Məhkəmə qərarları › İş №2(103)-8986/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8986/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8986/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 qarşı “dəyişikliklərin qeydə alınması barədə zəruri sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(006)- 4454/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçıov oğlu cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Cavanşır qızı, Cavabdeh6, Cavabdeh7 qarşı «dəyişikliklərin qeydə alınması barədə zəruri sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Cavanşır qızı, Cavabdeh6, Cavabdeh7 qarşı «dəyişikliklərin qeydə alınması barədə zəruri sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi» tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçının etibarnamə əsasında nümayəndəsi, Vəkil tərəfindən verilmiş şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)- 4454/2021 nömrəli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina ilə əsaslandırılaraq MPM-ın 153.2.1-ci maddəsinə istinad olunmasına baxmayaraq, nəticədə iddia ərizəsi geri qaytarılmışdır. Halbuki, "iddia ərizəsinin geri qaytarılması" ilə “iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina" tamamilə başqa-başqa anlayışlar olmaqla, fərqli tənzımetmə qaydalarına və doğurduğu hüquqi nəticələrə malikdirlər Belə olan halda, lazımı hüquqi əsasa söykənməyən, daxilən ziddiyyətli məhkəmə aktı qanuni hesab edilə bilməz. Bundan başqa, işin kommersiya məhkəməsinə aid olması fərz edilsə belə, məhkəmə iddia ərizəsini geri qaytara bilməzdi. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki. məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə,) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3- cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bundan başqa, iş məhkəmə aiddiyyəti üzrə də düzgün məhkəməyə verilmişdir. Belə ki, işçinin (direktorun) işəgötürənə (hüquqi şəxsin təsisçilərinə) qarşı iddiası sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından hazırkı mübahisə kommersiya mübahisəsi deyildir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qərardadı iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina ilə əsaslandırılmış, MPM-nin 153.2.1-ci maddəsinə istinad olunmuşdur. Lakin qərardadın nəticə hissəsində iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sənədlərə istinad edərək mübahisələndirilən qərardadında hesab etmişdir ki, cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Cavanşır qızı, Cavabdeh6, Cavabdeh7 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləridir, İddiaçı isə sonuncunun direktorudur. Bundan əlavə, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən müəyyən edilir ki, mübahisə tərəflərin həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərdən (hüquqi şəxslərin dövlət reyestrində İddiaçıov oğlunun “Aygün-C Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiliyindən çıxarılması) yaranmışdır. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-in 26.1 və 153.2.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı irəli sürülmüş iddia tələbi ilə müvafiq kommersiya məhkəməyə müraciət etməli idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi, qanunvericiliyin mənasına görə işin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən olunması üçün tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi, mübahisənin isə kommersiya mübahisəsi olması tələb olunur. Lakin hazırki iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiləri olan cavabdehlər sahibkarlıq fəaliyyəti ilə məşğul olsalar da, iddia tələbinin hüquqi xarakter baxımından kommersiya mübahisəsi olması təsdiqlənmir. İş materiallarında olan sənədlərdən və iddia tələbindən görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur, iddia tələbi isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibkarlıq fəaliyyəti ilə deyil, iddiaçının MMC-nin qanuni təmsilçi olmasına xitam verilməsi barədə dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması barədə zəruri sənədlərin vergi orqanına təqdim edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi ilə bağlıdır. Bu tələb isə sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın icraata qəbul edilməsindən imtina və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmasına dair nəticəsi qanunsuz və əsassız olmuşdur. Belə ki, MPM-nin 32.4-cü maddəsinə əssasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilir: “məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir”. Göründüyü kimi, birinci instansiya məhkəməsi hətta işin kommersiya məhkəməsinə aidiyyətini müəyyən etsə belə, işi geri qaytarmalı deyil, onu aidiyyat üzrə müvafiq kommersiya məhkəməsinə göndərməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(006)- 4454/2021 nömrəli qərardadı ləğv olunsun və iş materialları İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 qarşı “dəyişikliklərin qeydə alınması barədə zəruri sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar