Məhkəmə qərarları › İş №2(103)-8979/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8979/2021

27.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8979/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “müavinətin tam ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(009)-1704/2021 saylı qətnaməsindən iddiaçı X2 və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onların xeyrinə müvafiq olaraq 1955,44 və 1494,37 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh”nin işçiləri olmuşlar və cavabdeh təşkilatın müvafiq əmrləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar bağlanmış əmək müqavilələrinə xitam verilərək işdən azad edilmişlər. Onlara işdən çıxma müavinəti kimi əmək haqqının 5 misli miqdarında müavinət ödəniləcəyini bildirmişlər. Həmin müavinətdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsində nəzərdə tutulan gəlir vergisi tutulmuşdur. Qanunla həmin müavinətdən gəlir vergisinin tutulması əsassız olmaqla bu barədə cavabdeh təşkilata müraciət etsələr də müsbət nəticə əldə edə bilməmişlər, həmin müavinətdən gəlir vergisi tutulması qanunsuz və əsassız olmaqla onlara müavinət tam ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(009)-1704/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 1955,44 manat məbləğində gəlir vergisinin Cavabdehndən tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən 15 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı X2 və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı K.M.Mircəfər apelyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi və cavabdehdən 1494,37 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddia müddətinin tətbiq edilməsi qanunsuz və əsassız olmuşdur, hazırki mübahisə üzrə iddia müddətinin axımı Mülki Məcəllənin 377-ci maddəsinə uyğun olaraq, hüququnun pozulduğu, öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu andan hesablanmalı olduğundan, iddia müddətinin hesablanması cavabdehin 16.10.2018-ci il tarixli məktubunun tarixindən hesablanmalıdır. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilmiş hissəsində ləğv olunması və iddia tələbinin təmin edilmiş hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. İş materiallarından göründüyü kimi, İddiaçı1 işçilərin və ştatların ixtisarı ilə əlaqədar deyil, öz ərizəsi ilə işdən azad edilib, bu əsasla əmək müqaviləsi ləğv edilmiş işçilərə maddi təminat kimi işdənçıxma müavinətinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığına görə, sözügedən əmr-qərar ilə müavinət adlandırılmağına baxmayaraq, mahiyyət etibarı ilə ödənişin digər növünə aid olan pul vəsaiti verilmişdir. Vəsaitin ödənilməsində məqsəd işdən azad olunan işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaq olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı K.Mircəfər öz apelyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. Digər İddiaçı1 cavabdehin apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişdir. Odur ki, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apelyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı1 aid olan 15.04.1976-cı il tarixli əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı1 “Azneft” İB-nin İdarəetmə aparatının Mərkəzi mühəndis texnoloji xidmətinin 15-ci dərəcəli böyük mühəndisi vəzifəsinə qəbul edilmiş və 26.02.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. SOCAR “Azneft” İB tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı1 ilə 09 iyul 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 26 fevral 2021-ci il tarixdə işçinin öz ərizəsinə ( AR Əmək məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar ) əsasən xitam verilmiş və ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-qərarın 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində 9095 manat müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 1955,44 manat təşkil edir. Kamalətdin Mircəfərə aid olan 08.06.1970-ci il tarixli əmək kitabçasının surətindən aydın olur ki, X2 “Azneft” İB-nin İdarəetmə aparatının Mərkəzi mühəndis texnoloji xidmətinin 14-cü dərəcəli növbə rəisi vəzifəsinə qəbul edilmiş və 30.07.2013-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. SOCAR “Azneft” İB tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı2 ilə 07 aprel 2008-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 30 iyul 2013-cü il tarixdə işçinin öz ərizəsinə ( AR Əmək məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar ) əsasən xitam verilmiş və ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-qərarın 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22ə nömrəli dəyişikliyə əsasən, orta aylıq əmək haqqının beş misli məbləğində 7125,05 manat müavinət ödənilmişdir. Həmin məbləğdən tutulan gəlir vergisi 1494,37 manat təşkil edir. Hazırda iddiaçılar onlara ödənilən müavinətin vergidən azad olunmuş müavinətlər sırasına daxil olduğunu göstərərək müavinətlərin tam məbləğdə ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı K.Mircəfərə aid hissədə iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunvericiliyin tələbindən görünür ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri ilə bağlı 1 illik müddət müəyyən edilmişdir. Bu tələblər ilə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır. İddiaçı2 30.07.2013-cü il tarixli əmr əsasında işdən azad olunması barədə məlumatı əmək kitabçasının qeydiyyat kitabına imza atmaqla əldə etməsinə və bununla da həmin gün hüquqlarının pozulmasının aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında hazırkı iddia ərizəsi ilə məhkəməyə məhz 03.06.2021-ci il tarixdə müraciət etmiş və bununla da müəyyən olunmuş 1 illik iddia müddətini ötürmüşdür. İddiaçının apelyasiya şikayətində qeyd etdikləri əsassızdır. Məhkəmə iddia tələbinin İddiaçı1 aid hissəsində belə nəticəyə gəlmişdir ki, iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, həmin müavinətlərin gəlir vergisinə görə tutulan hissəsi qaytarılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti doğrudur, cavabdehin apelyasiya şikayətində qeyd etdikləri isə əsassızdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X6 Həmkarlar İttifaqı Respublika Komitəsinin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr- Qərarının 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın girişində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 fevral 2009-cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı”ndan irəli gələn vəzifələrin, xüsusilə də, “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Beləliklə, cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra iddiaçının təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və onunla olan əmək müqaviləsinə xitam verilmişdir. 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsi göstərilmişdir. İddiaçıya onunla əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğinin 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt tərəflərin izahatları ilə təsdiq olunmuşdur. Əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci və 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Həmin maddəyə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən əmək haqqı və işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir və həmin Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Buna əsasən də, işçiyə onun işdən çıxıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqı həmin şəxsin gəliri kimi nəzərə alınaraq ümumi qaydada gəlir vergisinə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən fiziki şəxslərin əmək qabliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyində işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İş materiallarına əlavə edilmiş razılaşmada işçilərə ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. Sadalanan maddələrin tələblərinə görə də, növündən asılı olmayaraq, işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Qeyd olunan əmr-qərarlarda ödəniləcək müavinətlərin vergiyə cəlb olunacağına dair razılaşma əldə olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də qətnamə dəyişdirilmədən, apelyasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı X2 və cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1704/2021 saylı iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar