Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8991/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1017/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 132 kv/m olan yaşayış sahəsi 97,6 kv/m yaşayış , 34,4 kv/m köməkçi sahəsi olan “A”, “B”, “V” tikililəri erməni millətindən olan mülkiyyətçi X2 18000 rubl pul vəsaiti ödəməklə 1990-cı ildə almışdır. O dövrdə mövcud olan vəziyyətlə əlaqədar iddiaçı daşınmaz əmlakı notariat qaydada rəsmiləşdirə bilməmiş və sonradan Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsiin 2-1114 saylı, 25 oktyabr 1994- cü il tarixli qərarı ilə keçmiş mülkiyyətçi X7 ilə ona məxsus Şahbazov küçəsi 24 saylı ünvanda yerləşən (keçmiş Dağıstan küçəsi) 132 kv/m ümumi sahəsi, 97,6 kv/m yaşayış sahəsi, 34,4 kv/m köməkçi sahəsi olan daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi aralarında bağlanmış hesab edilmiş və ƏMDK-n Bakı şəhər Ərazi İdarəsi tərəfindən adı çəkilən daşınmaz əmlakla bağlı iddiaçının adına 21 dekabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakın 47,3 kv/m yaşayış sahəsi, 14,4 kv/m köməkçi sahəsi iddiaçı tərəfindən 1997-ci ilin 18 iyulunda satılmış, qalan daşınmaz əmlak mülkiyyətində qalmışdır. İddiaçı daşınmaz əmlakı alarkən Cavabdeh hazırda yaşadığı sahədə keçmiş mülkiyyətçinin kirayəşini kimi yaşayırdı və qısa zaman daxilində çıxacağını məlum etmişdir. Sonra da cavabdeh ilə normal münasibətlər yaranmış və bu səbəbdən iddiaçı cavabdehə 7,5 kv/m yaşayış, 5,8 kv/m köməkçi sahəsi olan sahənin onun istifadəsində qalmasına, adına kommunal xərclərin ödənilməsi üçün sayğacların quraşdırılmasına etiraz etməmişdir. Hazırda iddiaçının ailə üzvlərinin artması, ailəsinin əlavə yaşayış sahəsinə ehtiyacı olması, daşınmaz əmlakı özgəninkiləşdirilmə istəyi kimi səbəblər üzündən cavabdehin müvəqqəti istifadə hüququnun itirilməsi və bu səbəbdən pasport qeydiyyatından çıxarılmasına ehtiyac vardır. İddiaçının cavabdehlə heç bir əlaqəsi yoxdur, ailə üzvü deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi, Cavabdeh ünvan 1 mülkdə müvəqqəti istifadə hüququnun itirilməsi, həmçinin cavabdehin həmin ünvandan şəxsi əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1017/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etsə də, izahatında göstərdi ki, o, cavabdehin orada yaşamasına etiraz etmir və sonuncunun həmin mənzildən çıxarılmasının əleyhinədir. İddia qaldırmaqda isə məqsədi həmin mənzilə münasibətdə cavabdehin mülkiyyətçi deyil, istifadəçi olmasını ona izah etməkdir. Belə ki, cavabdeh özünü həmin mənzilin müştərək mülkiyyətçisi kimi hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini xahiş etdilər və izahatlarında göstərdilər ki, Cavabdeh həmin mənzildə 1967-ci ildən yaşayır və iddiaçının qeyd edilən mənzilə dair heç bir hüququ yoxdur. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1017/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, həm iddiaçını, həm də cavabdehi tanıyır. O, 1989-ci ildən sözügedən ünvanda yaşayır. O, həmin ünvana köçəndə Cavabdeh erməni qadının evində kirayəçi kimi yaşayırdı. İddiaçı Cavabdeh sonra həmin ünvana köçmüşdür. Cavabdeh hazırda həmin ünvanda yaşayır. İş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 21.12.1994-cü il tarixli, MH seriyalı, 143669 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 İddiaçı və X3 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 201 saylı reyestr kitabının 11077 nömrəli vərəqində, 30/530 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu MKTB-nin 16 saylı MKİS tərəfindən verilmiş 23.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 29.07.1968-ci il tarixdən ünvan 3 ünvanında pasport qeydiyyatındadır. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 26.10.2020-ci il tarixli arayışına əsasən İddiaçı, X1, X4 və X10 ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.03.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi (köhnə Dağıstan küçəsi), 24 saylı fərdi yaşayış evi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1114 nömrəli, 25.10.1994-cü il tarixli qərarına əsasən 21.12.1994-cü il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin bir hissəsi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin 3 otağı Bakı şəhəri, 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 18.07.1997-ci il tarixli, 3MA-751 reyestr nömrəli, İddiaçı ilə X11 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 22.01.1998-ci il tarixində X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil İddiaçı paylı mülkiyyətindədir. Tərəflərin izahatlarına görə cavabdeh 1968-ci ildən həmin mənzildə qeydiyyatdadır və orada faktiki olaraq yaşayır. Bakı şəhəri, N.Şahbazov küçəsi, ev 24 1, 2 və 3 tikililərdən (mənzillərdən) ibarətdir. Cavabdeh isə 1968-ci ildən bu günə kimi 2 №-li mənzildə (tikilidə) qeydiyyatda olmaqla yaşayır və kommunal xərcləri 2 №-li mənzilə görə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Göründüyü kimi cavabdeh mübahisəli mənzildə 53 (əlli üç) ilə yaxındır ki, davamlı olaraq yaşayır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı mübahisəli yaşayış sahəsini alanda cavabdehin orada yaşaması və qeydiyyatda olması barədə məlumatlı olmaqla, həmin yaşayış sahəsini yüklü şəkildə əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun (Mülki Məcəllənin 158.3-cü maddəsi). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.4-cü maddəsi). Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarını pozulmasını göstərsə də, o pozuntuların nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1017/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1017/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8991/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8991/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver