Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8950/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Oruczadə Məryəm Faiq qızının katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair ilkin, "xxxx" MMC-nin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(004)-3943/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən əsassız olaraq hesablanmış 849,99 manat (səkkiz yüz qırx doqquz manat doxsan doqquz qəpik) məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı 761,38 manat (yeddi yüz altmış bir manat otuz səkkiz qəpik) borcun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, "xxxx" MMC-nin xidmət göstərdiyi (050) ***-**-** mobil nömrəsindən istifadə edir. 02.05.2021-ci il tarixdə axşam saat 19.20 radələrində telefonuna zəng gəlmiş, lakin zəngin kimdən gəldiyi müəyyən olunmadığından telefonda texniki nasazlıq olduğunu düşünərək telefonu yaxınlıqda yerləşən telefon təmiri ustasına aparmış, usta ona əməliyyatın 20-30 dəqiqə çəkəcəyini bildirdiyindən telefonu ona vermiş, 30 dəqiqədən sonra təkrar yaxınlaşmışdır. Telefonu götürdükdən sonra zəng etmək istəmiş, lakin xəttin borcdan bağlandığını görmüşdür. Halbuki, telefonu təmirə verməzdən əvvəl balansında 88 manat pul olmuşdur. Xəttin açılması üçün balansa 5 manat pul yükləmişdir. Bundan sonra da telefon açılmamış, balansa baxdıqda isə 761 manat borcun olduğunu görmüşdür. Təmir ustasının yanına gələrək məsələni aydınlaşdırmağa çalışmış, lakin usta günahın onda yox şirkətdə olduğunu bildirmişdir. Dəfələrlə şirkətin müştəri xidmətlərinə müraciət etmiş, ona bildirilmişdir ki, həmin tarixdə otuz dəqiqə ərzində sürətli internetdən istifadə olunmuşdur. Halbuki həmin vaxt o, internetdən istifadə etməmiş, bunu da dəfələrlə şirkətə bildirmişdir. 02 may 2021-ci il tarixdə ona "xxxx" MMC-dən bildiriş gəlmişdir ki, guya onun 849,99 manat borcu vardır və bu səbəbdən də onun mobil telefon nömrəsinə xidmət dayandırılmışdır. Bununla bağlı müştəri xidmətlərinə etdiyi müraciətdən sonra ona "xxxx" MMC-dən məktub gəlmiş və həmin məktubda göstərilmişdir ki, 849,99 manat məbləğində borc onun internet xidmətlərindən istifadə etməsi nəticəsində hesablanmışdır. Əsl həqiqətdə isə o, qeyd olunan müddətdə və saatda internet xidmətlərindən istifadə etmədiyindən ona 849,99 manat məbləğində borcun hesablanması əsassızdır. Qeyd olunan məbləğin heç bir hüquqi əsas olmadan ondan tələb edilməsi nəticəsində cavabdeh şirkət əsassız olaraq varlanmaq niyyətindədir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, (050) 224-60-90 mobil nömrəsi ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında "xxxx" MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. "xxxx" MMC ilə İddiaçı arasında 13 mart 2006-cı il tarixdə abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə (050) ***-**-** mobil nömrəsi abunəçinin istifadəsinə verilmişdir. Abunəçi borc yaranan anda “Biznes 200” tarif paketinə qoşulmuşdur. Həmin tarif paketinin şərtlərinə uyğun olaraq 10 manat aylıq abunə haqqının ödənilməsi müqabilində ölkəboyu şəbəkədaxili zəngin 1 dəqiqəsi 7 qəpikdən, ölkəboyu şəbəkəxarici zəngin 1 dəqiqəsi 12 qəpikdən, 1 ədəd SMS 5 qəpikdən, 1 MB internet 40 qəpikdən hesablanır. Abunəçinin qiymətlərdən hər hansı şikayəti daxil olmamış, başqa tarif paketinə keçməmişdir. 02 may 2021-ci ildə abunəçi yaranmış borcla bağlı "xxxx" MMC-yə müraciət etmiş, 16 may 2021-ci il tarixli məktubla ona izah edilmişdir ki, 050 *** ** ** mobil nömrəsində 01 may 2021-ci il tarixində saat 19.20-dən həmin gün saat 22.23-dək mütəmadi olaraq mobil internet xidmətindən istifadə edilmiş (ümumilikdə 2069,68 MB), tariflərə müvafiq olaraq da haqq (827,87 manat) hesablanaraq fakturada öz əksini tapmışdır. 050 *** ** ** mobil nömrəsinin rabitə xəttinə 01 may 2021-ci il tarixində saat 22.26-da limit keçmə halı müşahidə edildiyinə görə məhdudiyyət qoyulmuşdur. Həmin nömrədə hər hansı həcmli mobil internet paketinin aktiv edilməsinə və ya ümumiyyətlə internet xidmətlərinin göstərilməsinin dayandırılmasına dair "xxxx" MMC-yə abunəçi müraciəti daxil olmamışdır. Mobil nömrə ilə bağlı bütün hüquq və vəzifələr ancaq abunəçiyə tətbiq edilir. Nömrənin və cihazın üçüncü çəxs tərəfindən istismarı zamanı müqavilə şərtlərinin yerinə yetirilmə məsuliyyəti abunəçinin üzərinə düşür. Abunə müqaviləsinin 4.3. və. 4.4. maddələrinə uyğun olaraq, abunəçi "xxxx" MMC-nin göstərdiyi xidmətlərdən istifadə etmək və ya onlardan imtina etmək hüququna malikdir. Lakin internet xidmətinin göstərilməsindən imtina ilə bağlı hər hansı ərizə Şirkətə daxil olmamışdır. Borcun ödənilməsi üçün son ödəmə tarixi 08 iyun 2021-ci il tarixi müəyyən edilsə də, abunəçinin 761,38 manat borcu ödənilməmiş qalmışdır. Şirkət iddiaçıya yaranmış borcun 50 %-ə qədər güzəşt edilməsi ilə barışıq təklif etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(004)-3943/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək İddiaçı 761,38 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamış, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla onun tərəfindən verilmiş iddia tələblərinin tam qanuni olmasının sübut olunmasına baxmayaraq, sübutları onun zərərinə qiymətləndirməklə əsassız olaraq iddiasını təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi və qarşılıqlı iddia ərizəsində göstərilənlərə əlavə olaraq bildirdi ki, abunə müqaviləsinin 12.4cü maddəsinə əsasən “Azərcell” öz mülahizəsinə əsasən abunəçinin mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçildikdə əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququna malikdir. Kredit limiti keçildikdə nömrənin bağlanması "xxxx" MMC-nin öhdəliyi deyil, hüququdur. "xxxx" MMC tərəfindən təqdim edilən xidmətlərdən, o cümlədən mobil internet xidmətindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair öhdəlik götürülməmişdir. Abunəçilər nömrələrinin balanslarına kifayət qədər şəffaf formada, müxtəlif xidmətlər vasitəsilə nəzarət etmək imkanına malikdirlər. "xxxx" MMC-nin göstərdiyi xidmətlər çərçivəsində abunəçilər mobil internet xidmətindən istifadə edərkən tariflərə uyğun olaraq (mobil internet paketi aktiv olduqda həmin paketə uyğun olaraq, heç bir mobil internet paketi aktiv olmadığı halda hər MB üçün – 0,40 manat, ƏDV daxil) xidmət haqqı hesablanır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə gəlməmiş, kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilkin iddia tələbi qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 00056914/D nömrəli GSM müqaviləsinin surətinə əsasən **********427004690 nömrəli sim kartla (050) ***-**-** GSM nömrəsi İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 25.05.2021-ci il tarixli hesab fakturaya əsasən İddiaçı "xxxx" MMC-yə 761,38 manat məbləğində borcu vardır, son ödəmə tarixi 08.06.2021-ci il tarixidir. İş materiallarında olan İddiaçı "xxxx" MMC-yə 02 may 2021-ci il tarixli məktubundan görünür ki, o, hesabında olan 88 manat pulun bərpa olunmasını və ona hesablanmış 849 manat borcun ləğv olunmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin İddiaçı ünvanlanmış 16 may 2021-ci il tarixli məktubundan görünür ki, şirkətin rəsmi elektron məlumat bazaları əsasında araşdırılma aparılmış, araşdırma nəticəsində məlum olmuşdur ki, 13 mart 2006-cı il tarixli abunə müqaviləsinə əsasən fakturalı xətt sistemində İddiaçı istifadəsinə verilmiş 050 *** ** ** mobil nömrəsində 01 may 2021-ci il tarixində saat 19.20-dən həmin gün saat 22.23-dək mütəmadi olaraq mobil internet xidmətindən istifadə edilmiş (ümumilikdə 2069,68 MB), tariflərə müvafiq olaraq da haqq (827,87 manat) hesablanaraq fakturada öz əksini tapmışdır. 050 *** ** ** mobil nömrəsinin rabitə xəttinə 01 may 2021-ci il tarixində saat 22.26-da limit keçmə halı müşahidə edildiyinə görə məhdudiyyət qoyulmuşdur. Həmin nömrədə hər hansı həcmli mobil internet paketinin aktiv edilməsinə və ya ümumiyyətlə internet xidmətlərinin göstərilməsinin dayandırılmasına dair "xxxx" MMC-yə hər hansı abunəçi müraciəti daxil olmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş arayışa əsasən ********* nömrəsi 03.03.2021-ci il tarixdən 01.05.2021-ci il saat 22:23-dək İMEİ kodu **********563901 olan mobil telefon cihazında istifadə olunmuşdur. Birinci instansiya məhkəməsi ilkin iddianı əsassız, qarşılıqlı iddianı əsaslı hesab etməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə nömrədən istifadə nəticəsində yaranmış borca görə hansı səbəbdən və ya kimin istifadəsi üzrə yaranmasından asılı olmayaraq abunəçi İddiaçı özü məsuliyyət daşıyır və iddiaçının istifadəsində olan nömrədən 01.05.2021-ci il saat 19:20dən 22:23-dək mütəmadi olaraq mobil internetdən istifadə edilməsi nəticəsində 827,87 manat borcun yaranması iş materialları ilə təsdiqini tapır. Kollegiya verilmiş apellyasiya şikayətinin dəlilləri əsasında qətnaməni yoxlayaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1. maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı istifadəsində olan (050) ***-**-** mobil nömrəsində hər hansı həcmli mobil internet paketinin aktiv edilməsinə və ya internet xidmətlərinin göstərilməsinin dayandırılmasına dair "xxxx" MMC-yə hər hansı abunəçi müraciəti daxil olmamışdır. Lakin hər hansı həcmli mobil internet paketinin aktiv edilməməsinə baxmayaraq, həmin mobil telefon nömrəsi “Biznes 200” tarif paketinə qoşulmuş, 050 224-06-90 mobil nömrəsində 01 may 2021-ci il tarixində saat 19.20-dən həmin gün saat 22.23-dək mütəmadi olaraq mobil internet xidmətindən istifadə edilmiş (ümumilikdə 2069,68 MB), nəticədə tariflərə müvafiq olaraq 827,87 manat haqq hesablanaraq fakturada öz əksini tapmışdır. “Biznes 200” tarif paketi barədə "xxxx" MMC-nin rəsmi internet səhifəsində olan ümumi məlumatdan görünür ki, həmin tarif paketində aylıq abunə haqqı 10 manat, ölkəboyu şəbəkədaxili zəngin 1 dəqiqəsi 0,07 manat, ölkəboyu şəbəkəxarici zəngin 1 dəqiqəsi 0,12 manat, 1 ədəd SMS 0,05 manat, 1 MB internet 0,40 manatdan hesablanır. Qeyd olunan səhifədə olan ümumi məlumatda olan qeyddən görünür ki, 08.01.2019cu il tarixindən etibarən fakturalı xətt sisteminə aid nömrələrin “Biznes 200” tarif paketinə qoşulmağı dayandırılmışdır. Link: Biznes 200 tarifi | Azercell "xxxx" MMC-nin İddiaçı ünvanlanmış 16 may 2021-ci il tarixli məktubundan görünür ki, 13 mart 2006-cı il tarixli abunə müqaviləsinə əsasən İddiaçı istifadəsində olan 050 *** ** ** mobil nömrəsi fakturalı xətt sisteminə aiddir. Kollegiya hesab edir ki, fakturalı xətt sisteminə aid nömrələrin “Biznes 200” tarif paketinə qoşulmasının 08.01.2019-cu il tarixindən etibarən dayandırıldığı halda İddiaçı istifadəsində olan 050 *** ** ** mobil nömrəsinin həqiqətən həmin tarif paketinə qoşulması kifayət qədər əsaslı şübhələr və ziddiyyətlər yaradır. “Van de Huk Niderlanda qarşı” işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə kollegiyası xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya qeyd edir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış abunə müqaviləsinin 12.4-cü maddəsinə və məhkəməyə daxil olmuş etirazına əsasən "xxxx" MMC öz mülahizəsinə əsasən abunəçinin mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçildikdə əlavə vəsait ödənilənədək nömrənin istifadəsini dayandırmaq hüququna malikdir. Kollegiya işin tədqiq olunmuş hallarına əsasən hesab edir ki, "xxxx" MMC təqdim edilən xidmətlərdən, o cümlədən mobil internet xidmətindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda öz abunəçilərinə xəbərdarlıq ediləcəyinə dair üzərinə öhdəlik götürməsə də və abunə müqaviləsinə əsasən kredit limiti keçildikdə nömrənin istifadəsini dayandırmaq və məhdudlaşdırmaq hüququ ona məxsus olsa da, bu hüququndan suiistifadəyə yol vermiş, ölkə üzrə mövcud olan mobil operatorlar içərisindən məhz ona güvənib xidmətlərindən istifadə edən abunəçi İddiaçı istifadəsində olan 050 *** ** ** mobil nömrəsində həcmli mobil internet paketinin aktiv edilmədiyini, o cümlədən, mobil nömrədən “Biznes 200” tarif paketində mütəmadi olaraq mobil internet xidmətindən istifadə edildiyini və yüksək məbləğdə borcun hesablanacağını bildiyi halda, istehlakçının ziyanına olaraq, mobil internet xidmətindən istifadənin həcmi hesabda olan 88 manat depozit məbləğini aşdıqdan sonra vaxtında nömrənin istifadəsini dayandırmamış, nəticədə abunəçinin üzərinə internetden istifadəyə görə qeyri-real, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən doğan gözləntidən kəskin şəkildə artıq bir məbləğdə borcla yükləyərək, onun iqtisadi cəhətdən çətin vəziyyətdə qalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2. maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4. maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. İşin hallarından və qanunverijiliyin yuxarıda sadalanan normalarından çıxış edərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qraşılıqlı iddiaçı "xxxx" MMC-nin tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən çıxış etməklə göstərilən məbləği qarşılıqlı iddia üzrə cavabdehdən tələb etmək hüququ olsa da, həmin borcun yaranması qarşılıqlı iddiaçının öz hüquqlarından sui-istifadə etməsi ilə bağlı olduğundan, iddia tələbi əsaslı olmamışdır və təmin edilə bilməz. Eyni əsaslardan çıxış edərək məhkəmə kollegiyası ilk iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçıya hesablanmış 761,38 manat borc məbləği qarşılıqlı iddiaçının hiququndan sui-istifadə etməsi nətijəsində yarandığından həmin məbləğdə əsassız borcun silinməsi hissəsində ilk iddia əsaslı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası yuxarıda təsvir edilmiş əsaslara istinad edərək, ilk iddianın 88 manat hissəsinin silinməsinə dair hissəsini əsassız hesab edir. Belə ki, artıq qeyd edildiyi kimi, qarşılıqlı iddiaçının hüquqdan sui-istifadə faktı yalnız həmin depozit məbləği həcmində mobil xidmətdən istifadə edilməsindən sonra mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(004)-3943/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia tələbi qismən təmin edilsin. "xxxx" MMC tərəfindən İddiaçı hesablanmış 761,38 manat (yeddi yüz altmış bir manat otuz səkkiz qəpik) məbləğində borc silinsin. İlkin iddia tələbinin qalan hissəsi təmin edilməsin. "xxxx" MMC-nin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8950/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8950/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver