Məhkəmə qərarları › İş №2(103)-8981/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8981/2021

18.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8981/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdeh Səmədova (Məmmədova) Xəyalə Ramazan qızının və onun vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Məmmədova (hazırda soyadı Səmədovadır) Xəyalə Ramazan qızına qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş 3 otaqlı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan tələbini dəqiqləşdirərək cavabdehin mübahisəli evdən kompensasiya müqabilində istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Rzayeva, iş № 2(010)-2467/21) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 12.05.2005-ci il tarixdə İddiaçı və Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu VVADQ şöbəsində nikah bağlanmışdır. Suraxanı Rayon Məhkəməsinin 19.12.2016 tarixli qətnaməsi ilə qeyd olunan nikah pozulmuşdur. Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25.11.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh birgə nikahdan doğulmuş uşaqları - 27.07.2005-ci il təvəllüdlü X4 və 06.03.2007 təvəllüdlü X5 ilə birlikdə ünvan 1 üvanında inşa olunmuş və iddiaçının faktiki mülkiyyətində olan özbaşına tikilmiş 3 otaqlı fərdi yaşayış evinə köçürülmüşdür. Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13.02.2019-cu il tarixli qətnaməsi ilə övladlarının onun yanında qalması qət edilmişdir. Cavabdeh vaxtaşırı olaraq ona, iki övladına və anasına qarşı hücum çəkir, nalayiq ifadələr, söyüşlər işlədir, övladlarına qarşı hədə-qorxu gəlir. Dəfələrlə ona və anasına qarşı etdiyi nalayiq hərəkətlərlə onu döyməyə təhrik etmişdir. Övladlarına qarşı, həmçinin uşaqların yanında iddiaçıya və anasına qarşı etdiyi nalayiq hərəkətlərdən görünür ki, cavabdeh psixi pozuntulara sahibdir. Çünki normal, sağlam iradəyə, psixoloji duruma və ağıla malik heç bir insan bu hərəkətlərə heç kimin, xüsusən də azyaşlı uşaqların qarşısında yol verməz. Cavabdehin hərəkətləri nəticəsində evində vaxtaşırı münaqişələr yaşanır. Münaqişələr nəticəsində dəfələrlə polis orqanlarına müraciətlər ünvanlanmışdır. Nümunə üçün bu hallardan ikisini qeyd edir: edilmiş şikayət nəticəsində Suraxanı RPİ 32-ci Polis Bölməsi tərəfindən 15.05.2019 tarixli qərar qəbul edilmişdir. Digər bir şikayət üzrə adı çəkilən bölmə tərəfindən 24.12.2019 tarixli qərar qəbul edilmişdir. Həmin bu münaqişələr - cavabdehin dəfələrlə söyüşlərdən istifadə etməsi, müxtəlif əşyaları evin digər üzvlərinin üzərinə atması, uşaqları təhqir edib döyməsi ucbatından anası və övladları artıq cavabdehin ona məxsus mənzildə yaşamasını istəmirlər. Cavabdeh isə öz təhrikedici hərəkətlərini davam edir ki, iddiaçının onu vurmağına və bunun nəticəsində həbsinə nail olsun. Mənzildəki münaqişələr nəticəsində övladları mənəvi sarsıntı keçirir, psixi pozuntuya məruz qalır, təzyiqlərlə üzləşməli olurlar. Cavabdehlə olan nikahı məhkəmə tərəfindən ləğv olunduqdan sonra övladları anaları ilə qalmışdı. Bu səbəblə cavabdehin müraciəti əsasında məhkəmə cavabdehin və övladlarının onun mənzilinə köçürülməsi istiqamətində qətnamə qəbul etmişdi. Lakin tərəfindən qaldırılmış iddia əsasında Suraxanı Rayon Məhkəməsi övladlarının iddiaçının yanında qalmaları yönündə qərar vermişdir. Belə ki, cavabdehin ona məxsus mənzildən istifadəsi üçün artıq heç bir səbəb mövcud deyildir. Digər tərəfdən, cavabdehin vaxtaşırı törətdiyi münaqişələr artıq mənzildə birgəyaşayışı qeyri-mümkün vəziyyətə gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək iddianın əsassız olduğunu bildirmişdir. Belə ki, birgə nikahdan doğulmuş ildən 27.07.2005- ci il təvəllüdlü X4 və 06.03.2007 təvəllüdlü X5 onun yanında olan vaxtlarda orta məktəbdə qiymətləri yaxşı olmuşdur və cavabdeh uşaqların qayğısına qalmışdır. İddiaçının iddia tələbində və uşaqlarla bağlı bildirdiyi faktlar tamamilə əsassızdır. İddiaçının bu tələbi irəli sürməsinə subyektiv hüququ çatmır. İddiaçının təklif etdiyi 3000 manat kompensasiya məbləği ilə razılaşmır, yalnız bu məbləğ 15000 manat olacağı təqdirdə iddiaçı ilə razılaşacağını bildirmiş və sonda məhkəmədən iddanın rədd olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində həmçinin göstərilir ki, qətnamə hüquq normalarının kobud pozuntusu, həm məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, həm də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən ləğv edilməlidir. Belə ki, məhkəmə heç bir əsas olmadan birbaşa olaraq iddianı təmin etmiş, tam ziddiyyətli, eyni zamanda əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçının nümayəndəsi (vəkili) R.Həsənov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh (Səmədova) və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Suraxanı Rayon Məhkəməsinin iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər 12.05.2005-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 27.05.2005 və 06.03.2007-ci il təvəllüdlü iki uşaqları olmuş, Suraxanı Rayon Məhkəməsinin 19.12.2016cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər X1, İddiaçı və X2 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilmiş və o, iki azyaşlı uşağı ilə birlikdə ünvan 2 ünvanında özbaşına tikilmiş 3 otaqlı fərdi yaşayış evinə köçürülmüşdür. Həmin qətnamə ilə müəyyən edilmiş faktiki hallara əsasən mübahisəli ev özbaşına tikilidir, Cavabdeh həmin evə gəlin köçüb, pasport qeydiyyatındadır, 12 il İddiaçı ilə birgə yaşamış, ora cehiz əşyalarına gətirmiş, iki azyaşlı uşağı dünyaya gətirmiş və İddiaçıla ümumi təsərrüfat aparmışdır. Mübahisəli ev hər iki tərəfin izahatına əsasən özbaşına tikili olmaqla, ona dair mülkiyyət hüquqları hər hansı tərəfin adına rəsmiləşdirilməmişdir. İddiaçının tələbi cavabdehin mübahisəli evdən kompensasiya müqabilində istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədədir. İddiaçının qənaətinə görə cavabdehin mübahisəli evə köçürülməsi barədə qətnamə qəbul edilərkən azyaşlı uşaqların onun himayəsində olması nəzərə alınmışdır. Lakin hazırda Suraxanı Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli qətnaməsi ilə uşaqlar atanın himayəsinə verildiklərindən cavabdehin evə köçürülməsi üçün əsas olan hal da aradan qalxmışdır. İddiaçı cavabdehin istifadə hüququna xitamının əvəzi kimi ona 3000 manat kompensasiya məbləği təklif etmiş, lakin cavabdeh məbləğin az olduğunu əsas gətirərək təkliflə razılaşmamışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və bu zaman nəzərə almışdır ki, cavabdeh 2005-ci ildə mübahisəli evə gəlin gəlmiş, nikahları pozulana qədər iddiaçı ilə ümumi birgə təsərrüfat aparmış və boşandıqdan sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin evə köçürülmüşdür. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iddiaçı tərəfindən cavabdehə 5000 manat kompensasiya təklif olunduğunu bildirdi. Məhkəmə kollegiyası təklifin müzakirəsi ilə bağlı danışıqlar aparılması üçün tərəflərə şərait yaratsa da, cavabdeh təklif olunan 5000 manat kompensasiya məbləği ilə razılaşmadı və ən azı 10 000 manat kompensasiya ödənilməsinə razı olduğunu bildirdi. Bununla da apellyasiya baxışı zamanı tərəflər arasında barışıq əldə edilməsi mümkün olmadı. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq təklif olunan 5000 manat kompensasiya məbləğini cavabdehin mübahisəli evdən yaşayış hüququnun xitamı üçün yetərli saymır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili birgə nikahdan doğulmuş uşaqların məhkəmə qətnaməsi ilə onun himayəsinə verilmələri və cavabdehin mübahisəli evə köçürülməsi üçün əsas olan halların artıq mövcud olmaması barədədir. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və hesab edir ki, cavabdehin mübahisəli evə köçürülməsi barədə qətnamənin çıxarılması üçün əsas təkcə azyaşlı uşaqların onun himayəsində qalması olmamışdır. Məhkəmə cavabdehi mübahisəli evə köçürərkən onun ailə qurduqdan sonra həmin evə gəlin gəlməsini, ümumi birgə təsərrüfat aparmasını, evə pasport qeydiyyatına alınmaqla orada daimi yaşamasını və ən nəhayət evin özbaşına tiki olmasını nəzərə almışdır. Evə köçürülmə barədə adı çəkilən qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol vermir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə hazırkı işdə mübahisələndirilən məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasıilə bağlı dəlilləri də əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar