Məhkəmə qərarları › İş №2(103)-8921/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8921/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8921/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(004)- 4958/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin icra edilməsi və müqavilədə göstərilmiş sahəsi 200 kv.m olan ünvan 1 ünvanında yerləşən sahənin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə qətnamə qəbul edilənədək cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daxil olmaqla istifadə etməyinə cavabdeh tərəfindən maneçilik yaradılmasının qadağan edilməsinə və həmin sahədən istifadə etməyinə şərait yaradılmasının cavabdehə həvalə edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4958/2021 saylı, 17.07.2021-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin edilmiş, 03.09.2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş ünvan 2 ünvanında yerləşən icarəyə götürülmüş əmlakdan İddiaçı tərəfindən istifadə edilməsinə Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması qadağan edilmişdir. Cavabdeh şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4958/2021 saylı, 17.07.2021-ci il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətə baxılması üçün 7 gün müddətində Bakı şəhəri Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər icarə haqqını vaxtında ödəsə də, sonradan pandemiya dövründə ödənişləri etməmişdir. O da, mövcud vəziyyətdə iddiaçıya bir müddət güzəşt etsə də, sonradan iddiaçının pandemiya dövründə repetitor fəaliyyəti ilə məşğul olması, buna görə bank kartına ödənişlər də həyata keçirilirdiyi müəyyən olunmuşdur. Buna baxmayaraq, iddiaçı ona müqavilə üzrə razılaşdırılmış icarə haqqını ödəmirdi. Bundan başqa, övladı ödənişli əsaslarla təhsil aldığına görə təhsil haqqını ödəyə bilmək üçün yaşadığı mülkiyyətində olan 3 otaqlı mənzilin bir otağı iddiaçının icarəsinə repetitor fəaliyyəti ilə məşğul olmaq məqsədilə verilmişdir və iddiaçı onun da övladlarının birinə aylıq ödənişi 200 manat olmaqla dərs keçirdi. Mənzili icarəyə verərək özü də başqa evdə kirayə qalırdı. Mənzilin digər otaqları isə repetitor fəaliyyəti ilə məşğul olan başqa şəxslərə icarəyə verilmişdir. İddiaçı həmin şəxslərlə də dava-dalaş etmiş və onlar icarə müqaviləsini ləğv etmişlər ki, bununla da ona zərər vurulmuşdur. İddiaçı həmçinin binanın mühafizəçisi ilə də dəfələrlə mübahisə etmişdir. Bütün bunlar aralarındakı müqavilənin onun tərəfindən birtərəfli qaydada xitamı ilə nəticələnmişdir. Müqaviləyə xitam verilməsi ilə bağlı 16 oktyabr 2020-ci il tarixdə iddiaçıya ərizə də ünvanlanmışdır. Həmin ərizə iddiaçı tərəfindən rəsmi qaydada qəbul edilsə də, ərizəyə heç bir münasibət bildirməmiş və etiraz etməmişdir. Həmçinin, idddiaçı məhkəməni aldadaraq mülkiyyətində olan mənzilin iddia ərizəsində qeyri-yaşayış sahəsi olduğunu qeyd etmiş və iddianı təmin etmə tədbiri barədə ərizə də təqdim etmişdir, bu da məhkəmə tərəfindən yalnış olaraq qərar qəbul edilməsinə səbəb olmuşdur. 2021-ci ilin may ayında iddiaçı əşyalarını da götürərək həmin mənzildən çıxıb getmiş və o, bundan sonra yenidən mənzilinə geri qayıdaraq ailəsi ilə orada yaşamağa başlamışdır, bu halda iddianı təmin etmə tədbiri barədə ərizə əsassız olaraq təmin edilmişdir. İş üzrə yekun qərar çıxarılanadək iddiaçının ona məxsus olan sözügedən mənzildən istifadə etməsi təkcə onun deyil, digər şəxslərin də hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Eyni zamanda hesab edir ki, iddiaçının ünvan 3 ünvanında yerləşən sahədən istifadəsinə qoyulan qadağanın aradan qaldırılması barədə qərardad qəbul etməklə işə baxan hakim iddianın mahiyyəti üzrə əvvəlcədən öz münasibətini ifadə etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(004)- 4958/2021 saylı qərardadı ilə şikayət təmin edilmiş, 03.09.2019-cu il tarixli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş ünvan 2 ünvanında yerləşən icarəyə götürülmüş əmlakdan İddiaçı tərəfindən istifadə edilməsinə Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması qadağan edilməsinə dair iddianı təmin etmə tədbiri barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4958/2021 saylı, 17.07.2021-ci il tarixli qərardadı ləğv edilmişdir. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini, əks təqdirdə şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün hakim cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Məcəllənin 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün hakim mübahisə predmetinə aid olan müəyyən hərəkətlərin edilməsini başqa şəxslərə qadağan edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “... iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər... Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir." Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizədə iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətin və ya mümkünsüz edə biləcək hallar iddiaçı tərəfindən əsaslandırılmamış və həmin halları sübut edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə həmçinin iddianın təmin tədbiri barədə ərizəni ləğv edərkən, həm də ərizənin təmin olunmasının sözü gedən əmlakın mülkiyyətçisinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olacağını da nəzərə almışdır. Belə ki, işin halları ilə mübahisəli əmlakın qeyri-yaşayış deyil, yaşayış sahəsi olmaqla hazırda cavabdehin ailə üzvlərinin istifadəsində olması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Hazırki halda qeyd edilən iddianın təmin tədbirinin təmin edilməsini zəruri edən hər hansı əsas yoxdur. Kollegiya qeyd edir ki, iddiaçının şikayətinin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(004)-4958/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar