Məhkəmə qərarları › İş №2(103)-8932/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8932/2021

12.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8932/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X1 və vəkili X3, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3764/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrinin ləğv edilməsi və işə bərpa edilmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 01 iyun 2020-ci il tarixli, HRP 03/20 saylı, onunla olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi və onun Cavabdeh şirkətinin 2-ci mədənin NQÇ operatoru vəzifəsinə işə bərpa olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci ilin may ayında cavabdeh şirkətə işə qəbul olunmuş, 2005-ci ildə onunla əmək müqaviləsi bağlanmış, 2016-cı ildə həmin müqavilənin vaxtı bitmiş, 2016-cı ildən əmək müqaviləsi hər il üçün yenidən bağlanmışdır. 2018-ci ildə o, açıq ürək əməliyyatı keçirdikdən sonra tibbi rəydə onun daha yüngül işə keçirilməyi məsləhət olunmuş, həmin arayışı o, şirkətin kadrlar şöbəsinin rəisinə təqdim etmək istəsə də, sonuncu həmin arayışı qəbul etməkdən imtina etmiş, beləliklə, o, daha yüngül işə keçirilməmişdir. 2020-ci ilin iyun ayında o, tibbi yoxlamadan keçməyə göndərmiş, tibbi rəy alındıqdan sonra kadrlar şöbəsinin rəisi onu daha yüngül işə keçirmək lazım olduğunu bildirib ona bir sıra sənədlərə imza etdirmişdir. Səhəri gün o, həmin şəxsin yanına getdikdə sonuncu ona narahat olmamağı, 1-2 günə yeni işə keçiriləcəyini bildirmişdir. Lakin, bir neçə gün sonra kuryer ona zəng vuraraq bir sıra sənədləri təqdim etməli olduğunu bildirmiş, o, kuryerlə görüşdükdə kuryer ona əmək kitabçasını təqdim etmişdir. Əmək kitabçasına nəzər yetirdikdə ona məlum olmuşdur ki, əslində Əmək Məcəlləsinin 73-1-ci maddəsinə əsasən işdən azad edilmişdir. 26 il məsuliyyətlə çalışan və pensiya yaşına 9 ay qalmış işçini sırf hüquqi savadsızlığı ucbatından işdən azad etmişlər. İşdən azad edildiyini anladığı gündən etibarən 01 iyul, 15 iyul və 20 iyul 2020-ci il tarixlərdə şirkətin direktoruna işə bərpa olunmağı ilə bağlı 3 ayrı ərizə ünvanlamış, eyni zamanda, Azərbaycan Respublikasının ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmiş, göstərilən adlar tərəfindən problem həll edilmədiyindən onlardan ərizəsinə “imtina” məzmunlu cavab aldıqdan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Sergey Neymişevə etdiyi ilk müraciətə 06 iyul 2020-ci il tarixdə cavab verilmiş, həmin cavabda göstərilmişdir ki, onun Şirkətlə arasında mövcud olan 1464 saylı, 22 aprel 2016cı il tarixli Əmək Müqaviləsinin müddətinin uzadılmasına dair imzaladığı 09 saylı, 22 aprel 2020-ci il tarixli Razılaşmaya əsasən Əmək müqaviləmin müddəti 01 iyun 2020-ci il tarixədək uzadılmış, müqavilə müddəti 01 iyun 2020-ci il tarixdə bitdiyindən işdən azad edilmişdir. Sergey Neymişevə etdiyi ikinci müraciətə 17 iyul 2020-ci il tarixdə cavab verilmiş, həmin cavabda göstərilmişdir ki, şirkət ona xidmət müqaviləsi ilə əməkdaşlıq etməyi təklif edir. Və nəhayət, Sergey Neymişevə etdiyi üçüncü müraciətə 23 iyul 2020-ci il tarixdə cavab verilmiş, həmin cavabda göstərilmişdir ki, “sizin əvvəllər şirkətdə çalışdığınız vəzifə üzrə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialında hal-hazırda vakansiya olmadığından, Sizin həmin sahəyə işə qəbul olunmanız mümkün deyildir. Həmin məktuba qoşma edilmiş, “X12” tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 21759 nömrəli tibbi şəhadətnamədə göstərilmişdir ki, işçi, yəni o tibbi müayinədən keçirilib və nəticədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 dekabr 2012ci il tarixli, 46 saylı Əmrinə əsaslanaraq tutduğu vəzifədə işləməyə yararsız hesab edilmişdir. 01 dekabr 2020-ci il tarixdə X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən ona ünvanlanmış məktubda Cavabdeh tərəfindən onun işdən azad edilməyində heç bir qanun pozuntusunun aşkar olunmadığı göstərilmişdir. Əvvəla, “X12” tərəfindən verilmiş 22 may 2020-ci il tarixli, 21759 nömrəli tibbi şəhadətnamədə göstərilənlərlə bağlı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 dekabr 2012-ci il tarixli, 46 saylı Əmri mövcud deyildir. Səhiyyə Nazirliyinin 13 dekabr 2012-ci il tarixli 46 saylı QƏRARİ mövcuddur ki, həmin qərarda işçilərin icbari tibbi müayinələrdən keçirilməsini tələb edən zərərli və təhlükəli istehsalat amillərinin, işçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin siyahısı müəyyən edilmişdir. Yəni həmin qərarın da onun işdən azad edilməyinə aidiyyəti yoxdur. Cavabdeh onun işdən çıxarılma səbəbi kimi həm əmək müqaviləsinin vaxtının bitməsini, həm də “X12” tərəfindən verilmiş tibbi şəhadətnaməyə əsasən işə yararsız olduğunu öz cavab məktubunda bildirmişdir. Halbuki, yuxarıda sadalanan hallar ilə müəyyən olunur ki, “X12” tərəfindən verilmiş tibbi şəhadətnamə heç bir əsas olmadan tərtib edilmişdir. Digər əsasa, yəni əmək müqaviləsinin vaxtının bitməsi ilə əmək müqaviləsinə xitam verilməsinə münasibətdə isə, bildirilir ki, X7 Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirmiş, burada məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınması olmuşdur. Bir daha bütün işəgötürənlərə xəbərdarlıq etmişdir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək. O, bununla bağlı aidiyyəti orqanlara etdiyi müraciətlərə müsbət cavab ala bilmədiyindən işi məhkəmə müstəvisinə daşımaq qərarına gəlmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3764/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiasının rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3764/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsini qanunsuz və ədalətsiz hesab edir. Əvvəla, “X12” tərəfindən verilmiş tibbi şəhadətnamədə göstərilənlərlə bağlı bildirmək istəyir ki, Səhiyyə Nazirliyinin 13 dekabr 2012-ci il tarixli, 46 saylı Əmri mövcud deyildir. Səhiyyə Nazirliyinin 13 dekabr 2012-ci il tarixli 46 saylı QƏRARİ mövcuddur ki, həmin qərarda işçilərin icbari tibbi müayinələrdən keçirilməsini tələb edən zərərli və təhlükəli istehsalat amillərinin, işçilərin icbari tibbi müayinələrin keçirilməsi tələb olunan işlərin siyahısı müəyyən edilmişdir ki, həmin qərarın da onun işdən azad edilməyimə aidiyyəti yoxdur. Cavabdeh onun işdən çıxarılma səbəbi kimi həm əmək müqaviləsinin vaxtının bitməsini, həm də “X12” tərəfindən verilmiş tibbi şəhadətnaməyə əsasən işə yararsız olduğunu öz cavab məktubunda bildirmişdir. Halbuki, yuxarıda sadaladığım hallar ilə müəyyən olunur ki, verilmiş tibbi şəhadətnamə heç bir əsas olmadan tərtib edilmişdir. İddia müddətinin ötürülməsi onun iradəsindən asılı olmayan hallara görə baş vermişdir. O, 2018-ci ildə açıq ürək əməliyyatı keçirmiş və şirkət təqdim etdiyi tibbi arayışı və onu daha yüngül işə keçirməsi ilə bağlı xahişini qəbul etməyərək 2018-2020-ci illərdə maddi cəhətdən əziyyət çəkməyini bilə-bilə ağır işdə işləməyə məcbur qoyması səhhətindəki problemlərin daha da böyüməsinə səbəb olmuşdur. Pandemiya ilə əlaqədar ciddi karantin rejiminin bütün vətəndaşların azadlığını məhdudlaşdırmış olması hər kəsə məlumdur. O, müddətlərdə xəstəliyinin irəliləməsi və həkimin mövcud vəziyyətdə qəti çölə çıxmamaq təlimatı, sağlamlığının və həyatının riskdə olması iddia müddətini ötürməyimə səbəb olmuşdur. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. O, ağır xəstə olduğundan, pandemiya dövründə ona köməklik edəcək heç kim olmadığından iddia müddəti ötmüşdür Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3764/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi X4 və vəkili X6 apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikyətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3764/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə əsasında nümayəndəsi X5 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3764/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı işdən azad edilməsini yeni işə keçirilməsi ilə bağlı olduğunu bildirmiş, 01 iyul 2020-ci il tarixdə isə Şirkətin direktoruna ərizə ünvanlayaraq işdən çıxarılmasının əsassız olduğunu göstərməklə işə bərpa edilməsini xahiş etmiş, ona münasibətdə iddia müddəti ən geci 01 iyul 2020-ci il tarixdən başlamış, iddia ərizəsi isə məhkəməyə təxminən 8 ay sonra verilmiş, yəni, iddia müddəti ötürülmüşdür, iddiaçının iddia müddətini üzrlü səbəbdən ötürülməsi qənaətinə gəlməyə əsas verən hal mövcud deyildir və gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi, Mülki Məcəllənin 372 və 382-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanmış 22 aprel 2016-cı il tarixli, 1464 saylı Əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı şirkətdə 2-ci mədəndə NHQ operatoru vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılaşması əsasında 1 (bir) il müddətinə, yəni 20 aprel 2017-ci il tarixədək bağlanmışdır.(İ.v. 54 - 63) İş materiallarında olan, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanmış 22 aprel 2016-cı il tarixli, 1464 saylı Əmək müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi barədə 22 aprel 2020-ci il tarixli, 09 saylı saylırazılaşmanın təsdiq edilmiş surətindən görünür ki, şirkətlə 2-ci mədəndə NHQ operatoru vəzifəsində işləyən İddiaçı arasında bağlanmış 22 aprel 2016-cı il tarixli müqavilənin müddəti 01 iyun 2020-ci il tarixədək uzadılmışdır.(İ.v. 53) İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 01 iyun 2020-ci il tarixli bildirişin surətindən görünür ki, şirkətlə İddiaçı arasında 22 aprel 2020-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək bağlanmış müddətli əmək müqaviləsinin müdətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə 02 iyun 2020-ci il tarixdə xitam veriləcəyi barədə İddiaçı məlumat verilmiş, İddiaçı 01 iyun 2020-ci il tarixdə bildirişlə tanış olmuş, bunu öz imzası ilə təqsiq etmişdir.(İ.v. 35) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən: 73.1 Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinə görə: 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində işdən çıxarılmasının qanunsuz olduğunu bildirsə də, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən müəyyən etmişdir ki, İddiaçı 01 iyul 2020-ci il tarixdə Şirkətin direktoruna ərizə ünvanlayaraq işdən çıxarılmasının əsassız olduğunu göstərməklə işə bərpa edilməsini xahiş etdiyindən, ona münasibətdə iddia müddəti ən geci 01 iyul 2020-ci il tarixdən başlamışdır. Lakin, iddia ərizəsi məhkəməyə təxminən 8 ay sonra, yəni iddia müddəti ötürülməklə verilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi X2 təqdim etdiyi ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi 1 aylıq müddəti ötürülməklə verildiyinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi İddiaçı işə bərpa olunması barədə iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hətta iddia tələbi əsaslı olsada belə, iddia müddəti iddiaçı tərəfindən ötürüldüyünə təmin edilə bilməzdi. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddia müddətini tətbiq edilməsi barədə ərizəsini nəzərə almaqla tələb üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3764/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3764/2021 saylı, 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar