Məhkəmə qərarları › İş №2(103)-893/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-893/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-893/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s. tələbləri barədə” birgə iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 fevral 2019-cu il tarixli qətnamədən İddiaçı1 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı1, onun vəkili (nümayəndəsi) X3, Cavabdeh1, onun vəkili (nümayəndəsi) X4, iş üzrə üçüncü şəxs olan “xxxx” X9 Səhmdar Cəmiyyətinun nümayəndəsi X1, tərcüməçi X2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizələr ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 10, mənzil 117-yə (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 67, M6 mənzil 3) dair iddiaçı (satıcı) İddiaçı2 ilə cavabdeh (alıcı) Cavabdeh1 arasında bağlanmış 04.11.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, bu müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra – DƏDRX) tərəfindən Cavabdeh1 adına verilmiş “Dövlət reyestrindən çıxarışın” ləğv edilməsi, cavabdeh (satıcı) Cavabdeh1 ilə cavabdeh (alıcı) Cavabdeh2 və iş üzrə üçüncü şəxs olan (kreditor, ipoteka saxlayan) “xxxx” KB ASC arasında mübahisəli mənzilə dair bağlanmış 07.06.2018-ci il tarixli “alğı-satqı və ipoteka müqaviləsinin” etibarsız edilməsi, bu müqavilə əsasında DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş “Dövlət reyestrindən çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi qəbul etdiyi 28.02.2019-cu il tarixli qətnamə (İş № 2(006)-825/2019) ilə iddia tələbinin təmin edilməməsini qət etmişdir. İddiaçı1 həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 31.07.2019-cu il tarixli qətnamə (İş № 2(103)-9060/2019) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini, iddiaçılar tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddianın tam həcmdə təmin edilməsini qət etmişdir. İş üzrə üçüncü şəxs olan “xxxx” KB ASC-nin və cavabdehlərin verdikləri kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 11.12.2019-cu il tarixli qərar (İş № 2(103)-7350/2019) ilə kassasiya şikayətlərinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin ləğv edilməsini və işə apellyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır. İddiaçı1 həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 26.02.2020ci il tarixli qətnamə (İş № 2(103)-2347/2020) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. İddiaçı1 verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 22.09.2020-ci il tarixli qərar (İş № 2(103)-4851/2020) ilə kassasiya şikayətlərinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin qismən, yəni “mübahisəli mənzilə dair iddiaçı (satıcı) İddiaçı2 ilə cavabdeh (alıcı) Cavabdeh1 arasında bağlanmış 04.11.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, bu müqavilə əsasında DƏDRX tərəfindən Cavabdeh1 adına verilmiş “Dövlət reyestrindən çıxarışın” ləğv edilməsi barədə” tələbin təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə işə apellyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qərara alınmışdır. Göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilir: - “mübahisəli mənzilə dair cavabdeh (satıcı) Cavabdeh1 ilə cavabdeh (alıcı) Cavabdeh2 və iş üzrə üçüncü şəxs olan (kreditor, ipoteka saxlayan) Bank arasında bağlanmış 07.06.2018-ci il tarixli “alğı-satqı və ipoteka müqaviləsinin” etibarsız edilməsi, bu müqavilə əsasında DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş “Dövlət reyestrindən çıxarışın” ləğv edilməsi barədə” tələb və bu tələbin rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə artıq apellyasiya baxışının predmetini təşkil etmir; - hazırki apellyasiya baxışının predmetini “mübahisəli mənzilə dair iddiaçı (satıcı) İddiaçı2 ilə cavabdeh (alıcı) Cavabdeh1 arasında bağlanmış 04.11.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, bu müqavilə əsasında DƏDRX tərəfindən Cavabdeh1 adına verilmiş “Dövlət reyestrindən çıxarışın” ləğv edilməsi barədə” tələb və bu tələbin rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticədir. Bu səbəbdən mülki qeyd edilən hissədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən işə apellyasiya qaydasında yenidən baxılır. Apellyasiya baxışının predmetini təşkil edən hissədə iddia tələbi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən İddiaçı1 verdiyi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ər-arvad olan iddiaçılar İddiaçı1 ilə İddiaçı2 birgə nikahları dövründə, onların birgə vəsait hesabına əldə olunmuş və “Daşınmaz əmlakın dövlət reyestrində” yalnız İddiaçı2 adına qeydə alınmışdır. 2017-ci ilin sonlarında iddiaçıların pula ehtiyacları yaranmış və onlar faizə borc verən Cavabdeh1 ilə razılığa gəlmişlər ki, Cavabdeh1 onlara borca pul verir. Borc verilən zaman Cavabdeh1 tələb etmişdir ki, borcun qaytarılmasının təminatı olaraq iddiaçılar onunla mənzilə dair “Alğısatqı müqaviləsi” bağlasınlar. Cavabdeh1 bildirirdi ki, müqavilə formal olaraq bağlanır. İddiaçıların pula kəskin ehtiyacları olduğu üçün Cavabdeh1 ilə razılamışlar. Bu məqsəd ilə İddiaçı2 ilə Cavabdeh1 arasında 04.11.2017-ci il tarixdə formal olaraq “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Bununla kifayətlənməyən Cavabdeh1 daha sonra tələb etmişdir ki, onunla İddiaçı1 arasında borc müqaviləsi bağlansın və İddiaçı1 etiraf etsin ki, ondan 80.000 manat məbləğində borc almışdır. A.Əlievanın təkidi nəticəsində və çıxılmaz vəziyyətdə olduğu üçün İddiaçı1 12.02.2018-ci il tarixdə qeyd edilən məbləğ ilə bağlı “Kredit müqaviləsi” bağlamışdır. Qeyd edilən həmin “Kredit müqaviləsinin” mövcudluğu və mənzilin qiymətinin 120.000 manatdan çox olduğu halda “Alğı-satqı müqaviləsində” mənzilin qiymətinin 51.000 manat kimi göstərilməsi, “Alğı-satqı müqaviləsi” bağlandıqdan sonra mənzil Cavabdeh1 təhvil verilməməsi və mənzil iddiaçıların istifadəsində qalması onu təsdiq edir ki, “Alğı-satqı müqaviləsi” formal olaraq bağlanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi işin hallarını nəzərə almamışdır. İddiaçı1 və onun vəkili (nümayəndəsi) İ.Rüstəmov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İddiaçı2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh1 və onun vəkili (nümayəndəsi) Y.Məmmədli apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər. Onların iddia tələbinə və apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, 2017-ci ilin sonlarında Cavabdeh1 ilə İddiaçı1 (mübahisəli) mənzili alğı-satqısı ilə bağlı söhbət olmuşdur. Mənzilin qiyməti Cavabdeh1 qane etdiyindən o, mənzili iddiaçılardan almışdır. Bu məqsəd ilə Cavabdeh1 ilə İddiaçı2 arasında 04.11.2017ci il tarixli “Alğı-satqı müqaviləsi” bağlanmış və Cavabdeh1 mənzilin aralarında şərtləşdirilmiş dəyərini – 51.000 manatı iddiaçılara ödəmişdir. Mənzilin alğı-satqısı ilə İddiaçı1 Cavabdeh1 borc alması arasında heç bir bağlılıq yoxdur. İddiaçı tərəfin mənzilin qiyməti ilə bağlı irəli sürdüyü dəlil əsaslı hesab edilə bilməz, çünki alğı-satqının predmetinin qiyməti ilə bağlı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qanunda nəzərdə tutulmayıb. İddiaçıların irəli sürdükləri digər dəlil, yəni müqavilə bağlandıqdan sonra mənzilin Cavabdeh1 təhvil verilməməsi barədə dəlil də, əsassızdır. Belə ki, Cavabdeh1 ilə iddiaçılar arasında razılıq olmuşdur ki, iddiaçılar azyaşlı uşaqları ilə birlikdə mənzildə yaşadıqları üçün, mənzildə yaşamağa davam etsinlər. Cavabdeh1 buna ona görə razılıq vermişdir ki, onunla iddiaçılar arasında artıq yaxın münasibətlər yaranmış və onun özünün yaşamaq üçün mənzili var idi. İddiaçıların istinad etdikləri və Cavabdeh1 ilə İddiaçı1 arasında 12.02.2018-ci il tarixdə bağlamış “Kredit müqaviləsinə” gəldikdə isə qeyd edilməlidir ki, həmin müqavilə ilə İddiaçı1 Cavabdeh1 aldığı 80.000 manat məbləğində borc ilə onlar arasında bağlanmış “Alğı-satqı müqaviləsi” ilə heç bir əlaqə yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı1 həmin “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi ilə bağlı iddiasının rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İş üzrə üçüncü şəxs olan “xxxx” KB ASC-nin nümayəndəsi İ.Şahverdiyev apellyasiya baxışı iclasında iştirak edərək bildirdi ki, hazırki apellyasiya baxışının predmetini təşkil edən iddia tələbi Bankın maraqlarına toxunmur və bu səbəbdən Bank, həmin tələbin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin bildirdiklərindən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iş üzrə iddiaçılar İddiaçı1 ilə İddiaçı2 nikahdadırlar. Mübahisəli mənzil iddiaçıların birgə nikahları dövründə, onların birgə vəsait hesabına əldə olunmuş və “Daşınmaz əmlakın dövlət reyestrində” yalnız İddiaçı2 adına qeydə alınmışdır. Onların birgə nikahları dövründə, yəni 04.11.2017-ci il tarixdə iddiaçı (satıcı) İddiaçı2 ilə cavabdeh (alıcı) Cavabdeh1 arasında mənzilə dair “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqavilə İddiaçı1 razılığı ilə və notarial qaydada bağlanmışdır. Müqavilədə mənzilin qiyməti 51.000 manat göstərilmişdir. Həmin məbləğ Cavabdeh1 tərəfindən iddiaçılara ödənilmişdir. DƏDRX tərəfindən verilmiş 09.02.2018-ci il tarixli, RX seriyalı, ******* №-li “Dövlət reyestrindən çıxarışdan” görünür ki, mübahisəli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətində olan daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmışdır. İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 12.02.2018-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, İddiaçı1 80.000 manat məbləğində pulu, 3 ay ərzində qaytarmaq şərti ilə Cavabdeh1 götürmüşdür. İddiaçılar bildirirlər ki, İddiaçı1 həmin “Kredit müqaviləsini” Cavabdeh1 təkidi nəticəsində və çıxılmaz vəziyyətdə olduğu üçün bağlamışdır. Qeyd edilən həmin “Kredit müqaviləsinin” mövcudluğu təsdiq edir ki, İddiaçı2 ilə Cavabdeh1 arasında mənzilə dair təxminən 3 ay əvvəl “Alğı-satqı müqaviləsi” formal olaraq bağlanmışdır. Hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş (İddiaçı2 rəfiqəsi) X7 və (İddiaçı1 atasının dostu) X6 verdikləri ifadələrində bildirmişlər ki, O.Əsəgərova pul lazım olduğundan o, Cavabdeh1 51.000 manatı borc almışdır. İddiaçı1 arvadı İddiaçı2 ilə Cavabdeh1 arasında “Alğı-satqı müqaviləsi” formal olaraq bağlanmışdır. Belə ki, O.Əsəgərov borcu qaytardıqdan sonra Cavabdeh1 mənzili qaytarmalı idi. İddiaçıların bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçıların məhkəmələrə bildirdiklərindən yanaşdıqda müəyyən edilir ki, onlar, İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2017-ci il tarixli “Alğı-satqı müqaviləsinin” onlar ilə Cavabdeh1 arasında həmin ərəfədə şifahi formada bağlanmış kredit və ipoteka müqavilələrin pərdələmək niyyəti ilə bağlanmasını bildirdikləri kimi, 12.02.2018-ci il tarixli “Kredit müqaviləsindən” eyni məqsəd ilə bağlanmasını bildirirlər. Lakin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4393/2019 saylı iş üzrə qəbul etdiyi 04.09.2019-cu il tarixli və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14314/2019 saylı iş üzrə qəbul etdiyi 18.12.2019-cu il tarixli qətnamələrdən görünür ki, İddiaçı1 həmin “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh1 qarşı irəli sürdüyü iddiası təmin edilməmişdir. İş üzrə kassasiya şikayəti verilməmişdir (həmin qətnamələr hazırki apellyasiya icraatı zamanı təqdim edilmişlər). Həmin qətnamə ilə müəyyən edilmişdir ki, 12.02.2018-ci il tarixli “Kredit müqaviləsi” İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2017-ci il tarixli “Alğı-satqı müqaviləsinin” onlar ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış kredit və ipoteka müqavilələrin pərdələmək niyyəti ilə bağlanmamışdır. Göstərilənləri və Rayon Məhkəməsi tərəfindən dindirilmiş şahidlərin iddiaçılar ilə yaxın münasibətlərdə olmasını nəzərə alan Məhkəmə bildirir ki, iddiaçıların müzakirə edilən dəlili İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2017-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Mübahisəli mənzilin alğı-satqısına dair İddiaçı2 ilə Cavabdeh1 arasında 04.11.2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb edən iddiaçılar, həmin müqavilənin borc müqaviləsinin təminatı kimi bağlandığını, əslində Cavabdeh1 mənzili satmaq niyyətlərinin olmamasını iddia edirlər. Onlar qeyd edirlər ki, mübahisəli mənzilin qiymətinin 120.000 manatdan yuxarı olduğu halda, 51.000 manata satılması inandırıcı və ağlabatan deyil. Bu hal da müqavilənin borcun qaytarılmasının təminatı olaraq bağlandığına dəlalət edir. Bunu bildirən iddiaçılar daşınmaz əmlakların alğı-satqısı ilə məşğul olan ixtisaslaşdırılmış internet resurslarına, habelə həmin mənzilə dair İddiaçı2 hazırki iş üzrə tərəf olmayan başqa şəxslə bağladığı 25.02.2017-ci il tarixli “İpoteka müqaviləsinə” istinad edirlər. Qeyd edilən müqavilədən görünür ki, mübahisəli mənzilin qiyməti 120.000 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Əqdlərin etibarsızlığı” adlı 14-cü fəsilində hər hansı bir əmlaka dair bağlanmış alğı-satqı müqaviləsinin əmlakın dəyərinin yüksək və ya az göstərilməsi səbəbindən etibarsız hesab edilməsi barədə göstəriş nəzərdə tutulmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, alğı-satqının predmeti olan əmlakın qiyməti müqavilə tərəflərin razılaşması ilə müəyyən edilir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçıların mənzilin qiyməti ilə bağlı əsas gətirdikləri dəlil də əsassızıdır. İddiaçıların daha bir dəlili ondan ibarətdir ki, mənzilə dair “Alğı-satqı müqaviləsi” bağlandıqdan sonra mənzil Cavabdeh1 təhvil verilməmiş və onların istifadəsində qalmışdır ki, bu hal onu təsdiq edir ki, “Alğı-satqı müqaviləsi” formal olaraq bağlanmışdır. Cavabdeh1 isə bildirir ki, onunla iddiaçılar arasında razılıq olmuşdur ki, iddiaçılar azyaşlı uşaqları ilə birlikdə mənzildə yaşadıqları üçün, mənzildə yaşamağa davam etsinlər. O, buna ona görə razılıq vermişdir ki, onunla iddiaçılar arasında artıq yaxın münasibətlər yaranmış və onun özünün yaşamaq üçün mənzili var idi. Buna görə də, o, mənzilin boşaldılmasını tələb etmirdi. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığının əsaslarını müəyyən edən 14-cü fəslində qeyd edilən əsasa, yəni alğı-satqı predmetinin satıcı tərəfindən alıcı tərəfə təhvil verilməməsi səbəbindən alğı-satqı barədə əqdin etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçıların bu dəlil də əsassızıdır. Ali Məhkəməsinin Mülki Kollegiyası hazırki iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilən 22.09.2020-ci il tarixli qərarında göstərmişdir ki, işə ilkin olaraq apelyasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən Cavabdeh1 apelyasiya şikayəti ilə razılaşmayaraq vermiş olduğu izahatdan (səhvə 156) görünür ki, o, məhkəməyə bildirmişdir ki, İddiaçı1 ondan 2 ildən artıqdır ki, borc götürsə də, borcunu qaytarmamış, həmin borcun təminatı olaraq iddiaçı T.Əsgərov ilə onun arasında mənzilə dair formal “Alğı-satqı müqaviləsi” bağlanmış, sonradan İddiaçı1 razılığı ilə həmin mənzil onun tanışı olan Cavabdeh2 adına 25 il müddətinə ipotekaya qoyulmuş, hazırda İddiaçı1 ona 105.000 manat məbləğində borcu qalmışdır. 2 ildir ki, İddiaçı1 ona olan borcunu qaytarmaqdan boyun qaçırır və mənzildən çıxmır. İddiaçı1la razılıq belə olmuşdur ki, ona olan 105.000 manat məbləğində borcu qaytara bilməyəcəyi təqdirdə, mənzil 130.000 manata satılacaqdır. Hazırkı vaxta qədər İddiaçı1 tərəfindən borcun qaytarılması üçün hər hansı hərəkət edilmədiyi üçün mübahisəli mənzili satmaq (ipoteka hüququ ilə) qərarına gəlmişdir. Ona görə Cavabdeh2 taparaq mənzili sonuncuya satmış və mənzilin satışından əldə olunan vəsaiti bankdan götürmüşdür. Lakin buna baxmayaraq İddiaçı1 ona yenə borcu qalmışdır. Çünki İddiaçı1 vəd etmişdir ki, mənzil 130.000 manata satılacaq və bütün məbləğ ona veriləcəkdir. Ali Məhkəməsinin Mülki Kollegiyası bildirmişdir ki, işə apellyasiya qaydasında ikinci dəfə baxmış apellyasiya instansiya məhkəməsi Cavabdeh1 bu kimi izahatına hüquqi qiymət verməmişdir. Bununla bağlı Cavabdeh1 vəkili (nümayəndəsi) bildirdi ki, Cavabdeh1 həqiqi niyyəti mənzil almaq olmuşdur. Lakin iddiaçılar onlar ilə Cavabdeh1 arasında mənzilin alğısatqısından başqa borc münasibətlərin olmasından sui-istifadə edərək, mənzilə dair bağlanmış “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edil məsinə çalışırlar. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh1 demək olaraq ki, azərbaycan dilini bilmir. Cavabdeh1 ana dili rus dilidir, buna baxmayaraq işə ilk dəfə baxmış apellyasiya instansiya məhkəməsi Cavabdeh1 tərcüməçi ilə təmin etməmişdir. Buna görə də, Cavabdeh1 həmin izahatı etibarlı sübut kimi qiymətləndirlə bilməz. Cavabdeh1 əlavə olaraq bildirdi ki, o, azərbaycan dilini demək olar ki bilmir. İşə məhkəmələrdə baxılan zaman tərcüməçidən istifadə etmək hüququnun olduğunu bilməmişdir. O, kassasiya instansiya məhkəməsində işə baxılan zaman vəkildən öyrənmişdir ki, belə bir hüququnun olduğunu bildirmiş və ondan sonra məlum olmuşdur ki, onun tərcüməçinin xidmətindən istifadə etmək hüququ pozulmuşdur. O, qeyd edilən izahatı verməmişdir. Əslində isə, o, mənzilinin söküləcəyini bildiyi üçün mənzil almaq qərarına gəlmiş və bir müddət mənzil axtarmışdır. İddiaçıların mənzilini tapmış və bəyənərək almaq qərarına gəlmişdir. O, iddiaçılar ilə razılaşmışdır ki, mənzili 130.000 manata satın ala bilər. Bundan sonra, o, iddiaçılara qeyd edilən məbləği hissə-hissə ödəmişdir. 80.000 manat məbləğində pulu isə İddiaçı1 ondan borc almışdır. Həmin məbləğin alğı-satqıya aidiyyətı yoxdur. İddiaçı1 və onun vəkili (nümayəndəsi) müzakirə edilən məsələ ilə bağlı Məhkəməyə bildirdilər ki, Cavabdeh1 azərbaycan dilini mükəmməl olaraq bilir və onlar, bu halı təsdiq edə biləcək video yazılışı Məhkəməyə təqdim edəcəklər. Məhkəmə, işə ilk dəfə apellyasiya qaydasında baxılarkən tərtib edilmiş məhkəmə iclas protokolunda Cavabdeh1 əks olunmuş izahata əsaslanan kassasiya instansiya məhkəməsinin göstərişləri ilə bağlı həmin məsələyə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 45-ci maddəsinin mənasına görə, hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. İş materiallarından görünür ki, Cavabdeh1 pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ təmin olunmamışdır. Bundan başqa iddiaçı tərəf Cavabdeh1 azərbaycan dilini mükəmməl olaraq bildiyini təsdiq edə biləcək video yazılışın təqdim edilməsini bildirsə də, işin təxirə salınmasına baxmayaraq həmin sübut Məhkəməyə təqdim edilməmişdir. MPM-nin 11.2-ci maddəsinə görə, işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Bu baxımdan Məhkəmə hesab edir ki, işə ilk dəfə apellyasiya qaydasında baxılarkən tərtib edilmiş məhkəmə iclas protokolunda Cavabdeh1 əks olunmuş izahatı sübut kimi qəbul edilə bilməz. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məcəllənin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri kifayət qədər aydın və səlis olduğundan iddiaçının həmin müqavilənin şərtlərini başa düşməmə ehtimalı ağlabatan deyil. “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Qanun tələbindən göründüyü kimi, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmasın. Lakin işin faktiki hallarından müəyyən olunur ki, tam fəaliyyət qabiliyyətli olan hər iki tərəf sərbəst iradə ifadəsi ilə və qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməklə aralarında olan alqı-satqı münasibətlərinin rəsmiləşdirilməsi üçün razılaşmış və bu barədə müqavilə bağlamışlar. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan halın əksi, yəni alğı-satqı müqaviləsinin yalan əqd olması sübuta yetirilmir. Belə ki, iddiaçılar müqavilənin etibarsızlığını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, qanunvericiliklə bu xüsusatı sübuta yetirmək vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onu ödəmiş şəxsin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar