Məhkəmə qərarları › İş №2(103)-8998/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8998/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8998/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(010)-4895/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2018-ci ildə ailə quraraq həyat yoldaşının evinə köçmüşdür və hazırda Suraxanı rayonu, Şuşa qəsəbəsində ərinin mənzilində yaşayır. Lakin ailə qurmasından iki il keçməsinə baxmayaraq ona məxsus evdə qeydiyatda qalmaqdadır. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Ona görə də mənzilindən maneəsiz istifadə etməsi üçün cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə uyğun hesab edir. Cavabdehin etirazı ondan ibarətdir ki, o, ailə qurub həyat yoldaşı ilə başqa ərazidə yaşasa da, onun və ya ərinin şəxsi yaşayış yeri yoxdur, onlar kirayədə qalırlar. Bakı şəhəri Suraxanı Rayon Мəhkəməsinin 2(010)- 4895/2020 saylı iş üzrə qəbul etdiyi 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin halları ilə cavabdehin digər daimi yaşayış yerinin olması sübuta yetirilmir. Həmçinin cavabdeh tərəfin izahatından müəyyən edilir ki, onun mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurəti mövcuddur. Ona görə də, iddia tələbi bu əsaslarla təmin edilə bilməz. Hazırkı işdə cavabdehin istifadə hüquqlarına xitam verilməsi üçün əsaslar mövcud deyildir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenum qərarında formalaşdırdığı hüquqi mövqeyə istinad edərək qeyd etmişdir ki, iddia tələbinin əsaslı olması üçün iddiaçının mübahisəli mənzilə etibarlı mülkiyyət hüquqları, cavabdehin isə istifadə hüquqları mövcud olmalıdır. Həmin istifadə hüququnun itirilməsi üçün isə hüququn mövcudluğuna səbəb olan hallar aradan qalxmalıdır. Məsələn, hüquq sahibinin həmin yaşayış sahəsini birdəfəlik tərk edib getməsi və ya digər şəkildə həmin hüququndan faktiki imtina etməsi halı. Lakin, hazırkı işdə bu hallar mövcud deyildir. Belə ki, işin halları ilə cavabdehin digər daimi yaşayış yerinin olması sübuta yetirilmir, eləcə də, müəyyən edilmişdir ki, onun mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurəti mövcuddur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 02 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 mart 2021-ci il tarixli 2(103)-2899/2021 saylı qətnaməsi ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilmişdir. Kassasiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə istinad etmiş, lakin məhkəmələr tərəfindən həmin qərar düzgün təfsir edilməyərək, maddi hüquq normasının tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır” Baxılan işdə cavabdehin ailə quraraq 2018-ci ildən mübahisəli yaşayış evindən getməsi işin mübahisələndirilməyən halıdır. Hamıya bəlli olan haldır ki, ailə qurduğuna görə yaşadığı evdən başqa yaşayış sahəsinə gəlin köçmək müvəqqəti xarakter daşımır. İşə baxan məhkəmələr cavabdehin izahatlarına əsasən nikah bağlamaqla ər evinə köçsə də onun mənzilə olan ehtiyacının aradan qalxmadığı qənaətinə gəlmişlər. Lakin işdən görünür ki, həmin hal məhkəmələr tərəfindən müəyyən edilməmiş qalmış, cavabdehin köçdüyü yaşayış sahəsinin kimə məxsus olması və onun həmin yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlib-gəlməməsi aydın deyildir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cavabdehin izahatı sübut növu olmaqla digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan halları nəzərə alan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hazırki apellyasiya icraatının predmetini iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apelyasiya sikayəti təşkil edir və apelyator qətnamənin ləğv edilməsini xahiş etməklə tam mübahisələndirdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır və kollegiya apelyasiya şikayətinə qiymət verərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsində göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan hüquqi mövqeyi nəzərə alır. İddiaçı apelyasiya şikayətini iddia tələbinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh X1 ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 152-ci maddəsi ilə qorunan mülkiyyət hüquqlarını pozur. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, bu səbəbdən də maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından, qətnamə ləğv edilməli və iddia tələbi təmin olunmaldır. İddiaçı hazırki apelyasiya icraatında verdiyi izahatında apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh ailə qurub gəlin köçdükdən, yəni 2018-ci ildən sonra bir dəfə də olsa qeydiyyatda olduğu yaşayış sahəsinə gəlməmiş, mənzildən istifadə etmək niyyətində olması barədə ona müraciət etməmişdir. Onun ərinin yaşayış sahəsi var, onunla birlikdə yaşayır. Cavabdehin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur. Buna görə də iddiasının təmin olunmasını xahiş edir. Hazırki apelyasiya icraatının gedişində cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildiriş verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, apelyasiya şikayətinə qarşı hər hansı bir münasibət bildirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh X1 iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərini, iddiaçının izahatını və iş materiallarını araşdırıb, kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən) nəzərə alıb hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışa əsasən ünvan 1 (bundan sonra - mübahisəli fərdi yaşayış evi) 3/4 hissə və 1/4 hissədən 1 otaq İddiaçı Balağa qızına məxsusdur. İş materialları ilə həmçinin müəyyən olunur ki, X3 iddiaçının qızıdır və mübahisəli mənzildə pasport qeydiyyatındadır. 2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmaqla, mübahisəli yaşayış evindən köçmüşdür. İş materialları ilə eləcə də müəyyən olunur ki, cavabdeh X3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş və izahatında 2018-ci ildə ailə həyatı qurduğunu və əri ilə birlikdə kirayədə yaşadığını, başqa mənzili olmadığını bildirmişdir. Kollegiya mübahisənin həlli üçün maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüququ mövqeyinə görə yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. İşin mübahisəsiz halları ilə müəyyən olunmuşdur ki, mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının qızıdır, mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla yaşamış və 2018-ci il ailə həyatı quraraq, başqa yaşayış sahəsinə köçmüşdür. Göründüyü kimi cavabdeh 2018-ci ildən mübahisəli yaşayış sahəsindən köçmüş və həmin vaxtdan da öz ailə üzvləri ilə birlikdə daimi yaşayış yeri kimi başqa yerdə yaşayır. Cavabdeh həmin vaxtdan sonra mübahisəli mənzildə yaşamamış və həmin mənzildən istifadə etməmişdir. Mübahisəli mənzil iddiaçının adına qeydiyyatdan keçmiş və onun mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilməsi onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getməsi halının sübut olunmasından asılıdır. İşdəki sübutların məcmusu cavabdehin mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verir. Baxılan mübahisəli ilə bağlı olaraq kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı və qeydiyyatda olduğu yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Bu mənada, kollegiya hesab edir ki, cavabdeh göstərilən meyarlar nəzərə alındığında mübahisəli mənzildən ailə həyatı qurması səbəbindən könüllü olaraq getmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, uzun müddət mübahisəli mənzildə yaşamayan, başqa ünvana köçən həmin ünvanda yaşamaqla mübahisəli mənzilə heç bir vaxt köçüb yaşamaq fikrində olmayan cavabdehin daimi yaşamaq üçün getməməsinə dair nəticəyə gəlinməsi anlaşılan ola bilməz. İşin hallarından cavabdehin iddiaçı tərəfindən qovulması, onlara mübahisəli mənzildən istifadə etməsinə imkan verilməməsi heç bir faktla təsdiq olunmur. İşin halları ilə təsdiq olunur ki, cavabdehin mübahisəli mənzildə yaşamaq niyyəti yoxdur. Nəzərə alınmalıdır ki, mübahisəli mənzildə cavabdehin qeydiyyatının uzun müddət qalması onun mənzil üzərində əldə etmiş olduğu istifadə hüququnun saxlanması anlamına gəlmir. Hər bir halda pasport qeydiyyatı şəxsin mənzilə üzərində istifadə hüququ əldə etməsinin əsası kimi çıxış etmir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin özünün bildirdiyinə görə 2018-ci ildən mənzildən getmişdir. Ötən müddət ərzində o, mənzildə ümumiyyətlə yaşamamış, ora qayıtmaq üçün hər hansı cəhd etməmiş, eləcə də mənzildə ona məxsus hər hansı əşya qalmamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh son iki ildən artıq müddət ərzində də mənzilə yaşamaq üçün qayıtmaqla bağlı hər hansı təşəbbüsdə olmamışdır. Qeyd olunan müddət cavabdehin mənzilə qayıtmaq üçün qərar verməsi və bunun üçün tədbirlər görməsi baxımından kifayət qədər böyük zaman təşkil edir. Cavabdehin bu müddət ərzində mənzilə dönməklə bağlı əməli tədbirlər görməməsi onun mənzildən daimi yaşamaq üçün getdiyinin ən əsas sübutudur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış (MPM 385.1.2, 388), mübahisəyə tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş (MPM 386), işdəki sübutları mülki prosessual qanunvericiliyin (MPM 88, 106) tələblərinə uyğun qiymətləndirmədiyindən, qətnamə qanuni və əsaslı (MPM 217.1) olmamışdır. Bu səbəbdən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, işdəki sübutlar əsasında yeni qətnamə qəbul olunmaqla iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(010)-4895/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh X1 ünvan 1 ünvanındakı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar