Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-899/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (X6 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-899/2025 (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (X6 üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2(011)-5170/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və X6 ilə məktəb vaxtından tanış olmuş və təxminən 2007-ci ildə nişanlanmışlar, buna baxmayaraq beş il sonra evlənmişdirlər.
2. Birgə yaşayış üçün gələcəkdə nəzərdə tutulan mənzil iş üzrə cavabdeh, yəni qaynanası Cavabdeh tərəfindən alınmışdır. Sənədləşdirmə işləri yekunlaşdıqdan sonra 2012-ci ildən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzildə cavabdeh və ailəsi məskunlaşmışdır. 2011-ci il tarixində yoldaşı və digər ailə üzvləri qonşuluqda yerləşən Xətai rayonu, Gəncə prospektində yerləşən mənzili Ayazın doğulub yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi, 40 saylı bina ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzili hər hansı sənədləşdirmə aparılmadan dəyişmiş və yekunda da iddiaçı ailə həyatı qurduqdan sonra orada məskunlaşmışdır.
3. İddiaçı hazırda mübahisəli mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması barədə məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o və qızı xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelin Cavabdeh istifadə və sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzilə köçürülməsi və həmin mənzildə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və X6 ilə məktəb vaxtından tanış olmuş və təxminən 2007-ci ildə nişanlanmışlar, buna baxmayaraq beş il sonra evlənmişlər, çünki ailələri arasında razılıq əldə olunub ki, yaşayacaqları mənzil alınıb təmir olunandan sonra evlənib həmin mənzilə köçsünlər, bu məqsədlə qaynanası Cavabdeh xx.xx.2007-ci ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzili "xxxx" MTK-dan alımışdır, lakin həmin mənzil kreditlə götürülmüşdür, onun təmir edilməsi ləngiyirdi, yalnız 2012-ci ilin iyununda mənzilin pulunun tam ödənilməsi başa çatıb. Beləliklə, elə o vaxtdan Cavabdeh onun Ayaz ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən mənzilə köçürülməyinə razılıq vermişdi. Təxminən 2011-ci ildə onların ailələri-onun və Ayazın valideynləri, o cümlədən o və Ayaz qərara gəliblər ki, Xətai rayonu, Gəncə prospektində yerləşən mənzili Ayazın doğulub yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi, 40 saylı binada qonşu olduğu X3 34 saylı mənzili ilə dəyişdirsinlər, hər iki tərəf buna razılaşmışdır. Beləliklə hər iki tərəf hər hansı dəyişdirmə və sair müqavilə bağlamadan faktiki olaraq mənzilləri dəyişdirmişdir. Çünki Xətai rayonu, Gəncə prospektində yerləşən mənzilə dair çıxarış alınması o vaxt və indi mümkün olmadığına görə rəsmi şəkildə dəyişdirmə baş tutmamışdır. Nəhayət o və X6 ilə xx.xx.2013-cü ildə Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən Asan Xidmət Mərkəzində nikahlarını qeyd etdirməklə evlənmişlər və xx.xx.2013-cü ildə el adəti ilə toy edib həmin günü Ayaz ilə birlikdə ünvan 1 ünvanına gəlin köçmüşlər, o və qızı indiyədək həmin ünvanda yaşayır. Bütün cehiz əşyalarını bu ünvana gətirmişdir, beləliklə X9, onun oğlu Əliyev Fikrət və arvadı Əliyeva X1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, 34 saylı mənzili ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı Cavabdeh məxsus olan 132 saylı mənzili dəyişmişlər. Onlar təxminən 2011-ci ildən həmin mənzili təmir etməyə, təxminən 2012-cil ildə isə orada yaşamağa başlayıblar. 3-4 il bundan qabaq Əliyev Fikrət və Əliyeva Məryəm boşanmış, sonradan Əliyeva Məryəm Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı Cavabdeh məxsus olan 132 saylı mənzili kirayə vermişdir, əldə etdikləri sonuncu məlumata görə Əliyeva Məryəm və 3 uşağı hazırda həmin mənzildə yaşayırlar. Birgə nikah dövründə xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adel doğulmuşdur. Qızları Səbail rayonunda yerləşən 160 nömrəli tam orta məktəbdə 3-cü sinifdə təhsil alır. O və Ayaz 10 il birgə nikahda olmuşlar, lakin ona xəyanət etməsinə görə Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə boşanmışlar, həmin qətnamə ilə xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelin onun yanında yaşaması qərara alınmışdır. Aralarında yaranmış münaqişə ilə əlaqədar olaraq Ayaz birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, 34 saylı mənzilindən köçmüşdür. Belə ki, xx.xx.2023-cü ildə ona xəsarət yetirməsinə görə Yasamal RPİ-nin 28-ci PB-nə ondan şikayət edib, həmin gün bölmənin təhqiqatçısı Azər müəllimə izahat vermişdir. Təxminən xx.xx.2023-cü ildə ekspertizadan keçmiş və ekspert rəyi ilə baş, üz və qol nahiyələrimə, eyni zamanda dodağına xəsarətlərin vurulması öz təsdiqini tapmışdır. Lakin üzr istədiyinə görə Ayaz barəsində şikayətini geri götürmüşdür. X9 ünvan 1 ünvandan mənim məcburi şəkildə çıxarılmağı barədə Yasamal rayon Məhkəməsində iddia qaldırmışdır, mülki iş xx.xx.2024-cü il tarixdə məhkəmənin hakimi Toğrul Axundovun icraatına qəbul edilmişdir. Ona görə də onun və yeganə övladının yaşamağa yerləri yoxdur. Onun və uşağının gəlin kimi köçmüş olduğu evdə yaşamaq, oraya köçmək hüququ var.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5170/2024 saylı, 04 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikas Mülki Məcəlləsinin 27.2, 152.1, 324.4, 390.1, 390.3-cü maddəsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Həmçinin əlavə olaraq apelyator tərəfindən qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetmə vasitələrinə düzgün qiymət verilməmiş, iş üzrə şahidlər cəlb edilməmiş və bütün bunlara münasibətdə tərəfindən şahid cəlb edilməsinə dair vəsatətlərdə təmin olunmayaraq prosessual hüquqları pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apelyasiya şikayətinə qarşı etiraz daxil olmuş, şikayətin təmin edilməməsi xahiş olunmuşdur.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, tərəflər arasındakı nikah pozulduqdan sonra iddiaçı müxtəlif iddialarla məhkəməyə müraciət edir və proseslərdə də iştirak etmir. Guya əvvəllər Yasamaldakı evə dair aralarında razılıq olmuşdur. Evi cavabdeh özü almış, yaşamış və hətta kirayəyə də vermişdir. İddiaçı başqa mənzildə yaşamış və mübahisəli mənzildə 1 gün belə qalmamışdır.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
18. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
19. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
20. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
31. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllə, ev 22A, mənzil 132 (Yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, giriş 314, M1, m4) xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydə alınmışdır.
32. "xxxx" MMC və Cavabdeh arasında bağlanmış oktyabr 2007-ci il tarixli 103 No-li müqavilədən görünür ki, sifarişçi Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında yaşayışın tikilməsi sifarişinə əsasən, Podratçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə, binanın 2-ci giriş, 2-ci mərtəbə, 132 saylı 120,37 m2 mənzili tikib Sifarişçiyə təminat olaraq müqavilə bağlanmışdır.
33. Maliyyə arayışından görünür ki, Podratçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə, binanın 2-ci giriş, 2-ci mərtəbə, 132 saylı 120,37 m2 mənzilin dəyərini Cavabdeh tərəfindən ödənilmişdir.
34. Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X6 ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli nikahın pozulması, tərəflərin övladları xx.xx.2014-cü il təvəllüdlü X10 anası İddiaçı yanında qalması, iddiaçıdan xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarda aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir.
35. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh İddiaçı azyaşlı övladı 07 noyabr 2014-cü il təvəllüdlü X10 və bütün əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı mənzildə yaşayış və istifadə hüququnun tanınması tələbi barədə qarşılıqlı iddia tələbi rədd edilməsi qət edilmişdir.
36. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda ailə münqişəsi zəmnində X2 həyat yoldaşı İddiaçı bədən xəsarəti yetirməsi faktında onun əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, vətəndaş İddiaçı təkrarən RPl-nin 28-ci PŞ-nə ərizə ilə müraciət edərək X6 barəsində heç bir şikayəti və tələbi olmadığını qeyd etdiyi və müraciəti ilə əlaqədar toplanmış materialın icraatının dayandırılmasını xahiş etdyi üçün X2 əməlində yaranmış inzibati xətaya xitam verilməsi qərara alınmışdır.
37. Kollegiya ilk növbədə qeyd edir iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2013-cü ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməli və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir.
39. Belə ki, iddiaçının istifadə hüququnun tanınmasını və köçmək istədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmış, faktiki olaraq mövcud olmaqla yaşayış sahəsi kimi istifadə olunmuşdur və qeyd edilənlər işin mübahisəsiz halını təşkil edir. Hazırda məhkəmənin aydınlaşdırılmalı məsələ isə iddiaçının, yəni cavabdehin keçmiş gəlininin mənzilə istifadə hüquqlarının olub-olmaması ilə bağlıdır.
40. İstər iş materialları, istərsə də cavabdehin etirazları ilə (bunu təkzib edəcək hər hansı sübut və ya izahat iddiaçı tərəfindən təqdijm olunmamışdır) təsdiq olunmuşdur ki, iddiaçı qeyd olunan mənzildə nəinki, yaşamış həmçinin 2024-cü ildə, nikahın pozulması ilə əlaqədar ailə münasibətlərinə xitam verildiyindən iddiaçının həmin mənzilə hansısa subyektiv hüquqları da qalmamışdır.
41. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının muvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfındən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
43. Hazırki işdə mübahisə predmetini Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə, binanın 2-ci giriş, 2-ci mərtəbə, 132 saylı 120,37 m2 mənzilinə iddiaçının köçürülməsi təşkil etdiyindən mövcud qanunvericilik bu nəzər nöqtəsindən subyektiv hüququn yaranması üçün 2 mühüm halın mövcudluğunu şərtləndirmişdir.
44. İlk növbədə mənzilin mülkiyyətçisi, yəni iş üzrə Cavabdeh müvafiq razılığı, digər tərəfdən şəxslər arasında bilavasitə ailə münasibətlərinin mövcudluğu;
45. Lakin iş materiallarından, eləcə də məhkəmə iclası zamanı məlum olmuşdur ki, cavabdehin İddiaçı müvafiq mənzilə köçməsinə hər hansı razılığı yoxdur.
46. Həmçinin iddiaçı mübahisəli mənzilə köçürülmə əsası kimi cavabdehin oğlu ilə ailə münasibətlərinə istinadla qeyd etsə də, hazırda tərəflər arasında nikah münasibətləri məhkəmə qaydasında pozulmuşdur.
47. Bundan başqa iddiaçı mübahisəli mənzilə köçürülmə əsasının yaranmasını qeyd etsə də, bu hala dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı mübahisəli Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə, binanın 2-ci giriş, 2-ci mərtəbə, 132 saylı 120,37 m2 mənzildə deyil, faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34 saylı mənzildə məskunlaşdırdığını bildirmişdir ki, bununla da həmin mənzildən istifadəyə dair subyektiv hüququnun yaranmadığının təkzibedilməz fakt kimi çıxış etməsi müşahidə olunmaqdadır. Eyni zamanda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən iddiaçının həmin mənzilə hüquqları yaranmış olsaydı belə, aralarında olan ailə münasibətlərinə xitam verildiyi vaxtdan həmin hüquqlarda itirilmiş olur.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür.
49. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15- ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
50. Məhkəmə kollegiyası həmçinin iddiaçının mübahisəli mənzildə məskunlaşmama əsası kimi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34 saylı mənzil ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə, binanın 2-ci giriş, 2-ci mərtəbə, 132 saylı 120,37 m2 mənzillərinin qeyri-rəsmi formada dəyişdirilməsini bildirməyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.
51. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
53. Qanunvericiliyin tələblərindən də aydın olduğu kimi, mənzil dəyişdirilməsinin hüquqi əsasının olmasının sübutu kimi notarial müqavilənin mövcudluğu iddiaçı tərəfindən müəyyənləşdirilməlidir ki, müvafiq sübut olmadığından hazırki halların hər hansı hüquqi perspektivə malik olmadığı müəyyənləşdirilmişdir.
54. Eləcə də, apelyatorun öz şikayətində qeyd etdiyi iş üzrə birinci instansiya məhkəməsinin şahid cəlb etməsinə dair vəsatətinin təmin olunmaması ilə prosessual hüquqlarının pozulmasına münasibətdə Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır.
55. Belə ki, Mülki-Prosessual Məcəllədə sübutların mümkünlüyü şərti kimi belə bir imperativ tələb müəyyən olunmuşdur ki, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
56. Hazırki iddia tələbinin bütün epizodları ayrılıqda nəzərdən keçirildikdə aşağıdakı hallar nəzərə çarpmaqdadır: a) İddiaçının cavabdehin evində yaşamağa subyektiv hüququnun mövcudluğu b) Mövcud olduğu təqdirdə, müvafiq əsasların hansı hallarla sübuta yetirilməsi.
57. Göründüyü kimi, qeyd olunan halların yaranma əsası kimi, iddiaçıya ilk növbədə müvafiq mənzilə dair yaşamasına notarial razılıq verilməsi, digər tərəfdən onun ailə üzvləri ilə qohumluq münasibətləri çıxış edir. Hazırki işdə iddiaçının cavabdehin oğlu ilə nikah münasibətlərinə məhkəmə qaydasında xitam verilmiş, eləcə də cavabdeh iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə, binanın 2-ci giriş, 2-ci mərtəbə, 132 saylı 120,37 m2 mənzildə yaşamağa notarial razılıq verməmişdir.
58. Beləliklə, müvafiq halların sübutetmə vasitəsi kimi hər hansı şahid ifadəsi ilə deyil, mövcud halda sadəcə olaraq notarial razılıq və nikah haqqında şəhadətnamə ilə dəlalət etmək mümkündür. Buna görə kollegiya bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyi razılaşaraq idda tələbini bu hissədə də əsassız hesab edir.
59. Məhkəmə, iddia tələbinin “X7 mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, Adel Əfəndizadə xx.xx.2014-cü il təvəllüdlü olmaqla on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxs olduğundan və məhkəmə qətnaməsinə əsasən o, anası İddiaçı yanında saxlanıldığından, onun yaşayış yeri anası İddiaçı yaşayış yeri hesab edilir. Hazırki halda da sonuncunun mübahisəli mənzilə köçürülməsi barədə tələbinin təmin olunmaması, iddianın qeyd olunan hissədə də (X7 mənzilə köçürülməsi) təmin edilməməsi üçün əsasdır.
60. Beləliklə, iddiaçının iddia tələbləri ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
61. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
63. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
64. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
65. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
66. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
67. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli e-2(011)- 5170/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev