Məhkəmə qərarları › İş №2(103)-895/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-895/2024

12.02.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-895/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı mülki iş (Açar sözlər: «pul tələbi, tələbin mənzilə yönəldilməsi, istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" MTK (MTK) nümayəndəsi Nümayəndə, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3366/2023saylı, 10 oktyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" MTK (MTK) və X8 (Payçı) arasında xx.xx.2016-cı il tarixli payçı müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, 9 saylı binanın qarşısında tikilməkdə olan 5-ci bina, B bloku, 12-ci mərtəbə, 12 C №-li, 2 otaqlı mənzili tikib Payçının mülkiyyətinə verməyi, Payçı isə bu mənzilin alınması üçün ödənişlər həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin, binanın bünövrəsinin qoyulmasından sonra 12 ay ərzində tikiləcəyi, mənzilin qiymətinin 106248 manat məbləğində olduğu, 2500 manat məbləğində ilkin ödənişdən sonra qalan 103748 manat məbləğində borcun ödənilməli olduğu göstərilmişdir.

2. Müqavilə predmeti olan mənzilin alınması üçün "xxxx" ASC (Bank) və X8 (Borcalan) arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank Borcalana həmin mənzilin alınması üçün 103748 manat məbləğində kredit verməyi, borcalan isə götürdüyü krediti müqavilədə göstərilən müddətdə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə kreditin 186 ay müddətinə, illik 10 %-lə verildiyi qeyd edilmişdir.

3. X3 "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq "xxxx" MTK (Zamin), "xxxx" ASC (Kreditor) və X8 (Borclu) arasında xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Zamin, Borclunun xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında məsuliyyət daşımağı və bu borcun malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür.

4. "xxxx" MTK ünvan 1 ünvanında yerləşən mənzili tikib X4 təhvil vermişdir. Sonuncunun mənzil üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

5. X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra həmin mənzildə mərhumun ailə üzvləri – arvadı Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqları yaşamışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzildən çıxarma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə X8 arasında bağlanmış ********* saylı, 30 avqust 2016-cı il tarixli payçı müqaviləsinin, xx.xx.2018-ci tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh ailə üzvləri X6 və X9 ilə birlikdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 5, 12C saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı "xxxx" MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiada göstərilib ki, mübahisə predmeti olan mənzilə kredit ayrılsa da, cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmamış, həmin mənzilə dair X3 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilsə də, payçı mənzili ipoteka ilə yüklü etməmişdir və bununla da müqavilə öhdəliyini pozmuşdur. X1 14 mart 2018-ci il tarixdə ölmüşdür. Payçının həyat yoldaşı Cavabdeh vərəsəliyi qəbul etmiş, bir neçə ay müqavilə öhdəliyinə uyğun “Azərbaycan Beynəlxalq Bank”ına kredit ödəmişdir. "xxxx" MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 19495 (on doqquz min dörd yüz doxsan beş) manat təşkil edir və bununla da o, müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Kredit müqaviləsinin 7.3cü bəndinə əsasən X8 aldığı kredit vəsaitini 186 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 30-u tarixindən gec olmayaraq ödəməli idi. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 103748 manat kredit götürmüşdür. "xxxx" MTK ilə "xxxx" ASC arasında birgə fəaliyyət haqqında saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti bankın girovundadır. Bundan başqa, bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTK-nın "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə yönəldilmişdir. Tərəflər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə Bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1-ci bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcə də kredit müqaviləsinin 7.3, 13.2, 13.9 maddələrinin şərtlərini kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən "xxxx" MTK və X8 arasında imzalanmış müqavilənin predmeti olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 5, mənzil 12C, sahəsi 69.9 kv.m olan, 2 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borcalan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. "xxxx" MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən X4 məxsus olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 5 mənzil 12C, sahəsi 69,9 kv.m olan, 2 otaqlı mənzili öz sahibliyinə keçirərək “ABВ” qarşısında borcu bağlamaq hüququna malikdir. "xxxx" MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh krediti ödəməkdən imtina etmişdir. X7 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzilin boşaldılaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 5, mənzil 12C, sahəsi 69.9 kv.m olan, 2 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2016-cı tarixli zaminlik müqaviləsinə əsasən payçı, bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır.

8. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli iddia ərizəsinin tələb hissəsini aşağıdakı redaksiyada qəbul edilməsini, "xxxx" MTK və "xxxx" ASC ilə X8 arasında bağlanmış müqavilələrin , həmçinin 30 avqust 2016-cı il tarixli zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq, "xxxx" MTK-nın hesabından tutulmuş 81518.19 manat (səksən bir min beş yüz on səkkiz manat on doqquz qəpik) məbləğində borcun Cavabdeh iddiaçı "xxxx" MTK-nın xeyrinə tutulması; tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivindəki 5 saylı binanın, 12 “C” saylı mənzilə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsi; Cavabdeh Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivindəki 5 saylı binanın, 12 “C” saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsindən ən geci bir ay ərzində ailə üzvləri X9, X6 və əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3366/2023saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 81518.19 manat (səksən bir min beş yüz on səkkiz manat on doqquz qəpik) məbləğində pulun tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilməsi, tutmanın ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 90000 (doxsan min) manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, mənzil satıldıqdan 1 (bir) ay sonra Cavabdeh uşaqları və əşyaları ilə birlikdə mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun tututaraq iddiaçı "xxxx" MTK-ya ödənilməsi, Cavabdeh ödənilməmiş 234.55 manat (iki yüz otuz dörd manat əlli beş qəpik) məbləğində dövlət rüsumunun tututaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Belə ki, cavabdehin mərhum əri və iddiaçı MTK arasında bağlanmış payçı müqaviləsindən görünür ki, müqavilə üzrə podratçı ("xxxx" MTK) müqavilə üzrə sifarişçiyə (X8) tikilmiş mənzil satmamış, yeni mənzil tikib mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilədə mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 12 ay müddətinə MTK tərəfindən tikilib Payçıya təhvil veriləcəyi qeyd edilmişdir. Belə olan halda, sözügedən müqavilə alqı-satqı yox, məhz podrat müqaviləsi olmuşdur. İlk növbədə iddia tələbinin birinci hissəsinə münasibət bildirən məhkəmə qeyd edib ki, iddiaçı MTK Cavabdeh 81518.19 manat məbləğində pul tələb etmiş və bu tələbinin əsası kimi cavabdehin mərhum əri Rəşad Qəzvini ilə MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqaviləyə, eləcə də Rəşad Qəzvini ilə "xxxx" ASC arasında bağlanmış eyni tarixli kredit müqaviləsinə istinad etmişdir. Belə ki, bu müqavilələrə əsasən Rəşad Qəzvini iddiaçı MTK tərəfindən tikiləcək mənzil almış, mənzil üçün 103748 manat məbləğində pul "xxxx" ASC-nin Rəşad Qəzviniyə verdiyi kredit hesabına ödənilmiş, sonuncu, müvafiq krediti müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə banka qaytarmağı öhdəsinə götürmüşdür. Öz növbəsində iddiaçı MTK isə X10rşısında üzərinə götürdüyü öhdəliklərin tam icrasına zamin durmuşdur. X11 xx.xx.2018-ci il tarixdə ölümündən sonra onun Bank qarşısında öhdəlikləri lazımınca yerinə yetirilməmişdir. Halbuki, onun ölümündən sonra mübahisəli mənzildə mərhumun arvadı olan Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşamağa davam etmiş, bununla mərhumdan miras qalmış əmlaka (mənzilə) faktiki sahiblik etmiş, miras əmlakı idarə etmişdir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh ərinin ölümündən sonra ondan miras qalmış mənzili faktiki qəbul etdiyindən mərhum ərinin vərəsəsi olmuşdur. Vərəsə isə alınmış aktivdə payına mütənasib surətdə miras qoyanın kreditorlarının mənafelərini tam ödəməyə borcludur. Belə ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilmiş qərarına istinadla onu da qeyd edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Belə olan halda, iddiaçı MTK mərhum Rəşad Qəzvini ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsi üzrə ödənilməmiş borcu Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Belə ki, bu borcun ödənilməsi mərhumun müqavilə öhdəliyi olduğundan mərhumdan miras qalmış mənzili faktiki olaraq qəbul edərək mərhumun vərəsəsi olan cavabdeh, mərhumun elə həmin mənzilə görə iddiaçı MTK qarşısındakı borcunu ödəməyə borcludur. Məhkəmə, cavabdehin məhz iddiaçı MTK qarşısında öhdəlik daşıdığı nəticəsinə ona görə gəlir ki, mərhum Rəşad Qəzvini "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı öhdəlik götürsə də, iş materiallarından görünür ki, iddiaçı MTK Rəşad Qəzvini və Bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durduğundan mərhum borclunun Bank qarşısında icra edilməmiş öhdəliyi iddiaçı MTK-nın həmin Bankdakı əmanəti hesabına icra edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən mərhum borclunun Bank qarşısında olan və iddiaçı MTK tərəfindən ödənilmiş borcu mərhumun mirası qəbul etmiş vərəsəsi olan cavabdeh tərəfindən məhz iddiaçı MTK-ya ödənilməlidir. Odur ki, iddia tələbinin birinci hissəsi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin ikinci hissəsi tutmanın mübahisə predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satışı qiyməti müəyyən edilərək açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi ilə bağlıdır. İddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında qeyd edildiyi kimi, kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Məhkəmə hesab edir ki, öhdəliyin miras qalmış əmlak hesabına icrasının hazırkı iş üçün yeganə üsulu mübahisəli mənzilin hərracdan satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsidir. Borcun məhz həmin əmlakın hərracdan satışa çıxarılması hesabına ödənilməsi həm də ona görə vacibdir ki, cavabdehin həmin borcu tam ödəyəcək maddi vəsaiti yoxdur. Bu baxımdan iddiaçı MTK-nın mübahisəli mənzillə bağlı kreditor kimi hüquqlarının real təmin edilməsi üçün müvafiq borc mənzilin hərracdan satılması hesabına ödənilməlidir. Mənzilin hansı ilkin satış qiyməti ilə hərracdan satışa çıxarılmasına münasibətdə məhkəmə qeyd edib ki, cavabdehin mərhum əri və iddiaçı MTK arasında bağlanmış müqavilədə tikiləcək mənzilin ümumi dəyəri 106248 manat məbləğində qiymətləndirilsə də, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin real bazar dəyəri 90000 manat məbləğində qiymətləndirilmişdir. Öz növbəsində tərəflərin mənzilin müəyyən edilmiş bazar qiyməti ilə bağlı etirazları olmamışdır. Belə olan halda, mübahisəli mənzil elə qiymətləndirici mütəxəssis tərəfindən müəyyən edilmiş bazar qiymətinə uyğun ilkin satış qiyməti ilə satışa çıxarılmalıdır. İddia tələbinin cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə dair üçüncü hissəsinə münasibətdə məhkəmə qeyd edib ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Cavabdeh bu mənzil üzərində istifadə hüququnu mənzilin birgə mülkiyyətçisi (birgə nikah dövründə əldə edilmiş əmlakın ümumiliyi prezumpsiyasına əsasən), ərinin ölümündən sonra isə mərhum mülkiyyətçinin mirası qəbul etmiş vərəsəsi kimi əldə etmişdir. Bu baxımdan mənzil üzərində mülkiyyət hüququnu itirməsi ilə (mənzilin açıq hərracdan satışa çıxarılaraq satılması yolu ilə) cavabdeh mənzil üzərindəki bütün hüquqlarını, eləcə də istifadə hüququnu itirmiş olacaqdır. Odur ki, məhkəmə yuxarıda gəldiyi nəticədən sonra cavabdehin istifadə hüququ ilə bağlı mübahisə qalmadığını hesab edərək iddianın bu hissədə təmin edilməməsi nəticəsinə gəlir. İddia tələbinin sonuncu hissəsi cavabdehin uşaqları və əşyaları ilə birlikdə ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi ilə bağlıdır. Bu tələbə münasibətdə məhkəmə qeyd edib ki, cavabdehin mərhum əri X8 və iddiaçı MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqavilənin 8.11-ci bəndində qeyd edilir ki: “Payçı tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı-ayrılıqda iki ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda Payçı qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır”. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “payçı” tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilmədiyi halda mənzilin boşaldılması müəyyən edilmişdir. Belə olan halda, mərhumun vərəsəsi olan cavabdeh də mərhum ərindən qalan borcun ödənilmədiyi hal üçün eyni vəzifəni daşımalıdır. Bu hissədə məhkəmə qeyd edib ki, iddiaçı MTK iddia tələbində mənzilin dərhal yox, satıldıqdan bir ay sonra boşaldılmasını tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmır və cavabdehin uşaqları və əşyaları ilə birlikdə mənzilin hərracda satışından sonra bir ay müddətində mənzili boşaltması nəticəsinə gəlir. Lakin bu zaman nəzərə alınmalıdır ki, hərracın nəticələri üzrə alıcının kim olacağı əvvəlcədən məlum olmadığından mənzilin cavabdeh tərəfindən boşaldılmasından sonra məhz iddiaçı MTK-ya təhvil verilməsi müəyyən edilə bilməz. Belə ki, mənzil boşaldıqdan sonra hərracın nəticələri üzrə alıcıya təhvil veriləcəkdir və bunun məhkəmə qətnaməsində ayrıca qeyd edilməsinə zərurət yoxdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə iş materiallarına ümumiyyətlə diqqət yetirməmiş və tərəflər arasında bağlanmış müqavilə üzrə tərəflərin statusunu doğru müəyyən edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə 81.518,19 manat borca həm podrat müqaviləsindən irəli gələn müddəaları tətbiq etmiş, həm də zaminlikdən irəli gələn münasibətləri tənzimləyən maddi hüquq normalarına istinad etmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi tərəflər arasında bağlanmış 30 avqust 2016-cı tarixli, ********* saylı payçı müqaviləsi ilə müəyyən edilmiş 106.248 manat məbləğində pul vəsaitinin 2.500 manatı cavabdehin mərhum əri R.Qəzvini, qalan 103.748 manatı isə "xxxx" ASC tərəfindən ödənilmiş və R.Qəzvininin MTK-ya borcu qalmamışdır. Beləliklə, tərəflər arasında bağlanmış Payçı müqaviləsinin şərtləri yerinə yetirilmiş, MTK tərəfindən mənzil R.Qəzviniyə təhvil verilmiş, R.Qəzvini tərəfindən də müqavilənin tam dəyəri MTK-ya ödənilmiş və onun MTK-ya heç bir borcu qalmamışdır. Əks halda, R.Qəzvini MTK-dan əldə etdiyi mənzilə mülkiyyət hüquqlarını təsdiq edən çıxarış əldə etməsi mümkün ola bilməzdi. İşə baxan birinci instansiya məhkəməsi, iş materiallarına yetərincə diqqət yetirmədiyindən, iddiaçı ilə cavabdehin mərhum əri arasında Payçı müqaviləsi üzrə heç bir öhdəliklərinin qalmadığına diqqət yetirməmişdir. Bununla da, mübahisəyə heç bir aidiyyəti olmayan maddi hüquq normasına istinad edərək məhkəmə qanunvericiliyin tələblərini pozmuşdur. Bundan başqa, iddia ərizəsinə baxan birinci instansiya məhkəməsinin iddia tələbi ilə bağlı ilk müəyyən etməli olduğu hallar aşağıdakılardır : 1) iddiaçının hazırkı iddianı qaldırmaqda müvafiq subyektiv hüquqlara malik olub-olmaması, yəni, pul tələb edilməsi sahəsində tələb (subyektiv) hüququn mövcudluğu; 2) əgər yuxarıda qeyd edilən hallar mövcuddursa, cavabdeh tərəfin etirazları nəzərə alınmaqla iddianın əsası olub-olmaması. Qanunvericiliyin qeyd edilən maddi hüquq normasında nümayiş etdirdiyi mövqedən də görünür ki, ilk öncə zamin kreditor qarşısında borclunun öhdəliyini yerinə yetirməli, bundan sonra kreditora məxsus hüquqlardan istifadə edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etməliydi. Lakin məhkəmə iddia tələbini icraata qəbul etdikdən sonra bu istiqamətdə heç bir araşdırma aparmamış və məhkəmə baxış iclasında, daha doğrusu son iclasda iş üzrə üçüncü şəxs olan bank tərəfindən məhkəməyə təqdim edilmiş məktub əsasında işə baxıb cavabdehin hüquqlarını pozan qətnaməsini qəbul etmişdir. Belə ki, Bank tərəfindən məhkəməyə təqdim edilən məktubda qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixli, 3-xx-xx- 2016-AF-GY saylı kredit müqaviləsinə əsasən X4 verilmiş kredit üzrə öhdəliklərin təminatı olaraq "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış zaminlik müqaviləsini/birgə fəaliyyət haqqında müqaviləni əsas tutaraq borc alanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği "xxxx" MTK-nın "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə xx.xx.2023-cü il tarixində yönləndirilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 15:28-də verilmiş hesabdan çıxarışa əsasən isə cavabdehin bank qarşısında öhdəliyi ödənilməmiş və 81.518,19 manat borcunun qaldığı görünməkdədir. Beləliklə, iddiaçı hazırkı iddia tələbini məhkəmədə qaldırarkən subyektiv hüququ olmamış, məhkəmə də bu istiqamətdə heç bir araşdırma aparmadığından maddi hüquq normasının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Mirasqoyan R.Qəzvininin bir deyil, üç vərəsəsi olmuşdur. Bunlar, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh və onun övladları olan X6 və X5r. Göründüyü kimi, hətta iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olmuş olsa belə, Cavabdeh kreditorlar qarşısında qəbul etdiyi miras həcmində, yəni, 1/3 hissədə cavabdehlik daşımışdır. Digər vərəsələrə qarşı isə, iddiaçı tərəfindən heç bir tələb irəli sürülməmişdir. Lakin, məhkəmə bu xüsusata diqqət yetirməyərək R.Qəzvinin Banka olan 81.518,19 manat borcunun tam məbləğini, yalnız vərəsələrdən birindən tutaraq maddi hüquq normasını pozmuşdur. Digər tərəfdən, məhkəmə iddia tələbinin ikinci hissəsi adlandırdığı, yəni, borcun miras qalmış əmlakın hərracdan satılması hesabına ödənilməsi nəticəsinə gəlməklə də, qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, onun R.Qəzvini tərəfindən alınmış bank krediti təminatsızdır. Yəni, aldığı kreditə görə bank qarşısında hər hansı bir daşınar-daşınmaz əmlakını girov və ya ipotekaya qoymamış, əmlakları ilə təminat verməmişdir. Belə olan halda, tələbin onun miras qoyduğu əmlaka yönəldilməsi üçün əsasların mövcudluğundan söhbət gedə bilməz. İddiaçının hazırkı pul tələbinin cavabdehin əmlaklarına yönəldilməsi iş üzrə yekun məhkəmə qərarı çıxarılıb qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində, o cümlədən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci və 43-cü mədələrinin tələbləri qaydasında borclu könüllü olaraq qətnaməni icra etmədikdə, icra məmuru tərəfindən başlanılan məcburi icra hərəkətələri nəticəsində mümkün ola bilər. Lakin işə baxan birinci instansiya məhkəməsi, qanunvericiliyin bu tələblərinə də göz yumaraq iddia tələbinin bu hissədə də təmin olunması qənaətinə gəlmişdir. Qaldı ki, mənzilin hərracdan satıldıqdan sonra cavabdeh və onun övladlarının mənzildən çıxarılmaları tələbinə, bu zaman da, məhkəmə hazırkı mülki iş üzrə cəlb edilməmiş və mübahisəli mənzilin paylı mülkiyyətçiləri olan, cavabdehin övladlarının mənzildən çıxarılması qənaətinə gəlməsi də tamamilə absurddur. Halbuki, heç bir yüklülüyü olmayan mübahisə predmeti olan mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçilərin yeni mülkiyyətçi qarşısında əmlakın 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından iddia qeyd edilən hissəsində təmin edilə bilməzdi. Yəni, iddiaçının belə bir tələb irəli sürməsi üçün subyektiv hüququ olmamışdır. Qeyd edilənlər bir daha onu göstərir ki, işə baxan birinci instansiya məhkəməsi qanunsuz olan qətnaməsini, maddi hüquq normalarını yanlış tətbiq etməklə əsaslandırmağa çalışmışdır. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmiş və sonradan iddia ərizəsini dəyişdirdiyindən 234,55 manat kəsiri qalmışdır. Lakin məhkəmə iddia ərizsinin dəyişdirilməsi barədə ərizəni icraata qəbul edərkən dövlət rüsumunun tam ödənilməməsini nəzərə almamış və mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq ərizəni geri qaytarmamışdır. Bundan başqa hazırkı iddia tələbi ilə iddiaçının məhkəməyə müraciət etmək hüququ, yalnız, zamin tərəfindən öhdəliyin kreditor qarşısında ödədikdən sonra yaranmış olur. xx.xx.2023-cü il tarixədək iddiaçı tərəfindən borclunun əvəzinə öhdəliyi yerinə yetirməsi barədə heç bir sübut məhkəməyə təqdim etməmiş, yalnız sonuncu məhkəmə iclasında Bank tərəfindən öhdəliyin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən icra edilməsinə dair məktub təqdim edilmişdir ki, məhkəmə iclasından sonra əldə edilən bank çıxarışından da göründüyü kimi, cavabdehin hesabında həmin ödənişin həyata keçirilməsi göstərilməmişdir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi iddiaçını sübutetmə yükündən azad edərək, özü arbitr rolundan çıxmış və iddiaçı üçün üstün hüquqlar yaratmış, iddiaçının və üçüncü şəxs olan Bankın heç bir sənədlə təsdiqini tapmayan sözlərinə “inanaraq” iddianı təmin etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı iddia tələbi nə iddiaçının seçiminə görə aidiyyət, nə də, müstəsna aidiyyət qaydalarının təsiri altına düşmədiyindən, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli idi. İş materiallarında olan cavabdehin şəxsiyyətini təsdiq edən sənəddən də göründüyü kimi, o, Bakı şəhəri, Nizami rayonu ərazisində qeydiyyatda olsa da, məhkəmə ərazi aidiyyəti pozulmaqla verilmiş iddia ərizəsini icraatına qəbul etmişdir. Bu halın özü də məhkəmənin hazırkı işdə marağının olması üçün əsaslı şübhələr yaradır. Belə ki, kifayət qədər maddi və prosessual hüquq normasını pozmaqla hazırkı qətnamənin çıxarılması məhkəmənin tərəfsiz və ədalətli olmasına əsaslı şübhələr yaradır. Digər tərəfdən işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni icraata qəbul edərkən prosessual hüquq normasını pozaraq iddiaçı tərəfindən iddia tələbinin həm əsasının, həm də predmetini dəyişdirməsinə göz yummuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli Payçı müqaviləsindən də göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, 9 saylı binanın qarşısında tikilməkdə olan 5-ci bina, B bloku, 12-ci mərtəbə, 12C nömrəli 2 otaqlı mənzilin qiyməti 106.248 manat müəyyən edilmişdir. Bu qiymət hələ 2016-cı ildə bünövrəsi yeni qazılmış binada olan mənzil üçün müəyyən edilmiş və həmin dövrdən artıq bina tikilmiş, istismara qəbul edilmiş və mənzillərə mülkiyyət hüququnu təsdiq edən çıxarışlar təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən mənzilin bazar dəyərinin (likvid deyil) müəyyən edilməsinə dair ekspert rəyinin alınması üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 3 ünvanında yerləşən mənzilin real bazar dəyəri 90.000 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunan maddi hüquq normalarının pozulmasına dair dəlillərdə ümumiyyətlə iddia tələbinin birinci hissəsi olan borc məbləğinin mənzilə yönəldilməsi hissəsində əsassız olmasına baxmayaraq, hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qərəzli mövqeyini sübutların qiymətləndirilməsində də göstərmiş və 7 il öncə 106.248 manata əldə edilmiş mənzilin hazırda 90.000 manat (iddia edilən borc məbləğinə uyğun) dəyərində qiymətləndirilməsinə heç bir münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olundu.

İddiaçı tərəf apellyasiya şikayətinə etiraz və etiraza əlavə təqdim edərək apellyasiya şikaytinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında Cavabdeh, nümayəndəsi və vəkili Vəkil, həmçinin cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasında iddiaçı "xxxx" MTK (MTK) nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə brgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

16. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olsa da, iddianın tam rədd edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə yalnız 81518.19 (səksən bir min beş yüz on səkkiz manat on doqquz qəpik) manatın alınması hissəsində qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə həmin hissədə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə digər hissələrdə düzgün olmamışdır.

24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə yalnız 81518.19 (səksən bir min beş yüz on səkkiz manat on doqquz qəpik) manatın alınması hissəsində uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia həmin hissədə haqlı sayılırdı. 25.Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.

26. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində tələbin bir neçə hissəyə bölünməsi iddiaların yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməzdi. Çünki, məhkəmə özü də iddiaçının tələblərinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilərdi. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir.

27. Göründüyü kimi, hazırki iddia üzrə iddiaçı cavabdehin mərhum ərinin(bundan sonra cavabdeh) bankla bağladığı 30 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əvvəlcə mübahisə predmeti olmuş mənzilə dair eyni tarixli payçı müqaviləsinin və çıxarışın ləğvini, mənzildən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldılması tələblərini irəli sürüb, sonradan isə iddia tələbini dəyişərək 81518.19 (səksən bir min beş yüz on səkkiz manat on doqquz qəpik) manatın alınması və tutmanın mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehin uşaqları və əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbini irəli sürüb. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi də cavabdehin mərhum ərinin bankla bağladığı 30 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsidir. Belə ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirib, eyni tarixli zaminlik müqaviləsinə əsasən cavabdehin 186 ay müddətinə ödəməli olduğu kredit borcunun qalıq hissəsinin MTK-nın bankda yerləşdirilmiş əmanətinə yönəldilməsi ilə əlaqədar cavabdehin bank qarşısında olan öhdəliyini tam icra etdiyinə görə bu iddianın irəli sürüldüyünü bəyan edir. 28.Düzdü, bu gün bu fakt işin mübahisəsiz halıdır, ən azından bu halı tərəflər mübahisələndirmir. Lakin cavabdeh şikayətində göstərir ki, iddia irəli sürüldüyü vaxt iddiaçının bu iddianı irəli sürməyə subyektiv hüququ yaranmamışdır ona görə ki, ilk öncə iddiaçı-zamin kreditor qarşısında borclunun öhdəliyini yerinə yetirməli, bundan sonra kreditora məxsus hüquqlardan istifadə edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Həqiqətən də bank tərəfindən iddiaçıya təqdim edilən xx.xx.2023-cü il tarixli 1776 nömrəli məktubda(bax.i.v;128) qeyd edilib ki, xx.xx.2016-cı il tarixli, 3-xx-xx-2016-AF-GY saylı kredit müqaviləsinə əsasən X4 verilmiş kredit üzrə öhdəliklərin təminatı olaraq "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış zaminlik müqaviləsini/birgə fəaliyyət haqqında müqaviləni əsas tutaraq borc alanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği "xxxx" MTK-nın "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə xx.xx.2023-cü il tarixində yönləndirilmişdir. Göründüyü kimi, qətnamə çıxarılan tarixdə olsa da, artıq cavabdeh tərəfin bank qarşısında olan öhdəliyini iddiaçının tam icra etdiyi işin mübahisəsiz halıdır. Buna görə də, prosessual qənaət prinsipi əsas götürülməklə, məhkəmənin yol verdiyi bu pozuntular qətnamənin ləğv edilməsinə səbəb olsa da, 81518.19 (səksən bir min beş yüz on səkkiz manat on doqquz qəpik) manatın cavabdehdən alınması hissəsində iddianın rədd edilməsi üçün əsas ola bilməz.

29. Deməli, hər bir halda iddiaçı cavabdehin bank qarşısında olan, kredit müqaviləsindən irəli gələn öhdəliyini yalnız zamin olduğu üçün icra etmişdir. Ona görə də iddiaçıya öhdəliyi icra etmiş zamin kimi kreditorun (bankın) həmin öhdəlik üzrə hüquqları və kreditora girov(ipoteka) kimi mənsub olmuş hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçə bilər, həmçinin kreditora ödədiyi məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

30. Ancaq iddiaçı zamin kimi cavabdehdən kreditora ödədiyi məbləği tələb etmək əvəzinə, fərqli, yəni kreditorun tələbini ödədiyi həcmdən artıq bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu cür iddia tələblərinin qaldırılması üçün gərək faktiki hallar da hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olsun.

31. İddiaçı mübahisəli mənzilə dair bankın girov (ipoteka) saxlayan kimi hüquqlarının da ona keçdiyini düşünərək bu cür dəyişdirilmiş iddia irəli sürsə də, payçı, kredit və zaminlik müqavilələri bağlanan tarixlərdə və sonradan həmin mənzil ipoteka predmeti olmamış və ona dair ipoteka müqaviləsi bağlanmamışdır. Demək ki, mənzilə dair ipoteka müqaviləsi bağlanmadığından və daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığından ona ipoteka predmeti kimi tutmanın qüvvədə olan qanunvericiliyə uyğun yönəldilməsi də nəzərdə tutulmamışdır. Başqa sözlə, iddiaçıya bankın ipoteka saxlayan kimi hüquqları o vaxt keçmiş olardı ki, qeyd olunan mənzilə dair ipoteka müqaviləsi bağlanmış və həmin müqavilə dövlət qeydiyyatna alınmış və yüklü olmuş olsun. Məhz buna görə də cavabdehə qarşı iddia tələbi hazırkı formada olmamalı idi.

32. Kredit müqaviləsinin 2.7-ci bəndində göstərilən, yəni borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda...borcalan 30 avqust 2016-cı il tarixli müqavilənin predmeti olan...mənzili boşaltmalıdır şərti isə əhəmiyyətsiz hesab edilir. Çünki, həmin vaxt mənzil mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasa və ipoteka predmeti olmasa da qeyd olunan formada razılaşma şərti etibarsızdır. Bu cür şərt cavabdehin mənzil üzərində olan sahiblik və istifadə hüquqlarını, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə mülkiyyət hüququnu açıq-aşkar pozan razılaşma hesab olunur. Ona görə də bu etibarsız şərt bank üçün hansısa hüquq yaratmadığından iddiaçıya da o şərtə əsaslanaraq hazırki iddianı irəli sürməyə əsas vermirdi.

33. İddiaçı cavabdehə qarşı hazırki iddianı mübahisəli mənzilin alınmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin 4.2.7-ci bəndinin şərtlərinə əsasən əsaslandırmağa cəhd etsə də bu hal da iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, Mülki Məcəllənin 529-cu maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Cavabdeh də iddiaçı ilə mübahisəli mənzilin alınmasına dair bağladığı müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. Başqa sözlə, iddiaçı mənzilə görə ödənilməli olan vəsaitin ödənilmədiyini mübahisələndirmir. Əksinə bankın verdiyi maliyyə arayışına əsasən (bax.i.v;128) zaminlik müqaviləsinə əsasən cavabdehin 81518.19 (səksən bir min beş yüz on səkkiz manat on doqquz qəpik) manatın kredit borcu zamin MTK tərəfindən ödənilmişdir. Deməli, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini həyata keçirdiyini təsdiq etməklə, mənzilin dəyərinin bank tərəfindən tam ödənildiyini də təsdiq edir.

34. Demək, cavabdehin qeyd olunan payçı müqaviləsi üzrə iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Eyni zamanda öhdəlik icra olunduğu üçün müqavilə də artıq hüquqi qüvvəsini itirmişdir. Bu cür vəziyyətdə iddiaçının qüvvədə olmayan, daha doğrusu icra olunmuş müqavilədən birtərəfli qaydada imtina etməsinin hər hansı bir hüquqi nəticəsi, eləcə də həmin mənzilə dair hansısa üçüncü şəxslə yeni müqavilə bağlamaq hüququ da ola bilməzdi. 35.Birinci instansiya məhkəməsi iddia tələbinin ikinci hissəsi adlandırdığı- tutmanın mübahisə predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satışı qiyməti müəyyən edilərək açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi ilə bağlı hissələrini əsaslı sayarkən “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarına istinad etmişdir. Həmin qərarda göstərilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Bu qərara uyğun birinci instansiya məhkəməsi hesab edib ki, öhdəliyin miras qalmış əmlak hesabına icrasının hazırkı iş üçün yeganə üsulu mübahisəli mənzilin hərracdan satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsidir. Borcun məhz həmin əmlakın hərracdan satışa çıxarılması hesabına ödənilməsi həm də ona görə vacibdir ki, cavabdehin həmin borcu tam ödəyəcək maddi vəsaiti yoxdur. Bu baxımdan iddiaçı MTKnın mübahisəli mənzillə bağlı kreditor kimi hüquqlarının real təmin edilməsi üçün müvafiq borc mənzilin hərracdan satılması hesabına ödənilməlidir. Ancaq hazırki iş üzrə cavabdeh vərəsə iddiaya etiraz edərkən vərəsəlik şəhadətnaməsi almamasına istinad etmir. Ona görə də, miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ o demək deyil ki, iddiaçı da kreditor olaraq miras qalmış əmlaka ipoteka predmeti olmasa da ona birbaşa tutmanın yönəldilməsi, ilkin satış qiyməti müəyyən edilməklə onun açıq hərracda satılmasını tələb edə bilər yaxud etməlidir. Bu cür vəziyyətdə, ipoteka institutunun əhəmiyyəti qalmaz. Başqa sözlə, bu cür hallarda kreditorlar ipoteka predmeti oldu-olmadı birbaşa öhdəliyin icrasını borclunun əmlakına yönəldilməsi barədə tələblər irəli sürə bilərlər ki, bu hallar da mülki dövriyyədə xaos yaradar, hüquqdan sui-istifadə və özbaşnalıq hallarının qarşısının alınması çətin vəziyyətə düşər.

36. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı).

37. Hazırki mübahisəyə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, istər Mülki Məcəllənin tələbi baxımından, istərsə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe baxımından cavabdeh mirasqoyanın vərəsəsi kimi onun əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrilib və iddiaçı qarşısında yaranmış öhdəliyinin icrasına görə məsuliyyət daşıyırlar.

38. Bununla belə, mülki qanunvericiiyin tələbinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir(MM.m.1151.1). Apellyasiya şikayətində göstərildiyi kimi, mirasqoyan Rəşad Qəzvininin üç vərəsəsi olmuşdur. Cavabdehlə yanaşı onun övladları olan xx.xx.2006-cı il təvəllüdlü X6 və 17 mart 2005-ci il təvəllüdlü X9 da qətnamə çıxarıldıqdan və ondan məlumatlı olduqdan sonra 07 noyabr 2023-cü il tarixdə mübahisə predmeti olan miras mənzildən, hər bir 1/3 hissədə irs almalarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Buna görə də, cavabdeh qəbul etdiyi miras həcmində, yəni, 1/3 hissədə cavabdehlik daşımalı olduğunu, digər vərəsələrə qarşı isə, iddiaçı tərəfindən heç bir tələb irəli sürülmədiyini şikayətində göstərsə də, bu dəlillər açıqaşkar hüquqdan sui-istifadə xarakteri daşıyır. Əvvəla ona görə ki, vərəsələrdən biri ümumiyyətlə yetkinlik yaşına çatmamışdır və cavabdehin himayəsində qalıb. 17 mart 2005-ci il təvəllüdlü X9 isə apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edild. Onların izahatlarından və iş materiallarından bəlli oldu ki, cavabdeh ana və iki övlad olaraq vahid ailə kimi birgə eyni mənzildə yaşayır. Demək ki, onların cavabdeh kimi göstərilməməsi iddianın əsassızlığına dəlalət etmir. Əksinə tələb edilən məbləğin cavabdeh tərəfindən ödəniləcəyi təqdirdə onun yetkinlik yaşına çatmayan və çatan iki övladından vərəsilik paylarına uyğun ödədiyi məbləği geri tələb etmək hüququ mövcud olaraq qalır. Ona görə də 81.518,19 manatın vərəsələrdən yalnız cavabdeh anadan tutulması maddi hüquq normasının pozulması kimi qiymətləndirilsə belə yenə də iddianın bu hissədə rədd olunması üçün əsas ola bilməz.

39. Bununla belə, birinci instansiya məhkəməsi iddianı təmin etsə də cavabdehin vərəsə kimi yaranmış öhdəliyin həcmi barədə ümumiyyətlə hüquqi dəyərləndirmə aparmamışdır. Çünki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar(MM.m.1306.1). Ancaq hazırki iş üzrə cavabdeh olan və olmayan vərəsələr aldığı miras aktivi, yəni daşınmaz əmlakdan 1/3 hissədə pay aldığı təsdiq olunduğundan, tələb edilən 81.518,19 manat həcmində öhdəlik də yaranıb və həmin məbləği ödəməyə borclu idilər. Çünki, cavabdeh olan və olmayan vərəsələr ümumiyyətlə aldıqları miras aktivindən miras passivinin az olduğunu bəyan etmir, iddiaya etirazları yalnız maddi imkanlarının pis olması ilə əlaqədar öhdəliklərini icra edə bilməmələri ilə bağlıdır. 40.Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə brgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar(MM.m.1306.2). Lakin cavabdehin birgə borclu olmasını heç iddiaçı da iddia etmir. Demək ki, cavabdeh birgə borclu olmadığı üçün birgə məsuliyyət də daşıya bilməzdi. Başqa sözlə, cavabdeh qanun üzrə vərəsəlik qaydasında miras əmlaka pay aldıqları üçün mirasqoyanın vərəsələri kimi iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Ən azından iddiaçı cavabdeh(lər)in tələb edilən məbləğdən də artıq həcmdə miras əmlaka pay almalarına dair məhkəməyə mötəbər sübut təqdim etmişdir.

41. Apellyasiya şikayətinin ərazi aidiyyəti qaydalarının pozulmasına dair dəlilləri ilə bağlı qeyd olunur ki, bu dəlillər də əsaslı sayılmır. Çünki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata götürülmüşdür. Çünki, ilk dəfə, yəni dəyişdirilənə qədər iddia tələbi 4 hissədən ibarət olmuş, onlardan ikisi - mənzildən çıxarılma və həmin mənzilin boşaldılması ilə bağlı olduğundan müstəsna aidiyyət qaydalarına uyğun verilmişdir.

42. Apellyasiya şikayətinin iddiaçının eyni anda həm iddianın əsasının, həm də predmetini dəyişdiyinə dair dəlilləri ilə bağlı qeyd olunur ki, bu dəlillər də təsdiq olunmur. Çünki, həm ilk, həm də dəyişdirilmiş iddianın əsası eyni, yəni eyni müqavilələr olmuşdur. Hər iki iddianın müəyyn hissələrində predmeti fərqli olsa da, müəyyən hissələrində isə eyni olmuşdur. Başqa sözlə, hər iki iddiada cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi ilə bağlı predmet eyni olmuşdur. Göründüyü kimi, bu dəlil də əslində cavabdehin mülki hüquqi məsuliyyətdən yayınmağa edilən cəhd kimi qiymətləndirilməlidir. 43.Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəlklərin icra edilməməsi, hüquqdan pis niyyətlə suiistifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

44. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3366/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv və iddia qismən təmin edilməli; Cavabdeh 81518.19 (səksən bir min beş yüz on səkkiz manat on doqquz qəpik) manat və ödənilmiş 100(yüz) manat dövlət rüsumu əvəzi alınaraq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə, ödənilməmiş 234.55 (iki yüz otuz dörd manat əlli beş qəpik)manat dövlət rüsumu əvəzi isə alınaraq dövlət büdcəsinə ödənilməli; İddianın qalan hissəsi təmin edilməməli; Apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3366/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 81518.19 (səksən bir min beş yüz on səkkiz manat on doqquz qəpik) manat və ödənilmiş 100(yüz) manat dövlət rüsumu əvəzi alınaraq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə, ödənilməmiş 234.55 (iki yüz otuz dörd manat əlli beş qəpik)manat dövlət rüsumu əvəzi isə alınaraq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar