Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8914/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı ASC “Xalq” Bankına qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC “Xalq” Bankına (Bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 dekabr 2014-cü il tarixdə "xxxx" Kommersiya Bankı ASC-dən kredit götürdüyünü, 2015-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 2 dəfə qiymətdən düşməsi nəticəsində yaranan problemlərə görə Azərbaycan Respublikasının Prezidentinin problemli kreditlər barədə imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanı əsasında tətbiq ediləsi güzəştlər və vaxtı keçmiş kreditlərin restrukturiziyasiya edilməsi istiqamətində işlər görülməyə başlanıldığını, onun "xxxx" Kommersiya Bankı ASC-də olan kreditinə görə 488,49 manat kompensasiya hesablandığını, bununla bağlı X1 Palatası tərəfindən ona göndərilən bildirişdə kompensasiyanı Cavabdeh-dən götürə biləcəyinin göstərildiyini, həmin vaxt Bank tərəfindən 30 may 2012-ci il tarixdə bağlanılmış **********12 nömrəli kredit xətti müqaviləsi əsasında illik 19 faiz hesabı ilə 48 ay müddətinə 16 000 (on altı min) manat məbləğində kredit xətti açıldığını, kompensasiyanı almaq üçün 11.08.2020-ci il tarixdə "xxxx"KB Nərimanov fılalına ərizə ilə müraciət etdiyini, lakin cavab ala bilmədiyini, Bankdan aldığı hesabdan çıxarışda 488,49 manat kompensasiya məbləğinin 1985,93 faiz borcuna hesablandığını, Banka qarşı “kredit borcunun və ipoteka müqaviləsinin ləğvi, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbi ilə iddia qaldırdığını, Bakı Apelyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə bankın ona hesabladığı 2008 manat cərimə borcunun ləğv edildiyini və Bankdan 2517,61 manatın alınaraq ona ödənilməsinə qərar verildiyini, məhkəməyə müraciət edərkən Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti zamanı borcun azaldılmasına yönəldilən 488,49 manat məbləğində restrukturiziyasiya edilməsi təklif edilən məbləğin taleyinə aydınlıq gətirilməsini də tələb etməsinə baxmayaraq məhkəmənin buna münasibət bildirmədiyini, məhkəmə tərəfindən 2008 manat faiz ləğv edildiyi üçün faiz borcuna silinmiş 488,49 manat restrukturiziyasiya edilməsi təklif edilən məbləğin Bank tərəfindən ona geri qaytarılmalı olduğunu irəli sürmüş, buna görə də Bankdan 488,49 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normasını düzgün tətbiq etmədiyini, qüvvədə olan qətnamə ilə müəyyən edilən halları nəzərə almadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh bankın nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına görə, 30.05.2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X2 illik 19 faiz hesablanmaqla 48 ay müddətinə 16 000 manat məbləğində kredit xətti açılmış, İddiaçı Banka qarşı “kredit borcunun və ipoteka müqaviləsinin ləğv edilməsi, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31.07.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 30.05.2012-ci il tarixli kredit xətti müqaviləsinin və həmin müqavilə üzrə hesablanmış cərimə borcunun ləğv olunması; Cavabdeh-dən artıq ödənilmiş 16 072 (on altı min yetmiş iki) manat 61 (altmış bir) qəpik məbləğində pulun alınaraq İddiaçı ödənilməsi; 30 may 2012-ci il tarixli nömrəli ipoteka müqaviləsinin ləğv olunması və Cavabdeh qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan İsmayıllı şəhəri, N.Nərimanov küçəsindəki 16 saylı fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul vəsaitinin cavabdehə aid edilməklə, Cavabdeh-dən 145 (bir yüz qırx beş) manat pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 17.06.2020-ci il tarixli qətnaməsi ilə Bankın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin cavabdehdən tutulan artıq ödənilmiş məbləğ hissəsində qismən ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, Bankdan artıq ödənilmiş 2517,61 (iki min beş yüz on yeddi manat altmış bir qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası qaydasında İddiaçı "xxxx" ASC-yə 01.03.2019-cu il tarixinə əsas kredit borcunun 1985,93 manat olması, borcun azaldılmasına yönələn məbləğin 488,49 manat, qalıq borcun məbləğinin 1497,44 manat təşkil etməsi, restrukturizasiya olunması təklif edilən məbləğin isə 1497,44 manat olması müəyyən edilmişdir. İddiaçının iddiasına görə, Bakı Apelliyasiya Məhkəməsi tərəfindən ona hesablanmış 2008 manat faiz borcu ləğv edildiyi üçün, hesablanmış 488,49 manat kompensasiyanın borcun azaldılmasına yönəldilməsi qanunsuz olmuşdur və buna görə də həmin məbləğ Bankdan alınıb ona ödənilməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3.2-ci bəndinə görə, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmış, Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 4.3.1-ci maddəsinə əsasən kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir. İşin hallarından görünür ki, 488,49 manat kompensasiya məbləği iddiaçının qeyd etdiyi kimi faiz borcuna deyil, 1985,93 manat məbləğində olan əsas kredit borcunun azaldılmasına yönəldilmişdir; bu isə o deməkdir ki, iddiaçının irəli sürdüyü hal onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4290/2021 saylı iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8914/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8914/2021
21.10.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver