Məhkəmə qərarları › İş №2(103)-8999/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8999/2020

09.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8999/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4436/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh Adıgözəlov Müşfiq Adıgözəl oğlu tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının nümayəndəsi və vəkili iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 79,2 kv.m-dən ibarət qeyriyaşayış sahəsinin üzərinə həbs qoyulması və həmin əmlakdan istifadənin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı təmin etmə tədbirinin dəlili kimi qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 79,2 kv.m-dən ibarət xüsusi mülkiyyətindəki əmlakı aralarında razılaşma ilə cavabdeh Adıgözəlov Müşfiq Adıgözəl oğlu 94.000 manata almaq istədiyini bildirmiş, pulu ödəmədən cavabdehlər Adıgözəlov Müşfiq Adıgözəl oğlu və Cavabdeh2 onu aldadaraq etibarnamə ilə əmlakını satmış və pulunu mənimsəmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4436/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi cavabdehlərə qadağan edilmiş, ərizə digər hissədə təmin edilməmiş, qərardad dərhal icra edilmişdir. Qərardaddan cavabdeh Adıgözəlov Müşfiq Adıgözəl oğlu şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin bütövlükdə təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4436/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə cavabdehlər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4436/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmini tədbiri barədə ərizəni təmin etməkdə düzgün qənaətə gəlməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai ray., Neapol küç., 15 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsi 21 saylı DNK-nın 4Ə-744 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin iş materiallarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Xətai ray., Neapol küç., 15 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Xətai ray., Neapol küç., 15 saylı ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan etməklə hazırki iş üzrə tərəf olmayan X1 hüquqlarını pozmuşdur. Ona görə də hazırki halda iddia təmin tədbiri barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4436/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Adıgözəlov Müşfiq Adıgözəl oğlunun şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4436/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar