Məhkəmə qərarları › İş №2(103)-899/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-899/2022

18.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-899/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Baloğlan qızının, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(006)-2994/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı Baloğlan qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Baloğlan qızı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X6 qarşı “evdən çıxarılma, evin iddiaçıya təhvil verilməsi və evdən istifadəyə müdaxilənin cavabdehlərə qadağan edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 may 2014cü il tarixli, 2(008)-3282/2014 saylı və Sabunçu Rrayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(008)-5907/2017 saylı qətnamələrinə əsasən İddiaçı Baloğlan qızı və onun uşaqları 17.02.2009-cu il təvəllüdlü X7 və 27.05.2010-cu il təvəllüdlü X1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, 19/18 saylı evdən çıxarılması, həmin evin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə X8 ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş, qeyri-rəsmi nikahlarından 17.02.2009-cu ildə Müşviq, 27.05.2010-cu ildə Asif adlı uşaqları anadan olmuşdur. Nikahları 2011-ci ildə qeydə alınmışdır. O, cavabdehlə ailə qurduqdan sonra 2009-cu ildə ünvan 1 ünvanında fərdi yaşayış evini inşa edərək, ailə üzvləri ilə birlikdə həmin evə köçmüş və orada yaşamağa başlamışdır. 2014-cü ildə cavabdeh Mikayıl Babayevlə birlikdə o, gəlin köçdüyü və yaşadığı evdən çıxardığından, həmin evə köçürülməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 26.05.2014-cü il tarixli 2(008)-3282/2014 saylı qətnaməsi ilə onun iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, 19/18 saylı evə köçürülməsi qət edilmiş, o, həmin evə köçürülmüş və orada yaşamağa davam etmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə məhkəmənin 26.05.2014-cü il tarixli, 2(008)-3282/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2017-ci ildə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra hazırki iş üzrə Cavabdeh1 və onun keçmiş həyat yoldaşı M.Babayev onun həmin evdə yaşamasına imkan verməmiş, onu evdən çıxartmışlar. Buna görə də, o, Cavabdeh1 və M.Babayevə qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli, 2(008)-5907/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, onun azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi 25.10.2017-ci ildə icra olunması üçün Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru G.Hadıyeva tərəfindən o, həmin evə köçürülmüş, bu barədə 24.01.2018-ci ildə akt tərtib edilmiş, icra sənədi icra olunduğundan, 26.01.2018-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin, bir müddət sonra cavabdehlər onu məcburi qaydada evdən çıxarmış, buna görə də, o, Sabunçu Rayon Məhəkəməsinin 01.08.2017-ci il tarixli, 2(008)- 5907/2017 saylı qətnaməsinin təkrar icra olunması üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin həmin qətnaməsi 04.06.2018-ci ildə təkrar icra olunması üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru Emin Babayev tərəfindən o, həmin evə köçürülmüş, 10.07.2018-ci il tarixli akt tərtib edilmiş, icra sənədi icra olunduğundan 13.07.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında E.Babayev tərəfindən qərar qəbul edilmişdir. 2020-ci ilin iyul ayında hazırki iş üzrə cavabdehlər onu evdən məcburi qaydada çıxarmış, o, məhkəmənin 01.08.2017-ci il tarixli, 2(008)-5907/2017 saylı qətnaməsinin təkrar icra olunması üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi 17.08.2020-ci ildə təkrar icra olunması üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, 20.10.2020-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə cavabdehə bildiriş göndərilmişdir. Lakin, cavabdehlər onun köçürüldüyü evdən çıxmaqdan imtina edirlər və hazırda həmin evdə qanunsuz olaraq yaşamaqda davam edirlər. Onun qanuni qüvvəyə minmiş Sabunçu Rayon Məhkəməsinin 26.05.2014-cü il tarixli, 2(008)-3282/2014 saylı və 01.08.2017-ci il tarixli, 2(008)-5907/2017 saylı qətnamələrinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, 19/18 saylı evə köçürülməsi qət edilmiş, o, həmin evdə yaşamaq və evdən istifadə etmək hüquqları əldə etmiş, lakin cavabdehlər onu 2 azyaşlı uşağı ilə birlikdə məcburi qaydada evdən çıxarmışlar. Cavabdehlərin həmin evə dair heç bir hüquqları olmasa da, onlar həmin evi zəbt etməklə orada yaşamaqla onun və uşaqlarının həmin evdə yaşamaq və ondan istifadə etmək hüquqlarını məhdudlaşdırır. Həmçinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.11.2019-cu il tarixli, 2-1(82)-2863/20149 saylı qərarına əsasən onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, 19/18 saylı evə qeydiyyata alınması öhdəliyi Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmuş və qərar əsasən o, həmin evə qeydiyyata düşmüşdür. Onun həmin evdən başqa yaşayış evi yoxdur. Cavabdehlər onun yaşayış yerini zəbt etdiklərinə görə, o, məcbur olub anası ilə birlikdə yaşayır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(006)-2994/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, 19/18 saylı evdən İddiaçı Baloğlan qızının və onun uşaqları 17.02.2009-cu il təvəllüdlü X7 və 27.05.2010-cu il təvəllüdlü X3 istifadələrinə müdaxilə edilməsinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, X9 qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı Baloğlan qızının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(006)-2994/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsi ilə razılaşmırlar. Belə ki, 2017-ci ildə X4 ilə iddiaçı arasında olan nikah məhkəmə qətnaməsinə əsasən ləğv edilmişdir. Bundan sonra hazırki iş üzrə Cavabdeh1 (İlxar Babayevin arvadı) və iddiaçının keçmiş həyat yoldaşı M.Babayev iddiaçının ünvan 2 ünvanında yerləşən yaşayış evində yaşamasına imkan verməmişlər və onu evdə çıxarmış, sonradan məhkəmə qətnaməsi ilə yenidən mübahisəli evə köçürülmüşlər. 2020-ci ilin iyul ayında hazırki iş üzrə cavabdehlər yenədə iddiaçını mübahisəli evdən çıxarmışlar. Cavabdehlər İddiaçı köçürüldüyü evdən çıxmaqdan imtina edirlər və hazırda qanunsuz olaraq həmin evdə yaşamaqda davam edirlər. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən mübahisəli evə köçürülməsi qət edilmiş, o, həmin evdə yaşamaq və həmin evdən istifadə etmək hüquqları əldə etmiş, lakin cavabdehlər İddiaçı məhkəmə qətnamələri ilə tanınmış və qanunla qorunan hüquqlarını pozaraq onu və 2 azyaşlı uşağı həmin evdən məcburi qaydada çıxarmış və hazırda qanunsuz və əsassız olaraq həmin evi zəbt edərək orada yaşayırlar. Cavabdehlərin mübahisəli evə dair heç bir hüquqları olmasada, onlar həmin evi zəbt etməklə və orada yaşamaqla iddiaçının və uşaqlarının həmin evdə yaşamaq və oradan istifadə etmək hüquqlarını məhdudlaşdırmışlar. Göründüyü kimi İddiaçı həmin evdə qeydiyyatda olmaqla yanaşı orada yaşamaq və oradan istifadə elmək hüquqları da əldə etmişdir. Cavabdehlərin ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda onlara məxsus fərdi yaşayış evi vardır və onlar həmin evi kirayəyə verməklə mübahisə predmeti olan evi zəbt etmişlər. Cavabdehlər özlərinə məxsus evləri olmasına baxmayaraq heç bir qanuni əsas olmadan İddiaçı köçürüldüyü və qeydiyyata alındığı evi qanunsuz olaraq zəbt etmişlər. İşin yuxarıda sadalanan hallarına baxmayaraq işə baxan məhkəmə tərəfindən heç bir obyektiv araşdırma aparılmamış, işin hallarına düzgün və ədalətli qiymət verilməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddaçı və onun azyaşlı uşaqlarının mübahisəli evə köçürülüb orada yaşamaları, sonradan cavabdehlər tərəfindən evdən çıxarılmaları, cavabdehlərin həmin evdə yaşamaları üçün heç bir hüquqi əsas olmadığını nəzərə alınmamış, qanuni əsas olmadan və formal olaraq iddia tələbinin qismən təmin edilməli olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin cavabdehlərin evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsi hissələrində əsaslı hesab edilməməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdehlər mübahisəli evdə əvvəlcədən yaşamamışlar. Onlar iddiaçı ilə onun həyat yoldaşı olmuş Mikayıl Babayevlə münasibətləri pisləşdikdən sonra həmin evə məcburi qaydada daxil olmuşlar və iddiaçı onun azyaşlı uşaqlarının həmin evdə yaşamalarına imkan verməmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlərin evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsi hissələrində təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Həmçinin, iş üzrə verilmiş iddia ərizəsində cavabdehlər qismində X14, Cavabdeh1 və X15 ilə yanaşı Cavabdeh4 da göstərilsə də, qətnamədə iddia tələbinə Cavabdeh4 münasibətdə qiymət verilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(006)- 2994/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cabvandehlər Cavabdeh2, Cavabdeh1 və X17 məhkəmə iclasına gəlməmişlər və Cavabdeh2 istisna olmaqla, digər cavabdehlər gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Cabvandeh Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq vaksin pasportu olmadığı üçün məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Baloğlan qızı və onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(006)-2994/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni qismən, yəni iddia tələbinin təmin edilməyən hissədə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5066/2014 saylı, 03.09.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Babayeva (Xalıqova) Arzu Baloğlan qızı Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, 19/18 saylı evə köçürülməsini xahiş etmiş, Sabunçu Rayon Məhkəməsinin 26.05.2014-cü il tarixli qətnaməsi ilə Babayeva (Xalıqova) Arzu Baloğlan qızının iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, 19/18 saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən X18 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sabunçu rayon Məhkəməsinin 26.05.2014cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 10 - 14) İş materiallarında olan, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4531/2017 saylı, 19.09.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X5 ilə X10 arasında bağlanmış və Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində 1336 sayla qeydə alınmış 08.08.2012-ci il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra 17.02.2009-cu il təvəllüdlü X7 və 27.05.2010-cu il təvəllüdlü X19 anaları X2 yanında saxlanılmışlar.(İ.vər. 15 - 17) İş materiallarında olan, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 21.11.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 281357 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X11 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-cı ilin noyabr ayının 21 günündə 411 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Babayev, qadına Xalıqova soyadı verilmişdir.(İ.vər. 18) İş materiallarında olan, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5907/2017 saylı, 01.08.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 azyaşlı uşaqları X7 və X19 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə, 19/18 saylı evə köçürülməsi qət edilmişdir.(İ.vər. 19 - 21) İş materiallarında olan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.11.2019-cu il tarixli 2-1(82)-2863/2019 saylı Qərarının surətindən görünür ki, İddiaçı Baloğlan qızının ünvan 1 ünvanında qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.(İ.vər. 22 - 26) İş materiallarında olan, Sabunçu rayon İcra Şöbəsinin 02.03.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Baloğlan qızının tərəf olduğu Sabunçu Rayon Məhkəməsinin 2(008)-5907 saylı 01.08.2017-ci il tarixli icra sənədi 25.10.2017-ci il tarixdə və 04.06.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş, 26.01.2018 və 13.07.2018-ci il tarixdə İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədləri üzrə icraata xitam verilmişdir.(İ.vər. 30) İş materiallarında olan, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4192/2016 saylı, 10.06.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X2 Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.(İ.vər. 69 - 71) İş materiallarında olan, 16.11.2020-ci il tarixdə tərtib edilmiş aktın məzmunundan görünür ki, Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X16, tələbkar X11, hal şahidləri X20, X21 aktı tərtib etmişlər ondan ötrü ki, Sabunçu Rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli, 2(008)-5907 saylı icra vərəqəsini icra etmək üçün Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə, 19/18 saylı evə gəlmişlər. Ünvanda olarkən məlum oldu ki, ev 1 otaqda ibarətdir. Həmin evdə isə tələbkarın həyat yoldaşının qardaşı İlqar və həyat yoldaşı Zenfira yaşayır. Tələbkar bildirdi ki, ev ona məxsusdur. İlqar və Zenfira sonradan evə girib orada yaşayır. Ev 1 otaqdan ibarət olduğu və evdə digər şəxslər yaşadığı üçün icra vərəqəsini icra etmək mümkün olmadı. Tələbkar bildirmişdir ki, 2 uşağı ilə birlikdə bu cür şəraitdə onlarla yaşaya bilməz. Ona görə də, icra vərəqəsinin icrası təxirə salınmışdır.(İ.vər. 65) İş materiallarında olan, 04.02.2021-ci il tarixdə tərtib edilmiş aktın məzmunundan görünür ki, Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X16, tələbkar X11, hal şahidləri X20, X12 aktı tərtib etmişlər ondan ötrü ki, Sabunçu Rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli, 2(008)-5907 saylı icra vərəqəsini icra etmək üçün Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə, 19/18 saylı evə gəlmişlər. İcra zamanı tələbkar bildirdi ki, evdə yaşayanlar evi boşaltmayıblar, ona görə də 1 otaqda onlarla yaşaya bilməz. İcra vərəqəsini icra etmək mümkün olmadığı üçün təkrar təxirə salınmışdır.(İ.vər. 64) Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 180-ci maddəsinə əsasən: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə, eyni zamanda cavabdehlərin də iddiaçı ilə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni cavabdehlərin iddiaçıya həmin evdə yaşamağa meneçilik törətməsi, eyni zamanda iddiaçının cavabdehlərin həmin evdən çıxarılmasını və evin iddiaçıya təhvil verilməsini tələb etməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, tərəflərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının və onun uşaqlarının evə köçürülməsi barədə qətnamənin mövcud olması, onun cavabdehlərin həmin evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsi kimi hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu baxımdan məhkəmə iddia tələbini cavabdehlərin evdən çıxarılması, evin iddiaçıya təhvil verilməsi hissələrində əsaslı hesab etməyərək, evdən iddiaçının və onun uşaqları 17.02.2009-cu il təvəllüdlü X7 və 27.05.2010-cu il təvəllüdlü X3 istifadələrinə müdaxilə edilməsinin cavabdehlərə qadağan edilməsini mümkün hesab edir və iddia tələbinin məhz həmin hissədə təmin olunması ilə bağlı nəticəyə gəlir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən mübahisəli evə köçürülməsi, həmin evdə yaşamaq və həmin evdən istifadə etmək hüquqları əldə etməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər cavabdehlərin evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsi üçün əsaslı hesab edilə bilməz. Odur ki, apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(006)-2994/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı Baloğlan qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(006)-2994/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar