Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8918/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili İkram Seyidovun, Cavabdehin nümayəndəsi və vəkili Amil Dosiyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilə köçürülmə və həmin mənzildə payın müəyyən olunması” tələbinə dair 2(011)-5901/2020 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Amil Dosiyev tərəfindən verilmiş şikayətə xx.xx.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilə köçürülmə və həmin mənzildə payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 65 saylı evin, 5 saylı mənzilinə köçürülmələri, həmçinin azyaşlı uşaqlarının da mənafeləri nəzərə alınmaqla həmin mənzildə 2/3 pay hüququ üzrə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təminetmə tədbirinin görülməsi barədə məhkəməyə ərizə verərək, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 65 saylı evin, 5 saylı mənzilinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5901/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 65 saylı evin, 5 saylı mənzilinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Amil Dosiyev şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin hüquqi statusu barədə hər hansı sənəd olmadan, həmçinin araşdırma aparmadan, iddiaçının mənzilin alınmasında rolunu və payını, mübahisəli mənzilin ipoteka predmeti olduğunu, həmin mənzilin uzunmüddətli ipoteka krediti ilə güzəştli şərtlərlə alındığını, bankın icazəsi olmadan mənzilin özgəninkiləşdirilməsinin mümkün olmadığı nəzərə alınmadan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 65 saylı evin, 5 saylı mənzilinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Cavabdehin təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1). İddianı təmin etmək üçün müəyyən hərəkətləri cavabdehə qadağan etmək barədə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Baxılan iş üzrə iddiaçının tələbi həmçinin, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsidir. İddianı təmin etmə tədbiri qismində mübahisəli yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə tədbirin görülməməsi qeyd edilən tələb üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və (ya) qeyri-mümkün edə bilər. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2011-ci il tarixdə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “Kredo” Vəkil Bürosuna ünvanlandığı xx.xx.2020ci il tarixli, № **********4 saylı məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 65 saylı evin, 5 saylı mənzili notarius tərəfindən təsdiq edilmiş 4Ə- 01-349 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5901/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8918/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8918/2020
01.12.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver