Məhkəmə qərarları › İş №2(103)-8927/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8927/2021

06.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8927/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(004)- 4870/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 9B ünvanında yerləşən 40 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(004)- 4870/2021 saylı qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilmiş və İddiaçı müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 02.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, qərardad qanunsuz və əsassızdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına istinad edərək, belə nəticəyə gəlmişdir ki, hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana, həmin orqan tərəfindən imtina edildiyi halda inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət etməsi izah olunmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. İddia ərizəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 40 saylı mənzil hazırda xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin mənzildə cavabdeh 1994cü ildən qeydiyyatdadır, lakin heç bir zaman orada yaşamamış, mənzildən istifadə etməmişdir. Cavabdeh anası ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Hazırda iddiaçının tələbi cavabdehin mənzildən istifadə hüququna xitam verilməsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, X1 küçəsi ev 9B ünvanında yerləşən 40 saylı mənzil İddiaçı adına 06 iyul 2021-ci ildə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** qeydə alınma nömrəsi ilə qeydiyyat aparılmışdır. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının adına 06.07.2021-ci il tarixdə qeydiyyatdan keçirilmişdir, cavabdeh isə 1994-cü ildən həmin mənzildə qeydiyyatdadır, yəni cavabdeh mənzilə qeydiyyata alındığı zaman iddiaçı mənzilin mülkiyyətçisi olmamışdır. Kollegiya hesab edir ki, iddia ərizəsi icraata qəbul edilib müvafiq araşdırma aparılmadan cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olub-olmamasına qiymət vermək mümkün deyil. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(004)-4870/2021 saylı qərardad ləğv edilsin və İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar