Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-895/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: borcun alınması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1630/2022 saylı 04 oktyabr 2022ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh MMC-yə mühasibatlıq şöbəsi – faktura nəzarət bölməsinə təcrübəçi vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır. İddiaçı birinci dəfə 07 iyul 2021-ci il tarixdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmin müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar müəssisənin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən onunla bağlanmış müddətli əmək müqaviləsinin şərtlərinə uyğun olaraq iş vaxtının onun razılığı əsasında 09:00-dan 18:00-a qədər olduğu, nahar fasiləsinin isə 12:00-dan 14:00-a qədər (yaş yarımına çatmamış uşağı yedizdirmək üçün fasilələrlə 30 dəqiqə, cəmi 1saat iş vaxtı qısaldılır) olduğu müəyyən edilmişdir. Eyni zamanda, təcrübəçi kimi işə götürüldüyünə görə digər əməkdaşlar kimi qanunvericiliyə əsasən 40 saat işləmə məcburiyyəti qoyulmamış, işlədiyi vaxtlara mütənasib olaraq (xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər gün ərzində 2-3 saat, xx.xx.2021-ci il tarixdən 01.03 2021-ci il tarixə qədər gün ərzində 3-4 saat, 2021-ci il mart ayı üzrə 8 gün, aprel ayı üzrə 10 gün, may ayı üzrə 7 gün) əmək haqqının ödənildiyi məlum olmuşdur. Bildirilmişdir ki, Bakı şəhər İdarəsinə təqdim etdiyi izahatda hər gün işə çıxaraq 8 saatlıq iş rejimi ilə çalışdığını qeyd etsə də, lakin müəssisənin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərində bu məsələ öz təsdiqini tapmamışdır. Müəssisə ilə aralarında yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı ikinci dəfə 11 fevral 2022-ci il tarixdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət ünvanlamışdır. Həmin müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Cavabdeh MMC-nin rəhbərliyinə **********2 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 7.9-cu bəndinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin, tələb olunan sənədlərin təqdim olunması cəmiyyətin rəhbərliyi tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2023-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Ərizəçiyə razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 05 noyabr 2021-ci il tarixli 2021/005333 saylı arayışdan görünür ki, İddiaçı və işəgötürənin nümayəndəsi Könül Bayramova 05 noyabr 2021-ci il tarixdə saat 12:30- 13:00-da ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqının düzgün hesablanması və əmək müqaviləsinə dəyişiklik edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 1.350 manat əmək haqqının, 2021-ci ilin avqust ayı da daxil olmaqla gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla 1.577 manat 08 qəpik məbləğin, 50 manat mediator xərcinin, 51 manat dövlət rüsumunun, 5.071 manat 92 qəpik mənəvi ziyanın tutulması və xx.xx.2020-ci il tarixli əmək müqaviləsində təcrübəçi vəzifəsinin (peşəsinin) mühasib vəzifəsi (peşəsi) ilə əvəz edilməsi, əmək haqqının kəsilməsinə səbəb olmuş şəxslər barəsində tədbirlər görülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sonradan, İddiaçı nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 113 manat 48 qəpik əmək haqqının, 2021-ci ilin avqust ayı da daxil olmaqla gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla 3.529 manat 47 qəpik məbləğin, 50 manat mediator xərcinin, 51 manat dövlət rüsumunun, 1.500 manat nümayəndəyə ödənilmiş xərcin, 2.856 manat 05 qəpik mənəvi ziyanın tutulması və xx.xx.2020-ci il tarixli əmək müqaviləsində təcrübəçi vəzifəsinin (peşəsinin) mühasib vəzifəsi (peşəsi) ilə əvəz edilməsi, əmək haqqının kəsilməsinə səbəb olmuş şəxslər barəsində tədbirlər görülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sonradan, iddiaçının vəsatətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir.
5. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırımışdır ki, iddiaçı Bakı Dövlət Universitetini və Azərbaycan Texniki Universitetini bakalavr və magistr pilləsi üzrə bitirmiş, əlavə olaraq qrafik dizaynerlik sahəsi üzrə code akadem-nin məzunudur. xx.xx.2020-ci il tarixdən 1 ilə yaxındır o, Araz marketlər şəbəkəsinin Xətai rayonunda yerləşən Ağa Biznes centrdə olan Araz super marketlərin baş ofisində mühasibatlıq şöbəsinə əmək müqaviləsi üzrə qəbul olunmuşdur. Bu müddət ərzində onu minimum əmək haqqı ilə işlədərək ştata keçirmək adı altında 1 ilə yaxındır süründürməçiliyə yol veririlər. Onunla birlikdə təcrübəçi kimi işə onlarla işçi daxil olmuşdur, onlar səssiz qalıb 100 manatla süründürməçiliyə və pozulmuş hüquqlarının pozulmasına göz yumduqları üçün təcrübəçilikdən şöbələrdə müvafiq iş yerlərinə keçirilmişdir. Lakin, o, hələ də qanunsuz olaraq təcrübəçi kimi qalır. İnsan resurları departamentinin rəhbəri bildirir ki, onlarda vakansiya yoxdur, ona görə bu hal baş verir. Hörmətli məhkəmə, bu insanlar onun işə başladığı gündən bu günədək Araz supermarket MMC-də olan vakansiyaların sayı və onlara götürülmüş şəxslərin siyahısını məhkəməyə təqdim etsə, görülər ki, nəinki işə götürülmüş işçilərin, neçə ildir orada vəzifə tutmuş şəxslərin belə diplomları ixtisas üzrə tutduğu vəzifəyə uyğun gəlmir. Eyni zamanda bildirir ki, vakansiya yox idisə onları niyə 1 ildir 100 manatlıq əmək haqqı ilə təcrübəçi kimi saxlayırlar. Burdan da göründüyü kimi, MMC Əmək Müfəttişliyinin yerində yoxlama səlahiyyətinin olmamasından istifadə edərək qanunvericiliyi kobud şəkildə pozur. Qeyd olunanlarla bağlı mediasiyaya müraciət olunmuş, lakin nəticəsi olmamışdır. Araz supermarket MMC aşağıdakı qanunsuz hərəkətlərə yol verməklə əmək qanunvericiliyini, insan hüquq və azadlıqlarını pozmuşdur. Əmək müqaviləsi üzrə 250 manatlıq aylıq minimum əmək haqqının ödənilməsi ilə müqavilə bağladığı halda hər ay onun əmək haqqına tarif maaşı üzrə 100 manat pul keçirilmişdir. Bununla da, qanunsuz olaraq minimum əmək haqqı ilə aşağı məbləğlə işçi çalışdırmışdır. İlkin olaraq 250 manatla müqavilə bağlanır ki, (təcrübəçi adı altında) guya bir neçə aya işi öyrənən kimi əsas işə götürüləcək və əmək haqqı artacaq. Lakin bir neçə ay işlədikdən sonra şöbələr dəyişdirilir və deyilir ki, yeni şöbənin işini öyrən, orada da, əsas işə keçəcək (bu araz marketin məkrli siyasətidir öz millətinə qarşı). Bu vədlər ilə 1 ilə yaxındır artıq həmin şöbələr dəyişdirilməklə aylıq 100 manatlıq əmək haqqı ilə işləyir. Yuxarıda qeyd olunanlarla bağlı insan resurları şöbəsinə və rəhbərliyə dəfələrlə müraciət edib, bu qanunsuzluğa yol verilməsinin dayandırılmasını bildirmişdir. Lakin qanundan xəbərsiz bu insanlar insanları incitməkdən və hüquqlarını pozmaqdan əl çəkmirlər. Bunlarla bağı Dövlət Əmək Müfəttişliyi və Araz super marketlərin baş idarəsi sayılan Veysəloğlu şirkətlər qrupuna müraciət etmişdir. Lakin, pozulmuş hüquqları bərpa olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1630/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın qismən təmin edilməsi, ödənilməmiş əmək haqqının əvəzi olaraq 113 manat 48 qəpik, gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla hesablanmış 3.415 manat 99 qəpik, mediasiya təşkilatına ödənilmiş 50 manatın, ödənilmiş 51 manat dövlət rüsumunun, həmçinin mənəvi zərərə görə 200 manat olmaqla, cəmi 3.830 manat 47 qəpik pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə, 154-cü maddəsinin 1-ci bəndinə, 172-ci maddəsinin 1-ci bəndinə, 172-ci maddəsinin 5-ci bəndinə, 195-ci maddəsinin «d» bəndinə, 196-cı maddəsinin 1-ci bəndinə, 290-cı maddəsinin 3-cü bəndinə, 292-ci maddəsinin 1-ci bəndinə, 292-ci maddəsinin 2-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin təmin olmayan hissəsi ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən gəlinən nəticəni qəbul etmir. Eyni zamanda maddədə müqavilə sözü ümumiyyətlə yoxdur amma məhkmə müqavilə olmaması səbəbindən nümayəndəyə ödənilmiş məbləği rədd edir və MPM-nin 121.1-cimaddəsinə istinad edir. Qeyd olunan hallarla bağlı MPM-nin 121.1-ci maddəsinə istinad dügün təfsir deyil. Qətnamədəki hallara məcmu halında qiymət verən məhkəmə hər bir halıayrı ayrıqda araşdırmamışdır. Mübahisə predmetminin əsasını təşkil edən əmək müqaviləsinə dəyişiklik edilməsi aydınlaşdırılmamış (əmək müqaviləsində qeyd edilmişdir ki, tərəflər arasında mübahisə yarandıqda məhkəməyə müraciətedə bilər iddiaçı isə mümkün olan bütün vasitələrdən itifadə etmiş, lakin nəticə olmadığı üçün son inistansiya olan məhkəməyə müraciət etmişdir) və buna hüquqi münasibət bildirmədən rədd etmişdir. "xxxx" MMC-nin işçinin əmək haqqının minumum əmək haqqından az verilməsi, MMC-nin bu qanunsuzluğun gizlədilməsi üçün yerində yoxlamanın dayandırılması halıdan istifadə edilərək əmək müfətişliyinə yalan məlumat verilməsi qətamə üzrə təsdiqini tapması və iddiaçı tərəfindən dəfələrlə xüsusi qərardad çıxarılması barədə vəsatətlər verilməsinə baxmayaraq bu məsləyə münasibət belə bildirilmədən rədd edilmişdir. Məhkəmə qətnaməsində iddiaçının çəkdiyi mənəvi ziyanın əvəzi kimi 200 manat təmin edilmiş, qalan hissədə rədd edilmişdir. Məhkəmə tərəfindən gəlinən nəticəni təmin olunmayan hissədə qəbul etmir (təmin olmayan hissəyə münasibətdə bildirir ki, işçi haqqında dövlət orqanlarına yalan məlumat verilmiş, kollektiv arasında yalan məlumat paylaşılmış işçi haqqında, 3 ay işlədikdən sonra müvafiq ştata götürülərək əmək haqqqının arıtılacağı vədi ilə aylıq 100 manata işlədilmiş və bu süründürməçilik 1 il davam etmiş və sonda da işçiyə verilmiş bütün vədlərin yalan olduğu ortaya çıxmışdır. Əgər Bakı Dövlət Unversitetinin bakalavr və magistr pilləsini bitirmiş işçi bu haqsızlığa düşməsəi azından bunun 5 qatı daha yüksək əmək haqqısı olan iş tapardı və ali savadlı insana qarşı hüquqi şəxs tərəfindən bu qədər qanunsuzluq, haqsızlıq, ədalətsizlik baş verirsə görün ali təhsili olmayan insana nələr edər bu insanlar. Hətda Araz supermarketdə yüzlərlə bu kimi hallar var bunun bariz nümunəsi kimi istehlakçılara ən ucuz market adı altında yalan reklamla məşğul olduğu üçün iqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 1,500000 manatlıq cərimə edildi. Bu kimi halları nəzərə alaraq bildirir ki, heç bir qanunsuz reklam işi ilə məşğul olmaq insanın keçirtiyi mənəvi ziyandan çox ola bilməz). 5) Məhkəmə nümayəndəyə ödənişin həyata keçirildiyini təsdiqləyən qəbzə heç bir hüquqi münasibət bildirmədən rədd etmişdir, hansı ki, cavabdeh tərəf belə qəbz barəsində mübahisə edilməmişdir. Qətnamədə göstərilmişdir ki, (nümayəndə olan Nümayəndə1 İddiaçı həyat yoldaşı olmaqla, ona hər hansı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin bağlanması iş materialları ilə öz təsdiqini tapmır və isdinadı olaraq da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsini göstərmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
15. Maddə 7.2 bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
16. Maddə 154.1 əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
17. Maddə 172.1 aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
18. Maddə 172.5 əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
19. Maddə 195 «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
20. Maddə 196. 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.
21. Maddə 290. 3-cü bəndinə görə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır.
22. Maddə 292. 1-ci bəndinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
23. Maddə 292. 2-ci bəndinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 121.1 məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam edilməsinə xahiş etdiyindən qətnamə yalnız həmin hissədə yoxlanılır. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməsi hissəsində hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1630/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli 9/4237 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı Cavabdeh MMC tərəfindən hesablanmış əmək haqqının ödənilməsində gecikmələr olması müəyyən edilir və ekspert qarşısında qoyulan suallar üzrə yaranmış borc aşağıdakı kimi müəyyən olunur: 1-ci sual üzrə – Əmək müqaviləsi üzrə aylıq əmək haqqı 250 manat olduğu halda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işçiyə 2.261 manat 36 qəpik əmək haqqı hesablanmalıdır. 2-ci sual üzrə – İşçiyə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 250 manatdan az ödənilmiş (gecikdirilmiş) əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.2-ci maddəsinə əsasən hər gün gecikdirilmiş günü üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ödəniş xx.xx.2021-ci il tarixədək 3.058 manat 53 qəpik təşkil edir. 3-cü sual üzrə - İşçiyə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 250 manatdan az ödənilmiş əmək haqlarının məbləğinin 1.076 manatdan çox olan hissəsinin (yəni, hesablanmış ümumi məbləğdən ödənilmiş 1.076 manat çıxılır) xx.xx.2021-ci il tarixdən hal-hazırki tarixədək, yəni ekspert rəyinin tərtib olunduğu tarixədək hər gecikmiş günü üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ödəniş 357 manat 46 qəpik təşkil edir. 4-cü sual üzrə – Yuxarıda qeyd olunan suallar üzrə hesablanmış gecikdirilmiş əmək haqlarının və hər gecikdirilmiş gün üçün 1 faiz ödənişlərin ümumi məbləği aşağıdakı kimi müəyyən olunur: Əmək haqqı üzrə 113 manat 48 qəpik. 1 % gecikmə üzrə 3.415 manat 99 qəpik. Cəmi 3.529 manat 47 qəpik.
35. Göründüyü kimi, iddiaçının iddia tələbi – ödənilməmiş əmək haqqının əvəzi olaraq 113 manat 48 qəpik, gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla hesablanmış 3.415 manat 99 qəpik, mediasiya təşkilatına ödənilmiş 50 manat, ödənilmiş 51 manat dövlət rüsumu, həmçinin mənəvi zərərə görə 200 manat olmaqla, cəmi 3.830 manat 47 qəpik pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair hissədə əsaslıdır.
36. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçıya ödənilməmiş əmək haqqı 113 manat 48 qəpik təşkil edir. Habelə Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən gecikdirilmiş əmək haqqının hər ayı üçün 1 faiz olmaqla hesablanmış 3.415 manat 99 qəpik təşkil edir. Həmin əmək haqqının gecikdirilməsinin iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması aşkardır. Məhkəmə ödənilməmiş əmək haqqının məbləğini nəzərə alıb, tənasüblüyü qoruyaraq haqlı olaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməklə iddiaçıya dəymiş mənəvi zərərin məbləği 200 manat müəyyən edilməsi ədalətli olmaqla iddiaçıya dəymiş mənəvi zərəri təmin etmiş olur.
37. Bundan başqa, iddiaçı apellyasiya şikayətində əmək müqaviləsinə dəyişiklik edilməsi hisəssində iddia tələbinin rədd etməklə məhkəmə tərəfindən qanunun tələblərinin pozulduğunu bildirsə də, Kollegiya bu dəlili də əsaslı hesab etmir, ona görə ki, iddiaçı ilə ilk dəfə (müddətli) əmək müqaviləsi bağlanarkən onun işəgötürəndən bir asılılığı olmamış, habelə müqavilədə iddiaçının gələcəkdə mühasib vəzifəsinə keçiriləcəyi barədə hər hansı müddəa nəzərədə tutulmamışdır. Odur ki, birinci instansiya məhkəməsi qeyd olunan tələbi təmin etməməkdə haqlı olmuşdur.
38. Məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, iddia tələbi “nümayəndəyə ödənilmiş 1.500 manat məbləğində pulun tələb edilməsi” hissəsində təmin edilə bilməz.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
40. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
41. Yuxarıda qeyd edilən normanın dispozisiyasından göründüyü kimi, şəxs yaxın qohumu və ya vəkili olan nümayəndəsi vasitəsilə təmsil oluna bilər. İş materiallarından da göründüyü kimi hazırki iş üzrə nümayəndə olan Nümayəndə1 İddiaçı həyat yoldaşı olmaqla, ona hər hansı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin bağlanması iş materialları ilə öz təsdiqini tapmır.
42. Məhkəmə kollegiyası nümayəndəyə ödənilmiş pul məbləğinə dair hissədə apellyasiya şikayətinə qiymət verməyə davam edərək qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi, nümayəndə tərəfindən göstərilən yardıma görə çəkilmiş xərclərin nədən ibarət olması göstərilməli olduğu halda göstərilməmiş, habelə nümayəndə tərəfindən məhkəməyə konkret hallar və çıxış üçün hər hansı hesabat təqdim olunmalı olduğu halda belə hesabat təqdim edilməmişdir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1630/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.