Məhkəmə qərarları › İş №2(103)-894/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-894/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-894/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “öhdəliyin icrası” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “öhdəliyin icrası tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1664/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra bank) qarşı «öhdəliyin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun banka ödədiyi 1.000 ABŞ dolları, 4.236 ABŞ dolları 42 sent illik faiz məbləği və ödədiyi 100 manat dövlət rüsumunun qaytarılması vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1664/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, depozit qismində qoyulmuş 1.000 ABŞ dolları və həmin depozit məbləği üzrə faiz qismində hesablanmış 2.286 ABŞ dolları 55 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

3. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qətnamə qəbul edərkən onsuz da mövcud olan faktı məhkəmə qətnaməsilə yenidən təsdiq etməklə səhvə yol vermişdir. Belə ki, məhkəmə tərəflər arasında bağlanmış 01 sentyabr 2003-cu il tarixli depozit (uşaq yığım əmanəti) müqaviləsinə əsasən həm depozit qismində qoyulmuş 1.000 ABŞ dolları, həm də həmin depozit məbləği üzrə faiz qismində hesablanmış 2.286 ABŞ dolları 55 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla hesablanaraq ödənilməsini qərara almışdır. Halbuki iddiaçı tərəfindən depozit kimi qoyulmuş 1000 ABŞ dolları və 2013-cü il tarixədək hesablanmış faizlər xx.xx.2019-cu ildə iddiaçıya məxsus hesaba köçürülmüşdür və iddiaçı məhkəmə iclasındakı izahatlarında da həmin məbləğlərin faktiki olaraq onun hesabında olduğunu bildirmişdir. Bu səbəbdən, artıq daha öncə var olan faktın yenidən məhkəmə qətnaməsi ilə cavabdehdən icrasının tələb olunması qanunsuzdur və məhkəmə qətnamələrinin səmərəliliyi prinsipinə ziddir. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o bankın mərkəzi filialı ilə müqavilə bağlamış, 01 sentyabr 2013-cü ildə depozit qismində 1000 dollar məbləğində pul depozit qismində qoymuşdur, müqavilənin şərti isə bundan ibarət olmuşdu ki, onun nəvəsinin 2020-ci ildə 18 yaşı tamam olanda illik faizlərlə birlikdə məbləğ qaytarılmalı idi. O 2020-ci ildə banka müraciət edəndə isə müqavilənin bank tərəfindən 2013-cü ildə birtərəfli qaydada dondurulması barədə məlumat verilmişdir, ona bu barədə heç bir məlumat verilməyib.

7. İddiaçı cavabdehin apellyasiya şikayətinin 1000 dollar depozitə qoyulmuş məbləğin onun hesabına ödənilməsini etiraf edərək, bildirdi ki, onun bu vəsaitlə bağlı tələbi yoxdur, hesab edir ki, ekspert rəyində müəyyən edilmiş illik 9 faizlə hesablanmış 2286,55 manat məbləğində pul vəsaiti ona ödənilməlidir.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. Mülki iş materiallarında olan 01 sentyabr 2003-cü il tarixli depozit müqaviləsindən (uşaq yığım əmanəti) görünür ki, İddiaçı nəvəsi Fərəhin adına cavabdeh "xxxx" ASC ilə depozit müqaviləsi bağlayaraq, banka 1.000 ABŞ dolları depozit qoymuşdur. Müqavilədə əmanətin müddəti və hesablanacaq faizlər də daxil olmaqla müqavilə şərtləri müfəssəl və aydın şəkildə göstərilmişdir. Depozit iddiaçının nəvəsinin adına qoyulmuşdur.

11. İddiaçının nəvəsinin 18 yaşı tamam olduqdan sonra, iddiaçı tərəf banka rəsmi şəkildə müraciət edərək, əmanətin və faizlərin verilməsini xahiş etmişdir.

12. Bankın İddiaçı ünvanladığı 03 noyabr 2020-ci il tarixli 23- 6764/2020 saylı və 16 dekabr 2020-ci il tarixli 23-8121/2020 saylı məktublardan görünür ki, 01 sentyabr 2013cü il tarixdə əmanət məhsulunun ləğvi səbəbindən müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. İddiaçının ərizəsində göstərilənlərlə bağlı araşdırma aparılmış və məsələnin ərizədə qeyd olunan istiqamətdə həll edilməsi məqsədə uyğun hesab edilməmişdir. İddiaçıdan məktubda qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur.

13. İddiaçı Piriyev X1 Banka yuxarıda qeyd olunan məsələ ilə əlaqədar ərizə göndərmiş, onun pozulmuş hüququnun bərpasında, müqaviləyə uyğun illik faiz artımı nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixədək əmanətin hesablanıb qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Mərkəzi Bankının 10 mart 2021-ci il tarixli 26-03359- 2021 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə Mərkəzi Bankda baxılmış, cavabdehin Mərkəzi Banka sorğuya cavab məktubunun məzmunu iddiaçının nəzərinə çatdırılmış, məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli 9/2638 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 01 sentyabr 2003-cü il tarixli depozit (uşaq yığım əmanəti) müqaviləsi üzrə 01 sentyabr 2013-cü il tarixdən (müqaviləyə birtərəfli qaydada xitam verildiyi vaxtdan) 07 sentyabr 2020-ci il tarixədək (şəxs yetkinlik yaşına çatdığı müddətə) illik 9%-lə hesablanmaqla faiz borcu 631,50 ABŞ dolları məbləğində müəyyən edilir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2022-ci il tarixli 9/4759 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 01 sentyabr 2003-cü il tarixli depozit (uşaq yığım əmanəti) müqaviləsi üzrə 01 sentyabr 2013-cü il tarixdən (müqaviləyə birtərəfli qaydada xitam verildiyi vaxtdan) 07 sentyabr 2020-ci il tarixədək (şəxs yetkinlik yaşına çatdığı müddətə) illik 9%-lə hesablanmaqla faiz borcu 2.286,55 ABŞ dolları məbləğində müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları: Mülkü Məcəllə:

17. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

18. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

19. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir.

20. Maddə 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir.

21. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir.

22. Maddə 949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir.

23. Maddə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.

24. Maddə 950.2. Bank tərəfindən hüquqi şəxslərin əmanətlərinin qaytarılması üsulları bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilir.

25. Maddə 950.3. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir.

26. Maddə 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.

27. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

37. 384.0.3. qətnaməni dəyişdirə bilər;

38. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

39. Hazırkı halda cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.

40. Apellyasiya Məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

42. Cavabdeh apellyasiya şikayətində depozit kimi qoyulmuş 1000 ABŞ dolları və 2013-cü ilə qədər olan hesablanmış faizlər iddiaçıya məxsus hesaba köçürülmüşdür.

43. Məhkəmə iclasında iddiaçı etiraf edərək qeyd etmişdir ki, 1000 ABŞ dolları vəsait onun hesabına köçürülmüşdür.

44. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşaraq qeyd edir ki, iş materiallarında da müəyyən olunur ki, 2013-cü il 1 sentyabr tarixində iddiaçı tərəfində 1000 ABŞ dolları depoziə qoyulmuş, depozit müqaviləsi bağlanaraq illər üzrə faizlərin hesablanaraq iddiaçının hesabına köçürülməsi razılaşdırılmışdır. Hazırda iddiaçı 1000 ABŞ dolları həcmində vəsaitin hesabına köçürülməsini təsdiq edir, bu halda apellyasiya şikayətinin həmin dəlili əsaslı olduğundan təmin olunmalı, qətnamə dəyişdirilməli, cavabdehdən tutulan məbləğ 1000 ABŞ dolları həcmində azaldılmalıdır.

45. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2022-ci il tarixli 9/4759 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 01 sentyabr 2003-cü il tarixli depozit (uşaq yığım əmanəti) müqaviləsi üzrə 01 sentyabr 2013-cü il tarixdən (müqaviləyə birtərəfli qaydada xitam verildiyi vaxtdan) 07 sentyabr 2020-ci il tarixədək (şəxs yetkinlik yaşına çatdığı müddətə) illik 9%-lə hesablanmaqla faiz borcu 2.286,55 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

46. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı nəvəsinin adına cavabdeh banka depozit qoymuş, bank iddiaçıya məlumat vermədən əmanət müqaviləsinə 01 sentyabr 2013-cü il tarixdə əmanət məhsulunun ləğvi səbəbindən birtərəfli qaydada xitam vermişdir. Bununla da iddiaçının hüquqları bank tərəfindən pozulmuşdur, bu səbəbdən rayon məhkəməsi ekspert rəyinə əsasən, iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Nəticə:

47. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən tutulan məbləğ 1000 ABŞ dolları həcmində azaldılmalıdır.

48. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

49. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1).

50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1664/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilsin, cavabdeh "xxxx" ASC -dən iddiaçının xeyrinə tutulmalı məbləğ 1000 (min) ABŞ dolları həcmində azaldılaraq, həmin məbləğ 2.286 (iki min iki yüz səksən altı) ABŞ dolları 55 sent (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə) müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar