Məhkəmə qərarları › İş №2(103)-893/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-893/2024

01.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-893/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə (1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsinə) qarşı iş üzrə (Açar sözlər: əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, xəstəlik vərəqəsi üzrə ödənişlərin və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “Azneft” İstehsalat Birliyinin (1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi) vəkili və nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinə (1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə) qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, xəstəlik vərəqəsi üzrə ödənişlərin və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən cavabdeh “Azneft” İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2020-ci il tarixli, 510 nömrəli əmək müqaviləsinə əsasən SOCAR “Azneft” İstehsalat Birliyi 5 saylı Texnoloji Nəqliyyat Departamentinin direktoru X3 İddiaçı arasında həmin tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixinədək 1 il müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı SOCAR “Azneft” İstehsalat Birliyi 5 saylı Texnoloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinisti peşəsinə işə qəbul edilmişdir.

2. 150-ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrə əsasən SOCAR “Azneft” İstehsalat Birliyi 5 saylı Texnoloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinisti peşəsində işləyən İddiaçı 33 təqvim günü, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək məzuniyyəti verilmişdir.

3. Əmək qabilliyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı pielosistit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, enferokolio diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 02088133 nömrəli əmək qabiliyyətinin olmaması,sanozit duodenit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ******* nömrəli əmək qabiliyyətinin olmaması, arterial hiperteuziya ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, sinlit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, ureit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, rental fustula diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, burun çəpəri əyriliyi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, xroniki qastritin kəskinləşməsi diaqnozu ilə xx.xx.2022-ci il tarixidən xx.xx.2022-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, bel-oma fəqərələrinin osteoxandrozu disk yerdəyişməsi diaqnozu ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, sol tərəfli böyrək xəstəliyi diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* nömrəli əmək qabiliyyətinin olmaması xx.xx.2022ci il tarixdən pararektal festula diaqnozu ilə ******* nömrəli əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələri açılmışdır.

4. xx.xx.2022-ci il tarixli akta əsasən 1 sayi İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin işçisi İddiaçı Bəhmar oğlunun yazılı və elektron müraciətləri əsasında yaşadığı ünvan 1 ünvanına gedilmiş və yaşadığı ünvanda olmadığı müəyyən edilmişdir. Harada olmasının müəyyən edilməsi məqsədi ilə istifadəsinə olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış və onun ünvanında olduqlarını bildirmişlər. O, evdə olmadığını təxminən 30 dəqiqə müddətində gələ biləcəyi bildirmişdir. Qeyd etdiyi vaxta gəldikdən sonra onla söhbətlər aparılmış və poçt vasitəsilə ona ünvanlanmış məktubların geri qaytarıldığı üçün hər biri ona təqdim edilərək idarə aparatına gəlməsi bildirilmişdir. İddiaçı Bəhmən oğlu idarə aparatına gələrək onunla müvafiq söhbətlər aparılmış və söhbət əsnasında “Azneft” İB-nin işçinin başqa işə keçirilməsi haqqında siyahı təqdim olunaraq onun 2 saylı A və XTS-də avtomobillərin təmiri üzrə çilingər peşəsi təklif edilmişdir. İddiaçı bu təklifi qəbul etmədiyini bildirərək quyuların sementlənməsi üzrə maşinist yəni işlədiyi peşə üzrə işləmək istədiyini bildirmişdir. Belə olan halda tərəflər arasında bağlanmış müqavilə onun uzun müddətdir xəstəlik vərəqəsi üzrə işə çıxmamadığından qüvvədə olması nəzərə alınaraq həmin peşə üzrə işə çıması təklif edilmişdir. Əlavə olaraq İddiaçı nəzərinə çatdırılmışdır ki, xx.xx.2021-ci il tarixdən bu günədək ona 5 dəfə müxtəlif peşələr üzrə iş təklif edilsə də, o, qəbul etməkdən imtina etmişdir. Sonda İddiaçı xx.xx.2022-ci il tarixdə quyuların sementlənməsi üzrə maşinist peşəsində işləmək üçün işə çıxacağını bildirmişdir.

5. xx.xx.2022-ci il tarixli akta əsasən 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika idarəsinin işçisi İddiaçı ilə xx.xx.2022-ci il tarixdə edilmiş söhbət əsasında o, xx.xx.2022-ci il tarixdən quyuların sementlənməsi maşinisti peşəsi üzrə işə çıxacağını bildirsə də, işə çıxmamış və onun istifadəsində olan 050-457- 59-56 mobil nömrəsi ilə əlaqə saxlanılmasına cəhd edilsə də, o, mobil telefonunu söndürmüş əlaqə saxlamaq mümükün olmamışdır.

6. “Azneft” İstehsalat Birliyinin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 17 nömrəli, xx.xx.2022-ci il tarixli əmək pozuntusuna münasibətin bildirilməsi haqqında məktubuna cavab məktubunda qeyd edilmişdir ki, 1 saylı A və XTS-nin quyuların sementlənməsi peşəsi üzrə maşinisti vəzifəsində çalışan İddiaçı yaşadığı evə baxış keçirilərək onun səhhəti ilə maraqlanılmış və qeyd olunan məsələ ilə bağlı İdarə aparatına gəlməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə İdarə aparatına gəlmiş onunla söhbətlər aparıldıqdan sonra xx.xx.2022-ci il tarixdən işə çıxacağını bildirmişdir. Lakin həmin tarixdə işə çıxmadığından onunla telefon əlaqəsi saxlanılmış və o, xəstəliyinin davam etdiyini bildirmişdir. Qeyd olunan məlumatın yerində yoxlanılması üçün xx.xx.2022- ci il tarixində təkrar onun yaşadığı ünvana gedilmiş, lakin onun evdə olmadığı müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanları və aparılmış araşdırmanın nəticəsi olaraq İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq davamlı olaraq xəstəlik vərəqəsi təqdim etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilməmişdir. Lakin qeyd olunan məsələyə İddiaçı işə çıxdığı gündən sonra qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq baxılması təklif edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zirə Müalicə Diqanostika Mərkəzinin xx.xx.2022-ci il tarixli ultrasəslə müayinə arayışına əsasən İddiaçı sol böyrək kasacığında mikrolit aşkar edilmişdir.

8. 1125/CM-01-06/388 nömrəli, xx.xx.2022-ci il tarixli xəstəlik vərəqələrinin verilməsi haqqında arayışa əsasən “Azneft” İstehsalat Birliyinin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 1 saylı A və XTS-nın quyuların sementlənməsi peşəsi üzrə maşinisti İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq, fərqli-fərqli xəstəxanalarda “əmək qabiliyyətinin olmaması” vərəqəsi təqdim etməkdədir. Belə ki, X10 Mərkəzi tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək (SN00007 № 0229129), X5 tərəfindən xx.xx.2021ci ildən davamlı olaraq xx.xx.2021-ci ilədək (SN00007 №0208133), X10 Mərkəzi tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək (SN00007 № 0296051), X5 tərəfindən xx.xx.2021-ci ildən davamlı olaraq xx.xx.2022-ci ilədək (SN00007 № 0349432, 0349964, ******* və 0401809) əmək qabiliyyətinin olmaması vərəqələri verilmişdir. 1 saylı A və XTSnın quyuların sementlənməsi peşəsi üzrə maşinisti İddiaçı uzun müddət işə çıxmaması ilə bağlı idarədə fəaliyyət göstərən komissiya bir neçə dəfə işçinin yaşadığı ünvanda olmuş, lakin Rəhman Bəhman oğlunun yaşadığı evdə olmadığı müəyyən edilmişdir. İddiaçı əmək qabiliyyətinin olmaması vərəqələrini təqdim etməklə işdən yayınır və onun bu əməlini davam etdirməyə X10 Mərkəzi və X5 köməklik göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrinin əsaslı olubolmamasının araşdırılmasını, eyni ilə SOCAR “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsində çalışan işçilərə əmək qabiliyyətinin olmaması vərəqələrinin verilməsini nəzarətə götürülməsini xahiş etmişlər.

9. 453-K nömrəli, xx.xx.2022-ci il tarixli əmrə əsasən 1 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsinin quyuların sementlənməsi üzrə maşinist vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir.

10. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4ın Epikrizinə (xəstəlik tarixi № 1261/479) əsasən xəstə İddiaçı planlı qaydada stasionara qəbul edilib. Qəbul edilərkən şikayətləri anal nahiyyədə fistula dəliyinin olması daimi irinli ifrazatın axması və defekasiya aktı zamanı anal kanalda ağrının olmasıdır.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı cavabdeh “Azneft” İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsinə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsaslanan xx.xx.2022-ci tarixli, 453-K nömrəli əmrin və bu əmrə əsasən ******* nömrəli əmək kitabçasının 12-ci səhifələrindəki yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, işə bərpa olunması, onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, əmək qabiliyyətinin olmaması barədə xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, 06185536 saylı xəstəlik vərəqəsi üzrə xəstə olduğu müddət üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının, əmək haqqının verilməsinin işə götürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi, mediasiya xərci üçün ödədiyi 50 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə və eyni tarixli 2 K saylı əmrə əsasən SOCAR “Azneft” İstehsalat Birliyi 5 saylı Texnoloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinisti peşəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli, 453-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onun Əmək Müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Belə ki, onun, səhhətində ciddi problemlər yaranmışdır. Keçən ilin avqust ayanda həkimə müraciət etmişdir. Həkimin diaqnozu ilə (pielosistel) ona, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, sanozit duodenit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ******* saylı əmək qabiliyyətinin olmaması, sinlit diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, rental fustula diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, xroniki qastritin kəskinləşməsi diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, bel-oma fəqərələrinin osteoxandrozu disk yerdəyişməsi diaqnozu ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, sol tərəfli böyrək xəstəliyi diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ******* saylı əmək qabiliyyətinin olmaması, xx.xx.2022-ci il tarixdən pararektal festula diaqnozu ilə ******* saylı əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələri açılmışdır. Səhhətində olan ağırlaşmalar müalicə ilə sağalmadığına görə xx.xx.2022-ci il tarixdə “X4”da əməliyyat olunmuşdur. Əmək qabiliyyətinin olmaması səbəbindən işə çıxmadığı dövrdə xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Onun işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli, 453-K saylı əmr tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. 2022-ci ildən bu günə qədər o, SOCAR-ın əməkdaşıdır. O, daima işinə məsuliyyətlə yanaşmış, işində hər hansı nöqsana yol verməmişdir.

13. Cavabdeh “Azneft” İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi iddia ərizəsinə qarşı etiraz təqdim edərək, etirazı işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 11-13 may 2022-ci il tarixdə iddiaçı rəsmi olaraq işdə olmuşdur və onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olduğundan iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Cavabdeh “Azneft” İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi eyni zamanda, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsinə baxmayaraq, iddiaçı əmək qanunvericiliyindən nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “SOCAR” X8 5 saylı Texnoloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsaslanan xx.xx.2022-ci tarixli, 453-K nömrəli əmri və bu əmrə əsasən ******* nömrəli əmək kitabçasının 12-ci səhifələrindəki yazılmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi və İddiaçı əvvəkli iş yerinə “6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinist peşəsinə” işə bərpa edilməsi, İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının, işsiz qaldığı müddət ərzində almadığı əmək haqqı pulunun, ödənilməmiş məzuniyyət haqqının və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər ay 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi və mediasiya xərci üçün ödənilmiş 50 manat pulun cavabdeh Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X11)

16. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, tibbi arayışlara əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək davamlı olaraq ambulator müayinədə olmuş, xx.xx.2022-ci il tarixdə işə başlamaq haqqında arayış almışdır. Davamiyyət kitabına əsasən İddiaçı xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərində işdə olduğu görünür. Məhkəmə bu hala qiymət verərək hesab etmişdir ki, ambulator müayinə təyin olunduğu zaman ərzində İddiaçı işdə iştirak etməsi qeyri-mümkün haldır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “əmək qabiliyyətinin olmaması” barədə vərəqəyə əsasən onun işdən azad olduğu tarixdə, yəni xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfi iddiaçı tərəfindən təqdim edilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi”nə öz etirazlarını bildirsələr də qeyd edilən “əmək qabiliyyətinin olmaması vərəqəsi”ni mübahisələndirməmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir.

17. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlıq düzəldilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində “hər ay 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi” yazılmasına dair yanlışlıq “hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc məbləğinin ödənilməsi” kimi düzəldilmişdir.

18. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023cü il tarixli əlavə qətnaməsi ilə İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı iddia tələbinin “İddiaçı ilə cavabdeh arasında müddətsiz əmək müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci, 45ci, 47-ci, 68-ci, 73-cü, 79-cu, 83.1-ci, 143-cü, 144-cü, 154-cü, 172-ci, 195-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh “Azneft” İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022 -xx.xx.2022ci il tarixlərdə işdə olmuşdur. Belə ki, iddiaçı 1 saylı A və XTS-nin Texnoloji Nəqliyyat işçilərinin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalına imza etmiş, ona 028070 saylı yol vərəqi verilmişdir. Həmçinin məhkəmə iclasında iddiaçı həmin tarixdə işdə olduğunu qeyd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı işdən çıxarılmış və işə bərpa olmaq üçün bütün vasitələrdən istifadə edir. İddiaçıya işdən çıxması barədə əmr təqdim edildikdən sonra iddiaçı bülleten açıb idarəyə təqdim etmişdir. Məhkəmə Əmək Məcəlləsinin 172.5-ci və 195-ci maddənin “d” bəndinə istinad edərək əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər ay 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsini qət etməklə düzgün nəticəyə gəlməmişdir. Həmin maddələrə əsasən, işəgötürən işçinin əmək haqqını müəyyən edilmiş vaxt ərzində hesablamasa, maliyyə və mühasibat uçotu əməliyyatlarını vaxtında aparmasa, əmək haqqını vaxtında ödəmədiyi hallarda, yəni bilavasitə işəgötürənin iradəsindən asılı olan hallarda əmək haqqını ödəmədikdə məsuliyyət daşıyır. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr düzgün hesablanmış və vaxtında ödənilmişdir. Ümumiyyətlə məhkəmədə bu hal araşdırılmamış və qətnamədə də əmək haqqının düzgün hesablanmaması və ya vaxtında ödənilməməsinə dair heç bir sübuta istinad edilməmişdir. Beləliklə, birinci instansiyası məhkəməsi hazırkı işə baxarkən yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azneft” İstehsalat Birliyinin (1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin) nümayəndəsi və vəkili Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia tələbinin rədd olunması xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq, cavabdehin istinad etdiyi tarixlərdə iş yerində olmadığını, müalicədə olduğunu, bu halı təsdiq edən əmək qabiliyyətinin olmaması vərəqəsinin də mövcud olduğunu bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa və iddiaçının mövqeyinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır; 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsinin xitam verilməsi qadağan olunur; 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər; 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; 195-ci maddənin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında sərgilənmiş hüquqi mövqeyə əsasən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əməkhaqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əməkhaqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Eyni zamanda qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının işdən azad edilməsi barədə əmrin və əmək kitabçasındakı qeydin etibarsız hesab edilməsi, habelə işsiz qaldığı müddət ərzində almadığı əmək haqqının və ödənilməmiş məzuniyyət haqqının ödənilməsi hissəsində ləğv edilməli və əmrin və əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və mülki işin hallarına istinadən ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh təşkilatda xx.xx.2020-ci il tarixdən nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinisti vəzifəsinə işə qəbul olunmuş, iddiaçı ayrı-ayrı xəstəlik vərəqələrinə əsasən fərqli diaqnozlar üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətinin olmaması əsası ilə əmək fəaliyyətindən ayrılmışdır. Lakin bütün bu hallara baxmayaraq xx.xx.2022-ci il tarixdə cavabdeh iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermişdir.

34. Hazırda iddiaçı onunla bağlanılmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi barədə əmr verildiyi tarixin (xx.xx.2022-ci il) faktiki olaraq əmək qabiliyyəti olmadığına əsasən ******* nömrəli xəstəlik vərəqəsinin qüvvədə olduğu dövrə təsadüf etdiyini və həmin dövrdə onun işdən azad edilməsinin əmək qanunvericiliyinə zidd olduğu mövqeyindən çıxış edir Cavabdeh tərəf isə iddiaçının 11-xx.xx.2022-ci il tarixlərindən faktiki olaraq işdə olduğunu və işçinin əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulmadığını bildirir.

35. Məhkəmə kollegiyası bu konteksdən çıxış edərək qeyd edir ki, cavabdeh iddia tələbinin rədd edilməsi mövqeyindən çıxış edərkən o hala istinad edir ki, iddiaçı barəsində tərtib olunmuş xəstəlik vərəqələri formal xarakter daşıyır, hətta bu halların araşdırılması və nəzarətə götürülməsi ilə bağlı cavabdehin aidiyyəti qurumlara müraciəti də olmuşdur. Başqa sözlə, iddiaçının xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə ambulator müalicədə olduğu qeyd edilsə də, idiaçı faktiki olaraq 11-xx.xx.2022-ci il tarixlərdə iş yerində olmuşdur, bu fakt da idarə daxili davamiyyəti təsdiq edən dispetçer jurnalında iddiaçının işdə olmasını təsdiq edən imzası ilə sübut olunur.

36. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə ambulator müalicədə olması və əmək qabiliyyətinin olmaması ilə bağlı ******* nömrəli xəstəlik vərəqəsinin etibarsızlığı inzibati (yuxarı yurisdiksiya) və ya məhkəmə qaydasında sübut edilmədiyindən həmin xəstəlik vərəqəsinin formal xarakter daşıması ilə bağlı mövqe tam əsassızdır. Belə ki, cavabdeh əvvəlcə həmin xəstəlik vərəqəsini mübahisələndirməli və onun etibarsızlığı hüquqi müstəvidə təsdiq edildikdən sonra bu mövqedən çıxış edə bilərdi. Belə olan halda, işçilərin davamiyyət jurnalında olan imzanın iddiaçıya məxsus olması belə (halbuki, iddiaçı imzanın ona məxsus olmasını qəbul etmir), həmin xəstəlik vərəqəsi qüvvədə olduğundan iddiaçının işdən azad edilməsinə heç bir hüquqi əsas vermir. Bu səbəbdən də, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı həmin imzanın iddiaçıya məxsus olub-olmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə hər hansı zərurət yaranmamışdır.

37. Məhkəmə kollegiyası bu hissə ilə bağlı öz mövqeyinin davamı olaraq xüsusilə o halı qeyd edir ki, iddiaçı əmək qabiliyyətini müvəqqəti olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ərəfəsində itirməmişdir. İddiaçı səhhətində yaranmış problemlərlə bağlı xx.xx.2021-ci il tarixdən başlayaraq müalicədə olmuş və onunla bağlanmış müqaviləyə xitam verilməsi tarixində də onun müalicəsi davam etmişdir. Bu hal xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətinin olmaması barədə sonuncu xəstəlik vərəqələri ilə də təsdiq olunur. Başqa sözlə, iddiaçının səhhətində problemlərin olması işəgötürən olaraq cavabdehə tam məlum idi. Bu baxımdan cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməkdən əvvəl iddiaçının səhhətinin mövcud vəziyyətini, xüsusilə də onun iş yerində olub-olmadığını, habelə müalicəsi müddətini növbəti dəfə uzadıb-uzatmamasını dəqiqləşdirməli idi. Cavabdeh işçilərin iş yerində təlimatlandırılmasının qeydiyyatı (dispetçer) jurnalına istinad edərək, iddiaçının 11-13 may tarixlərində həmin jurnala imza etdiyini bildirsə də, nəticə etibarı ilə iddiaçının həmin günlər ərzində iş yerində olmasını, o cümlədən tutduğu maşinist vəzifəsinə uyğun hansı işlər gördüyünü təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Ümumiyyətlə iddiaçının həmin günlər ərzində hansı avadanlığı idarə etməsi barədə nəinki sübut, ümumiyyətlə hər hansı məlumat belə mövcud deyil. İddiaçının iş yeri və işin xarakteri onun hər gün həmin jurnalın saxlanıldığı yerə getməsinin özünü ümumiyyətlə qeyri-mümkün edir. Qeyd edilənlər öz növbəsində iddiaçının tutduğu vəzifədən azad olunması halının qarşısının alınması üçün əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsi açdırmağını istisna edir, onun həmin tarixdə real olaraq əmək qabiliyyətinin olmadığını və məhz bununla bağlı iki gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə onun əmək qabiliyyətinin olmaması barədə növbəti xəstəlik vərəqəsinin açıldığını, habelə iddiaçının 11-13 may 2022-ci il tarixlərdə əmək funksiyalarını yerinə yetirmək üçün iş yerində olmadığını təsdiq edir. Belə olan halda, cavabdeh iddiaçının müalicədə olmaqla iş fəalliyyətindən ayrıldığı bir dövrdə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verməklə əmək qanunvericiliyinin müddəalarını pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri və bu barədə əmək kitabçasında aparılmış qeydi ləğv etmiş və iddiaçını tutduğu vəzifəyə bərpa etmişdir.

38. Eyni zamanda, birinci instansiya məhkəməsi əmri və əmrə uyğun əmək kitabçasında aparılmış qeydi etibarsız da hesab etmişdir. Halbuki, əmrin etibarsız hesab edilməsi üçün onun əmək qanunvericiliyində nəzərdə tutulmuş formaya uyğun olmaması tələb olunur. Lakin həm belə bir hal mövcud deyil, həm də iddiaçının özü də bu mövqedən çıxış etmir. Bu baxımdan əmrin və qeydin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas və zərurət mövcud deyil. Bu da öz növbəsində qətnamənin həmin hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsini şərtləndirir.

39. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, iddiaçı iddia üzrə irəli sürdüyü tələbləri sonradan dəyişmiş və bu barədə son ərizəsində iddiaçı “işsiz qaldığı müddət ərzində almadığı əmək haqqının və ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” tələbini irəli sürməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu tələblər üzrə də qətnamə qəbul etməklə onları təmin etmişdir. Qeyd edilənlər öz növbəsində qətnamənin bu hissədə də ləğv edilməsinə zərurət yaradır.

40. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi “məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” anlayışı əvəzinə “məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının ödənilməsi” anlayışından istifadə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının ödənilməsi” mahiyyətcə eyni məzmun ifadə edir və bu anlayış da nəticə etibarı ilə məcburi işburaxma terminini əhatə edir.

41. Məhkəmə kollegiyası iddiaçının əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), habelə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc məbləğinin və mediasiya xərci üçün ödənilmiş 50 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində isə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir və bu tələblər üzrə cavabdehin dəlilləri ilə razılaşmır.

42. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “iddiaçının işdən azad edilməsi barədə əmrin və əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, iddiaçının işsiz qaldığı müddət ərzində almadığı əmək haqqının və ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia “əmrin və əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi” hissəsində rədd edilməli, məcburi işburaxma müddəti üçün əmək haqqı, habelə əmək haqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1 faiz ödənc hesablanmaqla, cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh “Azneft” İstehsalat Birliyinin (1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “iddiaçının işdən azad edilməsi barədə əmrin və əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, iddiaçının işsiz qaldığı müddət ərzində almadığı əmək haqqının və ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia “əmrin və əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi” hissəsində rədd edilsin. Məcburi işburaxma müddəti üçün əmək haqqı, habelə əmək haqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1 faiz ödənc hesablanmaqla, cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar