Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9013/2020 04.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3222/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı torğaq sahəsindən çıxarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə iddiaçının qanuni sahibliyində olan torpaq sahəsinə cavabdeh tərəfindən özbaşına və qanunsuz müdaxiləyə son verilərək onun ərazidən çıxarılmasına və bu qanunsuz müdaxilə nəticəsində iddiaçıya dəymiş maddi zərurin ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3222/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı (sədrlik edən: Nigar Nəbizadə) ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” MMC-nin cavabdeh Bakı şəhəri M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı (üçüncü şəxslər qismində İddiaçı və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti qeyd edilməklə) Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 08/03 saylı, xx.xx.2007-ci il tarixli qərarının etibarsız hesab edilməsinə dair iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatının dayandırılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.X1 Elşad Balay oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında 08/03 saylı, xx.xx.2007-ci il tarixli qərarının "xxxx” MMC tərəfindən “etibarsız hesab edilməsinə dair” iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş olması Binəqədi Rayon Məhkəməsinə o əsası və haqqı vermir ki, 08/03 saylı, xx.xx.2007-ci il tarixli qərarın etibarsızlığı barədə mübahisəyə dair yekun məhkəmə qərarı qüvvəyə minmədən, 08/03 saylı qərarın həqiqətən də etibarsız hesab edilərək 2(001)- 3222/2020 saylı iş üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilsin. Cavabdeh tərəfindən Bakı İnzaibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməsi işin yubadılmasına xidmət edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3222/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi işin hallarını şikayətin dəlilləri ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, həmin iş üzrə icraat dayandırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, «... məhkəmə prosesii zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» Apellyasiya instansiya məhkəməsi hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə müvafiq olaraq, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsi imperativ norma olduğundan və mübahisəli torpaq sahəsinə dair bələdiyyə qərarının etibarsız hesab edilməsinə dair mübahisənin həlli hazırda cavabdehin həmin torpaq sahəsindən çıxarılması və maddi ziyanın ödənilməsi ilə bağlı tələbin əsasını təşkil etdiyindən şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3222/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3222/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9013/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9013/2020
04.12.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver