Məhkəmə qərarları › İş №2(103)-894/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-894/2020

15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-894/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-1153/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işəBakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, istifadə hüququnun itirilməsi, evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1153/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 xx xxxxxxxx 2010cu il tarixli, 164/e saylı kredit müqaviləsi üzrə ödənilməmiş 20853 ABŞ dolları əsas, 8560 ABŞ dolları faiz, 70 ABŞ dolları cərimə borcu, cəmi 29483 ABŞ dolları (iyirmi doqquz min dörd yüz səksən üç dollar) (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, Cavabdeh2 məxsus, qiyməti 105000 manat müəyyən edilmiş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m, tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə edilən məbləğ hesabına Banka ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi satıldıqdan sonra qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 həmin evə istifadə hüquqlarına xitam verilməsi, ən geci bir ay ərzində evin boşaldılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnaməni ləğv edib işə yenidən baxıb düzgün araşdırma apararaq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının iddiasını qismən təmin edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmişdir və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi onların vəsatətini nəzərə alıb məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizası təyin etsə də, onlara məxsus olan mənzilin dəyərləndirilməsi rəyindən narazıdırlar, həmçinin mühasibatlıq ekspertizası rəyindən də narazıdırlar. Bununla məhkəmə maddi və prosessual hüquq normalarının tələbini pozmuş, həmçinin işin mühüm əhəmiyyət kəsb edən halını araşdırmayaraq müəyyən etməmişdir. Qiymətləndirmə necə və hansı əsasla keçirilmiş, hansı qiymətləndirmə mərkəzindən rəy alınmış heç bir sənəd əlavə edilməmiş və təqdim edilməmişdir. Hər iki qiymətləndirmə sənədi iddiaçı tərəfindən tərtib və təqdim edilmiş, lakin bununla belə məhkəmə bu hala və ziddiyyətli sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə şöbəsinin ekspert rəyini əsas götürüb mənzilin dəyərini 105.000 manat müəyyən etsə də, bu hissədə məhkəmə-əmtəəşünaslıq, məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilməmiş, mənzilin dəyəri düzgün müəyyən edilməmişdir. Bundan başqa məhkəmə Prezidentin dollarla bağlı Fərmanına heç bir məhəl qoymamış düzgün araşdırma aparmadan hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, fərmanın təsiri altına düşmür. İlkin satış qiyməti 105.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etməmişlər. xx.xx.2015-ci ildən ödəniş yoxdur. Cavabdeh1 banka yaxınlaşıb danışıqlar aparmaq istədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli, 164/e saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 21250 (iyirmi bir min iki yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2010-cu il tarixli ödəniş cədvəlinə əsasən borclu banka 24 ay müddətinə 1.145 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Kassa məxaric orderinə əsasən xx xxxxxxxx 2010-cu il tarixdə Bank tərəfindən xx xxxxxxxx 2010-cu il tarixli, 164/e nömrəli kredit müqaviləsinə əsasən 21250 (iyirmi bir min iki yüz əlli) ABŞ dolları kredit nağd şəkildə Cavabdeh1 ödənilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən xx xxxxxxxx 2010-cu il tarixli 164/e saylı kredit müqaviləsi üzrə cavabdehin banka 20853 (iyirmi min səkkiz yüz əlli üç) ABŞ dolları əsas borc, 8560 (səkkiz min beş yüz altmış) ABŞ dolları faiz borcu, 700 (səkkiz yüz) ABŞ dolları cərimə olmaqla, cəmi 30113 (otuz min yüz on üç) ABŞ dolları borcu vardır. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 pretenziya və xx.xx.2018-ci il tarixdə Cavabdeh2 ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmiş və bildiriş qeydə alınmışdır. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş 0293/19/AMRB nömrəli xx xxx 2019-cu il tarixli hesabata əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində Cavabdeh2 mülkiyyətində olan, 0.00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar-1.6 kv.m tikinti altı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin hazırkı bazar qiyməti 105000 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 462 və 739-cu maddələrini tətbiq etməklə borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borcalan kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilələrdən yaranan borc Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh1 edilmiş ödənişlər nəticəsində müqavilə üzrə daha az borcunun yarandığı barədə, həmçinin ipoteka predmetinin qiymətləndirilməsi hesabatını şübhə altına alan sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1153/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar