Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8944/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3560/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Bahadur qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili iddianı təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3560/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin cavabdehlər və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardaddan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 şikayət verərək, qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız olduğu üçün ləğv edilməlidir. Lakin məhkəmə qeyd olunan tələbə müvafiq qaydada gəldiyi nəticələrin səbəblərini göstərməmiş, qərardadını əsaslandırmamışdır. Bundan başqa, iş üzrə mübahisəli Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzildir. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzil isə 5 nömrəlidir. İddiaçı şifahi olaraq bu mənzillərin eyni mənzil olmasını bildirir. Lakin bu hal hər hansı sübutla öz təsdiqini tapmır. Göründüyü kimi, yalnız iddiaçının mülahizələrinə istinad etməklə qeyri-qanuni qərardad qəbuletmiş məhkəmə birtərəfli mövqe göstərmiş, bunun da nəticəsində Cavabdeh2 mülkiyyət hüquqlarını pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3560/2021 saylı iş üzrə 04 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti müdafiə edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3560/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbirləri öz təbiətləri etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Ona görə də, iddianı təmin tədbirlərindən verilmiş dəlilinə istinad özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmini tədbirinin təmin edilməsi barədə ərizəni təmin etməkdə düzgün qənaətə gəlməmişdir. Belə ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Azərbaycan Respubliksaı Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən ərizəçinin tələb etdiyi təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmamışdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı Cavabdeh1 və Cavabdeh2 Bahadur qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddia tələbi ilə iddia təmin tədbirinin hər hansı bağlı yoxdur. Ona görə də hazırki halda iddia təmin tədbirinin tətbiq barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3560/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3560/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8944/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8944/2021
01.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver