Məhkəmə qərarları › İş №2(103)-8995/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8995/2021

01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8995/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1110/2020 saylı iş üzrə 08 sentyabr 2020-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs4 Hüseynağa qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Bakı şəhəri, Maraqlı şəxs1, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs kimi göstərildiyi "qohumluq münasibətlərinin və ölümün qeyd edilmə faktının, qanuni sahiblik və istifadədə olan əmlakın müsadirə olunması faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri Babayev Hüseynağa Cəlil oğlunun nənəsi Sona-Xanım Hacı Əli qızı ilə onun arasında qohumluq münasibətinin (ərinin nənəsi) olmasına, Sona-Xanım Hacı Əli qızının 1941-1943-cü illərdə, əri (Əliyev) Hüseyn-Bala Nəcəf-Qulu oğlunun 1945-1950-ci illərdə ölməsi faktlarının, onların övladları Babayeva Səfıyyə Hüseynbala qızının əri Babayev Cəlil Məlikheydər oğlunun 1956-1957-ci illərdə ölməsi faktının, həmçinin 05 yanvar 1924- cü il tarixli, 2 nömrəli alqı-satqı müqaviləsi ilə Sona-Xanım Hacı Əli qızı tərəfindən əldə edilmiş və 1940-cı ilin sentyabr ayına kimi onun və ailə üzvlərinin qanuni sahiblik və istifadəsində olmuş iki mərtəbəli evin (3 otaq və bir mətbəx) və tikililərin (hovuz, su quyusu, at tövləsi), həmçinin üzüm-incir bağlarının yerləşdiyi bağ-torpaq sahəsinin 30 sentyabr 1940-cı il tarixdə vətəndaşın şəxsi əmlakının müsadirəsi qaydasında müsadirə olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o,25.11.1939-cu il tarixdə Bakı şəhərində anadan olmuş, 80 yaşın içindədir. 10 oktyabr 1959-cu ildə Babayev Hüseynağa Cəlil oğlu ilə ailə qurmuş və nikahları Bakı şəhərinin keçmiş Oktyabr (indiki Yasamal) rayonunda qeydiyyata alınmışdır. Birgə nikahlarından iki qız övladları dünyaya gəlmişdir. Hal-hazırda qızları Bakı şəhərində yaşayırlar. O, özü isə faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Qeydiyyatda olduğu, mərhum əri ilə birgə yaşadığı mənzilin (Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 1, mənzil 26) yerləşdiyi bina Bakı şəhərində sosial ehtiyaclarla bağlı aparılan söküntü-tikinti işləri gedişində keçən il sökülmüş, hal-hazırda həmin ünvanda yaşamırlar. Həmin binada olan mənzilin hələ bina sökülməmişdən əvvəl bir nəfərə olan ailə borclarına görə ona borc əvəzi olaraq məhkəmə qaydasında verilmişdir. Hal-hazırda özünün yaşayış sahəsi yoxdur və nəvəsi ilə birlikdə yaşayır. Mərhum əri Babayev Hüseynağa Cəmil oğlunun ana xətti ilə babası Əliyev Hüseyenbala (Hüseyn-Bala) Nəcəfqulu (Nəcəf-Quİu) oğlu keçən əsrin ana xətti ilə nənəsinin ad-soyadı Sonaxanım Hacıəli qızı (Sona-Xanım Hacı Əli qızı - Əliyev Hüseynbala Nəcəfqulu oğlunun həyat yoldaşı) olmuşdur. Sonaxanım Hacıəli qızı 1924-cü ildə Bakı sakini Hacıəhməd Bayram oğlundan (Hacı-Əhməd Bayram oğlu) sonuncuya məxsus olub Bakı şəhəri, Bilgəh kəndində (indiki Bilgəh qəsəbəsində) yerləşən, ərazisində ikimərtəbəli evin (1-ci mərtəbədə iki otaq və mətbəx, 2-ci mərtəbədə bir otaq), su quyusunun, hovuzun, at tövləsinin, üzüm-əncir bağlarının olduğu 1,18 ha (yüz on səkkiz sot) hasarlı torpaq sahəsini satın almışdır. Müqavilə 05 yanvar 1924-cü il tarixli 2 nömrəli alqı-satqı aktı ilə rəsmiləşdirilmiş, Bilgəh keçmiş kənd sovetinin möhürü ilə təsdiqlənmişdir. Alqı-satqıdan sonra ev, tikililər, bir hektardan çox torpaq sahəsi Sonaxanım Hacıəli qızının mülkiyyətinə, sahiblik və ixtiyarına keçmişdir. Həmin müqavilə (akt) 1936-cı ilin mart ayında Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının Bakı Dövlət Notarius Qantorasında (Kontorasında) ərəb qrafikasından kiril qrafikasına və rus dilinə tərcümə edilmiş, reyestr kitabında tərcümənin 987 nömrəli reyestr nömrəsi ilə qeydiyyatı aparılmış, tərcümə notariat orqanının möhürü ilə təsdiq edilmişdir. Mərhum ərinin, həmçinin mərhum qaynananısının məlumatlarına görə, mərhum Əliyev Hüseynbala Nəcəfqulu oğlu, həyat yoldaşı Sonaxanım Hacıəli qızı və onların ailə üzvləri ilin müəyyən hissəsini həmin bağ sahəsində yerləşən həyət evində yaşamışlar. Sonradan - 1940-cı illərdə həmin mülk (ev, tikililər və torpaq sahəsi) hansısa səbəblərdən, yaxud keçmiş Sovet hökumətinin məlum qanunsuz aktlarından biri olaraq müsadirə edilmişdir. Müsadirə ilə bağlı köçürülmənin icrasına dair sənədə malik olsalar da, müsadirənin hüquqi səbəbləri və əsasları ilə bağlı əlllərində sənəd yoxdur. Əllərində olan, 30.09.1940-cı ildə Bilgəh kənd Sovetinin sədrinin imzası ilə və müvafiq ştampla (möhürlə) təsdiq edilmiş icra aktı sənədinə (icazə sənədinə) əsasən, Bilgəh keçmiş kənd Sovetliyi tərəfindən Sonaxanım Hacıəli qızına icazə verilmişdir ki, Sonaxanım Hacıəli qızı özünə məxsus ev əşyalarını bağdan çıxarıb aparsınlar. 1940-cı ilin sentyabr ayının 30-da icra edilmiş müsadirənin səbəb və əsasları barədə doğlun məlumat əldə etmək üçün müxtəlif aidiyyəti orqanlara müraciət etsələr də, bu barədə məlumat əldə etmək mümkün olmamışdır. Hal-hazırda, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması ilə bağlı qanunvericiliklə müsadirəyə məruz qalmış şəxslərə, yaxud onların ailə üzvü olan ölkə vətəndaşlarına verilmiş hüquqdan yararlanmaq istəyirlər. Bunun üçün qanuni sahiblikdə olan evin və tikililərin müsadirə olunması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurət yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1110/2020 saylı iş üzrə 08 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş və ərizəçiyə müvafiq səlahiyyətli icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardaddan hazırda maraqlarına toxunan şəxs Maraqlı şəxs4 Hüseynağa qızı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1110/2020 saylı iş üzrə 27 iyul 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlarına toxunan şəxs Maraqlı şəxs4 Hüseynağa qızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Maraqlarına toxunan şəxs Maraqlı şəxs4 Hüseynağa qızı məhkəmə kollegiyasının iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1110/2020 saylı iş üzrə 08 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş sorğuya 06 dekabr 2018-ci il tarixli cavab məktubundan görünür ki, Sonaxanım Hacıəli qızının daşınmaz əmlakına (ev, tikili, torpaq) və onların müsadirə edilməsi barədə qəsəbə nümayəndəliyində arxiv sənədləri olmadığına görə məlumat verə bilmirlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Tarix Arxivindən verilmiş 24 sentyabr 2018-ci il tarixli görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Bakı qradonaçalnikliyi üzrə Bilgəh kənd sakinlərinin 29 aprel 1917-ci ilə dair siyahısından məlum olur ki, Mömin Rəşid oğlunun Bilgəh kəndində 1200 kv. sajına bərabər olan torpaqda bağ sahəsi olmuşdur. İstifadəsində olan torpaq sahəsi ona miras qalmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan SSR, Bilgəh kənd soveti tərəfindən təsdiqlənmiş 05 yanvar 1924-cü il tarixli aktda göstərilmişdir ki, «Biz, iki Bakı sakini: Hacı Əhməd Bayram oğlu və SonaXanım Hacı Əli qızı Bilgəh kənd sovetinə gəlib aşağıda imza edən üç nəfərin iştirakı ilə mən - Hacı Əhməd Bayram oğlu Bilgəh kəndində dörd tərəfdən hasarlı həyət, bir üzümlük, əncir bağı sahəsi ilə aşağıda arşınla göstərilən sərhədlər daxilində bir tövlə, su quyusu, hovuz və “şirəxura” ilə iki otaq və bir mətbəxi, onların üstündə də bir otağı Sona-Xanım Hacı Əli qızına səkkiz yüz rubla satdım və mən - Hacı Əhməd pulu Sona-Xanım Hacı Əli qızından aldım. Bu gündən etibarən bu bağ tikili ilə birlikdə Sona-Xanım Hacı Əli qızına məxsusdur. Gələcəkdə bu bağ və tikili ilə bağlı tələb irəli sürsəm, həmin tələbim təmin olunmamalıdır. Bunu öz imzamla təsdiq edirəm. Bağın və tikilinin sərhədləri: şimaldan Mömin Rəşid oğlu və Hacı Məhərrəmin varisləri, cənubdan Hacı Əhməd özü, şərqdən Qəfər Hacı Qarabala oğlunun varisləri və qərb tərəfdən yol; şimal tərəfdən qərb - şərq tərəf üzrə uzunluğu - yüz qırx rus arşını, cənub tərəfdən qərb - şərq tərəf üzrə uzunluğu - səksən doqquz arşın, şərq tərəfdən şimal - cənub tərəf üzrə eni - altmış səkkiz arşın və qərb tərəfdən şimal - cənub tərəf üzrə eni - yüz otuz arşın, yenə də qərb tərəfdən şimal - cənub tərəf üzrə eni - doxsan altı arşın, şərq tərəfdən şimal - cənub tərəf üzrə eni - yetmiş altı arşın. Mən - Sona-Xanım Hacı Əli qızı yuxarıda göstərilən üzümlük - əncir bağını tikili ilə birlikdə adı çəkilən Hacı Əhməddən satın aldım və yuxarıda göstərilən məbləği adı çəkilən Hacı Əhmədə ödədim. İmza səlahiyyəti ilə mənim əvəzimə Hüseyn-Bala NəcəfQulu oğlu imza etdi.» İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatının vəkil N.H.Nəbiyevə ünvanladığı 14.11.2018-ci il tarixli 3m-640/17 saylı cavab məktubundan görünür ki, tələb edilən 1930-1940-cı illərlə bağlı hər hansı məhkəmə aktları və digər sənədlər Ali Məhkəmənin arxivində mövcud deyildir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu RİHB-nın ərizəçiyə ünvanladığı 16.06.2017-ci il tarixli cavab məktubundan görünür ki, müraciətinizdə qeyd olunun torpaq sahəsinin hansı ərazidə yerləşməsinin qeyri-müəyyən olması, ona məxsus olması barədə hər hansı hüquqmüəyyənedici sənədin olmaması və hansı torpaq sahəsinin dövlət ehtiyacı üçün ondan alınması haqqında məlumatların olmadığına görə xahişinin təmin edilməsi imkan xaricindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ərizəçiyə ünvanladığı 28.09.2018-ci il tarixli cavab məktubundan görünür ki, yaxın qohumları – Əliyev Hüseynqulu Nəcəfqulu oğlu və Sonaxanım Hacıəli qızı barələrində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi xidmətində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxs və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları o vaxt müəyyən edə bilər ki, qanunvericilikdə həmin faktların müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamış olsun. (MPM-307.2.11) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, “məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.” Həmin Qərarın 1.7-ci bəndində göstərilmişdir ki, “hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.” Həmin Qərarın 2-ci bənddə göstərilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir.” Qanunvericiliyin tələblərindən, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi mövqedən aydın olur ki, qanuna əsasən hüquqi əhəmiyyəti olan faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. İşin materiallarından görünür ki, Ərizəçi tanınmasını tələb etdiyi hüquqi faktlar onun mərhum əri Babayev Hüseynağa Cəlil oğluna münasibətdədir. O, ərizəsində “05 yanvar 1924-cü il tarixli, 2 nömrəli alqı-satqı müqaviləsi ilə Sona-Xanım Hacı Əli qızı tərəfindən əldə edilmiş və 1940-cı ilin sentyabr ayına kimi onun və ailə üzvlərinin qanuni sahiblik və istifadəsində olmuş iki mərtəbəli evin (3 otaq və bir mətbəx) və tikililərin (hovuz, su quyusu, at tövləsi), həmçinin üzüm-incir bağlarının yerləşdiyi bağ-torpaq sahəsinin 30 sentyabr 1940-cı il tarixdə vətəndaşın şəxsi əmlakının müsadirəsi qaydasında müsadirə olunması” faktının müəyyən edilməsini xahiş etmiş və ərizəsində həmin faktın təsdiq edilməsinin ona Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması ilə bağlı qanunvericiliklə müsadirəyə məruz qalmış şəxslərə, yaxud onların ailə üzvü olan ölkə vətəndaşlarına verilmiş hüquqdan yararlanmaq istəyi üçün lazım olduğunu bildirmişdir. Məhkəmə ərizədə göstərilənlərlə bağlı haqlı olaraq qeyd etmişdir ki, ərizəçi hansı evin və ya tikililərin, torpaq sahəsinin vətəndaşın şəxsi əmlakı kimi 1940-cı ilin sentyabr ayının 30-da müsadirə olunmasını, ərizəsində göstərdiyi torpaq sahəsinin Bilgəh qəsəbəsi ərazisində yerləşməsini qeyd etsə də, faktiki yerinin harada olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması məsələsi “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması” haqqında Azərbaycan Respublikasının 06 noyabr 1991-ci il tarixli Qanunu ilə tənzimlənir. Həmin Qanuna əsasən, sosial ədalət və humanizm prinsiplərinin rəhbər tutaraq Azərbaycan Respublikasının Ali Soveti qərara almışdır:

1. Aşağıdakı yaşayış evləri və başa çatdırılmamış tikililər əvəzsiz olaraq sahiblərinə, yaxud onlarla birgə yaşayan ailə üzvlərinə qaytarılsın: a) Azərbaycan SSR Cinayət məcəlləsinin 162, 162-1 və 214-1-ci maddələrinə əsasən məhkəmələr tərəfindən müsadirə edilmiş evlər və tikililər; b) Azərbaycan SSR Mülki məcəlləsinin 105-ci maddəsinə əsasən alınmış və yerli xalq deputatları Sovetinin fonduna Daxil edilmiş evlər və tikililər; v) maddi zərərin ödənilməsi, yaxud vətəndaşların şəxsi əmlakının müsadirəsi qaydasında icra sənədləri üzrə alınmış evlər və tikililər.

2. Aşağıdakı evlər bu Qanuna əsasən qaytarılmamalıdır: a) satılmış, habelə yaşayış sahəsi kirayə müqaviləsi üzrə qanunla müəyyən edilmiş qaydada başqa şəxslərə verilmiş evlər; b) müvafiq yerli xalq deputatları Sovetinin qərarına əsasən yaşayış məntəqəsinin yenidən planlaşdırılması ilə əlaqədar olaraq sökülməli olan evlər. “Azərbaycan Respublikası məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 06 noyabr 1991-ci il tarixli, 248-Xİİ saylı Azərbaycan Respublikasının Ali Sovetinin Qərarının 2-ci bəndinə əsasən, bu Qanunun icrası icra hakimiyyəti rəhbərləri ilə ədliyyə orqanlarının və ictimai təşkilatların nümayəndələrindən ibarət tərkibdə komissiyaya həvalə edilmişdir. Komissiyanın iclaslarında prokurorun iştirak etməsi, bu Qanunun tətbiqi məsələləri üzrə rəy verməsi nəzərdə tutulmuşdur. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul olunur, protokola daxil edilir və icra hakimiyyətinin rəhbəri tərəfindən təsdiq olunur. Göstərilənlərə əsasən, məhkəmə ərizəçinin tanınmasını tələb etdiyi müsadirə faktının özüözlüyündə hüquqi nəticələr doğurmaqla onun hər hansı əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olmadığı qənaətinə gəlmiş və haqlı olaraq hesab etmişdir ki, ərizəçinin tələb etdiyi qanuni sahiblik və istifadədə olan əmlakın müsadirə faktının müəyyən edilməsinə dair ərizəyə məhkəmədə (xüsusi icraat qaydasında) baxıla bilməz. Məhkəmə, müsadirə faktının müəyyən edilməsinə dair ərizəyə məhkəmədə (xüsusi icraat qaydasında) baxılmalı olmadığı qənaətinə gəldiyindən, ərizəçinin tanınmasını tələb etdiyi digər, yəni mərhum əri Babayev Hüseynağa Cəlil oğlunun nənəsi Sona-Xanım Hacı Əli qızı ilə onun arasında qohumluq münasibətinin (ərinin nənəsi) olması, Sona-Xanım Hacı Əli qızının 1941-1943cü illərdə, əri (Əliyev) Hüseyn-Bala Nəcəf-Qulu oğlunun 1945- 1950-ci illərdə ölməsi, onların övladları Babayeva Səfiyyə Hüseynbala qızının əri Babayev Cəlil Məlikheydər oğlunun 1956-1957ci illərdə ölməsi faktlarının müəyyən edilməsinə dair hissələrdə araşdırma aparılmasına zərurət olmadığı qənaətinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı iş üzə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1110/2020 saylı iş üzrə 08 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Maraqlarına toxunan şəxs Maraqlı şəxs4 Hüseynağa qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1110/2020 saylı iş üzrə 08 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar