Məhkəmə qərarları › İş №2(103)-8957/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8957/2021

24.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8957/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı cavabdeh “Siyəzənneft” NQÇİ-yə qarşı "işdən azad edilməsi barədə əmr ləğv edilməklə, işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı" barədə iddia ərizəsi üzrə ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Siyəzənneft” NQÇİ-yə qarşı "işdən azad edilməsi barədə əmr ləğv edilməklə, işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, cavabdeh “Siyəzənneft” NQÇİ-nin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Siyəzənneft” NQÇİ-nin əsl cavabdeh "Azneft" İstehsalat Birliyi ilə əvəz edilməsini və mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə cavabdehin hüquqi ünvanı, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73 ünvanı nəzərə alınmaqla, aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2(059)-381/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh “Siyəzənneft” NQÇİ-yə qarşı işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə cavabdeh əsl cavabdeh “Azneft” İstehsalat Birliyi ilə əvəz olunduğundan mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərini əsas götürərək, hesab etmişdir ki, hazırki işə Siyəzən Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsində göstərilmişdir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Lakin, iş materiallarından görünür ki, Siyəzən Rayon Məhkəməsi işi öz icraatına götürərkən səhvə yol vermişdir. Belə ki, iş materiallarına əlavə olunmuş 01 may 2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti tərəfindən təsdiq edilmiş əsasnamənin surətindən də göründüyü kimi, NQÇİ hüquqi şəxs olmamaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 1994-cü il tarixli, 13 saylı əmrinə əsasən Quruda Neft və X1 tərkibində yaradılmış, 08 aprel 2003-cü il tarixli, 28 saylı əmr əsasında isə "Azneft" İstehsalat Birliyinin tərkibinə verilmişdir. Göründüyü kimi, “Siyəzənneft” NQÇİ "Azneft" İstehsalat Birliyinin tərkibində struktur təşkilat kimi fəaliyyət göstərir və hüquqi şəxs statusuna malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarından görünür ki, "Azneft" İstehsalat Birliyinin ünvanı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73-dür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənatə gəlir ki, hazırki iş üzrə iddia ərizəsinə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh “Siyəzənneft” NQÇİ-yə qarşı "işdən azad edilməsi barədə əmr ləğv edilməklə, işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı" tələbi barədə iddia ərizəsi üzrə mülki iş baxılması üçün ərazi aidiyyətinə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar