Məhkəmə qərarları › İş №2(103)-8911/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8911/2021

27.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8911/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(007)-1505/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A nömrəli yaşayış binası, mənzil 23-ün bir otağında yaşamalarına tam hüquqları olduğunu nəzərə alaraq, həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və qardaşı-Cavabdeh ünvan 1 ünvanında daimi pasport qeydiyyatındadırlar. X1 14 fevral 1994- cü ildə Füzuli uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısının 21 fevral 2011-ci il tarixli 15 nömrəli sərəncamına əsasən şəhid ailəsi kimi onlara Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,85 kv.m olan 2 otaqlı 23 nömrəli mənzil verilmişdir. Qardaşı Vasif evli olduğu üçün arvadı X3, oğlu X7 6 ilə yaxındır ki, heç bir qeydiyyatları olmadan həmin mənzildə yaşayırlar. O da artıq evlidir, qardaşına otağın birini boşaltmağı, onun da ailəsi ilə birlikdə həmin mənzilə köçüb yaşamalarını təklif etsə də, qardaşı və həyat yoldaşı bunun heç vəchlə mümkün olmayacağını bildirmişlər. X2 30 oktyabr 2020-ci ildə vəfat etmişdir, o vaxta qədər anası hüququ olduğu üçün onunla və qardaşı ilə danışmışdır ki, evi satıb hər ikisinə ayrı-ayrılıqda ev alacaq, onlar da razılaşmışlar. Məhkəmə baxışı zamanı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(007)-1505/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın 2 otaqlı 23 nömrəli mənzilinə köçürülməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçı isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilmiş üçüncü şəxslər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası izahatları dinləyib apelyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, prosessual hüquq normalarının tələbləri pozulduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə mülki işlərə baxılması zamanı ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verməlidir. İş materiallarından görünür ki, hazırki iddianın predmetini iddiaçının hüquqlarının pozulmasını aradan qaldırmaq təşkil edir. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli evin 23 nömrəli mənzilinə köçürülməsini tələb edir ki, həmin mənzil də Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşdiyindən hazırki iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməli idi. Kollegiya hesab edir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, bu da iş üzrə tərəflərin, eləcə də işdə iştirak edən digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Məhkəmə Kollegiyası qeyd edir ki, işə sübutların (yerində müayinə, şahidlərin dindirilməsi və s.) əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması zəruri olduğundan, MPM-nin 39.1-ci maddəsinə əsasən işə məhz Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Ona görə qətnamə ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılmaq üçün ərazi aidiyyətinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(007)-1505/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “mənzilə köçürülmə tələbinə dair” mülki iş aidiyyəti üzrə baxılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar