Məhkəmə qərarları › İş №2(103)-8949/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8949/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8949/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızının və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evin alqı-satqısına görə alınmış pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin alqı-satqısına görə ondan alınan 10 000 ABŞ dollarının qaytarılmayan hissəsi olan 10 500 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ev almaq istəyərkən Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsi, ev 9, mənzil 2-nin satıldığı barədə elanı görüb evin sahibi Cavabdehla əlaqə saxlamış, qiymətini 70 000 ABŞ dollarına razılaşdırdıqları evə görə cavabdeh 10 000 ABŞ dolları beh istəmiş, evi almaq fikrində olduğu üçün Əmirə 10 000 ABŞ dolları vermiş, Gürcüstandan 60 000 ABŞ dolları gətirərək Əmirə vermək istəyəndə, cavabdehin ona satmaq istədiyi evinin qapısının və istifadəsində olan telefon nömrəsinin bağlı olduğunu gördüyündən narahat olmağa başlamış, dəfələrlə ona zəng etsə də əlaqə yarada bilməmiş, bir gün həmin evə gələndə evin təmir edildiyini görmüş, təmiri aparan şəxs özünün evin yeni sahibi kimi qələmə vermiş və Əmirin evi satmaq məqsədilə müxtəlif şəxslərdən beh aldığını, beh alandan sonra da beh qaytarmamaq üçün telefonunu və satdığı evi daimi olaraq bağlı saxladığını demiş, xeyli müddətdən sonra Əmiri onun yaşadığı Ramana qəsəbəsindəki evində tapmış, Əmir onları görən kimi narahat olmağa başlamış və “istəyirsiz bu evi satıb pulunuzu qaytararam” söyləmiş, bir neçə gün sonra Əmirə verdiyi pulu almaq üçün yenidən Ramanaya getdiyi zaman həmin evin də Əmir tərəfindən başqa şəxsə satıldığının və burdan da qaçıb gizləndiyinin şahidi olmuş, Sabunçu rayon 13-cü Polis bölməsinə etdiyi şikayət əsasında “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 iyun 2016-ci il tarixli qərar qəbul olunaraq mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmiş, sonradan cavabdeh hissə-hissə 6500 manat pulu qaytarmış və 10 500 manat borcu qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Əmir ona hansısa sənədə imza etdirərək həmin kağızın beh müqaviləsi olduğunu bildirmiş, məhkəmə prosesi zamanı isə onunla Əmir arasında ümumiyyətlə heç bir beh müqaviləsi bağlanmadığı məlum olmuşdur. Halbuki, 10 000 ABŞ dollarını ondan şəxsən Əmir almış, bunu istər istintaqda, istərsə də məhkəmədə etiraf etmişdir. Ev almaq barədə Əmirin həyat yoldaşı ilə heç bir söhbət etməmiş, alqı-satqı danışığında Əmirin həyat yoldaşı ümumiyyətlə olmamış, pulu həyat yoldaşının xəstəliyini səbəb gətirərək Əmir ondan götürmüş, həyat yoldaşına isə "sən də şahid olduğun üçün bu sənədə imza et” demişdir. Məhkəmə prosesində Əmir beh adı ilə elə bır kağız üzə çıxarmışdır ki, həmin kağızda onun ümumiyyətlə imzası yoxdur. Guya beh müqaviləsi onun həyat yoldaşı ilə Əmirin həyat yoldaşı arasında bağlanmışdır. Sabunçu rayon 13-cü polis bölməsində “cinayət işi başlanmasının rədd edilməsi barədə” 09 iyun 2016-ci il tarixdə qərar qəbul olunanda da Əmir “pulu qaytarmalı olmasa da, evi satdıqdan sonra Arazın verdiyi pulu qaytaracağını” demişdir. 2017-ci ildən başlayaraq Əmir həmin puldan xalası oğlu Tahirin vasitəçiliyi ilə hissə-hissə ona ödəniş də etmiş, Tahirin bildirdiyinə görə Əmir ona 2017-ci ildə 2500 manat, 2018-ci ildə 2500 manat, 2019-cu ilin yay ayında 500 manat və həmin ilin təxminən noyabr-dekabr ayında da 500 manat vermişdir. O, polis idarəsinə ərizə ilə müraciət edəndə, həmin ərizəsində Əmirlə arasında bağlanmış beh müqaviləsinə görə Əmirin ondan 10 000 ABŞ dolları pul aldığını və qaytarmadığını demiş, Əmir isə onunla arasında heç bir beh müqaviləsinin olmadığını, hətta beh müqaviləsinin həyat yoldaşı ilə onun həyat yoldaşı arasında bağlandığını da bildirməmişdir. Ona görə iddia ərizəsində cavabdeh qismində Əmirdən evin alqı-satqısına görə ondan aldığı behin qaytarılmasını tələb etmişdir. İstər polis idarəsinə, istərsə də məhkəməyə müraciət edəndə elə bilirdi ki, onunla Əmir arasında beh müqaviləsi bağlanmış, çünki cavabdeh ona buna inadırmışdır. Əmirin məhkəməyə təqdim etdiyi beh müqaviləsi ilə tanış olandan sonra başa düşmüşdür ki, cavadbeh onunla ümumiyyətlə beh müqaviləsi bağlamamış, ona özünün tərtib etdiyi hansısa formal bir kağıza imza etdirmişdir. Əmirin ona qarşı inandırıcı hərəkətlər etməsi, bəlkə də bu cür işlərdə səriştəli olması, digər tərəfdən ev almaq sevinci gözlərini elə bağlamışdır ki, nə o, nə də həyat yoldaşı Əmirin beh müqaviləsi kimi qələmə verdiyi sənədin sürətini belə ondan götürməmişdir. Hətta həmin vaxt onlar Əmirdən həyat yoldaşının sağlamlıq durumunu soruşanda onun vəziyyətinin əvvəlki kimi ağır olduğunu, məhz evi də bu səbəbdən satdığını bildirmişdir. Evi almaq istəyən, evə görə Əmirlə danışıq edən, pulu Əmirə verən o olduğu halda neçə olur ki, şahid kimi onunla gedən həyat yoldaşı, ev danışığında heç vaxt olmayan, Əmirin dediyi kimi “ölüm ayağında olan” Əmirin həyat yoldaşı ilə müqavilə bağlamışdır. Əgər bu hal ona məlum idisə, istər polisə müraciət edəndə, istərsə də iddia ərizəsində Əmirin həyat yoldaşı ilə bağladıqları müqaviləni mübahisələndirərdi, nəinki Əmiri. Hətta evin Əmirin həyat yoldaşının adına olmasını da məhkəmə gedişində bilmişdir. Düzdür, maddi problemləri yarandığı üçün evin pulunu gec düzəltmiş və hətta bir ara əmisi oğluna evi ala bilməyəcəyini, lakin evə beh verdiyini bildirərək evin onun tərəfindən alınmasını ona təklif etmişdir. Əmisi oğlu da onunla birlikdə gedib evə baxmış, lakin sonradan evi almaq üçün onun da pul düzəldə bilməməsi səbəbi ilə evi almaqdan imtina etmişdir. Bundan sonra pul düzəldərək evi almaga gəldikdə isə evin artıq başqa şəxsə satıldığını görmüşdür. Beləliklə, Əmir ev satmaq adı ilə onun 10 000 ABŞ dollarına qanunsuz sahib olmuş, həmin puldan ona cəmi 6500 manat qaytarmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, Arazgil evi almaq üçün 2015-ci ilin mart ayının axırlarından onlara gəlib-getmiş, bu zaman başqa yaxın qohumlarını da evə baxmaq üçün gətirmiş, onların da rəylərini bilmək istəmişlər. Onlar, yəni Araz, həyat yoldaşı, qayınanası, qayınatası, anası, bacısı evi almaq üçün ümumi rəyə gəlib qərar qəbul etmişlər. Ev onun arvadının mülkiyyətində olmuş, lakin evin kişisi kimi bütün söhbətlər əlbətdə arvadı ilə yanaşı onun da iştiraki ilə olmuşdur. Evlərini təcili satmalı olduğundan həmin dövr üçün o ərazidə o cür evlərin bazar qiymətindən də aşağı 70 000 ABŞ dollarına razılaşmışlar. Arazgil onlara xeyli vaxt verilməsini istəmiş, onlar isə bildirmişlər ki, evi təcili satırlar, evlə də maraqlananlar çoxdur. Onda Araz onlara 30 000 ABŞ dolları beh təklif etmişdir ki, onu 6 ay gözləsin. Buna razı olmamış, real alıcı olacaqsa evi satacağını bildirmişdir. Onda Araz 10 000 ABŞ dolları beh təklif etmiş, yerdə qalan pulu iki aya verəcəyini vəd etmişdir. 17.04.2015-ci ildə Arazın arvadı ilə satıcı kimi evin mülkiyyətçisi olan onun arvadı arasında beh müqaviləsi bağlanmış, müqavilənin şərtinə görə Arazgil iki aya pulun yerdə qalanını da ödəyib evi almalı olmuş, həmin müddət ərzində almazsa beh kimi ödənilmiş məbləğin onlarda qalacağı razılaşdırılmışdır. İddiaçıdan xahiş etmişdir ki, bu işlə ciddi məşğul olsun, əks təqdirdə problem yaranar, iddiaçı da söz vermişdir ki, ancaq bu işlə məşğul olacaqdır. Şərtləşdikləri vaxtda, yəni 17.06.2015-ci ildə Araz pulu düzəldib gətirməmiş, ona bildirəndə ki, belə olan halda onun behi batır, Araz demişdir ki, “cəhənnəmə batsın”. Əvəzində Arazın qayınatası bir nəfər tanımadığı şəxlə gəlib onunla görüşmüş və xahiş etmişdir ki, onlara yenə vaxt versin, pulu düzəldib gətirsinlər, beh batmasın. Əvvəl razı olmamış, Arazın qayınatası qızının evinin dağılacağını deyəndə onun bu sözü ona təsir etmiş və demişdir ki, “beh öz qüvvəsində qalır, amma ləngitməyin, bizi pis vəziyyətə qoyub, ziyana salırsınız”. Bundan sonra evi daha yüksək qiymətə almaq istəyənlər olmuş, lakin artıq beh aldığını bildirərək bunun mümkün olmadığını söyləmiş, lakin xeyli müddət keçsə də Araz pulun ödənilməsini təmin etməmişdir. Sonradan Araz, evə başqa müştəri tapıb gətirəcəyini bildirmiş və verdikləri behin də tapacaqları müştərinin puluna hesablamağı ondan xahiş etmiş, əvvəl razı olmasa da, humanistlik edib razılaşmış, Araz yenə vaxt istəmiş, təxminən sentyabr, ya oktyabr ayının əvvəllərində Araz zəng edib evin əmisi oğlu tərəfindən alınacağını, əmisi oğlunun da evə baxmaq istədiyini bildirmiş, əmisi oğlu kimi təqdim etdiyi şəxs Arazla gəlib evə baxmışdır. Həmin şəxs də evi bəyənmiş, Araz bildirmişdir ki, əmisi oğlu evi alar, sonra o da əmisi oğlundan evi alar. Noyabr ayının təxminən ortalarında Araz ona zəng edib əmisi oğlunun da pulu düzəldə bilmədiyini xəbər vermiş, bundan sonra işi özləri pozub, günahkar olduqları halda müxtəlif vaxtlarda xahiş, həddə-qorxu gəlmək, şantaj yolu ilə verdikləri behi onlardan tələb etməyə başlamışlar. İddiaçı görə çox zərərə düşmüş, başqa əlverişli təklif və variantlardan məhrum olmuşdur. Nəhayət evi 05.01.2016-cı ildə dəyərdəyməzinə 58 000 manata satmış, 05.02.2016-cı ildə evdən köçərək Ramana qəsəbəsində məskunlaşmışlar. Bundan sonra Araz, həyat yoldaşı, qaynanası Ramana qəsəbəsindəki evlərinə gələrək, onu, həyat yoldaşını, uşaqlarını nalayiq küçə söyüşləri ilə təhqir edib, evindən tezliklə meyitlərin çıxacağı, behi qytarmayacaqları təqdirdə onları ölümlə hədələyib, evlərinə od vuracağlarını bildirib çox böyük narahatçılıqlar yaratmış, pulu qaytarmaq üçün Novruz bayramına qədər vaxt qoyub getmişlər. Ailəsinin, uşaqlarının, özünün, əmlakının real təhlükədə olduğunu görüb Sabunçu rayon polis bölməsinə 16.03.2016-cı ildə müraciət etmiş, bu məsələ yoxlanarkən iddiaçının onlara qarşı etdiyi qanunsuzluqlar tam təsdiq olunsa da, şikayətini sonradan geri götürmüşdür. Həmin təhqiqat üzrə izahat verərkən Araz, həyat yoldaşı, qayınanası, qayınatası etiraf etmişlər ki, behdən sonra qalan pulu düzəldə bilmədiklərindən evi ala bilməmişlər. Buna baxmayaraq Arazgil ona qarşı müxtəlif forma və metodlarla təzyiq və şantajları davam etdirməyə başlamış, 23.05.2016-cı ildə İddiaçı Sabunçu RPİ-nin 13-cü polis bölməsinə müraciət edərək ona qarşı dələduzluq etdiyini bildirmiş, pulu qaytarmasa ona pis olacağı bildirilmiş, özünü Arazın xalası oğlu kimi təqdim edən Tahir adlı şəxs bu məsələdə aktiv rol oynamışdır. Onunla və ona yaxın olan adamlarla tez-tez əlaqə saxlayan bu şəxslə aralarında yaxşı mənada müəyyən münasibətlər yaranmış, belə razılığa və qərara gəlmişlər ki, imkan daxilində Araza müəyyən qədər pul qaytarsın. Tahir demişdir ki, Araz ona vaxtında bu məsələ barəsində desəydi ona kömək edərdi, evi alardı, bu məsələ də belə şəkil almazdı. 2016-2017-ci illərdə Tahir vasitəsilə Araza 6500 manat göndərmiş, 3500 manat da imkan olanda verəcəyini bildirmişdir. Telefon danşıqlarının birində Araza ona verdiyi 6500 manat haqda qəbz verməsini, bundan sonra yerdə qalan 3500 manatı ona verəcəyini dedikdə iddiaçı bundan imtina etmiş, bundan sonra qalan pulu ödəməmişdir. Beh müqaviləsi onun həyat yoldaşı ilə iddiaçının həyat yoldaşı arasında bağlanmış, behi evin kişisi kimi o sayaraq qəbul etsə də, müqaviləni həyat yoldaşı imzalamış, bütün əməliyyatlarda bir yerdə iştirak etmişlər. Araz da bildirmişdir ki, Gürcüstan vətəndaşı olduğu üçün evi arvadının adına alacaqlar, buna görə də müqavilə tərəfi olaraq arvadı çıxış edəcəkdir. Hesab edir ki, iddiaçının belə bir iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur, bundan başqa o, iddiaçının beh kimi verdiyi puldan çox hissəsini ona qaytarmışdır. Digər tərəfdən iddiaçı ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Məhkəmə kollegiyası izahatları dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, cavabdehin həyat yoldaşı olan X3 (satıcı) ilə iddiaçının həyat yoldaşı X2 (alıcı) arasında 17.04.2015-ci il tarixdə beh müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 2 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş 70 000 ABŞ dolları məbləğini ödəməyi öhdəsinə götürmüş, alıcı müqavilə üzrə satıcıya alqı-satqı müqaviləsinin icrasını təmin etmək üçün 10 000 ABŞ dolları məbləğində beh vermiş, alıcının 2 ay müddətində, yəni 17.06.2015-ci il tarixədək müqavilə üzrə öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə beh qismində verdiyi 10 000 ABŞ dollarının satıcıda qalacağı, satıcının isə qeyd olunan 2 ay müddətində alqı-satqı müqaviləsinin bağlanmasından imtina edəcəyi təqdirdə aldığı behin iki mislini alıcıya ödəyəcəyi razılaşdırılmışdır. İddiaçı, iddia tələblərinin faktiki əsası kimi məhz sözügedən beh müqaviləsinə əsaslanmış, cavabdehin öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, yəni müvafiq alqısatqı müqaviləsinin bağlanmasından yayınaraq alqı-satqı məbləğini ondan qəbul etmədiyini və aldığı beh məbləğindən 6500 manatını sonradan qaytarsa da, qalan məbləği ödəməkdən boyun qaçırdığını irəli sürmüşdür. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin beh müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 491.1-ci maddəsinə görə, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə görə, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.2-ci maddəsinə görə isə, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu kontekstdə kollegiya ilk növbədə qeyd edir ki, iddianın ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığı, eyni zamanda iddiaçının müvafiq tələbi irəli sürməyə subyektiv hüququnun olmadığı barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin hallarına uyğun olmuşdur; çünkü nə iddiaçı, nə də cavabdeh sözügedən beh müqaviləsinin tərəfləri olmamışlar - Mülki Məcəllənin 387.3-cü maddəsinə görə isə, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Digər tərəfdən kollegiyanın qənaətinə görə, iddia tələbi iddiaçının özünün bildirdiyi faktiki hallara əsasən də əsaslı hesab oluna bilməz. Belə ki, iddiaçı, beh müqaviləsində göstərilən müddət ərzində cavabdehi tapa bilmədiyini və cavabdehin mənzili başqa şəxsə sataraq ondan qaçıb gizləndiyi bildirsə də, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı (yaxud onun həyat yoldaşı) beh müqaviləsində razılaşdırılmış müddətdə ödənilməli pul vəsaitini ödəyə bilməmiş, behin batmaması üçün hətta mənzilin iddiaçının əmisi oğlu tərəfindən alınması barədə tərəflər arasında danışıqlar olmuş, həmin qohum bu məqsədlə evə baxış keçirsə də, lazımı məbləği düzəldə bilmədiyindən bu sövdələşmə də baş tutmamış, bundan sonra da cavabdeh iddiaçının ailə üzvlərinin xahişi ilə uzun müddət gözləmiş, nəhayət iddiaçının (yaxud həyat yoldaşının) öhdəliklərini icra edə bilməməsi səbəbindən mənzil başqa şəxşə satılmışdır. İşin bu halı iddiaçının etirafedici izahatları ilə də təsdiqlənmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, mənzil beh müqaviləsinin bağlanıldığı tarixdən 8 ay sonra başqa şəxsə satılmışdır. İddaçı sözügedən beh müqaviləsindən xəbərsiz olmalarını, belə bir müqavilənin mövcudluğundan cavabdehin məhkəmə iclasında beh müqaviləsini təqdim etməsindən sonra xəbər tutduqlarını bildirsə də, onun həmin müqavilədən ən azı 26.03.2016-cı il tarixindən məlumatlı olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan 26.03.2016-cı il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, təhqiqat zamanı iddiaçının qayınanası X1 izahatında “...evin alışı üçün Əmir adlı şəxslə tanış olduqlarını, Əmirin onlardan mənzilə görə 10 000 ABŞ dolları məbləğində beh almasını, beh müqaviləsinin Şəhla tərəfindən onların yanında imzalanmadığını, həmin vaxt müqaviləni oxumadıqlarını, sonradan müqavilənin şərtlərini oxuyandan 2 ay müddətində evi alqı-satqı etməli olduqlarını bildiklərini” göstərmişdir. Kollegiya, iddia üzrə iddia müddətinin ötürülmüş olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, iddiaçı cavabdehin beh məbləğindən sonuncu dəfə 2019-cu ilin noyabrdekabr aylarında 500 manatı geri qaytardığını bildirsə də, bununla bağlı mötəbər sübut verməmiş, cavabdeh isə qaytarmalı olmadığı halda verilmiş behdən 2016-cı ilin iyun ayından başlayaraq, sonuncu dəfə 2017-ci il tarixdə müxtəlif aylarda 3 dəfə 500 manat məbləğində pul qaytardığını etiraf etməklə həmin tarixdən sonra heç bir ödəniş etmədiyini bildirmişdir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməs bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3745/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar