmək haqqı hesablanmamışdır. Eyni zamanda İ.Məcidova məktəbdə fond pulunun yığılmasını təsdiq edən videogörüntü və audioyazılar təqdim etmişdir. Təqdim edilmiş audioyazılar dinlənilərkən məlum olmuşdur ki, məktəbin müəllimi İradə Həsənova mart, aprel, may ayları üçün hər müəllimdən aylıq 15 (on beş) manat pul yığılmasını təşkil etmişdir. Məktəbin müəllimi İradə Həsənova izahatında bildirmişdir ki, direktor İddiaçı göstərişinə əsasən 2019-cu ilin oktyabr ayından başlayaraq metodbirləşmə sədrlərinin vasitəsi ilə müəllimlərdən pul yığılmağa başlanmışdır. Hər ay 400 (dörd yüz) manat yığılaraq məktəbin direktoruna verilmişdir. Lakin yığılan pulun təyinatı barədə onda məlumatın olmadığını qeyd etmişdir. Məktəbin direktoru İddiaçı verdiyi izahatda fond pulu adı ilə pulun yığıldığını etiraf etmiş, yığılan puldan 220 (iki yüz iyirmi) manat məktəbin kitabxanaçısına, 20 (iyirmi) manat isə xidmətçiyə ödənildiyini bildirmişdir. Lakin yığılan pulun qalan hissəsinin hara xərclənməsi baradə məlumat verməmişdir. Araşdırma zamanı verilən izahatlardan məlum olur ki, 219 nömrəli məktəbdə 2019-cu ilin oktyabr ayından başlayaraq, fond pulu adı ilə müəllimlərdən pul yığılmışdır. Eyni zamanda məktəbin müəllimi Nətavan Mehdiyevə yazmış olduğu izahatında fond pulunun yığıldığını etiraf etmiş, mart, aprel, may ayları üçün 60 (altımış) manat vəsaitin müəllimlərdən aldığını və müəllimlər otağında İradə Həsənovanın göstərişinə əsasən siyirməyə qoyduğunu təsdiq etmişdir. İş materiallarından göründüyü kimi, Təhsil Nazirliyi tərəfindən məsələyə cinayəthüquqi baxımdan qiymət verilməsi üçün prokurorluq orqanlarına da müraciət edilmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 20.11.2020-ci il tarixli təqdimatından göründüyü kimi, məktəbdə fond pulunun yığılması faktı sübut olunmuş, 2019-cu ilin oktyabr ayı üzrə 1200 (min iki yüz) manat, mart, aprel, may ayları üzrə 1500 (min beş yüz) manat pulun yığılması faktı məktəbin direktoru İddiaçı tərəfindən etiraf edilmişdir. Göründüyü kimi, iddiaçının rəhbərlik etdiyi məktəbdə pozuntu hallarına yol verməsi faktları istintaq orqanı tərəfindən də öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.03.2019-cu il tarixli əmri ilə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən Bakı şəhəri 219 saylı evdə təhsil tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur. Təhsil Nazirinin 21.04.2021-ci il tarixli, K-364 saylı əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi 21 aprel 2021-ci il tarixdən ləğv edilmişdir. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktubuna, Həmkarlar İttifaqı Komitəsinin 08.01.2021-ci il tarixli 53 nömrəli protokolundan çıxarışa, müvafiq arayış və izahatlara istinad olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qanunsuz sayan İddiaçı 21.05.2021-ci il tarixdə hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun tələbi əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin, o cümlədən Əmək Məcəlləsinin 76, 83-cü maddələrinin pozulduğunu müəyyən etdiyindən iddia tələbini əsaslı saymış və iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “vəzifə səlahiyyətlərindən sui-istifadə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Bundan əlavə məhkəmə hesab etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Lakin məhkəmə iclasında sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübariz’ Baş idarəsində aparılmış araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd əməlləri ilə əlaqədar qeyd olunan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün təqdimat Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarının iclasında müzakirə edilməsi üçün göndərilmiş, nəticə etibarilə işəgötürənin həmin araşdırmanın yekunlaşmadığı, iddiaçının əməlinə hüquqi qiymət verilmədiyi halda əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilməməlidir. Beləliklə, məktəbin müəllimlərinin təşəbbüsü ilə toplanan vəsaitin yığılmasında İddiaçı hər hansı rolu və tapşırığının olması cavabdeh tərəfindən tam araşdırılmadan iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır və onun haqlı tələbi təmin olunmaqla 21.04.2021-ci il tarixli əmr ləğv edilməli, iddiaçı işə bərpa olunmalı və ona məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Əmək Məcəlləsinin 72, 76, 78, 83, 300-cü və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, intizam xətasının mövcudluğu qəbul edilmiş olsaydı belə iddiaçının barəsində intizam tənbehi tətbiq edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələbləri də pozulmuşdur. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin maddənin 3-cü hissəsinin tələbinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. İş materiallarından görünür ki, intizam tənbehinin verilməsi üçün əsas olan hallar barədə işəgötürənə hələ 2020-ci ilin iyul ayının 23-də məlum olmuş, işəgötürən tərəfindən 2020-ci ilin sentyabr ayında xidməti araşdırma aparılmış, araşdırmanın nəticələri barədə 30.09.2020-ci il tarixdə arayış tərtib olunmuş, bu barədə prokurorluğa məlumat verilmiş, 19.10.2020-ci il tarixdə işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə münasibət bildirilməsi barədə Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərmiş, bundan 2 ay 20 gün sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsinə razılıq vermiş və yalnız bundan 3 ay 13 gün sonra işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (i.v.6, 42- 44, 69, 98). Göründüyü kimi, iddiaçının barəsində intizam tənbehi nə intizam xətasının törədildiyi gündən 6 ay ərzində, nə də onun aşkar edildiyi gündən bir ay ərzində tətbiq olunmamışdır. İşəgötürən intizam tənbehini həmin müddətlər keçdikdən sonra tətbiq etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulan iki illik müddət hazırkı mübahisəyə tətbiq oluna bilməz. Ona görə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi iddiaçının çalışdığı müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditi keçirilməmiş, eləcə də fakt üzrə cinayət işi başlanmamış, cinayət işi olmamışdır. İddiaçının inzibati qaydada cəzalandırılmasına dair də işdə hər hansı sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar