Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8926/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(004)-4778/2021 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 850,81 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(004)- 4478/2021 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həmin qərardaddan şikayət verilərərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı qəbul edərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinad edərək iddiaya məhkəmə qaydasında baxılmalı olmadığı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinə əsasən tələbin icraya yönəldilməsi barədə qərar qəbul edilməli olduğunu qeyd etmişdir. Bu zaman məhkəmə tərəfindən iddia ərizəsində qeyd edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə ümumiyyətlə münasibət bildirilməmişdir. Halbuki, həmin Qanunun qeyd olunan 39.4-cü maddəsi artıq alınmış pensiya məbləğinin məhkəmə qaydasında qaytarılmasını birbaşa müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinə əsasən Mərkəzi Filial tərəfindən qərar qəbul edilməsi isə elə həmin Qanunun 2.0.7-ci maddəsində də göstərildiyi kimi inzibati orqan kimi Mərkəzi Filiala diskresion səlahiyyət verən norma olaraq qəbul edilməlidir və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə uyğun qaydada məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Əlavə olaraq bildirilir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Qeyd olunan halda, mübahisənin predmetini əmək pensiyalarının müəyyən edilməsi sahəsində yaranmış hüquqi mübahisə təşkil etdiyindən, bu sahədə sahəvi normativ akt kimi çıxış edən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi mübahisə doğurmur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(004)-4778/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şəxsə əsassız ödənilmiş məbləğin qaytarılması ilə bağlı məsələ iddiaçının özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün iddiaçı göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, tələb olunan borcun məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.4-cü maddəsinə görə Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. İddia ərizəsindən göründüyü kimi iddiaçı artıq ödənilmiş vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən görünür ki, ödənilib qurtarmamış borcun qaytarılmasının iki variantı (könüllü və ya məhkəmə qaydasında) mümkündür. Göründüyü kimi, qanunla hazırkı halda inzibati orqanın ödənilib qurtarmamış borcun qaytarılmasına dair qərar qəbul etmək səlahiyyətləri verilməmişdir. Cavabdeh hazırki halda borcun könüllü ödənilməsindən boyun qaçırır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 sentyabr 2011-ci il tarixli Qərarında deyilir ki, "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələbi baxımından inzibati orqanın ödənilib qurtarmamış borcun qaytarılmasına dair qərar qəbul etmək səlahiyyət verilmədiyindən və cavabdehin hazırki halda borcun könüllü ödənilməsindən imtina etdiyindən iddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(004)-4778/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 2(004)- 4778/2021 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8926/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8926/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver